Qurani-Kərim
Allahın varlığının ikinci dəlili kainat kitabının tərcümanı Qurani-Kərimdir. “Necə dəlildir, necə sübutdur?” – deyə şübhə edənlərə cavabımız belə olacaq:
İnsanı yaradan Allahdır, belə olduğuna görə də yaratdıqlarını ən yaxşı bilən və tanıyan da odur. O, hər kəsin qəlbinin içindəkiləri, qəlbinin ən dərinliklərini belə çox gözəl bilir, çünki insanı yaradan Odur.
Allah insanın bu mövzuda da şübhəyə düşəcəyini, İslam düşmənlərinin və dinsizlərin “onu Muhamməd yazmışdır”, yaxud “Muhamməd onu başqa kitablardan köçürmüşdür” kimi iddialar irəli sürəcəyini də bilir. Bu, İslamın ilk günlərində də belə olmuş, bu gün də belədir, sabah da belə olacaqdır.
Quranın Allah sözü olduğunu inkar edənlər həmişə olacaqdır. Buna görə də Allah insanları bu şübhədən qurtarmaq üçün diqqətimizi Qurani-Kərimin özünə yönəldir.
Qurani-Kərimin bənzəri, oxşarı yoxdur və ola da bilməz.
Onun Allah kəlamı olmasının sübutlarından biri onun bənzəri, oxşarının olmamasıdır. Peyğəmbərimiz (s.a.s.) öz peyğəmbərliyini elan edən gündən kafirlər onun yalanını çıxarmağa çalışırdılar. Bu barədə Qurani-Kərimdə belə bəyan edilir:
“Onu özü uydurdu” deyirlər, eləmi? Xeyir, inanmırlar. Əgər iddialarında səmimidirlərsə, Quranın bənzəri bir söz meydana gətirsinlər.”[1]
Lakin o zamandan on beş əsrə yaxın bir dövr keçməsinə baxmayaraq, indiyədək Quranın bənzəri olan nə bir surə, nə də bir ayə gətirə bilməmişlər.
O zamanlar Məkkədə yaşayan Qureyş qəbiləsindən Vəlid bin Muğirə Allah Rəsulunun yanına gəlib ondan Quranı dinlədikdə bərk təsirlənmişdi. Geri qayıdanda yolüstü qohumları Bəni-Məhzum qəbiləsinə baş çəkmiş və onlara belə demişdi:
– Vallahi, Muhamməddən elə bir kəlam dinlədim ki, insan sözü desəm, insan sözü deyildi, cin sözüdür desəm, o da deyildi. Elə şirin, elə gözəl idi ki, heç soruşmayın.
O zaman da, sonralar da dünyanın bir çox alimləri, dilçiləri, şairləri əsrlər boyunca araşdırma aparıb heç olmasa, Qurana bənzər bir şey yazmağa və beləliklə də, onun insan sözü ölduğunu sübut etməyə çalışsalar da, heç bir nəticə əldə edə bilməmişlər. Bilməyəcəklər də! Çünki heç bir insan Allah sözünə bənzər bir kəlmə belə deyə bilməz.
Qurani-Kərim dəyişməzdir, dəyişməz olaraq qalacaqdır.
Digər bir sübut da bundan ibarətdir: Quran ayələri enəndə Peyğəmbərimiz (s.a.s.) onun bir kəlməsini belə unutmaqdan qorxur, çox həyəcanlanırdı.
Bir müddət belə davam etdi. Bir gün bu barədə Allah kəlamı nazil oldu: “Rəsulum! Vəhyi tələm-tələsik almaq üçün dilini qımıldatma! Şübhə etmə ki, onu toplamaq, sənin qəlbinə yerləşdirmək və onu oxutmaq Bizə aiddir. O halda, Biz onu oxuduğumuz zaman, sən onun oxunuşunu tə’qib et. Sonra şübhən olmasın ki, onu açıqlamaq da Bizə aiddir.”[2]
O zamandan on dörd əsrdən artıq bir müddət keçir. Lakin indiyədək Qurana hər hansı bir dəyişiklik edə bilməyiblər. O, necə nazil olubsa, eləcə da yaşayır və təbliğ olunur. Qiyamətədək da belə olacaq. Çünki onu qoruyan onu göndərənin özüdür, Allahdır.
Həzrət Muhamməd (s.a.s.)
Allahın varlığının üçüncü dəlili Qurani-Kərimi ən yaxşı, ən kamil şəkildə izah edən, və ondakı əmrləri həyatında yaşayan Peyğəmbərimizdir (s.a.s.). Onun haqqında qısaca da olsa, aşağıdakıları nəzərinizə çatdırmaqla kifayətlənirik.
Rəsulullahın (s.a.s.) peyğəmbərliyinin ilk subutu Allah kəlamı olan Quranın Ona, Onun vasitəsilə də insanlara çatdırılmasıdır. Başqa sözlə, “Quran” həzrət Muhammədə, həzrət Muhamməd də “Quran”a dəlildir, sübutdur.
Digər tərəfdən, Onun həyat tərzi özü bir İlahi əxlaqdan xəbər verir. Uca Allah onun haqda belə buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”[3]
Peyğəmbərimizin əxlaqı
Peyğəmbərimizin cəsarəti və qəhrəmanlığı onun yüksək əxlaqi keyfiyyətlərindəndir. Doğruluğu, əzmkarlığı və haqqı çəkinmədən müdafiə etməsi onun bu əxlaqından irəli gəlirdi. Həyatı boyu dəfələrlə təhlükələrlə qarşılaşmış və bircə dəfə də olsun zəiflik göstərməmişdi. Bu barədə söz düşəndə həzrət Əli (r.a.) belə deyirdi: “Döyüşün ən qızğın anında biz qorunmaq lazım gələndə Ona sığınardıq.”
O, vəzifəsini layiqincə yerinə yetirirdi. Əmisi Əbu Talibə söylədikləri onun imanının gücünü çox aydın şəkildə əks etdirir: “Allaha and içirəm ki, Günəşi sağıma, Ayı soluma qoysalar və məni vəzifəmin icrasından vaz keçməyə çalışsalar, yenə bundan əl çəkməz, Allahın mənə verdiyi əmri yerinə yetirməyə davam edərəm, bu yolda həlak olaram, amma ondan bir addım da geri çəkilmərəm.”
Rəsulullahı (s.a.s.) ən çox tanıyan, əlbəttə ki, çətin günlərində həmişə yanında olan, ömür-gününü Ona bağlayan, itaətində duran vəfalı həyat yoldaşları olmuşdur. Onların arasında ilk, ən sadiq vəfalı həyat yoldaşı həzrət Xədicədir. Həzrət Xədicə (r.anha) Peyğəmbərimizə (s.a.s.) ilk olaraq vəhy gələr-gəlməz qətiyyən tərəddüd etmədən inanmışdır.
Rəsulullaha (s.a.s.) təsəlli verərkən Onun gözəl xasiyyətlərini bir-bir saymışdır: “Mən bilirəm ki, sən qohumlarının haqqını gözləyir və sözün doğrusunu söyləyirsən. Öz işlərini görməyənlərin əvəzinə onların da işini görürsən. Kasıblara yardım edir, hamıya əl tutursan. Qonşularla nəzakətliə və şəfqətlə davranırsan. Kimsəsizlərə evinin qapısını açıb qonaq edirsən. Fəlakətə uğrayanın yardımına tələsirsən.”
Peyğəmbərimizin digər həyat yoldaşı həzrət Aişə (r.anha) Rəsulullahın əxlaqını öyrənmək istəyənlərə bu cavabı vermişdi: “O, insanların ən gözəl əxlaqlısı idi. Heç bir çirkin söz söyləməz və heç bir çirkin hərəkət etməzdi. Küçə-bacada səsini çox ucaltmaz, yamanlığa yamanlıqla cavab verməzdi. Əfv edər və bağışlardı.”
Peyğəmbərimizin əxlaqı Quran əxlaqıdır. Başqa sözlə onun mənəvi və xarici gözəlliyi indiyədək gəlib-geçmiş insanların heç birində görülmədi.
Onun təmizliyi və gözəlliyi üzündən bəlli olurdu. Gülər üzlü idi. Onu bir dəfə görənlər bir daha yanından ayrılmaq istəməzdilər. İnsanların ən gözəl və təmiz geyinəni idi. Comərdlik timsalı idi. Kasıblıqdan qorxmadan əlində olanı ehtiyacı olanlara paylayardı…
Rəsulullahın (s.a.s.) doğruluğunu, verdiyi sözdə durmasını, yanına biraxılan əmanətlərə riayət etməsini, üstün məziyyətlərə sahib olmasını Onun qanına susamış əzazil düşmənləri belə etiraf etmiş, ona ləkə vura bilməmişlər.
Məşhur fransız tarixçisi və şairi Lamart isə “L’Histoire da la turquie” adlı tarix kitabında belə bir təsbitindən bəhs edir:
“Yaşayışı, düşüncələri, ərazidəki batil inanclarla qəhrəmanca mübarizəsi, bütpərəstliyə hücumu, Məkkədə yaşadığı müddət ərzində müşriqlərin hər cür əziyyətinə səbr etməsi və nəhayət onun durmadan insanları xəbərdar etməsi, qələbə çaldığı halda insanlığa yaraşmayan hadisələrlə qarşılaşması, zəfər anında hər ehtirasa üstün gəlməsi, dövlət qurmağı əsla düşünməyərək hədəfə varmaq və yeganə düşüncəsini həyata keçirmək üçün çalışması, sonsuz dua və niyazları, vəfatı və vəfatından sonrakı zəfəri, səmimi və güclü bir iman sahibi olduğunu göstərir…”
Vicdan
Allahın varlığının dördüncü dəlili insanı heç vaxt aldatmayan onun vicdanıdır. Adını tez-tez dilimizə gətirdiyimiz, bəzən birisinin bizimlə rəftarından gileyləndiyimizdə “Sənin heç vicdanın yoxdur?” – deyə məzəmmət etdiyimiz bu vicdan nədir görəsən?
Vicdana insanın özü və özünü bilməsi də deyə bilərik. Bu baxımdan vicdan, insan ruhuna aid olub yaxşını pisdən ayırd edə bilən iradənin, qəlbin ayrı-ayrı dərinliyinin ünvanı olan İlahi lətifənin və şüurun məhsulu olan zehnin, rəngdən rəngə girən hissiyyatın qarışığından əmələ gələn bir mexanizmdir. (Qısaca belə ifadə edilə bilər: vicdan insanda mövcud olan iradənin, qəlbin lətifələrinin, zehnin və hissiyatın qarışığından ibarət bir mexanizmdir.) Bu elə bir mexanizmdir ki, insan onunla həm özünü, həm də bütün varlığı, varlığın da Allahla münasibətini hiss edir, onları yorumlayır və imana, mərifətə, məhəbbətə, eşqə nühuz edən duyğular əmələ gətirir.
Vicdan eyni zamanda insanın öz acizliyinin və zəifliyinin, möhtaclığını anlamasıdır. Bunu anladığından, bir güc və qüvvətə sığınmaq ehtiyacını hiss edir. Bu ehtiyacdan Allahı tanımaq, Ona iman etmək, Ona təslim olmaq, mərifətlə, məhəbbətlə, eşq və şövqlə, təvəkkül ilə Ona sığınmaq ehtiyacı meydana çıxır. Bu baxımdan vicdan, şüurlu və təhliledici mexanizmdir.
Vicdan hamıda var. Lakin insan ona müraciət etməsə, onu işlətməsə, tədricən o, unudulmuş bir alət kimi bir küncdə qalıb paslanar, heç bir işə yaramaz. Vicdan bir ölçü mexanizmidir, insan daim ondan istifadə etməli, fikir və düşüncələrini, davranışlarını, həyat tərzini onunla müəyyənləşdirməlidir. Yoxsa, nəfs insanı üstələyər, vicdan fəaliyyətsiz qalar, nəticədə insan düzgün istiqamətə yönələ bilməz.
Beləliklə, yuxarıda da deyildiyi kimi, vicdan daim Allahı göstərir. Əgər müşahidə etmisinizsə, insan bir çətinliyə, çıxılmaz vəziyyətə düşdükdə, xəstələndikdə, başına bir fəlakət gələndə artıq Allahdan başqa heç bir qüvvəyə üz tutmur, yalnız Ona yönəlir, yalnız Ondan imdad istəyir. Allahı ən qəti şəkildə rədd edənlər belə son anda vicdanlarına təslim olmuş, ən sonda Onu təsdiq etməyə məcbur olmuşlar.
Azərbaycan dramaturgiyasının və materialist fəlsəfi fikrinin banisi Mirzə Fətəli Axundov bütün ömrü boyu Allahın varlığını inkar etmiş, təkcə inkar etməklə kifayətlənməmiş, dinə, xüsusən də İslama qarşı düşmən münasibət bəsləyərək həmişə onun əleyhinə çıxış etmişdir. O,”Mən bütün dinləri puç və əfsanə hesab edirəm“ deyirdi.
O, fransız ədibi, İslam dinin qatı əleyhdarı Volterin təsiri altında İslam dinini və İslamın Uca Peyğəmbərini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, düşmən dəyirmanına su tökürdü. Biz onu ərəb əlifbasının əleyhdarı kimi də tanıyırıq. Bu məqsədinə çatmaq üçün o, əlindən gələn hər şeyi etmiş, hətta yeni, latın və kiril əlifbalarının arışığından ibarət yeni əlifba tərtib edərək onu təsdiq etdirmək üçün Şərq dövlətlərini gəzmişdi. Lakin ölüm yatağına düşəndə, bir daha sağalıb ayağa qalxmayacağını başa düşəndə vicdanı baş qaldırmış, səhv etdiyini anlamışdı. Yanına gələn dostları ondan soruşmuşdu:
– Mirzə, vəsiyyətin nədir, səni İslam qaydalarına görəmi dəfn edək, yoxsa…
Mirzə Fətəli Axundov yoldaşlarının gözünə dik baxa bilməmiş, başını divara tərəf çevirmiş və belə cavab vermişdi:
– Siz necə bilirsinizsə, elə də dəfn edin…
Buna bənzər, son anda vicdanın Allahı təsdiq etməsi hadisəsinə biz tarixin hər mərhələsində, dünyanın hər bir xalqının, fikir adamlarının həyat tarixində rast gəlirik. Ən qədim zamanlardan günümüzədək bütün insanlar həyatlarının müəyyən mərhələsində Allahın varlığını təsdiq etməli olurlar. Bu özü də Allahın varlığının dəlillərindən biridir…
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir.
Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…