2. 113 dəfə oxunub ,   0 şərh   Çap et

HZ. ƏMİNƏNİN  VƏFATI

Allahın ən sevgili qulu balaca Məhəmməd bir müddət də anası Hz. Əminə ilə birlikdə qaldı. Hz. Əminə uşağa atasının yoxluğunu hiss etdirməməyə çalışırdı. Məhəmməd tez-tez babası Abdulmuttaliblə birlikdə gəzir, bəzən də əmiləri ilə xoş vaxtlar keçirirdi.

Həzrəti Əminənin qəlbində Mədinə sevgisi yüksəlmişdi. Həm qohum-əqrəbalarına baş çəkmək, həm də burada vəfat edən əri Abdullahın məzarı üstündə ona dua etmək üçün ərindən yadigar qalan Ümmü Əyməni və yeganə övladı Məhəmmədi də götürüb yola düşür. Mədinəyə qədər gəlirlər. Keçmiş xatirələr canlanır; bir tərəfdən gözlərdən sevinc süzülür, digər tərəfdən isə boğazlarda kədər buğumları düyünlənirdi. Sultanlar Sultanı balaca Məhəmməd dünya gözü ilə görə bilmədiyi atasının qəbrini ziyarət edir və qiyabi olaraq ona dua edirdi. Boynu bükükdü. Bəlkə də, qəlbində ilk dəfə  olduğunu hiss etmişdi. Bundan hüznlənən ana da çox təsirlənmişdi.

Çox keçmədən ana Hz. Əminə də burada xəstələnir. Xəstəliyi getdikcə şiddətlənir və ağırlaşır. Mədinəyə gəldikdən bir aya yaxın vaxt keçmişdir və imkan düşən kimi, Məkkəyə qayıtmaq lazım idi. Hər şeyə rəğmən, yola çıxırlar.

Əbva adlı kəndə yaxınlaşanda Hz. Əminənin xəstəliyi dözülməz həddə çatır. Dizlərində təpər  qalmamışdı; addım atmağa belə taqəti yox idi. Əlacsız qalıb bir ağacın kölgəsində dayanırlar. Görünür, bu dünyadakı bərabərlik buraya qədərdi və Hz. Əminə dünya ilə vidalaşırdı.

Məhzun ananın gözləri bir ara gələcəkdə bir çox mühüm işlər gözlədiyi oğluna zillənmişdi. Göz yaşı tökür, könlü hüzn içində boğulurdu. Onsuz da  olan yeganə oğlunu bu kimsəsiz səhralarda bir də  qoyub gedəcəkdi. Yanaqlarından süzülən göz yaşları Ümmü Əyməni və balaca Məhəmmədi də ağlatmış, sanki bütün Əbva yasa bürünmüşdü. Ana ilə oğul arasında təsvir edilməz duyğu seli cərəyan edirdi. Nəhayət, məxmər kimi yumşaq əllərini ovuclarına alıb bircə balasını uzun müddət süzdükdən sonra bunları söyləməyə başlayır:

− Allah Səni mübarək etsin! Sən, Məliki-Mənnan   olan Allahın inayəti ilə dəhşətli ölüm oxundan yüz dəvə müqabilində xilas olan atanın oğlusan! Əgər yuxuda gördüklərim doğrudursa, Sən Cəlal və Kərəm sahibi Allah tərəfindən bütün bəşəriyyətə göndəriləcək Peyğəmbər olacaqsan. İnsanlara halalı və haramı bildirəcək, yaxşılıq timsalı baban İbrahimin gətirdiklərini təslim edib tamamlayacaq və Allahın yardımı ilə Sən insanların keçmişdən  adətə çevirdikləri bütlərdən də uzaq olacaqsan.

Hz. Əminə bu sözləri deyərkən çox arxayın idi. Sanki bu sözlərlə yeganə və kimsəsiz övladını hər şeyin Sahibinə əmanət edirdi. Ardınca bu sözləri əlavə edir:

− Ölüm, canı olan bütün varlığa bir göz qırpımı qədər yaxındır. Hər təzə də köhnəlməyə məhkum və hər böyük də fəna (məhv) olmağa müntəzirdir. Budur, mən də bu gün ölürəm. Ancaq adım əbədi qalacaq. Çünki mən pak bir övlad dünyaya gətirmişəm və bu gün ən xeyirli olanı burada, bu dünyada qoyub gedirəm.[1]

Bunları söyləyib gözlərini əbədi yumur, son nəfəsini verir. Beləliklə, Mədinədə atasından sonra, gələcək Son Peyğəmbərin adına bir imza da Əbvada atılır (atasını bağrına basan Mədinə kimi, Əbva da anasını ağuşuna alır).

Bəlkə də, Allah Onun valideynlərini oğullarına qarşı minnət altında saxlamamaq və ata-analıq mərtəbəsindən mənəvi övlad səviyyəsinə salmamaq üçün öz dərgahına aparmış, bununla onları məsud etdiyi kimi, Sevgili Peyğəmbərini də məmnun etmək istəmişdi. Onlar zahirən ümmət olmamışdılar, amma bununla Allah (cəllə cəlaluhu) onları da mənəvi ümmət mərtəbəsinə yüksəltmiş, digər ümmətin fəzilət, məziyyət və səadətini də onlara ehsan etmişdi.[2]

Məlumdur ki, Peyğəmbərimizin anası və atası Hz. İbrahimdən qalan “hənif” düşüncəsinə uyğun bir həyat yaşayırdı. Eyni zamanda, onlar hələ təbliğ dövrünün başlamadığı “fətrət” dönəminin insanları idi. Xüsusilə də, anası Hz. Əminənin sözlərindən də aydın olur ki, onlar bu sağlam və tərtəmiz anlayışı mənimsəmiş nadir insanların arasında idilər ki, dünyanın ən xeyirli övladını insanlıq aləminə əmanət etmiş,  eləcə, axirət yurduna köçmüşdü.

Tarixin miladi təqvimlə 576-cı ili göstərdiyi bu dövrdə Peyğəmbərimiz tək-tənha qalmışdı. Yanında təkcə Ümmü-Eymən vardı. Bundan sonra o, analıq və atalıq vəzifəsini çiyninə  götürəcək və onların yoxluğunu hiss etdirməməyə çalışacaqdı. Buna görə də, Allah Rəsulu (s.ə.s.) onun barəsində: “Anamdan sonra ikinci anam”,[3] − ifadəsini işlədəcək və bir müddət sonra onu azadlığa qovuşduracaqdı.

Çox keçmədən, Həbibi-Zişan Peğəmbərimiz Məhəmməd Ümmü -Eymənlə birlikdə Məkkəyə qayıtdı.

 BABA ABDULMUTTALİBİN HİMAYƏSİ

Hz. Əminənin vəfatı ilə Sultanlar Sultanının  qalması hamı kimi Abdulmuttalibi də kədərləndirmişdi. Abdulmuttalib nəvəsinə ata-ana məhrumiyyətini hiss etdirməməyə çalışır və Onun üstündə tir-tir əsirdi.

Kəbənin kölgəsində Abdulmuttalib üçün bir yer (taxt) düzəldilmişdi və o, insanlarla burada görüşüb-danışır, Məkkə ilə bağlı işləri burada həll edirdi. Öz oğlanları da daxil olmaqla, heç kim hörmət əlaməti olaraq, onun yerində oturmaz, insanlar ətrafında halqa qurub  yerdə əyləşərdilər. Məkkədə bu qaydaya yalnız bir insan əməl etmirdi: Abdullahın əmanəti Məhəmməd. Məhəmməd babasının yanında oturar, baş sarığının arxasından tutub çəkərdi. Onun bu hərəkətinə mane olmaq istəyənlərə Abdulmuttalib:

− Mənim oğulcuğumla işiniz olmasın, Ona dəyməyin. Allaha and olsun ki, Onun gələcəyi çox parlaq, durumu çox ciddidir, − deyər, kürəyini sığallayıb yanında oturdardı.[4] Aydın idi ki, Onun bu hərəkətləri Abdulmuttalibin də xoşuna gəlir və gələcəyinə böyük ümidlər bəslədiyi nəvəsinə kimsənin dəyib-dolaşmasına könlü razı olmurdu.

Bir gün Abdulmuttalib Qureyş heyəti ilə birlikdə Yəmənə getmişdi. Bu ərəfədə neçə il əvvəl məşhur kahinlər Şıqq və Satihin xəbər verdiyi Seyf  ibn Zi-Yezən Həbəşistanda məlik idi. Məlik Abdulmuttalibi qarşısında görüncə onunla yaxından maraqlanmağa başlayır. Bu, hər kəsin diqqətini cəlb edir və bunun səbəbini anlamağa çalışırlar. Nəhayət, Seyf ikisi yalnız qaldıqda fürsətdən istifadə edib Abdulmuttalibə yaxınlaşır:

− Ey Abdulmuttalib! Sənə yalnız mənə məxsus olan xüsusi elmdən bəzi sirlər verəcəyəm. Bunu səndən başqasına da deməyəcəyəm. Mövzunun səninlə bağlı olduğunu görür və buna görə də bunları sənə söyləmək zərurəti hiss edirəm. Mən sənin şəxsində Onun zühurunu görürəm. Allah izin verənə qədər bu dediklərimi gizli saxla və qətiyyən heç kimə söyləmə. Şübhə yoxdur ki, öz aramızda sirr kimi saxladığımız və heç kimi agah etmədiyimiz dərin elmlərin arasında və gizli saxlanılan kitabların səhifələrində böyük bir xeyrin, mühüm bir hadisənin baş verəcəyini müşahidə edirik. Bu xeyirli və əhəmiyyətli hadisədə ümumi olaraq bütün bəşəriyyətin, xüsusi olaraq da sənin aid olduğun heyətin şərəf və fəziləti, xüsusilə, sənin şərəf və fəzilətin gizlidir.

Məlikin danışdıqları Abdulmuttalibi də həyəcanlandırmışdı. Ancaq məlik hələ sözlərini deyib qurtarmamışdı. Buna görə də Abdulmuttalib:

−  Elə isə, bu nədir? − deyə soruşur. Məlikin Abdulmuttalibə cavabı belə olur:

− Tihamədə bir uşaq dünyaya gələcək və həmin körpənin iki çiyni arasında bir əlamət olacaq. Bundan sonra, imamlıq də artıq bu uşağa məxsus olacaqdır. Qiyamət gününədək sizin rəhbəriniz O olacaqdır. Məhz bu vaxt Onun dünyaya gəlib zühur etmə məqamıdır. Adı Məhəmməddir. Atası və anası vəfat edəcək və Onu babası və əmisi himayə edəcəkdir. Vallah, bizlər aramızda həmişə Onun gəlişindən danışırıq. Allah Onu açıq-aşkar göndərəcək və bizdən də Ona köməkçi­lər seçəcəkdir. Onun yanında yer tutanlar Onunla əziz olacaqdır, Ona qarşı çıxıb düşmənçilik edənlər isə rəzil-rüsvay olacaqlar. Allah Onu insanlardan gələ biləcək hər cür təhlükədən qoruyacaq və yer üzünü Onun fəth etməsi üçün açıq edəcəkdir. O, Rəhmana qulluq vəzifəsi ilə dolu, şeytani düşüncələrdən isə olduqca uzaqdır. Onun gəlişi ilə atəşpərəstlik ortadan qalxacaq və bütlərə sitayiş tarixin qaranlığına qarışacaqdır. Onun sözü son sözdür. Ədalətlə hökm edər. Yaxşılığı əmr edər və onu özü də yerinə yetirər, insanları pisliklərdən uzaqlaşdırar və özü də pisliyin kökünü kəsməyə səy göstərər. Bu süslü evə − Kəbəyə and olsun ki, sən Onun babasısan, ey Abdulmuttalib! İnan ki, bunda heç bir yalan yoxdur. Ümid edirəm ki, sənə dediklərimdən  vacib olanı anlamısan və xəbər sahibinə çatmışdır.

Bu qədər aşkar təsviri, təbii ki, Abdulmuttalib başa düşmüşdü. Onsuz da əvvəldən bildiyi məqamlar vardı. Buna görə də öncə razılıqla başını yellədi. İllərin ağırlığını daşıyan bir halı vardı. Böyük bir yük və məsuliyyət daşıdığını bu sözlərlə dilə gətirir:

− Bəli, ey məlik! Mənim bir oğlum vardı. Onu çox istəyir və üstün­də, demək olar ki, tir-tir əsirdim. Onu qövmüm arasında ən kərim alicənab qız olan Vəhbin övladı Əminə ilə evləndirdim. Əminə bir oğlan dünyaya gətirdi və adını Məhəmməd qoydum. Ancaq onun atası, sonra da anası vəfat etdi. O, indi mənim və əmisinin himayəsindədir.

Sözün bu yerində Seyf  müdaxilə edir:

− Elə mənim də sənə demək istədiyim bu idi. Onu yaxşı qoru və Ona düşmən olan paxıl din adamlarının şərindən mühafizə et! Düzü, onlar Ona heç bir zərər yetirə bilməyəcək. Əgər bilsəm ki, ölüm Onun zühuruna qədər mənə möhlət verəcək, bütün ordumla birlikdə Mədinəyə gedib orada məskunlaşar və Onu gözləməyə başlayardım. Çünki mən keçmiş elmlərdə və kitablarda Mədinəni Onun məskunlaşacağı məkan, köməkçilərinin bölgəsi və dəfn ediləcəyi yer kimi görürəm.[5]

Yəməndəki işlərini də qurtarıb Məkkəyə qayıtmışdılar. Abdulmuttalib Seyf ibn Zi-Yezənin sözlərini beynində elə hey götür-qoy edirdi. Bəlkə də, kənardan baxanlar bunun fərqinə varmırdılar. Amma həmişə onun dünyasında nəvəsi ilə bağlı xəyallar, onun sabahı ilə bağlı düşüncələr dolaşırdı. Bunları fikirləşməkdən heç cür özünü saxlaya bilmirdi.

Abdulmuttalib öz qövmü qədər, kənardan gələnlərin də müraciət yeri idi. Buna görə də zaman-zaman ətraf bölgələrdən də heyətlər gəlir və ondan kömək istəyirdilər. Yenə bir gün bir neçə müdlicli alim Məkkəyə gəlmişdi. Aydın idi ki, Hz. İsanın davamçıları olan bu adamlar da Seyf ibn Zi-Yezən kimi Onun gələcəyindən xəbərdar idilər. Belə ki, Kəbəyə gələrkən gözləri bir oğlana sataşmışdı. Heyranlıqla Ona tamaşa edir və təəccüblərini də ifadə etməkdən özlərini saxlaya bilmirdilər. Sürətli addımlarla yaxınlaşıb Onu daha yaxından tanımaq və söhbət etmək istəyirlər. Ümmü Eymən onların marağını sezmişdi və bundan narahat olub müdaxilə etmək istəyir:

− Toxunmayın o uşağa!

Adamlar əvvəlcə yad bir yerdə səhv hərəkətin xəcaləti ilə çaş-baş qalıb geri çəkilirlər. Ancaq yenə maraqlarını boğa bilməyib bəzi suallar verirlər:

− Bu, kimin uşağıdır?

Atanın olmadığı yerdə əmi və baba ata sayılırdı. Ümmü Eymən də buna uyğun  cavab verir:

− Abdulmuttalibin…

Bu, onların tanıdığı isim idi: Məkkənin rəisi. Onsuz da onlar Abdulmuttalibin yanına gəlmişdilər. Onun  harada olduğunu  soruşurlar. Ünvan Kəbəni göstərirdi.

Çox keçməmiş Abdulmuttalibi Kəbənin həyətində, taxtının üstündə tapırlar. Salam-kəlamdan və hal-əhval tutduqdan sonra sözü yolda gördükləri uşağın üstünə  gətirib soruşurlar:

− Bu gün gözəl bir uşaqla rastlaşdıq. Yanındakı qadın bu uşağın sənin olduğunu  dedi.

− Bəli, o, mənim oğlumdur.

− Xeyr, ola bilməz, − onlardan biri dillənir, − ola bilməz, çünki bu uşağın atası o, anadan olmamış vəfat etməlidir, − deyə əlavə edir.

Demək, onların bildiyi məqamlar var idi və daha açıq danışmaq lazım idi. Yəməndəki məlik kimi bunlar da nədənsə agah idi. Buna görə də Abdulmuttalib:

− Bəli, o, mənim oğlumun əmanətidir, yəni nəvəmdir, − deyir.

Məsələ aydın idi. Zehinlərini gəmirən şübhə artıq ortadan qalxmışdı. Gördükləri hər şey bu uşağın gözlənilən Şəxs olduğunu göstərirdi. Onlardan biri:

− Bu uşağın ayaq izləri ilə Məqamı-İbrahimdəki izlər eynidir. Yəni bu, İbrahimin soyundan gəlir. Çöhrəsindəki gözəllik. Gözlərinin rəngi.Hal və görkəmindəki duruluq. Xarakterindəki ululuq. Hələ iki çiyni arasındakı işarə bu uşağın Gözlənilən Peyğəmbər olduğunu söyləyir.

Başqa bir nəfər də belə deyir:

− Biz İsmailoğullarından gələcək və Peyğəmbərlərin sonuncusu olacaq bir Peyğəmbərin xüsusiyyətlərini kitablarda oxumuşuq. Bu məlumatlara görə, həmin Peyğəmbərin zühur edəcəyi yer də buradır, yəni  Məkkə!

Bu vaxt valideyinlərini itirmiş Məhəmməd də babasının yanına gəlmişdi. Gözlər yenə Ona zillənmiş, nəzərlər İnsanlığın Əminini süzürdü. Qonaqlardan biri əyilib Abdulmuttalibin qulağına:

−  Ancaq bu uşağı yaxşı qorumalısan, − deyir və əlavə edir, − çünki gözlənilən Peyğəmbərin bu uşaq olduğunu bəzi qısqanc din adamları anlayarsa (onlar da bu uşağın gələcəyini yaxşı bilirlər), Ona zərər verərlər.[6]

Abdulmuttalib indi daha dərindən fıkirləşirdi, çünki bir çox kitabları oxuyaraq dərin dini biliklərə malik olan bu şəxslər Abdullahın əmanəti Məhəmmədin gözlənilən Peyğəmbər olduğunu bilirdi, amma hamısının da müştərək təlaşı vardı: uşağı qısqanc din adamlarının şərindən qoruya bilməmək. Deməli, Abdulmuttalibin çiyinlərinə bir məsuliyyət də əlavə olunurdu.

Bu əsnada Bəşərin Sultanı səkkiz yaşını yenicə keçmişdi. Abdulmuttalib də artıq yaşlanmış və dünya ilə vidalaşmaq anı yaxınlaşmışdı. Bir gün oğlu Əbu Talibi yanına çağırır, olduqca ciddi və qəti tərzdə bunları deyir:

− Bu oğlumun şanı və şərəfı çox uca olacaqdır və O, mənim sənə bir əmanətimdir.[7]

Beləcə o da yola rəvan olmuş, əbədi aləmə səfərə başlamışdı. Və çox keçməmiş səksən iki yaşlı Abdulmuttalib də vəfat etdi. Babasının da Haqqa yürüdüyünü eşidə İnsanlığın Əmini  Abdulmuttalibin cansız bədəninin yanında dayanmış, şəfqət qanadları ilə Onu himayə edib qoruyan babası üçün göz yaşı tökürdü.[8]

Aydın idi ki, qədər ata və anasından sonra, babası Abdulmuttalibi də yanından apararaq bəşəriyyətin həsrətlə gözlədiyi Son Peyğəmbərin üzünü sadəcə Rəbbi-Rəhimin şəfqət və mərhəmət qapısına yönəldir və beləliklə, Ondan gələcək vəhyi öz paklığı içində qəbul edəcək bir şüuraltının formalaşmasını murad edirdi. Madam ki O, bəşərin xilaskarı idi, ona görə də istər ata, istərsə ana olsun, hansısa bir bəşərin istiqamət verməsi ilə deyil, birbaşa mülkün və məxluqatın Sahibi tərəfindən tərbiyə edilməli idi. Allah Rəsulunun həyatında baş verən hadisələr də bu məcrada cərəyan edirdi.



[1]. İsfehani, Delail Nübüvve, 119, 120

[2]. Bax: Bediuzzaman, Mektubat, 28. Mektub, Sekizinci Mesele, Yedinci Nükte, s. 566-567

[3]. El-Hindi, Kenzu’l-Ummal, 12/276 (34417)

[4]. İbn Sa’d, Tabakat, 1/118

[5]. İbn Hacer, İsabe, 2/134, 135; Halebi, Sire, 1/187

[6]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/272

[7]. Suyuti, Hasaisu’l-Kubra, 1/90

[8]. Bax: İbn Sa’d, Tabakat, 1/119; Semani, Ensab, 1/57. Abdulmuttalibin yüz on yaşında vəfat etdiyini qeyd edənlər də var. Bax: Eyni əsər.




Şərh yaz