2. 896 dəfə oxunub ,   0 şərh   Çap et

Əvvəlcə bunu aydın dərk etmək lazımdır ki, bir şeyin var olduğunu bilməklə mahiyyətini bilmək arasında fərq var. Kainatda çox şey var ki, ağıl onların var olduğunu açıq-aşkar bildiyi halda, mahiyyətini qavraya bilmir. Məsələn, insan yerin cazibə qüvvəsini bilməsinə, hətta o qanuna tabe olmasına baxmayaraq, onun mahiyyəti haqda məlumatı yoxdur. Ananın övladına sarılmasında gördüyümüz şəfqətin nə cür hiss olduğunu da heç kəs izah edə bilmir. Ruh, elektrik, xəyal kimi şeylərin varlığını açıq-aşkar bilsək də, onların mahiyyətini dərk etməkdən uzağıq. Ağılla dərk olunmayan mövzuları anlamağa və onları izah eləməyə çalışmaq demaqoqluq və elmsizlikdir. İnsan belə bir işə girişməklə doğru yoldan sapar, gücü çatmayan və onu məhvə sürükləyən ağır bir yükün altına girmiş olar. Necə ki bir əsər onu ərsəyə gətirən ustasını dərk edib anlamaqdan acizdir, eləcə də ağıl onu yaradan Rəbbin mahiyyətini anlamaqdan acizdir. Çünki ağıl yaradılmışdır, sənət əsəridir və dərketmə sərhədi müəyyən yerə qədərdir. Görmə, eşitmə – bir sözlə, beş duyğu orqanının imkanları məhdud olduğu kimi, ağılın da müəyyən idrak hüdudları var. Allah-Təalanın müqəddəs mahiyyətini anlamaq, dərk etmək ağlın imkanları xaricindədir.

Bu da bir həqiqətdir ki, insan nəinki Allahın zatını, hətta öz ruhunun, xəyalının, vicdanının da mahiyyətini qavraya bilmir. Çünki bunlar maddi mahiyyət daşımadığına görə ağıl onlara heç bir surət verə, onları bir qəlibə sala bilmir. Məsələn, xəyal üçün uzaqlıq-yaxınlıq, böyüklük-kiçiklik anlayışı olmadığı üçün ağıl ona nə bir surət verə bilir, nə də hüdud çəkə bilir. Bununla yanaşı, heç bir insan mahiyyəti bilinməyən bu duyğunu inkar da edə bilməz.

Öz mahiyyətini belə dərk etməkdə aciz olan insanın bü­tün ağılların, xəyalların, ruhların, hislərin, vicdanların, yaddaşların və mələklərin xaliqi olan Allahın mahiyyətini anlamaq sevdasına düşməsi ən böyük cahillik və demaqogiyadır. Allahın bütün sifətləri sonsuzdur, hüdudsuzdur, əzəli və əbədidir. Ağıl isə hüdudlara malikdir və sonradan yaradılmışdır. Hüdudları olan hüdudsuz olanı, başlanğıcı və sonu olan əzəli və əbədi olanı, əlbəttə ki, qavraya bilməz. Elə isə əsl idrak insanın Allahın mahiyyətini anlamaqda aciz olduğunu dərk eləməsidir.

İnsan ağlı bilinməyənə bilinəndən, mücərrədə konkretdən, çətinə asandan, ümumiyə xüsusidən getməyə meyillidir. Uca Allahın bənzəri, ortağı olmadığından insan müqayisə və təmsil metodu ilə, təcrübə və sınaq üsulu ilə, düşüncə və xəyal vasitəsilə Onun qüdsi həqiqətini anlamağa bir yol tapa bilməz. Ağılın Allahın mahiyyətini idrak etməsinin mümkünlüyü də məntiqi təzad doğurur. Çünki o zaman hüdudlu ağılın Allahın hüdudsuz mahiyyətini, sonradan meydana gələnin başlanğıcı olmayan əzəli və əbədini ehtiva etməsi lazım gəlir. Bu isə mümkün deyil. Ağıl Allahı varlığı mütləq, qüdrəti hər şeyə yetən, iradəsi sonsuz, elmi hər şeyi ehtiva edən Yaradan kimi bilməklə mükəlləfdir. Yaradılış qayəsi də məhz budur. Elə isə Allahın qüdsi mahiyyətini nə dərk etmək, nə xəyalda təsəvvür etmək, nə də hiss etmək mümkündür. Ağılla dərk olunan və duyğularla qəbul edilən hər şey məxluqdur, yaradılmışdır. Bu dünyada Allahın varlığını ancaq ağılın nuru ilə, qəlbin gözü ilə sezmək mümkündür.

Bəli, ağılın vəzifəsi Allahın kainatda əks olunan böyüklüyünü və ucalığını, qüdrət və hakimiyyətini, xəlq etdiklərində ortaya qoyduğu mükəmməl estetik dizaynı, bəndələrinə etdiyi lütf və yardımları müşahidə eləmək, dərindən düşünməkdir.



Açar sözləri

ağıl Allah mahiyyət

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.

Ağıllı və aciz insan

“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”


Şərh yaz