“Ata – (bəzi rəvayətlərdə ana) – Cənnətin orta qapısıdır. Bu qapını sındıra da bilərsən, qoruya da bilərsən”[1].
Ata və anamız bizim dünyaya gəlişimizə vəsilə olan insanlardır. Zəif və aciz halda dünyaya göz açan hər bir insan Rəbbin lütf və kərəmi ilə valideynlərinin əngin şəfqət və mərhəmət dolu qoynunda böyüyüb həyata addımlarını atır. Valideynlər uşaqlarını boya-başa çatdıranadək hər cür fədakarlığa qatlanırlar. Yeməyib-içməyib övladlarına yedirirlər, özləri geyinməyib onları geyindirirlər. Və onlar üçün hər çətinliyə sinə gərirlər. Onlar bəşərin ilk müəllimidir.
Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.
Cənabi-Haqqın dəyər verdiyi valideynlərə biganə yanaşan övladlar nə qədər böyük günah işlədiklərini bilmirlər. Mövzumuzu Qurani-Kərimdən bir ayə ilə izah etməyə çalışaq:
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlarla gözəl davranmağı) buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalarsa, onlara “uf” belə demə, acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisini mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.[2]
Ayədə Allah bəndələrinə valideynləri ilə gözəl davranmağı əmr edir. Burada Allaha ibadətin vacibliyi bildiriləndən sonra valideynlə xoş rəftar əmr edilmişdir. Bir qarışıqlıq olmasın və yanlış anlaşılmasın deyə Allahla bağlı “ibadət”, valideynlərlə bağlı “ehsan” (yaxşılıq, xoş rəftar) sözlərindən istifadə edilmişdir. Yəni bəndə Allaha ibadət, ata-anaya isə ehsan (yaxşılıq) etməlidir.
Ayədə “Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağına qədəm qoyarsa…” deyilir. Burada “Görəsən, belə buyurulmasının səbəbi nədir?” şəklində bir sual ağıla gələ bilər. Birincisi, ayənin əvvəlində valideynə yaxşlıq etmək əmr olunur. Burada isə qocalıq dövrünə qədəm qoyan valideylərə edilən yaxşılığın daha artıq savab qazandırdığına işarə olunur. Çünki uşaq kimi ərköyünlük edib nazlanan, daha çox hisləri ilə hərəkət edib hamıdan qayğı və diqqət uman qocalar Haqq nəzərində daha yüskək məqamda olur.
Ömrün on, iyirmi, otuz, qırx, hətta əlli ilini birlikdə keçirən, acını, şirini, yaxşını, pisi bir dadan valideynlərdən birinin dünyadan köçüb getməsi o birini qəm dəryasına qərq edir. Xoşbəxt ömür yaşamış şəxslər tez-tez həyat yoldaşının məzarı başına gedir və orada göz yaşı tökürlər. Həyat yoldaşının – istər qadın olsun, istərsə də kişi – ölümü ilə yaranan boşluğu doldurmaq artıq övladların öhdəsinə düşmüş olur. Belə bir vaxtda valideyni aparıb qocalar evinə atmaq onun içindəki boşluğu doldurmaq deyil, əksinə, ona zülm etmək deməkdir. Çünki bir yandan ömür-gün yoldaşının vəfatı, bir yandan həmyaşıdlarının bir-bir məzara köçməsi və hər köçənin də ölümü xatırlatması onun qəlbində dərin bir boşluq əmələ gətirir və ruhunu dəhşətli tənhalıq hissi çulğalayır.
Belə bir boşluğu da ancaq övlad və nəvələri doldura bilər. Ona görə də Qurani-Kərimdə “Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalıq çağına qədəm qoyarsa” deyilib onlara ehsan (yaxşılıq) etmək əmr olunur.
Bu ayədə “ehsan”, yəni “yaxşılıq” sözünün seçilməsi təsadüfi deyildir. “Ehsan” kəlməsi “Allaha Onu görürmüş kimi ibadət etmək” mənasını da verir. Dolayısilə, övladlar Allahı görürmüş kimi, ibadət şüuru ilə valideynlərinə hörmət etməli, onların can-başla qayğısına qalmalıdır.
Qurani-Kərim ayənin davamında səsini daha da yüksəldərək “Onlara “uf” belə demə!” buyurur. Bu ayə valideynlərə edilən pis rəftarın ən kiçiyini göstərməklə daha çirkin davranışların qarşısına sədd çəkir. Məsələn, ana və ya atanın müsbət bir təklifi qarşısında övlad heç bir şey söyləməyib təkcə “uf” deyərsə, bu sözlə belə, dünyasını alt-üst etmiş olar. Qaldı ki, ata-ananı döymək, söymək və ya qocalar evinə atmaq heç bir halda doğru deyildir. Əksinə, onlarla gözəl davranmaq, sevgiyə ən çox möhtac olduqları qoca yaşlarında şəfqət və məhəbbətlə ürəklərini xoş etmək lazımdır.
Qurani-Kərim ayənin davamında səsini bir pərdə də yüksəldərək “Onlara acı söz söyləmə!” – buyurur, yəni “valideynləri məzəmmət eyləmə, onlarla və onların yanında sərt danışma” deyir.
Qurani-Kərim bu ifadələrin ardınca “Onlarla xoş danış!”, yəni “pak vicdanlı və gözəl qəlbli insanlar necə davranırsa, sən də elə hərəkət elə” deyərək övladlara ata-ana ilə davranış ədəbini öyrədir.
Daha sonra Qurani-Kərim: “Onların hər ikisini mərhəmət və şəfqət qanadının altına al” – buyurur, bununla da kifayətlənməyib: “Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” de”, – buyurur. Həzrət İbrahim (əleyhissalam) də: “Ey Rəbbimiz! Haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”[3] – deyərək dua-niyaz etmişdi Uca Allaha.
Ayənin “Körpəliyimdə onlar məni necə bəsləmişlərsə” ifadəsi insanın dünyaya gəlişinə işarə edir. Valideynlərinin onu bəsləyib tərbiyə etdiyini, qucağında və kürəyində daşıdığını, onun üçün rahatlıqlarından keçdiyini, çalışıb-vuruşduğunu xatırladır və övladın öhdəsinə düşənin yalnız şükranlıq olduğunu bildirir.
Ata-anaya “uf” belə demək olmaz
“…Əgər onların (valideynlərin) biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!…”[4]
Allah-Təala bu ayədə övladlara ata-ana ilə davranış ədəbini və onlara müraciət şəklini göstərir. Bir övladın ata-anaya qarşı təhqiramiz sözlər söyləmək, onlara əl qaldırmaq, onların qəlbini qırmaq, onları qocalar evinə atmaq bir yana dursun, heç “uf” kəlməsini işlətməyə belə haqqı yoxdur. Qurani-Kərim ata-anaya hörmətsizliyin minimum həddini göstərmişdir. Allah onlara “uf” deməyi qadağan edirsə, bir övladın valideynlərinə həqarət etməyə, onları incitməyə, onlarla kobud danışmağa haqqı çatırmı? Bu baxımdan “uf” deməkdən başlayaraq hər cür çirkin davranış və söz valideynə qarşı hörmətsizlik və asilik mənasına gəlir.
Valideyn haqqı çox həssas və önəmli məsələdir. Heç kim bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər bu, bəsit bir şey olsa idi, Cənabi-Haqq bu mövzu üzərində belə israrla durmaz və onlara hörmət eləməyi əmr buyurmazdı.
Valideynə hörmət və itaət məsələsində təkcə dini və milli tərbiyədən məhrum insanlar deyil, bəzən din və millət yolunda xidmət etdiyinə inandığımız insanlar da ciddi xətalara yol verirlər. Bu cür insanlar bir tərəfdən Allahın razı olduğu işlərlə məşğul olur, bir tərəfdən də Onun qoyduğu qadağaları pozmaqla savablarını hədər edirlər.
[1] Tirmizi “Birr” 3; Əhməd ibn Hənbəl “əl-Müsnəd” V, 197.
[2] “İsra” surəsi, 17/23-24.
[3] “İbrahim” surəsi, 14/41.
[4] “İsra” surəsi, 17/23.