3. 690 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanın hüzur, qəlb rahatlığı və həqiqi səadətə çatmasında axirət inancının özünəməxsus yeri var. Çünki axirətə imanın uşaqlara, qocalara, fiziki qüsuru olanlara, gənclərə, müsibətə düçar olmuş insanlara bir çox faydaları vardır. O faydalardan sadəcə bir neçəsinin üzərində duraq.

Ölüm uşaqların körpə dünyalarında dərin yaralar açır. Uşaqda axirətə iman olmasa, çox sevdiyi, birlikdə oynadığı balaca dostunun ölümündən bərk sarsılar. Düşünəndə ki, sevimli dostunu torpağın altında böcəklər yeyir və onu bir daha görə bilməyəcək, onu dəhşət bürüyər. Anasını, atasını, bacı-qardaşını itirdikdə daha çox sarsılar. Lakin axirət imanı imdadına yetişsə, acı hadisələr ona qəm, kədər deyil, sevinc gətirər. Axirətə imanı sayəsində: “Qardaşım və ya dostum öldü. Cənnətin bir quşu oldu. Bizdən daha yaxşı yaşayır. Orada istədiyi hər yerdə pərvaz edir, istədiyi hər şeyi yeyir, içir. Anam öldü, ancaq Allahın rəhmətinə qovuşdu. Məni Cənnətdə yenə qucağına alıb oxşayacaq. Mən də orada əziz anamı görəcəyəm”.

Axirətə imandan doğan təsəlli bəşəriyyətin dörddə birini təşkil edən qocaların da imdadına çatır. İnsan gənclik illərində ölümün cavana, qocaya baxmadığını başa düşmür, ölümü çox uzaqlarda sanır. Lakin yaşlandıqca ağaran saçları və keçirdiyi xəstəliklər ona hər an ölümü xatırlatmağa başlayır. Əgər axirətə iman olmasa, yaşlı insanın halı edama məhkum edilmiş bir məhbusun vəziyyətindən fərqlənməz. Cəlladın “Gəl görək! Edam olunacaqsan!” əmrini gözləyirmiş kimi əsim-əsim əsər. Amma axirətə iman köməyə çatsa, edamlıq məhkumları xatırladan qocaların həyatı birdən-birə dəyişər: “Qayğılanmayın. Sizin əbədi gəncliyiniz olacaq. Parlaq və əbədi bir həyat sizi gözləyir. Dünyadan köçən övladlarınızla, qohumlarınızla sevinc və səadət içərisində görüşəcəksiniz. Bütün yaxşı əməllərinizin mükafatını alacaqsınız”. Bu, onlardan ötrü elə bir şad xəbərdir ki, bundan beləsinə yüz dəfə də qocalıq yaşasalar, yenə kədərlənməzlər.

Axirətə imanın bir faydasını da ayağı, qolu şikəst olan, qulağı eşitməyən, danışa bilməyən, gözü görməyən fiziki qüsurlu insanlarda görürük. Əgər axirət inancı olmasa, onlardan kimisi gözəllikləri görə bilmədiyinə, kimisi gözəl səsləri eşitmədiyinə, kimisi əzizləri ilə danışa bilmədiyinə görə iztirab çəkər. Lakin axirət inancı köməyə çatsa, bu insanlar Allahın onlara bəzi bədən üzvlərini verməməklə həmin əzaları günah işləməkdən qoruduğunu düşünər və məhrum olduğu bir nemətdən ötrü ağlayıb-sızlamaz, Yaradanın sonsuz nemətlərinə şükür etməli olduğunu anlayar. Sağlam insanlara nisbətən Cənnət nemətlərindən daha çox faydalanacaqlarını düşünüb təsəlli taparlar.

Axirətə imanın digər faydasını yer üzü sakinlərinin təq­ribən üçdə birini təşkil edən gənclərin timsalında görürük. Həvəsləri coşub-daşan, çox vaxt ağılla deyil, hislərlə hərəkət edən gənclər axirətə inanmasa, Cəhənnəm əzabını xatırlamasa, o zaman zəiflərin malı, namusu, qocaların rahatlığı və heysiyyəti böyük bir təhlükə ilə üzləşər. Allaha və axirətə inanmayan gənclərin bir çoxu vəhşiyə dönür, haqqa-hüquqa qənim kəsilir, bir anlıq ləzzət üçün xoşbəxt bir ailənin səadətini məhv edirlər. Nəticədə həbs cəzasına məhkum olurlar. Lakin axirətə iman etsələr, ağılın səsini dinləyər və haqsızlıq etməkdən əl çəkərlər. Axirət inancı ilə belə düşünərlər:

“Bu an məni nə polis, nə də bir kimsə görür. Mən onlardan gizlənə bilərəm. Lakin Cəhənnəm kimi bir zindanı olan Allahın mələkləri məni görürlər və etdiklərimi qeydə alırlar. Mən özbaşına deyiləm. Əslində, böyük vəzifəsi olan bir yolçuyam. Bunlar qocadır, zəifdirlər. İndi onlara gücüm çatır, ancaq sabah mən də onlar kimi qoca və gücsüz olacağam”.

Beləcə gənclərdə zülm etmək və haqqını tapdalamaq istədiyi adamlara qarşı şəfqət, hörmət hissi oyanar. Həm onlar gənclərin zülmünə məruz qalmaqdan xilas olurlar, həm də o gənclər bir neçə dəqiqəlik ləzzət ucbatından illərlə həbsxanada çürüməkdən və axirətdə də Cəhənnəm əzabına düçar olmaqdan qurtulurlar.

Axirət inancı bəşəriyyətin bir hissəsini təşkil edən xəstələrin, məzlumların, müsibətə düşənlərin, ağır cəzaya məh­kum edilən məhbusların həyatında da mühüm rol oynayır. Bir xəstəliyə tutulan insanın axirətə imanı olmazsa, hər dəfə xəstəliyinə baxıb ölümü xatırladıqca həyatı zindana çevrilər.

Zülm görən bir adamın axirətə imanı olmasa, zalımdan haqqını ala bilmədiyinə görə, daima özünü bədbəxt hiss edər və həyatı zəhərə dönər.

Mal-dövlətini və ya əzizlərini itirən bir insanın axirət inancı olmasa, heç nədən başına müsibət gəldiyini düşünər, dərddən beli bükülər. Haqsız yerə və ya bir-iki saat nəfsinə məğlub olduğuna görə beş-on il həbs cəzasını çəkməyə məhkum edilənlər axirətə imanları olmasa, heç bir təsəlli tapa bilməzlər.

Sadaladığımız bu insanlarda axirət imanı olsa, rahat nəfəs alarlar. Sıxıntıları imanlarının gücü nisbətində ya azalar, ya da büsbütün yox olar, yerini sevinc və hüzur tutar. Məsələn, xəstə adam ölümdən qorxmaz və ölümü əbədi həyatın başlanğıcı kimi görüb özünü arxayın hiss edər. Xəstəlik ağrılarının günahların bağışlanmasına səbəb olacağını düşünməsi də sıxıntılarını yüngülləşdirər. Haqqını almağa gücü çatmayan məzlum zalımı axirətə, Allahın ədalətinə həvalə etməklə rahatlıq tapar. Müsibətlə qarşılaşan müsibətin Allahdan gəldiyini bilib Rəbbin hökmünə boyun əyər. Bu müsibətin əvəzində axirətdə veriləcək nemətləri düşünüb hüzurlu olar. Məhbus işlədiyi günahından tövbə edib səbirli olmaqla həbsxananı bir məktəb kimi görər. Haqsız yerə məhkum edilibsə, axirətdə Allahın ona verəcəyi mükafatı düşünüb səbir edər.




Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.


Şərh yaz