5. 477 dəfə oxunub ,   0 şərh   Çap et

Kainat. Hər şey − zərrələr (atomlar) aləmindən ulduz sistemlərinədək, bitkilər aləmindən heyvanat aləminədək, böcəklərdən balıqlar və quşlaradək, dağlardan meşələrədək-hər şey, hər şey Onu göstərir, Onun varlığına dəlalət edir.

Sakini olduğumuz kainatın var olması, öz varlığını davam etdirmə keyfiyyəti bir sıra qanunlara bağlıdır. Belə ki, hər şeyin var olmasının arxasında bir və ya bir neçə qanun, nizam və intizam dayanır. Əgər biz bəri başdan inad etməsək, doğrudan da bu işin əsl mahiyyətini anlamaq üçün oturub bu qanunlar, nizamlar barədə ciddi fikirləşsək, o zaman görəcəyik ki, bu qanunlar və nizam bir növ öz dillərilə  “Bizi Allah yaratdı” deyirlər.

Kainata, iradə dəlili ilə, yəni, onun meydana çıxmasını bir iradənin nəticəsi olmasının mahiyyəti barədə düşünəndə, əşyanın kor-koranə axan bir sel kimi əmələ gəlmədiyini görəcəyik. Bizə aydın olacaq ki, hər hansı bir hadisədə onun mahiyyətinin bütün cəhətləri düşünülmüşdür, ölçülüb-biçilmişdir, bütün varlıqlar dünyaya onlara məxsus qanun-qayda ilə gəlir, özlərinə məxsus qanın-qayda ilə də gedirlər.

İradə dəlilli. Kainat bir iradənin nəticəsidir. Heç nə kortəbii, öz-özünə, öz istəyinə görə olmur. Əgər bir şey vardırsa, yaxud bir hadisə baş vermişdirsə, demək onun var olmasını, əmələ gəlməsini istəyən biri vardır. Qarşımızda bir kainat vardır, bu kainatda günəş sistemi, yer kürəsi, yer üzərində canlı və cansızlar vardır. Demək, bunu var etmək istəyən və istədiyini də edən vardır.

Bir də unutmayaq ki, sarsılmaz qanunların məhsulu olan, heyrətamiz bir nizam və intizama tabe olan hər şey böyük bir iradənin məhsuludur. Elə bir iradənin ki, bir şeyi meydana çıxardarkən onun bütün təfərrüatını ölçüb biçmiş, ona özünəməxsus keyfiyyət və qabiliyyətlər vermişdir. Belə bir iradənin məhsulu isə kor gözlərin dərinliklərinə işıq saçır, kar qulaqlara bağıraraq deyir: “Ey inadının qulu olan miskin! Diqqətlə bax, səsimi eşit! Kainatda təsadüf, heç bir hadisə yoxdur. Hər şeyi, hər şeyin fəaliyyətini əlində tutan Allah, onlarla istədiyi kimi rəftar edir, istədiyi şəklə salır…”

Hüdus dəlilli. Allah özünün Hüdus, yəni var olmaq, varlıq sifəti ilə kainatada hər şeyə öz möhürünü vurmuşdur. Bir şey varsa, onu var edən var. Məntiqin ən sadə məsələsinin həlli belədir.

Aləmlərə ağıl gözü ilə baxsan, Allahın valığını görəcəksən. Allah həyatın qaynağıdır. Kainatda həyatın var olmasının özü Allahın varlığının ən bariz sübutudur.

Canlıdan həyat enerjisi getdikdən sonra dünyanın bütün zavod və fabrikləri, elmlər akademiyaları, nə varsa hamısı çalışsa, onu bir daha geri qaytara bilməz. Yaxud, əksinə, eyni gücdən istifədə edərək bir dovşanın var olması üçün onu təşkil edən bütün maddələri bir yerə toplasaq belə, ona həyat verə bilmərik. Deməli, həyatın mənbəyi yalnız Allahdır, həyatı verən də, alan da Allahdır.

Allah bəsit gördüyümüz milçəyi nümunə göstərərək belə deyir:

Ey insanlar, qulaq asın, diqqət edin. Sizə bir misal veriləcək. Onlar əşyanın var olduğunu, xilqətin bu intizamını və mükəmməlliklərini Allahdan başqa şeylərə vermək istəyirlər. Halbuki, onların hamısı bir yerə yığışsa, bircə milçək belə yarada bilməzlər”(Həcc, 75).

Allah yaradandır, həm də daima yaradandır. Kainatda daim yenilənmə baş verir. Hər şey dəyişir, hər şey təzələnir. Dünya bir yandan dolur, bir yandan da boşalır. Bu yenilənmə və təzələnmə prosesi Allahın həmişə yaradıcı olmasından xəbər verir. O, daim, fasiləsiz olaraq yaradır. Yaxşını da, pisi də, həyatı da, ölümü də yaradan Odur.

Aləmlərdə milyard dəfə milyarddan da çox varlıqlar var. Bir hüceyrə saysız-hesabsız zərrəciklərdən ibarətdir. Əgər maddə özü yaradıcı olsa, o zaman məsələn, bir almada onu təşkil edən neçə milyard zərrəcik varsa, bu milyardlarla zərrəciklərin hər biri ayrı-ayrılıqda yaradıcı olmalıdır. Yaxud da onlar öz-özlərinə yaranmalıdırlar.

Bunu qəbul etsək, o zaman belə bir suala cavab tapa bilməyəcəyik: əgər maddələr özləri özlərini yaradır, yaxud hər biri özbaşına yaranırsa, o zaman bu milyardlarla müstəqil, bir-birindən asılı olmayan zərrəciklər bir araya necə gəlirlər? Onlardakı rəng, iy, dad necə birləşir, toxumlar öz yerini, qabıq öz yerini, qabığı qoruyan təbəqə öz yerini necə alır? Axı bir güc, qüdrət olmalıdır ki, bu ayrı-ayrılıqda, yaxud öz-özünə yaranan zərrəcikləri bir yerə toplayıb ona səs, rəng, hərəkət versin! Yoxsa, saysız-hesabsız, öz-özünə yaranan bu maddələr hansı qanuna, hansı qüdrətə tabe olub birləşir, bir bütöv kimi var olurlar? Onlara kim həyat verir? Axı bənna daşı, suyu, qumu, sementi bir yerə toplamasa, bina necə tikilər?

Cavab yalnız birdir: O, Allahdır və hər şeyi O yaradır. Həm də bir dəfə yaradıb sonra hər şeyi özbaşına buraxmır. O, daim yaradır.

Kainatda diriliyin olması Onun diri olmasına dəlildir. Qədim yunan filosoflarından bu günədək qalan, bir fəlsəfədən o birinə keçə-kəçə bu günümüzə gəlib çatan yanlış fikirlərdən biri Allahın passiv dərk və qəbul olunmasıdır. Belələrinə görə bütün aləmləri yaradan, doğrudan da, Allahdır, çünki bu möhtəşəm varlığı, bu qədər heyrətamiz nizam və intizamı qurmağa və işlətməyə yalnız fövqəladə qüdrətə sahib, fövqəladə ağla sahib, fövqəladə imkanlara sahib bir qüdrətin gücü çatar. Lakin onların təsəvvürləri qədim yunan əsatirlərindəki çoxallahlılıqdan və Zevsdən uzağa gedə bilməmişdir. Onlar belə düşünmüş və bu gün də belə düşünürlər ki, Allah bütün aləmləri yaratmış, sonra da bir kənara çəkilmiş, bütün ixtiyarı yaratdıqlarına vermişdir.

İntizam dəlili. Hər varlıq öz parçaları, hissələri ilə bir bütünlük ifadə edir. Məsələn,  istədiyiniz canlı və ya cansız varlığı götürün, ondakı bir hissəni kəsin. Görəcəksiniz ki, onun öz varlığını davam etdirməsi artıq mümkün deyildir. Məsələn, suyu parçalayıb ondakı 2 hidrogendən birini kəsib götürsək, artıq su olmayacaqdır. Bir ağacı götürüb ya onun kökünü, yaxud gövdəsini, ya da budaqlarını kəssək, “ağac” məfhumu aradan qalxacaqdır.

Əgər planetimizdəki hər hansı bir dağ silsiləsi olmasa, iqlim elə dəyişər ki, yer üzərində həyat məhv olar. Günəş sistemimizdəki planetlərdən biri olmasa, kosmosda bizə adi şey kimi görünən nizam və intizam alt-üst olar.

Əgər yer kürəsi günəşin ətrafında bir qədər də sürətlə hərəkət etsə, yaxud ona bir qədər yaxınlaşsa və ya uzaqlaşsa, o zaman yer üzərində həyatdan söz gedə bilməz.

Biz varlıqları təşkil edən ən kiçicik zərrəciklərlə tanış olduqda öyrənirik ki, mikroorqanizmlər, onları və bütün kainatı təşkil edən atomlar, onların da təşkil olunduğu elektron, proton və neytronlar bir növ kainat evi”nin kərpicləridirlər.

Əlifbadakı 32 hərf müxtəlif cür birləşmələrlə müxtəlif sözlər əmələ gətirdiyi kimi, atomların müxtəlif cür quruluşu da müxtəlif maddələri əmələ gətirir. Bundan başqa, onlar bir növ insanla kainatdakı digər varlıqlar arasında rabitəçi rolunu oynayır, bizim görmə, eşitmə duyğularımızda fəal iştirak edirlər. Belə ki, onlar bizim qulaqlarımıza müxtəlif səsləri, burnumuza qoxuları, dilimizə dadları daşıyırlar.

Atomlar daş və torpağı, suyu, havanı və s. təşkil etməkdədir. Lakin maraqlıdır ki, çox sayda işi görən bu atomlar heç vaxt öz yollarını azmır, öz vəzifələrini dəyişik salmırlar. Bir dəfə də olsun qızıl gülü təşkil edən atomlar “Əşi, daha qızıl gül təşkil etməkdən bezdik, indi də zanbaq gülü təşkil edək” demirlər.

Elm dəlili. Mükəmməl bir əşyaya, məsələn, kompüterə baxanda onu düzəldənin elminə heyran qalmaya bilmirsən və onu düzəldənin riyaziyyatı, fizikanı, kimyanı, biologiyanı çox dərindən bildiyinə əmin olursan.

Bəs kompüterdən milyon dəfələrlə mükəmməl olan bu kainata baxanda, ondakı heyrətamizliyi görəndə nə düşünürük? Kompüteri düzəldən var, bəs kainatı “düzəldən” yoxdurmu? Kompüter onu düzəldənin dərin və geniş elmindən xəbər verirsə, bu kainat onu yaradanın sonsuz elmindən xəbər vermirmi?

Yoxsa, elə düşünürük ki, kompüteri düzəltməyə elm lazımdır, amma ondan milyard dəfələrlə mürəkkəb və mükəmməl olan aləmləri yaratmağa elm lazım deyildir?

Əlbəttə, kainatda hər şeyin – zərrədən tutmuş ən nəhənginədək son dərəcə mükəmməl yaradılması, heç bir şeyin nə artıq, lüzumsuz, nə də əskik, qüsurlu olmaması onları Yaradanın sonsuz dərəcədə kamil elm sahibi olduğunu göstərir. Nəyə baxırıqsa, baxaq, hər bir canlıda da, cansızda da son dərəcə mükəmməllik görəcəyik. Elə özümüzü götürək. Bizim orqanizmimizdə elə bir əza yoxdur ki, gərəksiz olsun.

Adam baxdıqca heyrət edir. Balıqlardan quşlara, bitkilərdən həşəratlara, planetimizdən kosmosa nəyə baxsan, hər şeydə, hər yerdə və hər zaman son dərəcə dəqiq, qüsursuz işləyən mexanizmlərlə qarşılaşacaqsan. Əgər bütün bu canlı və cansızları yaradanda bu qədər ağlagəlməz, sonsuz elm olmasa, bütün bunlar necə var ola bilər?

Sənət dəlili. Gözəl, zərif və simmetrik naxışlarla bəzədilmiş boyunbağı onu düzəldən zərgərin yüksək sənətkarlığından xəbər verir. Biz bu kimi əşyaları görəndə onu düzəldənin sənətinə “Əhsən!” deyir, onun məharətini alqışlayırıq. Bəs kainat, bəs insan?

Kainat başdan başa bir mükəmməl sənətdir. Atomdan qalaktikalara, oradan bütün kainatadək hər şeydə incə və heyranedici bir sənətkarlıq nəzərə çarpmaqdadır. Bizim havadakı hidrogen və oksigen molekullarını lazımi şəkildə bir-birlərinə birləşdirib su əldə etməmiz üçün çox nəhəng zavodlar qurmalı, qurğular inşla etməli, çox sayda kimyəvi reaksiyaları həyata keçirməliyik.

Halbuki, Allah bunu bir anda edir. Suyu buxara, buxarı suya çevirir. Məlumdur ki, bir şey nə qədər kiçilirsə, qiyməti bir o qədər artır. Çünki hər kiçik şeydə daha dəqiq hesablar, daha böyük zəhmət, daha dərin bilik vardır. Məsələn, quş kimi havada qanad çalıb uçan, uçması ilə yanaşı yüzlərlə müxtəlif vəzifəni icra edən bir milçək və ya ağcaqanadın üzərindəki sənətkarlıq bir vertolyotun, yaxud təyyarənin sənətindən daha mükəmməldir.

Əgər təyyarənin icad edilməsi üçün bu qədər dərin elm lazımdırsa, təyyarədən daha mükəmməl olan milçəyin varlığı onu yaradanın daha qədər mükəmməl, daha geniş, daha dərin sənətə sahib olduğunu göstərmirmi?

Əgər bir ağ kağıza bir neçə nöqtə qoyulsa, onlar bir-birinə qarışar. Bir adam bir neçə işi eyni anda görmək istəsə, əli ayağına dolaşar, çaşar. Bir qulaq bir neçə səsi eyni anda dinləyə bilməz, bir ağız bir neçə sözü eyni zamanda deyə bilməz. Halbuki, hava zərrələri bir çox işi eyni anda görür və nə çaşır, nə də bir şeyi o biri ilə qarışıq salmır. Eyni anda bir neçə ağız və qulaq kimi on adamın ayrı-ayrı kəlimələrini eşidir və söyləyirlər. Heç yorulmadan alır və daşıyırlar. Sanki bütün dilləri bilirlər: göy gurultusunu “öz dilində”, su şırıltısını “öz dilində” nəql edirlər, ingilislə ingilis, fransızla fransız, rusla rus, azərbaycanlı ilə azərbaycan dilində danışırlar. Bundan başqa, çox sayda mixtəlif işləri də görürlər, elektriki və işığı, cazibə və itələmə qüvvətini daşıyırlar, bitki və heyvanat aləminin varlığında iştirak edirlər və s. və i.a.

Canlıların bir qismi suda, bir qismi quruda yaşayır. Suda yaşayanlar quruya çıxanda, quruda yaşayanlar suya girəndə yaşaya bilmir, ölürlər. Elə canlılar da var ki, həm suda, həm də quruda yaşayırlar. İnsan suyun müəyyən dərinliyinə qədər enə bilir, ondan artıq dərinə gedərsə, suyun təzyiqinə dözə bilməz, ölər. Lakin dəniz və okeanların çox-çox dərinliklərində balıqlar və digər canlılar rahat yaşamaqdadırlar.

Kəpənəyin qanadının, tovuz quşunun quyruğunun, çiçəklərin ləçəklərinin, arının pətəyinin, minlərlə, milyonlarla irili-xırdalı varlıqların yaradılışı qüdrəti sonsuzun, məharəti hədsiz-hüdudsuzun sənətindən başqa heç nə ilə izah edilə bilməz.

Hikmət dəlili. Bir zavoda, fabrikə girsək, orada çoxlu borular, məftillər, kabellər, avadanlıqlarla rastlaşacağıq. Onların nə işə yaradığını, nəyə lazım olduğunu və nə iş gördüyünü bilməsək də, heç kəs “filan kabel artıqdır, kəsib atın,” yaxud “bu dəzgah heç nəyə yaramır, onu atın getsin,” deməz, əksinə, bu zavodda gördüklərinin hər birinin bir hikməti olduğunu, hansısa vəzifəni icra etmək üçün quraşdırıldığını düşünər.

Ətrafınızda nəyə istəyirsiniz baxın, təhlil edin, hər şeydə sonsuz mükəmməlliyə malik bir tarazlıq, nizam, intizam görəcəksiniz. Məgər var olan hər şeyə həssaslıqla lazım olan ölçüdə vücud vermək, surət geydirmək, yerli-yerinə qoymaq görülən işdə sonsuz bir ədaləti sübut etmirmi?

Məgər biz insanın bütün bədən orqanlarında – əzələlərində, sümüklərində, damarlarında, hətta bədənin ən kiçik hüceyrələrində, hər zərrəsində faydaların və hikmətlərin nəzərə alındığını görmürükmü? Görürük ki, insanın göz, qulaq, burun və s. kimi bəzi əzaları bir yox, onlarla, yüzlərlə iş görür, həm də son dərəcə mükəmməl, son dərəcə qanun-qayda ilə görür? Bir bədən üzvünə bu qədər hikmətlər və faydalar verilməsi bütün bu işlərin nəhayətsiz bir hikmətin əli ilə görüldüyünü göstərmirmi?

Məqsəd dəlili. Hər varlıqda özünə məxsus bir qayə, bir məqsəd, bir fayda və bir nəticə vardır. Kainatda heç nə əbəs, boş yerə yaradılmamışdır. Halbuki, var olan bu aləmlərdə (insandan başqa) nə şüur, nə ağıl yoxdur. Onlar şüursuz, ağılsız ola-ola biri digərini tamamlayır, biri digərinə yardım edir.

Keçən əsrin ortalarında Rusiyanın alimlərindən bir qrupu belə bir hesablama apardılar: əgər bir yırtıcı canavar bir ildə 50 heyvanı parçalasa və onlardan hər birinin çəkisi orta hesabla 30 kiloqram olsa, o zaman bir canavar il ərzində 1,5 ton əti məhv etmiş olur. Sibir meşələrində isə canavarların sayı yüz minlərlə idi.

Bu hesabla hökumət hər canavar dərisi üçün mükafat müəyyən etdi. Ovçular canavar ovuna girişdilər və tezliklə Sibir meşələrində canavarların sayı xeyli azaldı. Nəticədə bilirsinizmi nə oldu? Sibir meşələrində xəstəlikdən tələf olmuş heyvan cəsədləri ətrafa qorxulu yoluxucu xəstəliklər yaymağa başladı. Sən demə canavarlar və başqa yırtıcı heyvanlar meşə və çöllərdəki heyvan sürülərinə hücum edərkən onların zəif və xəstə olanlarını parçalayır, yeyir, beləliklə də həmin xəstəliklərinin yayılmasının qarşısını almış olurlar. Hökumət məcbur qalıb bu xəstəliklərin qarşısını almaq üçün mılyard manatlarla vəsait xərcləməli oldu, üstəlik, başqa ölkələrdən pulla canavar alıb meşələrə buraxdı.

Çində əsas qida maddəsi düyü və onun kimi başqa dənli bitkilərdir. Çinin əhalisi isə çox və durmadan artdığından ərzaqa olan ehtiyac durmadan artır. Mütəxəssislər problemi həll etmək üçün sərçələri tələf etmək qərarına gəldi. Onların hesabına görə bu tədbir milyon tonlarla dənli bitkinin quşlar tərəfindən yeyilib israf olmasının qarşısını almalı idi. Belə də etdilər, sərçələrə qarşı “ümumxalq mübarizəsi” elan etdilər və nəticədə…

Az sonra çəyirtkələr hücum edib bütün düyünü, taxılı yedilər. O zaman çinlilər anladılar ki, sərçələr çəyirtkələrin qarşısını alırlar, onların yedikləri isə çəyirtkələrin tələf etdiyinin heç mində biri qədər də deyildir.

Orta Asiyada təbiətlə mübarizə əzmi ilə insanlar Aral gölünə axan çaylardan bir neçəsinin istiqamətini dəyişmək, beləliklə susuz çölləri suvarıb bol məhsul əldə etməyi qərara aldılar. Nəticədə Aral gölünün suyu azaldı və ətrafı duzla örtülmüş çöllər bürüdü. Bu çöllərdə küləyin havaya qaldırdığı duz və qızmar külək indiyədək tibbə bəlli olmayan xəstəliklər törətdi.

Bu misalların sayını istənilən qədər artırmaq mümkündür. Lakin elə bu üç misal kainatda hər şeyin müəyyən məqsədlə yaradıldığını göstərir və bu məqsədi qoyanı göstərir. Allah heç nəyi boş-boşuna, məqsədsiz yaratmamışdır.

Şəfqət, mərhəmət və ruzi dəlili. Bütün yaradılanların, xüsusilə də insanın istək və ehtiyacı sonsuz, ixtiyar və imkanı isə onlarla müqayisədə bir heçdir. Buna baxmayaraq, bu ehtiyac və istəklər heç ümid edilməyən yerdən və heç gözlənilməyəcək şəkildə, kimin nəyə nə qədər ehtiyacı varsa, bir o qədər ödənir.

Bir də görürsən Allah iti, pişiyi, hətta siçanı, ilanı, pələngi belə insana sevdirir, onlara qarşı mərhəmət yaradır və insan özü də bilmədən onların ehtiyaclarını qarşılayır. Təbiətdə hər canlının özünəməxsus ehtiyacı ödənməkdədir. Bitkilərin torpağa, işığa, suya olan ehtiyacı, heyvanların yeməyə, xəstəliklərə qarşı müalicə ehtiyacı, minlərlə, milyonlarla digər ehtiyaclarının ödənməsi dediklərimizə misaldır.

Tənəffüs etdiyimiz havanın 78,1 %-i canlılar üçün həyatın təməl daşı olan azot qazından ibarətdir. Havada oksigenin miqdarı isə 20,9 %-dir. Əgər oksigenin miqdarı bir qədər az olsaydı, o zaman tənəffüs etməmiz mümkün olmaz və biz boğulub ölərdik. Əgər oksigenin miqdarı bir qədər çox olsaydı, o zaman bir kibrit çəkməklə və ya bir ildırım çaxması ilə yer kürəsi od tutub yanardı. Bu, yer kürəsini əhatə edən havanın da həyat üçün yararlı olmasının planlı olaraq yaradılmasından xəbər verir.

Təbiətdəki dəlillərin sayı çoxdur, onlardan bir neçəsinin yalnız adını çəkməklə mövzunu yekunlaşdırmaq istəyirik. Ümid edirik ki, bu dəlillərin təkcə adları belə bizə düşünmək və məsələni anlamağa kifayət edəcəkdir.

Yardımlaşma dəlili. Təbiətdə hər şey bir-birinə yardım edir. Orqanizmimizdə olan bakteriyalardan tutmuş kainatdakı ən nəhəng varlıqlaradək hər şey biri digərinin varlığına kömək edir. Təbiətə baxdığımızda ağıl və şüurdan məhrum olan varlıqların bir-birlərinə necə yardım etdiyini müşahidə etmək mümkündür.

Bitkilər həşəratlara, həşəratlar bitkilərə yardım edir, heyvanlar həşəratlara, bitkilər heyvanlara, bitkilər və heyvanlar insanlara, bütün məxluqlar birlikdə kainatın var olmasına yardım etməkdədir.

Biz qidamızı, dərmanları, paltarı, evimizi, istifadə etdiyimiz hər şeyi təbiətdən almaqdayıq. Kainatda mövcud olan bu qanun onu Yaradanın sonsuz mərhəmət və şəhqət sahibi olmasını göstərmirmi?

Təmizlik dəlili. Eyni zamanda, təbiətdə fasiləsiz olaraq təmizlənmə prosesi getdiyini müşahidə edirik. Bitkilər havanı, hava ciyərlərimizi, böcəklər torpaq və bitkiləri, heyvanlar təbiəti və s. müntəzəm olaraq təmizləməkdədirlər. Bütün bu şüursuz, ağılsız varlıqların məqsədyönlü işi təmizlərdən təmiz olan Allahı göstərmirmi?

Simalar dəlili. Düşünsək, insanların simalarındakı təkrarsızlıqda da Allahın dəlillərini görərik. İşin maraqlı cəhətinə bax ki, bu gün yer üzərində yaşayan yeddi milyarddan çox insanın (bir neçə milyon illər ərzində yer üzərinə gəlib getmiş insanların sayını düşünək) heç biri, hətta əkizlər də biri digərinə tam bənzəmir, hamı bir-birindən fərqlənir. Amma eyni zamanda, hamının ümumi cəhətləri də var. Əgər insanların hamısı bir-birinə bənzəsəydi, o zaman övlad ata-anasını, valideyn isə övladını tanıya bilməzdi; zərrədən kainata qədər hər şeyə hakim olan Allah insanları hələ genlərin tərkibində ikən bir-birindən fərqli halda “kodlaşdırmışdır”. Bu qədər fərqlilikləri yaratmağa ancaq Onun qüdrəti çatar.

İlahi sövq dəlili. Ördək balası yumurtadan çıxan kimi üzməyi bacarır. Qarışqa yumurtadan çıxar-çıxmaz o dəqiqə yuva qazmağa başlayır, arı çox az zamanda sənəti ilə hər bir memarı utandıra biləcək həndəsi ölçülərdə pətək hörür və s.

Bütün bunlardan anlayırıq ki, onlar bu iş üçün hazır şəkildə doğulurlar. İlanbalığının balaları yumurtadan çıxan kimi kilometrlərlə uzaqda olan analarının ardınca üzüb onu tapırlar. Görəsən onlar bunu harada öyrənmək fürsəti tapırlar?

Deməli, onları bu işə sövq edən birisi vardır və bu, Allahdan başqası ola bilməz.

Çoxçeşidlilik (tənəvvüat). Yaradılışda digər bir diqqəti cəlb edən xüsusiyyət tənəvvüat, yəni  çoxçeşidlilikdir. Yaradılanların hər birinin öz növü vardır. Bir növ başqa növə qarışmır. Alma armud ola bilmədiyi kimi, toyuq də qaz ola bilmir. Hər birinin özünəməxsus nizam-intizamı, yaranması, yaşaması vardır. O cümlədən, Yaradan insanları da fərqli yaratmış, hər birinə özünəməxsus rəng, quruluş, səs, düşüncə, iradə vermişdir. Allah hansı varlığı hansı qəlib, hansı proqrama görə yaratmışsa, o qəlibdə olur, o proqram daxilində yaşayır, inkişaf edir.

Uca Yaradan aşağıdakı ayədə bütün bunları çox sadə dillə bizə bildirir:

Ey insanlar, diqqətli olun, sizə bir misal verildi; indi onu dinləyin; Allahı buraxıb yalvardıqlarınız (sitayiş etdiyiniz) bir yerə yığışsalar da, bir milçəyi belə yarada bilməzlər.” (Həcc, 75).

Ardı var…

 




Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

İradənin önündəki maneələr

İnsan iradəsinin önündəki maneələr nələrdir?

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.


Şərh yaz