Yaradılışda qüsursuz bir sənət sərgilənmiş və hikmətli faydalar nəzərə alınmışdır. Buna da inayət və qayə dəlili deyilir. Bu dəlil kainatı yaradan Zatın qəsd (məqsəd, niyyət) və hikmətini isbatlayır və təsadüfi yaranma düşüncəsini qəti şəkildə təkzib edir. Çünki mükəmməllik və qəsd iradəsiz və ixtiyarsız ola bilməz. Bütün kainatda və onun hər bir parçasında olan inayət və qayə bu nizamı onlara qoyan bir Xaliqə, hər varlıqda görünən hikmətli işlər və gözəlliklər də yenə onları yaradan bir Zata açıq-aşkar işarə edir. Həmin bu varlıq üstün xüsusiyyətlərə, sonsuz elm və qüdrətə sahib olmalıdır ki, kainatda hökm sürən heyrətamiz intizamı və hikmətli işləri doğru-dürüst açıqlamaq mümkün olsun. Üstün sifətlərə malik bu yaradanı inkar etmək kainatdakı mükəmməl nizamı, insanı valeh qoyan sənət əsərlərini, varlıqlardakı qayə və hikməti inkar etmək anlamına gəlir, bu isə qeyri-mümkündür.
Əşyanın insanlara və bütün məxluqlara faydalarından bəhs edən Quran ayələri inayət və qayə dəlilinin mövzusunu təşkil edir. Bu ayələrin sonlarında gələn “Heç düşünmürlərmi?”, “Heç düşünməzlərmi?”, “Heç düşünmürsünüz?”, “İbrət alın”[1] kimi ifadələr bu faydaları düşünməyi ağıla həvalə etməkdə və ağılı vicdanla məsləhət-məşvərətə yönəldərək bu dəlili zehinlərə oturtmaqdadır. Kainata incə və dərindən nəzər salsaq, hər bir zərrəsində, hər bir hərəkətində bənzərsiz bir inayətin izlərini görərik. Bununla yanaşı, hər şey açıq-aşkar bir qayəyə, məqsədə yönəldilmişdir. Bunlar yaradılışın bütün yönlərinə aiddir.
[1] “Bəqərə” surəsi, 2/44; “Ali-İmran” surəsi, 3/65; “Ənam” surəsi, 6/32; “Əraf” surəsi, 7/169; “Yunus” surəsi, 10/16; “Hud” surəsi, 11/51; “Yusuf” surəsi, 12/109; “Ənbiya” surəsi, 21/10, 67; “Muminun” surəsi, 23/80; “Qasas” surəsi, 28/60; “Yasin” surəsi, 36/68; “Saffat” surəsi, 37/138