12. 292 dəfə oxunub ,   0 şərh   Çap et

Uşaq tərbiyəsi ana bətnində ikən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və valideynlərin məsuliyyətsizliyi ucbatından göz açdıqları andan bədbəxt olurlar.

Allah insanı elə bir qabiliyyətdə yaratmışdır ki, insan ana bətnində 72 saatlıq rüşeym olana qədər hər şeyi xatırlaya bilir. Braziliyalı həkim Renate Jost de Moraes araşdırmaları elə bu haqdadır. Vyanada dörd gün davam edən 4 mindən çox iştirakçısı olan konfrasnda çıxış edən həkim Renate həmin konfransda 20 il ərzində 28 mindən çox xəstə üzərində apardıqları təcrübələrdən danışmışdır. Renatenin bu haqda iki kitabı da var. Xanım Renate deyir ki: “Xəstəliklərin fiziki, psixoloji və insana aid üç yönü var. Həkimlər, psixoloqlar və psixiatrlar xəstəliklərin müalicəsinə çalışırlar. Biz isə onlardan fərqli olaraq xəstəliyin insandakı əsas köklərini araşdırırıq. Əvvəlcə xəstəyə müəyyən üsullarla şüuraltına enməyi öyrədir ona “Öz şüuraltına səyahət elə, gör orda nə var, nə yox?” − deyirik. Xəstəni ta rüşeym halındakı vəziyyətinə, xəstə: “Bəli, həmin anları görürəm” deyənə qədər aparırıq. Bu vaxt xəstəyə “Həmin vaxt sən yox idin necə görə bilərsən?” – deyə soruşduqda xəstə, “Fiziki, rüşeym halında və ruhi varlıq olaraq orada olanları görürəm” – deyir. Ehtimal ki,

insan şüur altına enildikdə rüşeymin mayalandığı vaxtdan 72 saat sonraya qədər hər şeyi xatırlayır. Çünki rüşeymdə şüuraltına keçid 72 saat sonra başlayır.

Qəribə orasıdır ki, xəstələrin hamısı eyni cavabı verirdi. Yəni xəstələrin bütün problemlərinin ta o zaman − rüşeym formalaşanda − başladığına şahid olduq. Məsələn, xəstə həmin vaxtı xatırlamaqla valideynlərinin özünü istəyib-istəmədiklərini asanlıqla öyrənə bilir. Deməli, bu məlumat hələ rüşeym formalaşan vaxtdan onun şüuraltına yerləşmişdir. Bu isə o deməkdir ki, əgər həmin vaxt (rüşeym formalaşanda) uşaq istənilməyibsə qeyri-ixtiyari özünü günahkar hiss edir və psixoloji olaraq ilk travmanı alır. Beyin sanki buna proqramlanır və bunu bir əmr olaraq qəbul edir. Xəstə ömür boyu təhtəlşüuruna (şüuraltına) yerləşmiş bu proqramın təsirindən qurtula bilmir. Bu əsas proqram bütün proqramlardan güclüdür. Biz valideynlərin əlaqə anındakı düşüncələrini, uşaq haqqındakı fikirlərini, onu istəyib-istəmədiklərini nə qədər çox öyrənə bilsək həmin xəstənin problemini həll etmək bizim üçün bir o qədər asan olur”.

Texas, Harvard və Yale universitetlərində aparılan araşdırmalar nəticəsində uşaqların ana bətnində ikən bütün danışıqlara qulaq asdığı, sanki ətrafda baş verən hər şeyi eşitdikləri məlum olmuşdur. Renatenin fikrincə əsas məsələ 9 aylıq hamiləlik dövründə valideynlərin uşağa qarşı necə münasibət göstərməyidir. Yəni valideynlər uşağın dünyaya gələcəyi xəbərinə sevindikdə bu uşağın təhtəlşüurunda (şüuraltı) yaxşı qeyd olunur və həmin uşaq gələcəkdə problemləri asanlıqla həll edə bilir. Əgər valideynlər uşağın dünyaya gələcəyinə sevinmir və ya bunu istəmirlərsə həmin uşaq xaraktercə zəif olur və böyüyəndə problemləri həll etməkdə çətinlik çəkir.

Renate bu araşdırması ilə yeniliyə imza atmışdır. Onun fikrincə, “Freydin nəzəriyyəsinə görə insanın şüuraltından hər hansı məlumatı əldə etmək mümkün deyil. Lakin biz insandakı ruh vasitəsilə şüuraltına enir və məlumat əldə edirik. Freydin nəzəriyyəsinin əksinə problemləri asanlıqla həll edə bilirik. Təhtəlşüura endikcə xəstəni müalicə etmək də asanlaşır. Məsələn, bir xəstəmiz təhtəlşüuruna enərək ilk günlərə qədər gedib çıxdı. Anası hamilə olduğunu dedikdə atası kasıb olduqlarına görə gileylənmiş, anası da onu abort eləmək haqqında fikirləşmişdi. Uşaq da ana bətnində olarkən bunun fərqinə varmış və bu onun təhtəlşüuruna yazılmışdır. Qeyri-ixtiyari ölmək məcburiyyətində olduğunu, atası tərəfindən istənilmədiyini düşünməyə başlamışdır. Səbəbini heç özü də bilmir. Anası abort elətdirməsə də ömür boyu bunun (istənilməmək və sevgisizliyin) təsirlərindən qurtula bilməyib.

Başqa bir xəstəmizin valideynləri isə səyahət etməyi çox sevirmiş. Anasının hamilə olduğunu öyrəndikdə atası artıq səyahət etmə fikrindən daşınır. Bu ana bətnindəki uşağın təhtəlşüuruna “atası onun dünyaya gəlməsini istəmir” kimi qeyd olunur. Bütün həyatı boyu “mən valideynlərim üçün artıq yükəm” düşüncəsi onu rahat buraxmır.

Əksər psixoloqlar təhtəlşüurda yerləşən bu düşüncəni öyrəndikdən sonra xəstənin bu fikri unutmasına cəhd edirlər ki, bu mümkün olmur. Biz isə belə məqamlarda xəstənin təhtəlşüurundakı yanlış məlumatı doğru məlumatla əvəzləməyinə kömək edirik. Belə ki, yuxarıda bəhsi keçən birinci xəstəyə atasının onu sevdiyini ancaq kasıblıqdan belə düşündüyünü; ikinci xəstəyə isə, valideynlərinin ona bir zərər gəlməsin deyə səyahətə getmədiklərini izah elədik. Yəni bunu (təhtəlşüurlarında) ta ilk vaxtlara enərək xəstələrə göstərdik. Hər iki xəstə valideynlərinin əslində özlərini sevdiyini qəbul elədi. Beləcə problem həll olundu və müalicə öz effektini verdi. İkinci xəstədən, “Bütün hamilə qadınlar səyahət edə bilərmi?” – deyə soruşdum. O, “Bəziləri edə bilər”, – dedi. “Yaxşı bəs sənin anan niyə səyahət eləmədi? Bunu həkim qadağan eləmişdi?” – dedikdə, xəstə, “Xeyr!”, – dedi. O zaman mən: “Ananın təhtəlşüuruna en və əsl səbəbi öyrən”, – dedim. Şüuraltına gedib qayıdandan sonra: “Valideynlərim xeyli vaxtdan bəri uşaq gözləyirlərmiş. Səyahət elədikləri təqdirdə mənim həyatımı təhlükəyə atacaqlarını düşündüklərinə görə bu fikirdən daşınmışlar.” – dedi. Xəstəyə, “İndi nə qənaətə gəldin?” – deyə soruşduqda, “İndi başa düşdüm ki, mən valideynlərim üçün dəyərliyəm və onlar həqiqətən məni sevir.”

Renate deyir ki, əgər valideynlər həqiqətən uşağı istəmirlərsə xəstəyə “Yuxarı bax, orda nə görürsən?” – deyə soruşuruq. Materialistlər xaric hamısı “Böyük bir işıq görürəm” – cavabını verir. İşığın nə olduğunu soruşduqda isə, “İşıqda sevgi, mərhəmət, sülh, birgəlik, bərabərlik var” – deyirlər. Bundan sonra xəstə bütün həyatı boyu bunun təsirində qalır və “Məni sevən və mənə dəyər verən bir işıq var ki, həmin işıq məni təmənnasız sevir.” Bu nur və işıq ona görə Allahı ifadə edir. Məhz həyatında hiss elədiyi həmin sevgi və inam hissi ilə problemlərin öhdəsindən gəlir.

Renatenin dedikləri 28 mindən çox xəstə üzərində aparılan 20 illik təcrübənin nəticəsidir.

Renate valideynləri tərəfindən atılan və kimsəsiz böyüyən insanların valideynlərini tapmağın mümkün olduğunu bildirir. O deyir ki, Alman əslli bir xəstə bizə müraciət etmişdi. Hansı ki, uşaq evindən bir ailəyə verilmişdi. Valideynlərinin kim olduğunu onu böyüdən ailə də bilmirdi. Şüuraltına enərək valideynlərinin ad və ünvanlarını öyrəndi. Gedib onları tapdı.

Başqa bir xəstəmiz də uşaq evindən övladlığa götürülmüşdü. Onu övladlığa götürənlər valideynlərini pisləyirdilər. Lakin bütün bunlara rəğmən onun valideynlərinə qarşı hörmət və sevgisi vardı. Şüurlatına endikdə valideynlərinin hər ikisinin səkkiz aylıq olanda onu sevdiyini öyrəndik. Elə bu səbəbdən valideynləri haqqında deyilənlərə əhəmiyyət vermirdi. Atası vəfat etmişdi, ancaq anasının kim olduğunu müəyyənləşdirdi.

   “Ağır cinayətlər vəkilinin xatirələri” kitabında Renatenin dediklərini təsdiq edən bir hadisə var. Bu hadisə Amerikada baş vermişdir. Müəllif kitabda yazır: “Təhtəlşüura inanmırdım. Ancaq başıma gələn bir hadisə ilə yanıldığımı anladım. Bir nəfər öz atasını öldürmüşdü. Ona ölüm hökmü oxundu və qərar təsdiqləndi. Qərarı həbsxanaya mən aparmalı oldum. Məhkum haqqındakı ölüm hökmündən xəbəri varmış kimi davranırdı. Ondan “Niyə atanı öldürdün?” – deyə soruşdum. “Bunu niyə elədiyimi bilmirəm. Uşaqlığımdan bəri atamın mənə nə isə almağından, məni sevməyindən və mənimlə oynamağından xoşum gəlmirdi. Onu öldürməyim üçün heç bir səbəb yox idi. Hələ də onu niyə öldürdüyümü anlaya bilmirəm. Bəlkə də insanlıqdan çıxmışam”, − dedi. Mən, “Anana  və sənə qarşı çox pis rəftar edirdi?” – deyə soruşdum. O, “Xeyr! Əksinə o məni çox istəyirdi. Anama da güldən ağır bir söz deməzdi. Onu niyə öldürdüyümü hələ də bilmirəm. Ancaq daxilimdə bir hiss məni onu öldürməyə məcbur edirdi. Buna görə də dayana bilmədim və onu öldürdüm.” – dedi. Həbsxanadan çıxanda bir qadın mənə yaxınlaşdı. Məhkumun anası imiş. Qərarın təsdiqləndiyini bildirdim. Ağlamağa başladı. Mənə, “Hakim bəy! Sənə bir şey demək istəyirəm. Öldürdüyü adam onun atası deyildi.” Bunu eşitdikdə təəccübləndim və “Əsl atasının kim olduğunu de, gedib onu tapaq. Əgər ifadə versəniz onu ölümdən qurtara bilərik.” – dedim. Bir müddət dayandıqdan sonra danışmağa başladı: “Oğlumun öldürdüyü şəxslə evləndikdə hamilə idim. Evləndiyimiz günlə hamilə qaldığım gün düz gəlməyincə uşağın atasının özü olmadığını bildi və mənə işgəncə eləməyə başladı. Uşağın atasının adını dedim. Gedib onu öldürdü. Lakin heç kim bunu bilmədi. Həmin gündən sonra mənimlə çox yaxşı rəftar eləməyə başladı. Oğlum bu haqda heç nə bilmirdi. Mənə and içdirmişdi ki, bu haqda heç kimə heç nə deməyim. Ancaq oğlum onu heç vaxt sevmədi.” – dedi.” Faruq Ərəmin bu xatirəsi Renetenin uşaqların hələ rüşeym halında ikən valideynlərin danışıqlarına qulaq asdığı və bunun təhtəlşüurlarına yerləşdiyi fikrini təsdiqləyir. (“Bir ceza avukatının anıları” – Faruk Erem)

Bunun həqiqətin fərqində olan bəzi qadınlar hamiləlik dövründə daha çox Qurana qulaq asır, zikirlər oxuyur və bunun yaxşı əməllərlə məşğul olurlar. Beləcə uşaqların şüuraltı həyatı boyu unutmayacağı gözəlliklərlə dolur. Ananın yediyi qidaların, dinlədiyi musiqilərin, oxuduğu kitabların, gördüyü hadisələrin qısacası ətrafında baş verən hər şeyin yeni doğulacaq körpəyə təsirinin olduğu danılmazdır. Sağlam nəsillər yetişdirmək, övladlarımızı gözəl gələcəyə hazırlamaq istəyiriksə uşaq tərbiyəsinin ana bətnində başladığını unutmamalıyıq.

Bir İslam aliminin uşaq tərbiyəsi haqqındakı fikirləri təqdirəlayiqdir: “Ailə təlim və tərbiyədə ilk təhsil ocağı, ilk məktəbdir. Ana-ata təlim və tərbiyəyə ayırdığı zamanı öz fərdi mənəvi yaşantılarından və digər şəxsi işlərindən önə çəkməlidirlər. Uşaqlara Allah inancının öyrədilməsi, onların qəlbinə Allaha iman fikrinin yaş və dünyagörüşü səviyyəsinə uyğun nəqş edilməsi valideynin maddi-mənəvi feyzlərindən vacib olduğu kimi, bir çox şəxsi vəzifələrindən də əhəmiyyətlidir. Buna görə də siz asi və üsyankar oğul-qızlarınızın tərbiyəsinə biganə qalaraq Kəbəni  ziyarətə getsəniz, arxadan vəzifənizin harayını eşidəcəksiniz: “Ciddi və vacib vəzifənizi yerinə yetirməyib hara gedirsiniz?!”  

Abdullah ibn Mübarək əməlisaleh ana-atadan dünyaya gəlmişdi. Mərv şəhərinin qazısının bir qızı var idi. Bir çox gənc qıza elçi göndərmişdi. Qazı bu işin əhli olanların da fikrini bilmək istəyirdi. Qonşuluğunda bir xristian yaşayırdı. Başqa dindən olsa da qonşusu olduğuna görə onun da tövsiyəsini eşitmək istədi. Qonşusu qazıya belə dedi: “Ey qazı! Bizdən əvvəlkilərin özlərinə xas adətləri, sizdən əvvəlkilərin sünnələri, indikilərin də öz qaydaları var. Bu üçündən birini seçə bilərsən?” Qazı bunun nə demək olduğunu soruşdu. Qonşusu “Bizdən əvvəlkilər varlı və soylu birini tapıb qızı ona ərə verərdilər. Sizin əvvəlkilərin sünnəsinə görə isə qızı təqva sahibi bir insana vermək adət idi. İndikilərin adəti də varlı və imkanlı olanı seçməkdir. Başqa keyfiyyətlə onlar üçün o qədər də önəmli deyil. Sən hansını istəyirsən seçə bilərsən.” Qazı “Mən özümdən əvvəlkilərin sünnəsinə tabe olaraq təqva sahibi olanı seçəcəm.”  – deyə fikirləşdi. Mərv şəhərində köləsindən daha dindar və təqvalı şəxs yox idi. Bu səbəbdən qızını ona ərə verdi. Ancaq kölə qırx gün qıza yaxınlaşmadı. Anası bundan xəbər tutaraq köləni qazıya şikayət elədi. Qazı köləni yanına çağıraraq, “Ey Mübarək! Niyə qızımla yaxınlıq etmirsən?” – dedi. Mübarək belə cavab verdi: “Ey qazı! Sən nə deyirsən? Sizin qızınıza naz eləmərəm. Ancaq siz qazısınız. Qızınızın evdə şübhəli loğma yeməyindən ehtiyat elədim. Çünki öz loğmalarımın təmiz olmağına diqqət edirəm. Buna görə ona da halal yedirir və qanının tamamilə təmizlənməyini gözləyirəm. Allahın bizə bəxş edəcəyi övladın əməlisaleh olmasını istəyirəm.” Qırx gün sonra həyat yoldaşına yaxınlaşdı. Halal və haram məsələsinə bu qədər həssaslıqla yanaşdığına görə Allah ona Abdulla kimi bir oğul bəxş elədi. Məhz həmin uşaq Abdullah ibn Mübarək həzrətləri idi.

Məqalə Abdullah Aymazın “Zaman” qazetində yayınlanmış müxtəlif məqalələri əsasında hazırlanmışdır.



Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.


Şərh yaz