Mənəviyyata Açılan Pəncərə

Ariflərin dilindən ucalan səda

Onunla bağlı məlumatlar təkcə Ondan əvvəl gələn peyğəmbərlərin dilində dolaşmır, onların arxasınca gedən arif adamların da müştərək mövzusunu təşkil edirdi. İşığını peyğəmbərlərin qoyduğu mirasdan alan bu insanlar da hər fürsətdə sözü Onun üstünə gətirir və toplumdakı missiyaları nisbətində gələcək günlərlə bağlı insanları məlumatlandırmaq vəzifəsini də icra edirdilər. Ən yaxın yerdən Hindistan kimi uzaq məmləkətlərə qədər bir çox bölgədə oxşar məlumatlar dolaşsa da, bu məlumatların daha geniş yayıldığı məkanlar Yəmən, Şam (Dəməşq) və Hicaz bölgələri idi.

1. Yəmən

Yəmən − Peyğəmbərimizin babalarından Adnanın iki oğlundan biri olan Akkın qohumluq əlaqələri qurub yerləşdiyi bir bölgə idi. İşlərin artıq axara düşdüyü sonrakı dönəmdə Rəbia ibn Nəsr adlı bir məlik burada hökmranlıq edirdi. O, bir gecə qəribə bir yuxu görmüş və bundan çox təsirlənmişdi. Yuxusunu danışmadığı nə bir kahin, nə də bir sehrbaz qalmışdı. Amma heç cür yuxunu yozdurub rahatlıq tapa bilmirdi. Ölkəsindəki bütün müdrikləri, alimləri yığsa da, onların dedikləri Rəbia ibn Nəsri razı salmamışdı. Artıq elə bir vəziyyətə gəlib çatmışdı ki, ondan yuxusunu soruşanlara da  inanmırdı. “Əgər yozumunu biləndirsə, danışmamış  yuxudan agah olmalıdır,” − deyə düşünürdü.

Nəhayət, müdriklərdən biri məlikin bu halına aydınlıq gətirmək üçün ona bir tövsiyə etdi: əgər məlik yuxusunun yozumu ilə çox maraqlanırdısa, onda Satih və Şıqq adlı iki kahinə müraciət etməli idi. Çünki bu iki kahin həm vücud quruluşu, həm də verdikləri xəbərlərlə insanların diqqətini cəlb etmiş, yaşadıqları bölgədə insanların yeganə pənahgahına çevrilmişdi. Onların ikisi də məşhur kahin Tarifənin öldüyü gün anadan olmuşdu və sanki, Tarifə kahinliklə bağlı bütün məharətini onlara miras qoyub getmişdi.

Bu iki kahinin bədən quruluşu da çox qəribə idi. Satihin bədəni sanki, bir hissədən ibarət idi; üzü sinəsinə yapışmışdı, sanki. Hətta demək olar ki, bədəni sümüksüz idi. Adını da buna uyğun almışdı. Hirsləndiyi vaxt oturduğu yerdə şişib qalır və hərəkət edə bilmirdi. Şıqqa gəlincə onun da bədənində bir qəribəlik vardı; yarım insana bənzəyirdi.

Məlik yuxusunun bu iki kahin tərəfindən düzgün yozulacağını eşidən kimi hər ikisinə xəbər göndərdi. Satih Şıqqdan tez gəlmişdi. Məlik əvvəlcə məqsədini danışdı. Sonra da kahinin məharətini yoxlamaq üçün dedi:

− Əgər yuxumu bilirsənsə, yozumunu da bilərsən.

 Satih özünə çox güvənirdi. O:

− Yuxunu yozaram, − deyir arxayınlıqla… Və məlikin yuxusunu ondan heç nə eşitmədən danışmağa başlayır:

− Yuxunda zülmət qaranlığın içindən qara bir cismin çıxdığını gördün. Sonra bu cisim Təhmə adlı yerə tərəf getdi. Sonra da başı olan hər bir canlı ondan yeməyə başladı.

Məlik heyran qalmışdı. Bəli… Bəli… Yuxuda gördükləri eynilə Satihin danışdığı kimi idi. Heyrət və çaşqınlığını gizləyə bilməyən Məlik:

− Bəli, bəli, ey Satih! Heç bir səhvə yol vermədin, yuxuda gördüklərim eynilə dediyin kimi idi. Yaxşı, bəs bunun yozumu necədir? − deyir.

− Ey məlik, inandığım bütün dəyərlərə and içirəm ki, sənin hökmranlıq etdiyin ərazilərə həbəşlilər hücum edəcək və Əbyənlə Cəraş arasındakı bölgəyə hakim olacaqlar!

− Bu, bizim üçün fəlakət deməkdir, ey Satih. De görüm, bu hadisə mənim dövrümdə olacaq, yoxsa məndən sonra?

− Bu, səndən bir müddət − altmış və ya yetmiş il sonra baş verəcək.

− Onların səltənəti davam edəcəkmi, yoxsa onun da bir sonu olacaq?

− Yetmiş ildən bir az keçmiş süqut edəcək. Onlar hücuma məruz qalacaqlar, bir hissəsi öldürüləcək, bir qismi də bu yerlərdən qaçıb gedəcək.

− Bəs onların yerinə kimlər gələcək?

− Zi-Yezənlər… Onlar Adn tərəflərdən gələcək və Yəməndə bir nəfəri də sağ qoymayacaqlar.

− Bəs bunların hakimiyyəti davam edəcəkmi, yoxsa onlar da süquta uğrayacaq?

− Onların da sonu gələcək.

− Bəs onların hakimiyyətinə kim son qoyacaq?

− Nəbiyyi-Zəki. Ona Uca Aləmlərdən vəhy gələcək.

− Həmin peyğəmbər kimlərdən olacaq?

− Qalib ibn Fihr ibn Malik oğullarından… Artıq məliklik qiyamətə qədər Onun qövmünün əlində qalacaq.

− Həqiqətən  də, bu həyatın sonu olacaqmı?

− Bəli. Həmin gün birincilər və sonradan gələnlər hamısı bir yerə toplanacaq. Kamal sahibləri və məsud yaşayanlar yüksələrkən quldurluq edənlər ayaq altında zəlil və rüsvay olacaqlar.

− Həqiqətən, bu  danışdıqların doğrudurmu?

− Əlbəttə! Şəfəqin aydınlığına, gecənin qaranlığına və ağaran dan yerinə and olsun ki, sənə danışdıqlarım doğrudur və bunlar baş verəcəkdir.

Məliklə Satih arasındakı bu dialoqdan çox keçməmiş Şıqq da gəlir. Məlik bu dəfə də Satihin dediklərindən bircə kəlmə açmadı. O, məsələni Şıqqın dilindən də eşitmək istəyirdi. Hər iki kahinin bir-birindən xəbərsiz yuxunu yozmasını yoxlamaq istəyirdi.

Şıqqın da danışmağa sözü vardı:

− Bəli, − dedi və əvvəlcə məlikin yuxusunu  danışdı:

− Yuxunda zülmət bir qaranlığın içindən qara bir cismin çıxdığını görmüsən. Sonra həmin bu cisim təpəlik və bağlıq bir yerə tərəf getdi. Bundan sonra da hər bir canlı ondan yeməyə başladı.

Məlikdə şübhədən əsər-əlamət qalmamışdı; hər ikisi də eyni şeylərdən bəhs edirdi. Ancaq Satih yerin adını dəqiq bildirdiyi halda, Şıqq yalnız bölgənin əlamətlərini demişdi. Satih “başı olan hər bir canlı” dediyi halda, Şıqq “hər bir canlı” deyərək məsələni qısaca izah etmişdi.

− Hər şey dediyin kimidir, heç bir səhvin olmadı, ey Şıqq! Bəs səncə, bu yuxunun yozumu necədir?

− Bu iki isti bölgə arasında olan hər bir insana and olsun ki, sudanlılar sizin torpaqlarınıza gəlib hər yeri istila edəcək. Sonra da Əlyən ilə Nəcran arasında hakimiyyət qurub məskunlaşacaqlar.

− Ey Şıqq, atanın adına and içirəm ki, bu, bizim üçün fəlakət deməkdir. Bütün bunlar nə vaxt baş verəcək, mənim dövrümdə, yoxsa məndən sonra?

− Xeyr, səndən bir müddət sonra baş verəcək. Sonra sizi onların əlindən qüdrəti və şanı uca olan bir şəxs xilas edəcək, onlara böyük əzab da daddıracaq.

− Yaxşı, bu qüdrətli insan kimdir?

− Zi-Yezən evləri arasından çıxacaq bir qəhrəman gənc…

− Onun hakimiyyəti davam edəcəkmi, yoxsa o da tənəzzül  edəcək?

− Onun səltənəti də süqut edəcək. Həm də din və fəzilətlə göndərilən, ədaləti və haqqı təmsil edən bir Rəsulun əli ilə… Bundan sonra “fasıl günü”nə kimi hakimiyyət də Onun qövmünə məxsus olacaq.

− “Fasıl günü” nə deməkdir?

− Doğulan hər bir canlının hesaba çəkildiyi, səmadan ölü və diri hər kəsin eşidəcəyi səslərin gəldiyi və hamının haqq-hesab üçün bir yerə toplandığı  gün deməkdir. O gün müttəqilər üçün qurtuluş və xeyir vardır.

− Bu danışdıqların, həqiqətən də, doğrudurmu?

− Səmanın və yerin Rəbbinə və bu ikisinin arasındakı hər şeyə and olsun ki, sənə danışdıqlarımın  hamısı doğrudur və şübhəsiz ki, hər biri də gerçəkləşəcəkdir.

Hər iki kahindən eyni sözləri eşidən məlik gələcək qorxusu ilə övladlarını Fars ətraflarında bir bölgəyə göndərməyə cəhd göstərmiş, bununla da öz təhlükəsizliyini təmin edəcəyini düşünmüşdü. Ancaq bütün bu görülən tədbirlər qədərin öz hökmünü icra etməsinə mane ola bilməyəcək və Yəmən torpaqları vaxtı gəlincə məlikin kahinlərdən eşitdiklərinə əskiksiz şahid olacaqdı.[1]

Əbu Kərbin Mədinəyə hücumu

Yəmən məliki Rəbianın dövrü artıq başa çatmış, hakimiyyəti Əbu Kərb adlı başqa bir məlik təhvil almışdı. Çılğın xarakterə malik olan və öz gücünə hədsiz güvənən  Əbu Kərb çox keçmədən qonşu ölkələrin fəthinə başlamışdı. Bu fəthlərin gedişatında sonralar Mədinəyə də yönəlmiş, ancaq Qureyza oğullarından olan iki müdrik yəhudinin sözlərindən təsirlənib Mədinəyə basqın etmək fikrindən daşınmışdı. Belə ki, məlik şəhərə hücuma hazırlaşdığı bir vaxtda bu iki yəhudi onun qarşısına dikilmiş:

− Ey məlik! Əsla belə bir işə yol vermə! İllah da: “İstədiyimi edərəm,” − deyirsənsə, bil ki, yolunu maneələr kəsər və sən buna əsla nail ola bilməzsən.

− Bunun səbəbi nədir?

−Çünki bu məkan axırzamanda Harəm torpaqlarında Qureyş arasından çıxacaq Peyğəmbərin hicrət yeridır. Bura Onun evi və məskunlaşacağı bölgə olacaqdır.[2]

Eşitdiyi sözlər əlindəki imkanlardan daha güclü idi, beləcə, məlik Mədinə və mədinəlilərlə döyüşmək fikrindən vaz keçəcək, ağıllarına heyran qaldığı  bu iki müdrik yəhudinin dinini qəbul edəcək, onları özü ilə Yəmənə aparacaqdı.

İki səmimi könül insanından aldığı enerji ilə, sanki, yenidən doğulan məlik artıq daxili aləminin fəthinə başlamış və öz ruh  dünyasında bu iki gəncin həyəcanını yaşayırdı. Buna görə də Yəmənə qayıdar-qayıtmaz həyəcanını və coşqusunu xalqı ilə bölüşmək istəyəcək, Hımyer xalqı bu dəvəti əvvəlcə qəbul etməyəcək və dəvət edildikləri etiqadla bağlı dəlil axtarışına başlayacaqdı.

Onların müqəddəs saydıqları bir atəşləri var idi. Məlikin sözlərini yoxlamaq üçün onu bu alovla imtahana dəvət edirlər. Məlikin isə heç bir qorxusu yox idi və onların dəvətini qəbul edib müqəddəs hesab etdikləri odun yanına gedir. Xalqın inancına görə, bir məsələnin doğru olub-olmadığını ancaq bu oda danışmaqla aydınlaşdırmaq olardı. Atəş kimə zərər verərdisə, həmin tərəfin haqsız olduğuna dair hökm verməklə məsələni isbat olunmuş sayırdılar.

Məsələ oda ərz olunduğu zaman həmin iki yəhudi də məlikin yanında hazır dayanmışdı. Onlar boyunlarından müqəddəs kitablarını asmış, dillərində Tövrat ayələri, Rəblərinə təvəkkül edə-edə növbənin çatmasını gözləyirdilər. Bu zaman bütləri ilə oda yaxınlaşan adamların bütün bütləri yanıb külə dönmüş, ancaq bu iki yəhudi ilə məlikdə heç bir yanıq izi meydana gəlməmişdi. Onlar oda yaxınlaşdıqca alov kiçilir, alovun dilləri çıxdığı yerə qayıdıb, sanki, yox olurdu. Bundan sonra Hımyer xalqının əksəriyyəti bu iki müdrik yəhudi gəncin dinini qəbul etmiş və ilk dəfə olaraq yəhudilik Yəmənə qədəm basmışdı.[3]

Daha sonra bu iki yəhudinin tövsiyəsi ilə Əbu Kərb Kəbənin təmiri üçün müəyyən işlər görmüşdü. Belə ki, ona yuxuda Kəbəni qalın örtüklə örtmək söylənmiş, o da Kəbənin üzərinə örtük çəkən ilk şəxs olmuşdur. Bundan sonra iki dəfə də buna bənzər yuxular görmüş və hər dəfə də daha keyfiyyətli parça ilə Kəbəni örtməsi deyilmiş, o da  Kəbəni dövrünün ən keyfiyyətli qumaşları ilə örtmüş, bu işi özündən sonrakılara da vəsiyyət etmişdi.

Artıq özünə rəhbər bildiyi bu iki yəhudinin sözlərinə o qədər aludə olmuşdu ki, gələcəyindən bəhs etdikləri Sonuncu Peyğəmbərə, sanki, aşiq olmuş, onun adını sayıqlamağa başlamışdı. Şeirlərinin birində hətta bunları söyləyəcəkdi:

Mən Əhməd adında bir insanı tanıyıram ki, O, Allah tərəfindən göndərilən bir Rəsul və yaradılmışların ən şərəflisidir.

Əgər ömrüm Onun ömrünə çatarsa, Ona ən sadiq vəzir və əmioğlu olacağam.

Bu gün mən qılıncımla Onun düşmənlərinə müharibə elan etmişəm ki,

Beləcə, Onun qəlbində meydana gələ biləcək sıxıntıları  indidən aradan qaldırım…[4]

Tubba məliki Mədinədə

Bu, necə dərin bir imandır ki, bir gün gələcək Tubba məliki Əbu Kərb səltənətini  bu vəzirliyə qurban etmək üçün yollara düşəcək və Hz. Əli kimi Allah Rəsulunun yanında qalmaq üçün ölkəsini tərk edib Onun hicrət edəcəyi günü gözləmək amalı ilə Mədinəyə köç edəcəkdi. Bu necə bir hikmətdir ki, neçə illər əvvəl Mədinəni dağıtmaq məqsədi ilə gələn Tubba Məliki indi bu şəhərə  taxt-tacını, səltənətini Yəməndə qoyub gözlənilən Peyğəmbərin evini tikmək niyyəti ilə tək-tənha gedirdi? Artıq o da adi bir insandı.

Beləcə, Mədinəyə gələn Əbu Kərb buradan torpaq sahəsi satın alır. Çox keçməmiş zəruri avadanlıqları tədarük edib bu yerdə ev tikdirməyə başlayır.

Mədinə kiçik bir bölgə idi və hamı bir-birini tanıyırdı. Bu yad adamın kim olduğunu öyrənmək çox çəkməmişdi. Yəmən tərəflərdən olan bu şəxs çoxları üçün əlçatmaz olan  mövqe və səltənətindən üz döndərib bu yerlərə köçmüşdü.

Mədinədə yenicə köç salmış bu adam haqqında bir izahat gözləyirdilər. Nə səbəbə bu qədər dəbdəbə və əzəməti, ehtişamı, səltənəti və əmrindəki minlərlə insanı bir kənara ataraq bu yerlərə gəlmişdi? Və nə üçün burada torpaq alıb ev tikdirirdi?

Əlbəttə, ətrafına yığışan və heyrətdən donub qalan bu insanlara nəsə demək lazım idi. Amma Əbu Kərb istəmədiyi bir şeyi söyləmək məcburiyyətində qalan adamın vəziyyətinə düşmüşdü. Gözləri, hər hərəkəti: “Məni öz halımla baş-başa buraxın“, − deyirdi, sanki… Ancaq onun bildiyi həqiqətə başqalarının da ehtiyacı var idi və gizləməsinin mənası yox idi. Bəlkə, Yəmən əhli  kimi mədinəlilər də iman gətirərdilər.

Ürəyi həyəcanla döyünür və titrəyən dodaqlarından bu cümlələr süzülməyə başlayır Əbu Kərbin:

− Mən qədim kitablardan oxudum ki, çox keçmədən Faran dağlarının arasında bir Peyğəmbər zühur edəcək və Məkkə, nəinki o Nəbiyə sahib çıxmayacaq, hətta Ona qarşı amansız davranacaq. Həmin Peyğəmbər də bir müddət sonra bu bölgəni tərk etmək məcburiyyətində qalacaq. Sonra da buraya − Mədinəyə hicrət edəcək. Mən məhz hicrət edib bura gələcək həmin Peyğəmbər içində qalsın deyə  indidən Onun  evini  tikirəm.

Bu  sözlərin mənasını çox az adam dərk etmişdi… Ancaq deyilənlə­rin mənasız olmadığını bilənlər də vardı və anlamayanlar da özlərini başa düşmüş kimi göstərib  oradan dağılışdılar…

Günlər keçir, məlikin gözlədiyi Son Sultan görünmürdü.

Artıq tale (qədər) onun üçün də hökmünü verəcək və məlik də fani dünya ilə vidalaşıb əbədiyyətə qovuşacaqdı.

Məlikin evi övladlarına miras qaldı… Onlar da həmin evi başqalarına satdılar…[5]

Sonralar meydana çıxan əlamətlər

1.Səna

Yəməndəki bu müsbət dəyişikliklərin dəlilləri özünü sonrakı illərdə də hiss etdirəcək və arxeoloji qazıntılar zamanı tapılan yazılar və başqa sənədlər ogünkü insanların inamı haqqında xələflərə aydın məlumatlar verəcəkdi. Budur, iki nümunə:

Uzun illərdən sonra Sənada aşkarlanan bir qəbirdə iki qardaşın cəsədi və bu cəsədlərin yanında da gümüş bir lövhə tapılır. Ən əhəmiyyətlisi isə budur ki, gümüş lövhənin üzərində qızıl hərflərlə belə bir yazı vardı:

− Bu, Tubbanın övladları Ləmsi və Vahabinin məzarıdır. Bu iki qardaş da özlərindən əvvəlki saleh şəxslər kimi “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh” etiqadı ilə vəfat etmişdir.[6]

Hz. Ömərin xəlifəliyi dövründə bir nəcranlı bağını qazır. Bir az qazmışdı ki, gördüyü mənzərədən heyrətə gəlir: qarşısına bir insan bədəni çıxmışdı. Çoxdan vəfat etmiş bir adamın cəsədi idi. Əlini başındakı yaranın üstünə qoymuşdu, sanki, beləcə gözləyirdi. Nəcranlı əlindən tutub qaldırmaq istəyirdi ki, bu vaxt  cəsədin başından qan fışqırır. Çox qəribə idi: neçə il əvvəl ölmüş bir bədəndən necə qan çıxa bilərdi? Cəsədin əlini əvvəlki yerinə qoyur, qan dərhal kəsilir. Bir az da diqqətlə baxır. Gözləri cəsədin barmağındakı bir üzüyə sataşır. Diqqətini üzüyün üstündəki yazı cəlb etmişdi. Əyilib oxumağa çalışır. Üzükdə “Rəbbim Allahdır” yazılmışdı…[7]

2. Şam

O dövrdə Şam mühüm ticarət mərkəzlərindən biri sayılırdı. Qureyş əlindəki imkanları birləşdirib karvanlar təşkil edir və ticarət məqsədi­­lə hər il buralara qədər  gəlirdi.

Şam bölgələri mənasında “Biladüş-Şam” ünvanı ilə bugünkü Dəməşq (Şam) şəhərindən daha çox Fələstini və İordaniyanı da ehtiva edən geniş bir coğrafı məkan nəzərdə tutulurdu. Bizansın hakimiyyəti altında olan bu bölgədə hakim din xristianlıq olsa da, çox sayda yəhudi və xristian din alimi  də vardı. Bu bilikli din xadimləri tez-tez gələcək günlərdən söz salır və həmin günlərdə zühur edəcək bir Peyğəmbər­dən bəhs edirdilər.

Həmin din xadimlərindən ilk ağıla gələnlər o günün əsas mərkəzlərindən hesab edilən  Busranın sakinləri rahib Bahirə və Nastura idi. Həmçinin xələf-sələf olan hər iki rahib dünyadan əl-ətəklərini üzüb ibadətxananın bir küncünə çəkilmiş, Son Peyğəmbərin gəlişini  gözləyirdi. Gözlərini əğyara bağlı, Haqqa açıq kiçik pəncərələrdən Onun yollarına  dikir, gecikməsi ilə qəlblərini bürüyən  kədəri də dilə gətirirdilər.[8]

Salman Farisi İran əsilli və atəşgahda ibadətə aludə olmuş bir gənc idi. Şama gəldiyi günlərin birində getdiyi kilsədə gördükləri onu daha xeyirli bir ibadət axtarışına sövq etmiş, o da sırf bu məqsədlə ölkəsini tərk edib buraya gəlmiş və bir keşişə bağlanmışdı. Ancaq bu keşiş gözlədiyi kimi olmamışdı. Keşiş insanları aldadır və onların dini duyğularını istismar edib müftə qazanc əldə edirdi. Çox keçmədən ölən bu keşişin yerinə yenisi təyin edilmişdi. Salman Farisi artıq bütün vaxtını hər halı ilə sevib təqdir etdiyi bu keşişlə keçirirdi. Ancaq ömür məhdud idi və bir gün bu keşiş də xəstələnir. Salman təlaş içində yanına gəlib onu kimə əmanət edəcəyini soruşur.

− Ey oğlum! Allaha and olsun ki, bu gün bu yerlərdə sənə tövsiyə edə biləcəyim bir adam tanımıram. İnsanlar həlak olub getdilər… Əksəriyyəti dinini dünya ilə dəyişdirdi. Çoxusu da öz dəyərlərini tərk edib getdi. Sənə Mosulda yaşayan bir nəfəri tövsiyə edirəm. O, mənim xüsusiyyətlərimi daşıyan bir insandır. Get onun yanına, onunla  qal, − deyirdi keşiş. Və Günəş batmış, keşiş  gözlərini əbədi yummuşdu.

Salman birbaşa Mosula gəlir və vaxt itirmədən deyilən ünvanı tapıb yeni rəhbəri ilə birlikdə yaşamağa başlayır. Bu adamın da ömrü uzun deyildi. Keşiş ölüm döşəyində ikən ona  yaxınlaşan  Salmana Nusaybin ünvanını göstərir.

Bir müddət Nusaybində qalan Salmana yeni yol görünür. Birlikdə yaşadığı qoca keşiş ona Ammuriyyəni göstərirdi. Salman vaxt itirmədən həmin məkana gedir. Digər yerlərlə  müqayisədə burada daha çox qalır. Günlər hər nə qədər uzun olsa da, həyatın bir sərhədi vardı və buradakı keşiş də dünya ilə vidalaşır.  Keşişə yaxınlaşan Salman:

− Məni kimə qoyub gedirsən? − deyə kədərli-kədərli yalvarır.

Keşiş də fikirli idi. Tez-tez gözlərini üfüqə dikir, bu vəziyyətdə donub qalırdı. Yenə eyni halda idi… Hüzn dolu bir səslə bunları deməyə başlayır:

− Bu gün buralarda münasib bir adam tanımıram ki, səni əmanət edim. Lakin İbrahimin Hənif dini üzrə göndəriləcək Sonuncu Pey­ğəm­bərin kölgəsi artıq üstümüzdədir. O, Ərəb diyarında zühur edəcək. Onun hicrət edəcəyi məkan iki isti bölgə arasında xurma ağacları ilə dolu bir yerdir. Onun gizlədilməsi mümkün olmayan bəzi əlamətləri və işarələri var. İki kürəyi arasında peyğəmbərlik möhrü var. O, hədiyyə qəbul etdiyi halda, sədəqəni əsla qəbul etməz və yeməz. Əgər gücün çatarsa, get və Onu orada gözlə. Onu görən kimi tanıyacaqsan.

Və kədərli Salman bütün mal-mülkünü satıb yenidən yola düzəlir. Bu dəfəki hədəf gələcəyinə iman etdiyi Allahın Sonuncu Peyğəmbəri idi.[9]

İbn Heyyəban Şam diyarında  məhsuldar torpaq sahələrinə malik bir adam idi. Dinə meyli sayəsində qısa müddətdə yəhudi alimi səviyyəsinə yüksəlir. Oxuyub vaqif olduğu məlumatların işığında bir gün evini tərk edir və gözlədiyi Peyğəmbəri axtarmaq məqsədilə yollara düşür: ünvan Mədinə idi. Və niyyəti aydın idi: burada məskunlaşmaq və beləcə Son Nəbinin gəlişinə şahid olmaq.

Qısa müddətdə mədinəlilərlə qaynayıb-qarışmış, “mədinəli” olmuşdu. O, bir könül insanı idi; namaz qılır, insanlara yaxşılıq edir, nəsihət verir və ibadətdən başqa heç nə düşünmürdü. Qıtlıq vaxtlarında mədinəlilər onun yanına gəlir və ilahi rəhmətin (inayətin) – yağışın yağması üçün birgə edilən dualarda onu da yanlarında görmək istəyirdilər. O isə Allah naminə bir sədəqə verilmədən bu istəklərə “bəli” deməz, duadan əvvəl xeyirli bir iş görülməsini istəyərdi. Bunun ardınca duaya başlayar və çox keçməmiş  yağış dolu buludların gəlməsinə, göylərdən rəhmət enməsinə  şahid olardılar. Eyni vəziyyət bir neçə dəfə təcrübə edildikdən sonra artıq mədinəlilərdə qəti qənaət hasil olmuşdu.

Nəhayət, İbn Heyyəbanda da axirətə səyahətin əlamətləri görünmüşdü. İbn Heyyəbanın dünyadan köçəcəyini anlayanlar yığışmış, onun son nəsihətlərindən faydalanmaq istəyirdilər. Gedəcəyini  özü də anlamış və insanlara səslənmişdi:

− Ey yəhudi camaatı! Bildiyiniz kimi, mən buğda  tarlaları və üzüm bağları ilə zəngin torpaqlardan yoxsulluq və qıtlıq hökm sürən bir diyara gəlmişdim. Heç bunun səbəbini bilirsinizmi?

Hər kəsi maraq götürmüşdü. Onun buraya gəliş məqsədini kim bilirdi ki? O, səssiz-səmirsiz gəlmiş və bir mədinəli kimi sadə həyat yaşamışdı. Təəccüblə:

− Sən daha yaxşı bilirsən, − deyirlər.

Tarixə bir qeyd həkk etmək lazım  idi və ibn Heyyəban bunları danışmağa başlayır:

− Mən bu yerlərə zühur anı yaxınlaşan Peyğəmbəri gözləmək üçün gəlmişdim. Bura onun hicrət edəcəyi yerdir. Mən ümid edirdim ki, O, bura gələcək və mən də Ona tabe olacağam. Onun kölgəsi başımızın üstündədir, təşrifinə lap az qalıb…

Ancaq İbn Heyyəbanın bir əndişəsi vardı. Onlarla birgə yaşamış, xarakter və təbiətlərini yaxşıca öyrənmişdi. Bu inadkar insanlar özlərindən kənar hansısa müsbət dəyişikliyə mahiyyətinə varmadan mənfi yanaşar və onu qətiyyən yaxına buraxmazdılar. Bu Peyğəmbər gələndə də eyni cür davransalar, halları necə olardı? Elə isə onları belə davranacaqları halda, başlarına gələ biləcəklərdən də xəbərdar etməli, bundan çəkindirməli idi. Onlara unuda bilməyəcəkləri, ruhun dərinliyinə işləyən sözlər söyləyir:

− Ey yəhudi camaatı! Ona qarşı çıxmayın!  Çünki O, cihad əmri ilə mükəlləfdir  və Ona qarşı müxalif olanları əsarət altına almaq səlahiyyəti ilə göndəriləcəkdir. Bu, əsla sizi Ona tabe olmaqdan çəkindirməsin!

İbn Heyyəban bunları deyib gəlişini gözlədiyi Son Peyğəmbərin həsrəti ilə əbədiyyətə qovuşur. Artıq Mədinədə İbn Heyyəbandan qulaqlarda sırğa olan sözlər və xoş xatirələr qalmışdı”. [10]

3. Hicaz

Digər bir bölgədə − Hicazda da Onun zühurundan bəhs edirdilər. Hicaz sakinləri əksəriyyət etibarilə cəhalət yolunda yürüsə də, onların içində Varaqa ibn Nəvfəl, Zeyd ibn Amr və Quss ibn Saidə kimi nura həsrət olanlar, yol gözləyənlər vardı. Bu fəzilətə aşiq insanlar cəmiyyətdə baş verən hadisələrdən narahatlıq keçirsələr də, əllərindən heç nə gəlmirdi. Bir ümid vardı: Allahın Son Peyğəmbəri gələcək və qaranlıq uçurumlara yuvarlanan kütlələri zülmətdən çıxaracaqdı. Bu üç nəfər, Tövrat və İncil başda olmaqla, müəyyən mənbələrlə  tanış olmuş və həmin qaynaqlarda onları xilas edəcək Son Peyğəmbərin məziyyətlərinə rast gəlmişdi.

Zeyd ibn Amr

Zeyd ibn Amr aşəreyi-mübəşşərədən (Aşəreyi-mübəşşərə − Peyğəm­bərin (s.ə.s.) özlərinə Cənnətlik olduqlarını müjdə verdiyi səhabələrdir. Bu kəslər Allahın əmrlərinə bağlılıqda və dinə xidmət yolunda göstərdikləri fədakarlıqda Allahın rizasını tam qazanmışdılar. Həmin  səhabələr bunlardır: Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, Hz. Əbdürrəhman bin Avf, Hz. Ubeydə ibn Cərrah, Hz. Said ibn Zeyd, Hz. Sad ibn Əbi Vaqqas, Hz. Talha, Hz. Zübeyr ibn Avvam (r.a.)) olan məşhur səhabə Said ibn Zeydin atası, Zeynəb binti Cahşın böyük qardaşı və Hz. Ömərin də əmisi idi. Hz. İbrahimdən qalan Hənif inancına etiqad edənlərdən idi. Bu səbəbdən bütlərdən üz döndərir və hər fürsətdə bütlərin heç bir xeyir və zərər verə bilməyəcəyini söyləyirdi. O ancaq Allahın adı ilə kəsiləni yeyir, harama əl uzatmırdı.

Bir gün kürəyini Kəbəyə söykəyib oturduğu zaman ətrafına yığışan insanlara belə səslənmişdi:

− Ey Qureyş camaatı! Zeydin nəfsi qüdrəti əlində olana and olsun ki, burada məndən başqa aranızda İbrahimin dinində olan  yoxdur.

Ardınca  əllərini səmaya qaldırmış və:

− Allahım! Əgər Sənin dərgahında hansı üzün daha xeyirli olduğunu bilsəydim, mütləq ona səcdə edərdim. Amma bunu bilmirəm,− deyə çarəsizliyini dilə gətirmiş, mindiyi heyvanın üstündə  səcdəyə gedərək “Bir” olaraq qəbul etdiyi Rəbbinə şükrünü əda  etmişdi.[11]

Bütlərlə əhatə olunmuş mühitin təzyiqlərindən xilas olmaq və inancları yolunda yeni insanlar tapmaq arzusu ilə bir gün özü kimi  muvahhid (Allahın bir, tək (vahid) olduğunu qəbul edən) Varaqa ibn Nəvfəl, Osman ibn Huveyris və Abdullah ibn Cahşla birlikdə səfərə çıxmış və Məvsildə yaşayan bir rahibin yanına gəlmişdi. Rahib üzünü Zeydə tutub:

−  Ey dəvə sahibi! Haralardan gəlirsən? − deyə soruşur.

−  İbrahimin tikdiyi binanın olduğu diyardan! − cavabını verir.

−  Nə axtarırsan? Nəyin arxasınca düşmüsən? − deyə məqsədini soruşanda Zeyd:

− İnancımı yaşaya biləcəyim sağlam bir din axtarıram, − deyir.

Rahib heyrət içində idi. Qəribə idi, insanlar məhz din arayanların göz dikdiyi məkandan buraya gəlir və başqa bir din axtarırdılar. Təəccüb doğururdu. Dərya içrə dəryada olub suyun qədrini bilməyənlər də varmış. Ancaq haqpərəst olmaq lazım idi  və  Rahib Zeydə çevrilərək:

− Geri qayıt! Çünki gözlədiyin sənin gəldiyin yerdə zühur etmək üzrədir, − dedi.[12]

Zeyd ibn Amrın əllə düzəldilən bütlərin ilah olmayacağını söyləməsi bir çoxlarını narahat etmiş və oxların ona tuşlanmasına səbəb olmuşdu. Hətta buna görə qardaşı Hz. Ömərin də atası olan Xəttabın şiddətli təzyiqləri ilə üzləşmişdi. Necə olmuşdu ki, Xəttab ailəsindən biri Məkkənin hakim dairəsinə qarşı çıxaraq özünə başqa yol seçmişdi? Xəttaba görə, bütlərə ibadətdə nöqsana yol verməyin və kəsdikləri heyvanların ətini yemək kimi adətə məhəl qoymamağın cəzası mütləq olmalı idi.

Xəttab onu “ağıllansın” deyə Məkkənin ətraf təpələrinə çıxarır və işgəncə verirdi. Özü yorulanda gəncləri yerinə vəkil təyin edir və  bununla qardaşının “ağıllanacağı “ ana  qədər  işgəncənin davam etməsini təmin edirdi. Nə qədər avara, axmaq, sərsəri  varsa, onları tənbeh edir, öz qardaşının Məkkəyə dönməsinə icazə vermirdi.

Artıq Zeyd Məkkəyə yalnız gizli gələ bilirdi. Gəlişindən xəbər tutar-tutmaz onu yaxalayır və “birdən dinimizi dəyişdirər” və ya “başqalarını da özünə cəlb edər” əndişəsi ilə dərhal Məkkədən uzaqlaşdırırdılar. Çünki o, hər fürsətdə səcdəyə qapılır və belə deyirdi:

−  Mənim ilahım İbrahimin ilahıdır, dinim də İbrahimin dinidir.[13]

Zeyd Cahiliyyə çirkabından sıxılmış, yeni-yeni axtarışlara başlamışdı. Əvvəlcə yəhudilərin yanına gedib onların inancını mənimsəmək istəyir, ancaq bu inancın onu qane etməyəcəyini anlayır. Sonra xristianlığa yönəlir, amma qısa müddətdə bu dində də axtardığını tapa bilməyəcəyi qənaətinə  gəlir.

Beləcə bir gün özü kimi İbrahimin (ə.s.) dinini yaşayan bir hənif tapmaq ümidi ilə doğma yurdunu tərk edib Şam tərəflərə üz tutur. Əhli-kitab arasında axtardığını tapmaq məqsədi ilə soruşa-soruşa Məvsili və Ərəb yarımadasını gəzib-dolaşır. Ancaq könlünə təskinlik verəcək  bir həmdəm tapmaqda aciz qalır. Nəhayət, Şama gələndə bir rahibi  nişan verirlər. Zeyd məqsədini ona danışır. Rahib də adi adam deyildi. İstəyini anlamışdı və  Zeydə belə nəsihət edir:

− Sən mənə elə bir dindən bəhs edirsən ki, bu gün həmin dini yaşayan bir adam tapmaq mümkün deyildir. Sən İbrahimin hənif dinini axtarırsan. O isə nə yəhudidir, nə də xristian. O, tək olan Allaha ibadət edir və gəldiyin bölgədəki Beytə yönələrək namaz qılıb səcdə edirdi. O dini öyrədən və bilənlərin hamısı bu dünyadan köçüb. Ancaq gözlənilən bir Peyğəmbər var ki, Onun gəliş vaxtı çox yaxınlaşıb. Sən öz yurduna qayıt və orada gözlə. Çünki Allah sənin qövmün arasından İbrahimin dini üzrə bir Peyğəmbər göndərəcək ki, O,  Allah dərgahında  ən mükərrəm (hörmət və təzim edilən, ikram olunmuş) varlıqdır.

Bütün bu əlamət və işarələr Zeydin gəldiyi Məkkəni göstərirdi. Qəribə idi ki, axtardığını tapmaq üçün tərk etdiyi məkana axtarıb tapa bilmədiyi Son Peyğəmbər gələcəkdi. Vaxt itirməyə gərək yox idi. Və Zeyd dərhal yola düzəlir.

Şam yəhudi və xristianları Zeydin bu hal və hərəkətlərini bəyənməmişdi. İş o yerə çatır ki, Zeydin yolunu kəsib muradını gözündə qoyurlar − onu amansızcasına  öldürürlər.

O, gələcək Son Nəbiyə inamı tam olmasına rəğmən, Onun gəlişi əfərəsində qürub edəcək və gözlədiyi xoşbəxt anı görmədən axirət səfərinə çıxacaqdı. Tez-tez bunları təkrar edirdi:

− Mən bilirəm ki, yaxın vaxtlarda bir din gələcək! Artıq onun kölgəsi başımızın üstündədir. Fəqət bilmirəm ki, o günü görəcəyəm, yoxsa yox?!

Zeyd bir əsintidən təsirlənmiş və vicdanı tamamilə Haqqa oyanmış bir insan idi. O, bir olan Allaha (c.c.) inanır və Ona təslimiyyətini ərz edirdi. Ancaq nə inandığı Allaha “Allahım” deyə bilir, nə də Ona necə ibadət edəcəyini  bilirdi.

Əshabdan Amir ibn Rəbiə Zeyd ibn Amrdan eşitdiyi sözləri bir gün belə xatırlayacaqdı:

− O, mənə: “Mən İsmailin, sonra Abdulmuttalibin nəslindən gələcək bir Peyğəmbər gözləyirəm. Ömrümün Ona yetişəcəyini zənn etmirəm, amma Ona iman gətirir, təsdiq edir və qəbul edirəm ki, O, Haqq Peyğəmbərdir. Əgər sən o günə qədər yaşayıb Onun gəlişini görsən, məndən Ona salam söylə! Gəl Onun şəmailindən (əlamətlərindən) də xəbər verim, ancaq  təəccüblənmə”, − dedi. Mən də: “Buyur, danış,” − dedim. Zeyd sözlərinə bu cür davam etdi: “Orta boyludur, nə çox uzun, nə də qısa. Saçları nə tamamilə düzdür, nə də qıvrım. Adı Əhməddir.  Anadan olacağı yer Məkkədir. Peyğəmbər kimi də həmin yerə − Məkkəyə  göndəriləcəkdir. Ancaq Onun gətirdikləri qövmünün xoşuna gəlməyəcək və qövmü də bir müddət sonra Onu Məkkədən çıxaracaq. O, Yəsribə (Mədinəyə) hicrət edəcək və gətirdiyi din oradan yayılacaqdır. Bundan əsla qafil olma! Mən diyar-diyar gəzib Hz. İbrahimin dinini axtardım. Danışdığım bütün xristian və yəhudi alimləri mənə: “Sənin axtardığın bir müddət sonra gələcək,” − dedi və hamısı da mənə bir az əvvəl sənə danışdıqlarımı söylədi, sözlərini də belə yekunlaşdırdılar: “O, Son Peyğəmbərdir və Ondan sonra da bir daha peyğəmbər gəlməyəcəkdir”.[14]

Quss ibn Saidə

Quss ibn Saidə Ukaz bazarında qızılı dəvəsinin üstündə camaata səslənirdi. İyad qəbiləsinin yaşı yüzü ötmüş bu qoca başçısı gözünü gələcəyə dikmişdi. O, insanlara gələcək Peyğəmbər haqqında məlumat verir və ruhlarına işləyən ifadələrlə onları imana hazırlayırdı. O, Ukaz bazarında qızılı dəvəsinin üzərinə çıxmış və insanlara belə səslənirdi:

− Ey insanlar!

Hamınız bir araya gəlin.

Gedən getmişdir… Hər gələn də mütləq gələcəkdir…

Qaranlıq gecə…

Bürc-bürc göy üzü…

Dalğa-dalğa dəniz…

Göz qamaşdıran ulduzlar…

Yüksək qamətli dağlar…

Axıb gedən çaylar…

Şübhə yox ki,  səmada yeni bir xəbər var…

Şübhəsiz, yerdə də ibrətamiz hadisələr…

Adamlara baxıram, gedirlər, amma heç geri qayıtmırlar. Görəsən, getdikləri yerdən məmnun olduqları üçün  orada qalırlar? Yoxsa buranı tərk edir, orada da yuxuya gedirlər?

Allah and olsun ki, bunda heç bir şübhə yoxdur… İlahi dərgahda elə bir din var ki, Allah  üçün  o, sizin bu dininizdən daha  sevimlidir…

Hanı atalar, babalar, dədələr? Haradadır nəsil-nəcabət? Hanı bərbəzəkli saraylar və mərmərdən binalar ucaldan Ad və Səmud qövmləri? Hanı öz dünya sərvətləri, mal-mülkləri ilə öyünüb: “Mən sizin ən böyük Rəbbiniz deyiləmmi?” − deyən Firon və Nəmrud?

Onlar sərvət, qüvvət və qüdrətcə sizdən çox üstün idilər. Nə oldular? Torpaq onları dəyirmanında üyütdü, toz edib dağıtdı. Sümükləri də əriyib  getdi. Damları sökülüb sovruldu. İndi onların məkanlarında itlər ulaşır. Onlar kimi qəflətə düşməkdən çəkinin, onların yolu ilə getməyin!

Hər şey fanidir, baqi (əbədi) olan ancaq Allahdır… Şəriksiz və bənzərsiz, mütləq bir olan Allah… Sitayiş ediləcək ancaq Odur… Doğmaqdan və doğulmaqdan uzaq olan Allah…

Bəli, bəli…

Yaşanan hadisələrdə, gəlib-gedənlərdə bizim üçün  ibrətamiz şeylər çoxdur…

Ölüm bir çay… Girəcək yeri çox, axacaq yeri yox…

Böyük-kiçik hamımız köçüb gedirik.

Hamıya olan sizə də, mənə də olacaqdır.

Həqiqətən, gözlədiyi Peyğəmbəri görmədən ölüm Quss ibn Saidə­ni də ağuşuna alacaq və vüsal axirət aləminə qalacaqdı. Ancaq nə böyük bir təvafüq idi ki, onun Ukaz bazarındakı çıxışını dinləyənlər arasında gəlişini gözlədiyi Son Peyğəmbər də vardı. Və  illər sonra onu tanıyanlar Allah Rəsulunu ziyarətə gələndə söhbət İbn Saidədən düşəcək, onun Ukazda  dedikləri ilə bağlı  xatirələr yenidən təzələnəcəkdi.[15]

Dağlarda inzivaya (ibadətə) çəkilmiş bu yaşlı müdrik, şeirlərində də buna bənzər mövzulara toxunur və  hər  fürsətdə Harəm daxilində Haşimoğullarından bir peyğəmbər gələcəyini söyləyirdi.

Bir şeirində:

Yaratdıqlarını əbəs yaratmayan Allaha həmd olsun!

İsadan sonra bizi başsız buraxmayan və lütf edən.

Aramızdan Əhmədi göndərəcəkdir ki, O, göndərilən ən xeyirli Nəbidir.

Hər bir canlı nəfəs alıb hərəkət etdikcə Allahın salamı Ona olsun.[16]

Varaqa ibn Nəvfəl

Üfüqdə işıq gözləyənlərdən biri də Varaqa ibn Nəvfəl idi. Eyni zamanda Hz. Xədicə anamızın əmisi oğlu olan Varaqa ibn Nəvfəl Ca­hiliyyə Məkkəsində haqqı aramaq əzmi ilə yaşayan nadir insanlardan idi. Ona görə arxasınca cahiliyyənin sel olub axdığı ağac və daşlardan yonulan müxtəlif formalı bütlər ilah ola bilməzdi və bunu hər fürsətdə söyləməkdən çəkinmirdi.

Qureyşlilər ildə bir gün bayram keçirirdilər. O gün hamı bir yerə yığışır və bütlərə qurbanlar verərək səmimiyyətlərini göstərməyə çalışırdı. Bununla da tanrıları qarşısında vəzifələrini icra etdiklərini düşünür və öz aləmlərində xoşbəxt olurdular. Bu, bir növ hesabdan qaçmanın bir yolu idi.

Belə bir gündə Qureyşlilər yenə bir araya gəlmiş, bir bütün qarşısında dayanıb ona sədaqətlərini izhar edirdilər. Aralarında pıçıltı eşidilirdi. Bir yerə toplanmış və yenə həmin dörd nəfərin aralarında olmadığından  danışırdılar. Təbii ki, bunlar Varaqa ibn Nəvfəl, Zeyd ibn Amr, Osman ibn Huveyris və Ubeydullah ibn Cahş idi.

Bu dörd insanın dünyasında bütün bu mərasimlərin heç bir mənası yoxdu. Öz aralarında  danışırdılar:

− Necə ola bilər, − deyirdilər. Qövmünüzə baxın! Necə ola bilər ki, bu cür hərəkət edirlər? İbrahimin dinini tərk etmiş, heç bir faydası olmayan bir daşı təvaf edib eşitməyən, görməyən, faydası və zərəri olmayan bütə sitayiş edirlər…

Çiyin-çiyinə verən bu dörd könüllü artıq məkkəlilərin yola gəlməyəcəkləri qənaəti ilə   başqa  bölgələrdə Hz. İbrahimin hənifilik dinindən bir nişanə tapmaq məqsədi ilə  onları tərk edirlər…

Bu səfər əsnasında Varaqa ibn Nəvfəl Şam istiqamətinə yönəlir. Varaqa səfər zamanı qaldığı bir kənddə xristianlığı qəbul etmiş və bundan sonrakı ömrünü  bu dini öyrətməyə həsr etmişdi. Artıq Varaqa din əhlindən xristianlığı öyrənir və beləliklə, özünü gələcəyə hazırlayırdı. Hər yeni bilgi onu daha da həvəsləndirir və o vaxta kimi keçirdiyi mənasız günlərinə görə yanıb-yaxılırdı.

Varaqa ibn Nəvfəl burada çox şey öyrənmişdi. O, indi Tövratı və İncili daha yaxşı bilir, ibranicə  səlis  oxuyur və yazırdı.

Oxuduqları arasında bir mövzu vardı ki, diqqətini xüsusilə cəlb edir və unuda  bilmədiyi bu xüsusla birlikdə Son Peyğəmbərin gələcəyi günün xəyallarını qururdu. Çünki o artıq bilirdi ki, çox keçmədən “Aləmin Rəhbəri” gələcək və bəşəriyyət yenidən Onun arxasında ilahi mənada səf bağlayacaqdı.

Amma zaman saatı  dayanmaq bilmədən işləyir və Varaqanı da məzara yaxınlaşdırırdı. Onun məna aləminə açıq olan gözləri dünyanı və dünyalıları çətinliklə seçir, əvvəlki kimi ətrafı aydın görə bilmirdi.

Zaman nəhri o qədər sürətli axırdı ki, aradığını tapmadan gözlərinin əbədi yumulacağını fıkirləşirdi. Bildiklərini hər fürsətdə ətrafına pıçıldasa da, Varaqanı Onu görmədən  dünyadan köçmək təlaşı bürümüşdü.

Gözləməkdən başqa bir çarəsi də yox idi. Bu dövrü ən azı ətrafındakılara Onun haqqında danışmaqla keçirə bilərdi və o da bunu edirdi. Hüveylidin qızı Xədicə onun bu nəsihətlərinə diqqətlə qulaq verənlər arasında idi və bu, peyğəmbərlik (risalət) mərhələsində onun üçün böyük bir üfüq olacaqdı.

Peyğəmbərlikdən əvvəl Hicaz və dünyanın ümumi vəziyyəti

O gün yer üzü Bizans və Fars (Sasani) olmaq üzrə ikiqütblü bir dünyadan ibarət idi. Onlardan Bizans, əsasən, xristianlıq, Fars isə atəşpərəstlik inancına etiqad edirdi. Tez-tez bu iki ölkə arasında  müharibələr, ardı-arası kəsilməyən savaşlar başlayırdı. Bunlardan sonra özünü hiss etdirən digər iki dövlət isə Yunan və Hind dövlətləri idi.

Fars imperatorluğu daxili çaxnaşmalarla çökmək üzrə idi. İmperatorluq daxilindəki qruplar arasında dərin ziddiyyətlər və ixtilaflar hökm sürür, hər bir qrupun daxilində də mənəvi-əxlaqi tənəzzül özünü hiss etdirirdi. Zərdüştilik və Məzdəkiyyə inanclarından ibarət ictimai sistemdə dövlət rəhbərliyi, əsasən, zərdüştilərin təsiri altında idi. İdarəçilik baxımından bu iki dövlət bir-birindən fərqlənsə də, hər ikisi əxlaqi-mənəvi  tənəzzülün pəncəsində çabalayırdı: qadına xor baxır və həqarətlə yanaşırdılar… Hər iki dövlətdə qadın alçaldılır, hətta bəziləri qadını hava, su və ya günəş kimi hamının istifadə etməli olduğu əşya, əmtəə hesab edirdi. Xüsusilə də, Məzdəkiyyə etiqadında hakim olan bu baxış xüsusi mülkiyyət baxımından da fərqlənmirdi. Onlara görə özəl həyatın və məhrəmliliyin heç bir əhəmiyyəti yox idi.[17]

Həmin dövrdə Ruman adlandırılan Bizans isə güc və qüvvənin təhriki ilə hərəkət edir və qabağına çıxan bölgəni istədiyi vaxt işğal edirdi. Əsas inanc xristianlıq olsa da, bu dinin mənsubları arasında ixtilaflar baş alıb gedir, xüsusilə, məzhəb qarşıdurmalarının  yaşandığı  ölkə dərin fıkir ayrılıqlarına səhnə olurdu.

Yunanlarda isə fəlsəfənin təsiri ilə zorakı idarəçilik yerinə, daha çox fikri mübahisələr özünü göstərir, toplumla alimlər arasında böyük uçurum əmələ gəlirdi. Ümumiyyətlə, məclislər heç bir əməli faydası olmayan uzun mübahisələrə səhnə olur və hər bir fəlsəfi məktəb çılğın çıxışlarla öz fikirlərini müdafiə etməyə çalışırdı.

Hindistana gəlincə tarixçilərin də yekdilliklə qeyd etdiyi kimi, burada da ümumi tənəzzül hökm sürürdü. Dini həyatdan bir nişanə qalmamış, əxlaq sükuta qərq olmuş və  sosial-ictimai həyat da  böhranların  pəncəsində can verirdi.[18]

Qısaca, dünyanın ümumi vəziyyəti yer üzünün zülmət qaranlığa qərq olmasından  xəbər verirdi. Mövcud imkanlar zahirən nə qədər yaxşı və gözəl görünsə də, bu, onları dəyərləndirən beyin və qəlbdən  məhrum olmuş fərdlər üçün heç nə ifadə etmirdi. Hətta demək olar ki, bu dəyərlər onların daha çox pislik etməsinə gətirib çıxarır, hər hansı bir yolla  yaxşılıq düşüncəsini formalaşdırmağı ağıllarına belə gətirmirdilər.

Hicaz bölgəsi də bu tənəzzüldən payını almışdı. Burada yalnız gücün hakim olduğu ictimai sistem mövcud idi. İnsanlar əllərindəki imkanlara və onlara dəstək verənlərə görə dəyərləndirilir, kimsəsizlərin üzünə də baxılmırdı. Haqq və hüquq öz yerini tamamilə zorakılığa, qüvvəyə vermişdi. Güclü olanlar nə desəydi, tətbiqat da o istiqamətdə aparılırdı.

Cəmiyyət öz daxilində müxtəlif təbəqələrə parçalanmışdı. Bu siniflər arasında yalnız xidmət münasibəti ola bilərdi. Qullarla rəftarda isə ürək dağlayan mənzərə hökm sürürdü.

Hz. Adəmdən bu yana hər peyğəmbərin məkanı olan Kəbə bütlərlə doldurulmuş, Allaha daha yaxın olmalı bu bölgədə insanı Allahdan uzaqlaşdırmaq üçün, sanki, hər şeyə əl atılmışdı. Hz. İbrahimdən bu yana yerinə yetirilən həcc ibadətinin forması dəyişmişdi: insanlar Kəbəni çılpaq halda və əl çala-çala təvaf edirdilər. Onların qənaətinə görə, içində günah işlədikləri paltarlarla Kəbəyə gəlmək olmazdı. Buna görə də, günahsız paltar qara bazara çıxmış, xeyli baha satılırdı, ala bilməyənlər isə alternativ həll yolu kimi çılpaq təvaf edirdilər.[19]

Qadın hədsiz alçaldılaraq dəyərsiz bir əşya səviyyəsinə endirilmişdi. Dünyaya qız övladı gətirmək  qadın üçün  silinməz ləkə sayılır, bu ləkə ilə yaşamağa  dözə  (bunu özlərinə sığışdıra) bilməyənlər qız uşaqlarını öldürməyə üstünlük verirdilər.[20] Qəzəb və kinini boğa bilməyən bəzi insanlar isə yeni doğulmuş qız uşaqlarını diri-diri torpağa göməcək qədər azğınlaşır və  bununla da fəxr edirdilər.

Ailə təsisatı, demək olar ki, sıradan çıxmış, səfalət və əxlaqsızlıq qapıları taybatay açılmışdı. Fühuşun (əxlaqsızlığın, fahişəliyin) açıq-aşkar edildiyi yerlərdə bayraqlar asılır və bununla da, insanlar həmin yerlərə açıq şəkildə dəvət edilirdi. Əsil-nəcabətli insanlardan övlad sahibi olmaq çox əhəmiyyətli bir dəyər idi və bunun üçün bəzi insanlar arvadlarını əsil-nəcabətli bildikləri kişilərin yanına göndərirdilər. Beləliklə, bir neçə kişi ilə yaxınlıq edib hamilə qalan qadınlar dünyaya övlad gətirir, uşağın atasını müəyyənləşdirməyə gəlincə də bu məsələdə qadınlar şəriksiz söz sahibi idilər. Onlar dünyaya gətirdikləri körpənin kimə aid olduğunu söyləsə, bu, bir əsas kimi götürülür və etirazsız qəbul edilirdi.[21]

Xüsusilə, qadınlar ailədə artıq yük hesab edilir, buna görə də valideynlər çıxış yolu kimi qızlarını daha erkən ərə verməyə səy göstərir və bununla da, bütün məsuliyyəti kürəkənin çiyninə yükləyib özlərini  vəziyyətdən çıxarmağa çalışırdılar.

Qısası, dünya artıq Sonuncu Sultana həsrət, Allahın yenidən hidayət lütfünə təşnə idi… Zülmətin hədsiz qatılaşdığı bu anlarda artıq vaxt yaxınlaşmışdı. Dünya hər yönü ilə Onun gəlişinə hazırlaşır, gözlər üfüqə dikilir, şəfəqin doğmasını gözləyirdi.


[1]. Suyuti, Hasaisu’l-Kubra, 1/60. Bütün bu hadisələrin nəticəsini qeyd etmək məqsədilə bildirək ki, aradan əsrlər ötəcək və həqiqətən, Satihlə Şıqqın dediyi kimi, Seyf ibn Yezən adlı bir hökmdar bizanslılarla və farslarla əlbir olaraq bütün Yəmən bölgəsini öz hakimiyyəti altına alacaqdı.  Bu vaxt ətrafdakı qəbilələrdən onu təbrik etmək və hədiyyə vermək üçün gələnlərin arasında Qureyş dəstəsi də var idi. Bu dəstənin arasındakı bir nəfər Seyf ibn Yezənin diqqətini cəlb edir. Bu,  Abdulmuttalib idi. Onunla danışmaq istəyirdi, yaxınlaşıb kim olduğunu soruşur. Sonra ona da gözlədiyi Peyğəmbər haqqında bildiklərini bir-bir danışır. Əlbəttə, onun bu sözləri baba Abdulmuttalibə də qucaq dolusu müjdə və sevinc bəxş edirdi.  Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/328

[2]. Taberi, Tarih, 1/426

[3]. Taberi, Tarih, 1/427-428

[4]. Taberi, Tarih, 1:427-429

[5]. Ayni, Umdetü’l-Kari, 4/176

[6]. Süheyli, Ravdü’l-Ünf, 1/72

[7]. Bu adamın Abdullah ibnus-Samir olması nəql edilir. Bax: İbn Hişam, Sire, 1/149

[8]. Bu iki rahiblə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qarşılaşması və aralarında olan dialoq sonrakı səhifələrdə veriləcəkdir.

[9]. Suyuti, Hasaisu’l-Kubra, 1/31-38

[10]. Beyhaki, Sünenu’l-Kubra, 9/114 (18042) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Faran dağlarının arasında zühur edib peyğəmbərlik vəzifəsi ilə səfərbər ediləcək, sonra da Mədinəyə hicrət edəcəkdi… Bədir… Uhud…geridə qalır…Bir gün fitnənin başçılarından  olan Qureyzəğullarının yaşadıqları bölgə mühasirə edilir. Bu vaxt illərlə əvvəl ibn Heyyəbanı dinləyən bəzi gənclər bir yerə yığışaraq öz qəbilələrinə belə deyirlər:

− Ey Qureyzəoğulları! Allaha and olsun ki, bu, İbn Heyyəbanın vaxtında sizə haqqında danışdığı və barəsində  sizdən əhd aldığı Sonuncu Peyğəmbərdir.

Bundan sonra bəzi adamlar da bir ağızdan:

– Bəli, vallah, düz deyirsiniz. Hadisələrin gedişatı eynilə onun dediyi kimi cərəyan edir, – deyirlər və birlikdə Rəsulullahın hüzuruna gəlib İslamı qəbul edirlər. Beləliklə, həm mallarını, həm də canlarını qoruyurlar.

Göründüyü kimi, İbn Heyyəban gözlədiyi Şəxsi şəxsən görə bilməmişdi, amma başqalarının gözünün açılmasma səbəb olmuşdu. İndi onlar İbn Heyyəbanın yerinə də Rəsulullaha tabe olmuşdular.

[11]. İbn Hişam, Sire, 2/54

[12]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/268

[13]. Taberi, el-Camiu’l-Beyan, 3/304

[14]. Suyuti, Hasaisu’l-Kubra, 1/43. Amir ibn Rabia davam edərək nəql edir: “Bir gün mən də müsəlman oldum və gəlib Allah Rəsuluna Zeydin sözlərini bir-bir danışdım. Salamını çatdıranda hörmətlə Zeydin salamını aldı. Sonra “Qiyamət günü təkbaşına bir ümmətdir” dediyi Zeydlə bağlı belə buyurdu: “Mən Zeydi cənnətdə ətəyini sürüyə-sürüyə gəzərkən gördüm”.

[15]. Halebi, Sire, 1/318-321. Quss ibn Səidənin qəbiləsindən olan Carud ibn Ala adlı nüfuzlu bir adam Abdi Qaysoğullarının bir heyəti ilə birlikdə adını eşitdiyi şəxsin İncildə bəhs olunan Şəxs olub-olmadığını dəqiqləşdirmək məqsədilə Rəsulullahın hüzuruna gəlir. Simasında bir yaxınlıq görüb Ondan nə ilə göndərildiyini soruşub cavabları eşitdikdən sonra artıq Onun peyğəmbərliyinə heç bir şübhələri qalmamışdı. İncildə müjdələnən Əhməd həmin an qarşılarında dayandıqları Şəxs idi. Daha tərəddüdü qalmayan Carud bunları deyir:

− Səni haqq peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, Sənin xüsusiyyətlərini İncildə oxuyub öyrənmişdik. Sənin xoş xəbərini Məryəmin oğlu müjdələmişdir. Sənə daim salam olsun və səni göndərən Allaha həmd olsun. Əlini uzat, ey Allahın Rəsulu! Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Allahın Rəsulusan!

Başçılarının bu sözlərindən sonra heyət üzvləri də tövhid kəlməsini söyləyib müsəlman olduqlarını elan edirlər. Bu qıtlıq dönəmində bu cür ilahi rəhməti görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) sevinir və eyni qəbilədən olduqları üçün aralarında Quss ibn Səidəni tanıyanın olub-olmadığını soruşur:

– Quss ibn Səidəni kim tanımır ki? Hamımız onu tanıyırıq, ey Allahın Rəsulu! –cavabını verəndə:

− Bəs indi Quss ibn Səidə əl-İyadi necədir? – deyə soruşur Rəsulullah. Onlar da:

− Vəfat etdi, ey Allahın Rəsulu! – deyirlər. Bu cavabın ardınca Rəsulullah buyurur:

− Mən onu bir gün haram aylarda Ukaz bazarında qızılı rəngli dəvənin üstündə görmüşdüm. Hamısını xatırlamasam da, çox gözəl və xoş sözlər danışırdı: “Ey insanlar! Bir yerə yığışıb birləşin, yaxşı qulaq asın və əzbərləyin. Hər canlı öləcəkdir. Hər ölən də bir daha geri qayıtmayacaqdır. Gələcək, mütləq günü gələcək, gələcəkdir”.

Allah Rəsulu bunları deyib onlardan Qussu dinləyənin olub-olmadığını soruşur. Və əlavə edir:

– Onun həmin günkü sözlərini xatırlayanınız varmı?

Heyətin arxa tərəflərində bir canlanma oldu və bir nəfər qabağa çıxaraq:

– Mən hamısını xatırlayıram, ey Allahın Rəsulu, – deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buna çox sevinir. Peyğəmbərimizin sevincindən cəsarətlənən həmin şəxs o gün Quss ibn Səidədən eşitdiklərini bir-bir deyir. Qussun çıxışı xatırlanmışdı, amma aydın idi ki, Rəsulullah onun haqqında daha çox şey eşitmək istəyir:

− Quss ibn Səidənin o gün dediyi şeiri bilən varmı? – deyə soruşur. Bu dəfə Hz. Əbu Bəkir qabağa çıxır və:

− Anam-atam sənə fəda olsun! Həmin günkü hadisələrə mən də şahid idim. Quss ibn Səidə belə deyirdi, – deyə sözlərinə başlayır və onun şeirini misra-misra oxuyur.

[16]. Halebi, Sire, 1/318-321. Deməli, əsas amil illər və əsrlərin sınağından çıxan səy göstərməkdir. Bir baxımdan gələcəyə bir ünvan qoymaqdır. Əgər bunu edən cövhərdirsə, mütləq cövhərin qədrini bilən sərraflar gələcək və Onun qədrini bilib təqdir edəcək. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur:

− Ümid edirəm ki, Uca Allah qiyamət günündə Quss ibn Səidəni ayrı bir ümmət olaraq dirildər. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/141

[17]. Bax: Şehristani, el-Milel ve’n-Nihal, 2/86, 87; Buti, Fıkhu’s-Sire, 44, 45

[18]. Ebu’l-Hasen en-Nedvi, Maza Hasira’l-Alem Binhitati’l-Muslimin, 28

[19]. “Ey Adəm oğulları! Hər namaz vaxtı məscidə gedərkən gözəl paltarlarınızı geyin. Yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” (“Əraf” surəsi, 7/31). Ədəb yerlərini örtmək (sətri avrət) həmişə olduğu kimi, xüsusilə namaz, təvaf kimi ibadətlərdə fərzdir. Lakin israf etməmək şərtilə hər müsəlmanın ibadət vaxtı ən gözəl və təmiz paltarını geyinməsi Peyğəmbərin sünnətidir. Camaatla olanda, məsciddə oturanda ədəb, ciddilik, özünü ağır aparmaq da gözəl zinət və gözəl görünüşdür. Həmçinin başqa ayələrdə qeyd edilən “üzlərini qibləyə çevirmək” əmrində də bu nizam-intizama işarə var. Bundan başqa, ayənin işarəsindən bu da başa düşülür ki, məscid və ətrafı İslam şəhərində gözəllik baxımından ən gözəl və mərkəz yerlərdə yerləşməlidir. Bununla yanaşı, məscidlərin əsl bəzəyi həmin yerlərin ibadətlə canlandırılıb şənləndirilməsi və ibadət edən möminlərin hal və hərəkətləridir.

[20]. Bununla bağlı bir ayədə mövzu belə anladılır: “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəbdən üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. İndi nə etsin? Görəsən onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar neçə pis mühakimə yürüdürlər!” (“Nəhl” surəsi, 16/58-59).

[21]. Buhari, Sahih, 5: 1970 (4834)

Exit mobile version