2. 863 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərlər Allah-Təalanın nazil etdiyi bəyanları Onun qullarına olduğu kimi çatdıran müqəddəs elçilərdir. Peyğəmbərlik istedadla, çalışıb vuruşmaqla əldə edilən məqam deyil. O ancaq Haqq-Təalanın diləyi ilə verilir.

 Uca Allah Həzrəti Adəm əleyhissalamdan nəbilərin sultanı­ Həzrəti Məhəmmədə (sallallahu əleyhi və səlləm) qədər yer üzünə bir çox peyğəmbərlər göndərmişdir. Hər cəhəti ilə müstəsna yaradılan bu peyğəmbərlərin bəziləri onlardan əvvəl gəlmiş peyğəmbərlərin dininə tabe olmuş, yəni onların dinini davam etdirmiş, bəziləri isə dəyişən həyat şərtlərinə və ehtiyaca uyğun olaraq yeni dinlə gəlmişdir. Peyğəmbərimizin vəhyin işığında söz və davranışları ilə ortaya qoyduğu İslam dini Səadət əsrindən qiyamətədək gəlmiş və gələcək bütün toplumların ehtiyacına cavab verəcək keyfiyyətdədir.

Gəmi kapitanları əcnəbi ölkələrin sularına daxil olanda çox vaxt özləri ilə bələdçi kapitan götürürlər. Çünki tanımadıqları yerlərdə gözlənilməz təhlükələrlə üzləşə bilərlər. Bələdçi kapitan olmadan yad sulara girən gəmilərin çoxu qəzasız ötüşmür.

Beləcə din və ya mənəviyyat dünyası elə bir meydan deyil ki, orada bu dar ağlımızla rahatca at səyirdə bilək. Peyğəmbərlərin rəhbərliyi olmasa idi, həm fərd, həm də cəmiyyət çıxılmaz girdablara sürüklənər, dünyamızı zindan edib əbədi səadəti itirərdi. Həqiqətən də, bir peyğəmbər vəfatından yeni peyğəmbərin gəlişinə qədər, yəni Fətrət dövrlərində toplumlar həmişə haqdan, ədalətdən uzaqlaşmış, göyü və yeri yaradan Uca Rəbbimizi qoyub bütlərə sitayiş etməyə başlamışlar.

 İslam günəşi doğmamışdan əvvəl Ərəbistanda bütün dəyərlər yerlə-yeksan olmuş, haqq, hüquq və ədalət ayaq altına atılmışdı. Gücsüzlər, yoxsullar əzilir, qadınlar əşya kimi alınıb-satılır, qız uşaqları da diri-diri torpağa basdırılırdı. İnsanlar öz əlləri ilə düzəltdikləri bütlərə tapınırdılar. Elə ki aləmlərə rəhmət vəsiləsi olan Sevgili Peyğəmbərimiz təşrif buyurdu, məhz o zaman bütün dəyərlər öz yerini tutdu. Əslində, bəşər tarixinə obyektiv nə­zər saldıqda toplumlara xoşbəxtlik və əmin-amanlıq gətirən əsl mədəniyyətlərin məhz peyğəmbərlərin rəhbərliyi altında qurulduğunu görmək olur.

İstər Peyğəmbərimiz, istərsə də ondan əvvəlki pey­ğəmbərlər Allahın vəhy yolu ilə bildirdiyi xüsusların (işlərin, üsulların,­ mə­sələlərin) necə tətbiq olunacağını bilavasitə yaşayaraq üm­mət­lərinə göstərmişlər.

O halda bizim vəzifəmiz  Sevgili Peyğəmbərimizin işıqlı yolundan zərrə qədər də çıxmamağa və Rəbbimizin razılığını qazanmağa çalışmaqdır.

Rəbbimiz bizi sirati-müstəqim (doğru yol) olan bu yoldan ayırmasın və bizə bu yolda addımlamağı asanlaşdırsın.



Açar sözləri

nübuvvet

Şərh yaz