1. 843 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təalanı təsvir etmək olarmı? Allahın mahiyyəti necədir? Onu nəcə təsəvvür edə bilərik? Bu kimi sualları çoxaltmaq olar. Haqq-Təalanı tanımaq yaradılışımızın qayəsi və fitrətimizin hədəfidir. Çünki daima Allahla bir olmaq yalnız Onu layiqincə tanıyıb bilməklə mümkündür. Bizi yaradan, yoxdan var edən Rəbbimiz haqqında danışanda və ya yazanda həssas və diqqətli olmalıyıq. Allah-Təalanı ancaq Özünün (cəllə cəlaluhu) verdiyi bilgilər əsasında tərif edə bilirik. Bizim ağıl və düşüncəmiz Onun varlığını dərk etməkdə, varlığı haqqında məlumat əldə etməkdə acizdir.

Bu mövzu ilə əlaqədar olaraq Peyğəmbərimizin (s.a.s.) bir neçə hədisinə nəzər salaq:

”Allahın zatını düşünməyin, onun nemətlərini düşünün.”[1]  Başqa bir rəvayətdə də: ”Allahın yaratmış olduğu şeyləri düşünün, ancaq Onun zatını düşünməyin, yoxsa həlak olarsınız.”[2]  Bir başqa rəvayətdə də:”Yaratdığı varlıqları düşünün, Yaradanın (c.c.) (zatını) düşünməyin. Çünki insanın idrakı Onu həqiqətiylə təqdir edə bilməz.”[3] Üsulu-Kafidə keçən bir ifadədə də belə buyrulur:”Allahın özü haqda deyil, yaratdıqları haqda danışın. Çünkü Allah (c.c.) haqqında danışmaq danışanın  heyrətini artırmaqdan başqa bir işə yaramaz.”[4]
İmam Rəbbani “Məktubat”ında deyir ki: “Allah haqqında nəyi düşünür, nəyi təsəvvür ediriksə, Allah onun fövqündədir, fövqündədir, fövqündədir…” Kainat irili-xırdalı o qədər geniş, ağla sığmazdır ki, insan təsəvvürünə belə sığmaz. Gözümüzlə gördüklərimizi nə qədər dərk edib, mahiyyətini anlayırıq ki, Allahın (c.c.) zatını və mahiyyətini qavramağa, dərk etməyə çalışırıq. Əgər yaratdıqları haqda bildiklərimiz bu qədər azdırsa, görəsən onun mahiyyəti necə də böyükdür. Ona görə də onun icraatlarına baxaraq Onu tanımalı və sevməliyik. İnsan sevdikcə tanıyacaq, tanıdıqca sevəcək. Bu axar silsilə şəklində davam edəcək.

İnsanlar məşhur bir adamı tanıdığı, ya da sevdiyi qədər, yaradan Rəbbini tanımağa çalışsa, Onu daha çox sevəcək, Ondan daha çox qorxacaq. Məhz o zaman sevgiyə ən layiq olanı – Rəbbini sevəcək, boş xəyalların arxasınca qaçmayacaq. Hər şeyi maddiyyatda axtaranlar, gözlə görünməyən hər şeyi inkar edənlər həmişə itirmişlər. Bu yanlış yollar da onları səhv istiqamətə sürükləyib aparmışdır. Bir şeyi unutmayaq ki, zərrələrdən nəhəng kainatlara (qalaktikalara) qədər hər şeyi yaradan Rəbbimizin açıq-aşkar görünməsi mümkün deyil.



[1] Məcməü’z-Zəvaid, 1/81, Kənzü’l-Ümmal, h. No: 5707

[2] Kənzü’l-Ümmal, h. No: 5705

[3] Kənzü’l-Ümmal, h. No: 5706

[4]Kafi, cilt 1. Kitabu’t-Təvhid, Bab el-Nehyi ani’l-Kelam fı’1-Keyfiyyeh, h. No: 1




Şərh yaz