İnsanın yaradılışında mühüm məqsədlər vardır. Bu yaradılışda Uca Yaradanın bir çox hikmətlər xəlq etdiyini açıq-aşkar görmək mümkündür. Daima dəyişən və hər an yenilənən bir dünyada yaşayırıq. Hər şeyin bir yerə, bir sona doğru getdiyini görürük və bu son yer də axirət həyatıdır. O axirət ki, yaradılış qayəsi və bu istiqamətdə işlənən əməllər əsl mənasını orada tapacaq.
Bu fikirdən çıxış edib deyə bilərik ki, Allahın saleh bəndələrin əməllərini mükafatsız qoyması − Onun hikmətinə zidd olduğuna görə − mümkün deyil. Belə olsaydı, xeyir və şər, yaxşılıq və pislik arasında fərq olmaz, günahlarla mübarizə aparan insanın zəhməti hədər gedərdi. Elə isə insanlar işlədikləri saleh əməllərin mükafatını ala bilsinlər deyə ölümlə başlayan həyatdan sonra yeni bir aləmin varlığı qaçılmazdır. Çünki zülm və haqsızlıq görən insan bilir ki, zalım cəzasız qalmayacaq. Böyük bir məhkəmə qurulub hər şey mütləq ədalətlə hesaba çəkiləcək, zalım cəzasını, məzlum isə mükafatını alacaqdır.
İkincisi, mədəni və qeyri-mədəni, bilikli və biliksiz – bir sözlə, bütün insanlarda belə bir hiss var; dünyada əldə edilməyən ədalət başqa bir həyatda, aləmdə reallaşacaq. İnsan fitrətinin ayrılmaz parçası olan bu hissin istinadgahı Uca Allahdır. Elə isə Allah-Təala insanların fitrətinə qoyduğu bu hissin davamı olaraq, başqa bir aləm yaradacaq və orada mütləq ədalətini bərqərar edəcəkdir.
Bundan irəli gələrək “Cəza və mükafat olaraq vicdan əzabı və vicdan rahatlığı insana kifayət edir, axirət düşüncəsinə ehtiyac yoxdur” şəklində ortaya atılan yanaşmanın əsassızlığına toxunmaq istəyirik. Məsələn, bir adam haqsız yerə bir insanı öldürsə və bu hadisədən qısa müddət sonra özü də qəzaya düşüb ölsə, bir insanı haqsız yerə öldürdüyü üçün nə vaxt vicdan əzabı çəkəcək? Və ya bir adam haqq və ədalət naminə döyüşərək ölsə, vicdan rahatlığını nə zaman hiss edəcək?
Demək ki, günahların layiqli cəzası, saleh əməllərin də əsl mükafatı bu dünyada verilmir. Bu səbəbdən də ağılın gəldiyi ən son qənaət axirət həyatının zəruriliyidir. Qurani-Kərim: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”[1], – buyuraraq insanlara məsuliyyət hissini aşılayır. İnsan bu imana və inanca yiyələndikdən sonra ona “Daha istədiyini edə bilərsən!” demək olar. Çünki hadisə və reallıqlar heç bir əməlin cəza və ya mükafatsız qalmayacağını açıq şəkildə göstərir. Bu düşüncə və imana sahib bir insan da dünyada saleh əməllər işləyərək axirətə alnı açıq, üzü ağ getməyə çalışar.
Üçüncüsü, insanlar arasında bir çox ixtilaflar vardır və bunlar öz həllini tapmamışdır. İstər inadkarlıq və nifrət hislərindən, istərsə də yanlış zehniyyətlərdən doğan ixtilafların nə söz məclislərində, nə də hərb meydanlarında çözülməsi mümkündür. Elə isə hər şeylə bağlı son hökm və son qərarın veriləcəyi gün gəlməlidir ki, insanlar bu çəkişmə və ixtilaflarda yatan haqqı və batilin mahiyyətini görə bilsinlər. Bu isə ancaq hər şeyi bilən və görən Allahın hüzurunda mümkündür.
Axirət həyatının zəruriliyini əsaslandıran bu xüsus “Nəhl” surəsində belə bəyan edilir:
“Onlar: “Allah ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər. Xeyr, dirildəcək. Bu, Onun qəti vədidir, lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları o diriliş gerçəyini ortaya çıxarsın və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”[2].
[1] “Zilzal” surəsi, 99/7-8.
[2] “Nəhl” surəsi, 16/38-39.