2. 022 dəfə oxunub ,   0 şərh   Çap et

Qışda ölü kimi olan yer üzünün yazda yenidən dirildilməsi, Quranda öldükdən sonra dirilişin imkan daxilində və müşahidə edilə bilən bir hadisə olduğunu göstərmək məqsədi ilə verilən ən təsirli misaldır. Allahın yer üzündə hakim etdiyi bir qanunla hər şey təkrar təkrar yenilənir. Xüsusilə Quran, bizlərə bu nöqtədə su və onunla boy atıb inkişaf edən bitkilər aləmini misal verərək, bununla diqqətləri bu nöqtəyə çəkir: “Hər şey yox edilib yenidən geri qaytarılırsa, insanın da öldükdən sonra əvvəlki halına döndürülməsi niyə mümkün olmasın?” İçində olduğumuz həyatın işləyişi, ölümdən sonrakı bir həyatın mümkünlüyünə ayrıca bir dəlildir. Belə ki, qış və bahar mövsümlərinin bir-biri ardınca gəlib keçməsi, ölüm və diriliş hadisələrini iluzunu bizə seyr etdirir. Bənzərlərini daimi bir surətdə görüb seyr etdiyimiz bir aləmdə diriliş hadisəsini qəribə qarşılamağımızın bir mənası ola bilərmi? Öldükdən sonra dirilmə və həşr bundan başqa bir şeydirmi? Yoxsa insan öz həşrini Onun qüdrətinin çatmayacağı bir şeymi zənn edir? Hər baharda saysız “bəsu-badəl-mövt”(ölümdən sonra dirildilmə) hadisəsinə səhnə olan yer üzünə bir dəfə ibrət gözü ilə baxa bilən, özünün də öldükdən sonra eynilə bunlar kimi yeni, ikinci bir aləmin baharında həşr olunacağını anlamaqda çətinlik çəkməyəcək. Quranda bu xüsusa işarə edən bir çox ayə vardır. Bir neçəsini zikr edək: “Allahın rəhmətinin əsərlərinə bir bax! Yer üzünü ölümündən sonra necə də dirildir. Bunları edən (O Allah), şübhəsiz ölüləri də dirildər. O hər şeyə qadirdir.”(Rum surəsi, 30/50) “Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!”(Fussilət siurəsi, 41/39) Yaradılışın birliyini göstərməsi baxımından Quranın ölmüş yer üzünü insanın dirilişinə dəlil olaraq gətirməsi, əhəmiyyətli bir xüsusdur. Çünki, o Mütləq Qüdrət, hər mövsümdə dünyanın şəklini hansı qanunla dəyişdirirsə, Qiyamət günündə kainatın şəklini də eyni qanunla dəyişdirər. Baharda ölmüş bütün ağac və bitkiləri ilə yer üzünü, hansı qanunla dirildirsə, öldükdən sonra da insanları eyni qanunla dirildər. Mövzu ilə əlaqəli ayələrin sonunda, “(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) məhz belə çıxardılacaqsınız.” və ya “Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!” deyilərək, biz insanlara “Necə ölü torpaq canlanır, ağaclara təzə bir həyat gəlir və bitkilər yerdən çıxırsa, siz də qəbirlərinizdən eyniylə canlanıb çıxacaqsınız” xəbəri verilir.




Şərh yaz