Mənəviyyata Açılan Pəncərə

Axirətə aid məsələlərdə yarışmaq, çoxlu yaxşı işlər görmək

 

خِتَامُهُ مِسْكٌ وَفِي ذَلِكَفَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar bu cənnət neməti üçün yarışsınlar! {“Mutaffifin” surəsi, 83/26}

 عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ  قَالَ بَيْنَا أَيُّوبُ يَغْتَسِلُ عُرْيَانًا فَخَرَّ عَلَيْهِ جَرَادٌ مِنْ ذَهَبٍ فَجَعَلَ أَيُّوبُ يَحْث۪ي ف۪ي ثَوْبِهِ فَنَادَاهُ رَبُّهُ  يَا أَيُّوبُ أَلَمْ أَكُنْ أَغْنَيْتُكَ عَمَّا تَرٰى قَالَ بَلَى وَعِزَّتِكَ وَلَكِنْ لَا غِنَى ب۪ي عَنْ بَرَكَتِكَ

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizdən (s.ə.s.) nəql edir:

“Bir dəfə Həzrəti Əyyub (ə.s.) yuyunurkən birdən üstünə qızıldan çəyirtkələr tökülür. Həzrəti Əyyub da onları ovuclayıb pal­tarının arasına doldurmağa başladı.

Bu vaxt Qüdrətli və Əzəmətli Rəbbi ona: “Ey Əyyub! Mən səni bu yığdığın qızıl çəyirtkələrə baxmayacaq (tənəzzül etməyəcək) qədər zəngin və imkanlı etməmişəmmi?” – deyə səsləndi.

Həzrəti Əyyub (ə.s.): “Bəli, Sənin izzətinə and olsun ki, mənə, həqiqətən, çoxlu sərvət bəxş etdin. Lakin ey Rəbbim, Sənin mənə lütf etdiyin bərəkəti də görməməzliyə vura bilmərəm!” – deyə cavab verdi”. [Buxari, Qüsul 20, Ənbiya 20, Tövhid 35]

İzah: Həzrəti Əyyub (ə.s.) bir vaxtlar çox varlı olmuş, sonralar isə var-dövləti və səhhəti ilə ağır imtahanlara məruz qalmış və bu sınaqlardan səbir qəhrəmanı kimi çıxmışdır. Bu məşəqqətli dövrdən sonra Uca Allah onun sağlamlığını və sərvətini artıqlaması ilə geri qaytarmışdır. Hədisdə bəhs edilən çəyirtkə yağışı bu imtahan müddətindən sonra baş vermişdir.

Həzrəti Əyyub (ə.s.) varlı olsa da, Allahın lütfü olan sərvətə maraq göstərir. Ağır imtahanlardan alnıaçıq çıxmış bu səbir peyğəmbərinin dünya malına rəğbət göstərməsi, ona qəlbən meyil etməsi mümkün deyildir. Bu hadisə sırf Allahın lütfü və bərəkətidir. Heç bir insan buna qarşı gözütox davrana bilməz. Məhz Həzrəti Əyyub bu davranışı ilə göstərir ki, qulun gözü heç vaxt ilahi bərəkət və ehsandan  doymayacaq.

Exit mobile version