Mənəviyyata Açılan Pəncərə

Axirətin varlığının dəlilləri

Allahın varlığına imandan sonra ikinci mühüm şərt Axirətə imandır. Əslində Qiyamətin qopacağı xəbərdarlığı dünyanın yaradılışının lap başlanğıcından, ilk insan və ilk peyğəmbər olan Adəmin (ə.s.) Allah tərəfindən yer üzərinə göndərilməsi ilə başlamış və daim insanlara xatırladılmışdır. Son peyğəmbər Həzrət Muhammədədək (s.a.s.) bu qanun izah və təbliğ edilmiş, insanlara yaradılışın qayə, hikmət və dəlilləri kifayət qədər izah edilmişdir.

Qiyamətin qopacağı və kainatın məhv olacağı şübhəsizdir. Bu olacaq, amma nə zaman? Bunu heç kəs bilmir. Buna əhəmiyyət verən də çox deyil, çünki insanda bir əbədiyyət duyğusu var. O, bir gün özünün də öləcəyinə qətiyyən şübhə etməsə də heç vaxt ölməyəcəkmiş kimi yaşayır və son nəfəsinədək ölüm hissini yaxına buraxmaq istəmir. Lakin doğum kimi ölüm də bir qanundur və bu qanuna heç kəs müdaxilə edib onu dəyişə bilmir.

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?

Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil. İnsan Allahın ona verdiyi gözü, qulağı, beyni, qəlbi inada yox, Allaha çevirməli, Onu dərk etməyə istiqamətləndirməlidir. Bir qədər bənzətmə ilə desək, insan antennasını inad studiyası istiqamətindən Allah, ağıl, məntiq, elm istiqamətinə çevirərsə, hər şeyi görə bilər. Biz bu sübutlardan bir neçəsinə müxtəsər də olsa nəzər salaq.

Əbədi həyat var

Əbədi həyatın varlığının birinci sübutu elə Allahın varlığıdır. Əgər biz Allahın varlığını qəbul edir, Onun varlığına inanırıqsa və biliriksə ki, Allah vardır, O, sonradan yaranmayıb, əzəldən vardır, həm də biliriksə ki, Onun sonu da yoxdur, əbədidir, o zaman əbədiyyətin varlığını da anlamış olarıq.

Allah əbədidir, deməli, əbədi olan həyat da mövcuddur. Əbədiyyəti inkar etmək dolayısı ilə Allahı inkar etmək, yaxud Allahı olduğu kimi tanımamaqdır. Axirətin varlığını inkar edənlər, yaxud buna şübhə ilə yanaşanlar öz haqlılıqlarını sübut etmək üçün ən çox bu sualı işlədir və verdikləri sualdan da çox məmnun qalırlar. Onlar deyirlər: “İndiyədək o dünyadan kim gəlib ki, axirətin, Cənnət və Cəhənnəmin də var olduğundan xəbər gətirsin?”

İnkar edənlərə cavabımız çox sadədir: Doğulandan sonra təkrar anasının qarnına girən birini siz göstərin, biz də qəbirdən dünyaya geri qayıdanı göstərək.

Bu ağıl və təfəkkür sahibi insanlar Allahın mahiyyətini anlaya bilmədikləri kimi, yaradılışdakı təkamülü da anlaya bilmirlər. Düşünmürlər ki, əgər ana bətni insanın yaşaması və dünyaya gəlişi üçün gərəkli bir məkandırsa, bir zamana tabedirsə, bu mərhələni keçmədən dünyaya gəlmək mümkün deyilsə, o zaman dünya da son mərhələ deyil. Sonrakı mərhələ üçün bir keçid məntəqəsidir, daha fərqli bir aləm üçün hazırlıq görmək üçün bir dayanacaqdır. Bunda qəribə nə var ki?! Əksinə, dünya həyatı ana bətninin  məntiqi davamıdırsa, o zaman qəbir, həşr, əbədiyyət nə üçün belə bir məntiqi davam olmasın?

Qəbir və həşrin mahiyyətcə fərqli olması ana bətni ilə dünya həyatı arasındakı mahiyyətcə fərqi göstərir. Məsələn: İnsan ana bətnində başıaşağı vəziyyətdə, maye içərisində yaşayır. Qidasını ağzından, havanı burnundan yox, göbəyinə bitişik olan bağırsaqdan gələn qandan alır. Lakin dünyaya gələndən sonra ana bətnindəki vəziyyətinə bir neçə dəqiqəliyə də olsa, düşsə, yaşaya bilməz, boğulub ölər. Dünyaya gələn insan artıq suda bir dəqiqədən artıq yaşaya bilməz, başıaşağı qalsa, bağırsaqları dolaşar, ölər. Burnunu tıxasan ölər. Yemək əvəzinə qan verməyə davam etsən, ölər.

Ey inkar və inad bayrağını əlindən buraxmayanlar! İndi siz cavab verin, necə olur ki, insan doqquz ay yaşadığı aləmə geri qayıda bilmir? Məgər ana bətnini bizə göstərməklə Allah bizə insanın bir-birinə zidd aləmlərdə yaşaya bildiyini göstərmirmi? Tutaq ki, heç kəs öldükdən, torpağa dəfn edildikdən sonra dirilib gəlməyib (halbu ki, bu barədə də istənilən qədər qəribə faktlar var), məgər insanın ana bətnindən dünyaya gəlişi dünyadan da bir başqa aləmə gedə biləcəyini sübut etmirmi? Su içərisində, qaranlıqda, başıaşağı, yaşayaraq yeni bir həyata hazırlaşan insanın bu dünyada tamamilə zidd bir aləmdə yaşadığını Gördükdən sonra onun ölməklə fərqli bir aləmdə həyatını davam etdirəcəyini inkar etmək nə qədər məntiqlidir?

Yer üzü axirətin varlığına sübutdur

Uca Allah bütün göndərdiyi elçiləri, səmavi kitabları və bütün isim və sifətləri ilə “Bəli, axirət vardır və sizi ora aparıram”, – deyir.

Axı biz gözlərimizlə görürük ki, O, bir zəhərli arının əli ilə bizə şəfa olan şirin bal yedirir! Bir əlsiz-ayaqsız barama qurdu vasitəsilə bizə ipək paltar geyindirir! Nəhəng ağacları, onların tonlarla meyvəsini bir kiçicik toxumun içərisində bir anbar kimi qoruyub saxlayır, onları yenidən dirildir. Görə-görə ki, bir ağacın bütün həyat proqramını kiçicik bir toxumda yerləşdirir, sonra onu dirildib qol-qanad açdırır, meyvə verdirir, o zaman Allah yaratdığı varlıqların ən mükəmməli olan insanı niyə heçliyə atsın, məhv etsin?

İndi ki, günəşi gündüzsüz təsəvvür edə bilmirik, yer üzərində 300.000-dən çox bitki və heyvan aləmində daim “ölüb-dirilmə” prosesini müşahidə edirik, torpaq altında qarışıq ikən onların bir-birinə qarışmadan, xətasız, qüsursuz yenidən, mükəmməl, müntəzəm şəkildə canlandırıldıqlarını görürük, o zaman ən mükəmməl olan insanın da yenidən dirildiləcəyinə niyə inanmayaq?!

Gündüz günnəşsiz ola bilmədiyi kimi, gördüyümüz bu hikmətlər də Axirətsiz ola bilməzlər və bu qədər nizam və intizamın, qanun və qaydanın Sahibi ədalətsiz ola bilməz. Bu dünyadan yaxşı əməllərinin mükafatını, pis əməllərinin cəzasını almadan köçən “qonaqlar” bir gün mütləq ədalətlə əlbəttə ki, üz-üzə dayanacaqlar.

Əgər yer üzərinə göndərilmiş 124 min peyğəmbər, onlar vasitəsilə göndərilən əmr və təlimatlar həşr və axirətin varlığını təsdiq etmişlərsə, onların bu təsdiqlərini inkar etməyə hansı əsasımız var?

Kainatdakı nizam-intizam həşrin dəlilidir

İnsan hüceyrələrdən, hüceyrələr molekullardan, molekullar atomlardan, atomlar da proton, neytron ve elektronlardan təşkil olunmuşdur. Balığı da, quşu da, ilan və digər sürünənləri də təşkil edən atomlardır. Amma bunların hər birinin təşkil edildiyi hüceyrələrdə atomlar fərqli quruluşa malik olduqlarından onların təşkil etdikləri canlı və cansızlar da fərqli olurlar.

Bəs ağlı, elmi və təcrübəsi olmayan bu atomlar necə birləşirlər, necə sıralanırlar ki, alma ağacı heç vaxt səhvən armud, kərtənkələ səhvən qartal, inək səhvən dəvə olmur? Demək, onlar külli olan bir ağıla tabedirlər.

Atomlar insan adlı sarayın da kərpicləridir. Bir sarayın təşkil olunduğu materiallar öz-özünə təməl, divar, dirək, qapı-pəncərə ola bilmədikləri kimi, atomlar və atomlardan əmələ gələn molekullar da öz-özlərinə insan adlanan sarayı “tikə” bilməzlər. Kərpiclərdən binanı tikən bir usta, bənna olduğu kimi, atomlardan da insanı və bütün aləmləri “tikən” Allahdır.

Əgər buna inanırıqsa, bir ustanın tikdiyi binanı söküb yenidən tikə biləcəyini inkar etmiriksə, nə üçün Allahın bizi yaratdığını təsdiq edə-edə, Onun bir dəfə yaratdığını yenidən yarada biləcəyinə şübhə edək? Bir şeyi ilk dəfə yaratmaqmı çətindir, yoxsa ikinci, üçüncü dəfə?

Düşünək: əgər bir padşah öz hakimiyyətinin gücünü göstərmək üçün böyük bir dağı uçurub yerində şəhər salmağı bacararsa, böyük bir gölü qurudub yerini məhsuldar tarlaya çevirə bilərsə, o zaman onun bir əmri ilə dağdan aşağı yuvarlanıb yolu kəsmiş bir qaya parçasının oradan götürə biləcəyinə şübhə edərikmi?

Əgər bir sərkərdə az zaman içərisində insanları başına toplayıb böyük bir ordu qura bilərsə, həmin sərkərdənin ordu şeypurçusuna “Çal!” əmri verib şeypuru çaldırmaqla bütün ordunu ayağa qaldıracağına şübhə edərikmi?

Etmərik. O zaman Allahın da bir şeypur çaldırmaqla bütün yaratdıqlarını yenidən bir yerə toplayacağına niyə şübhə edirlər? Halbuki, hara baxsaq, orada həşrin əlamətlərini görürük.

Dünyadakı hadisələr axirətdən xəbər verir

Diqqət yetirin, payızın sonunda, qışın əvvəlində bitki və heyvanat aləminin üç yüz mindən çox növünün çoxu ölür, məhv olur, çürüyüb torpaqda birbirinə qarışır. Baharın gəlişi ilə onların bəziləri beş-altı gün, bəziləri altı həftə ərzində yenidən eyni nizam və intizam, eyni keyfiyyətlə yenidən dirildilirlər. Bütün ağaclar, otlar, həşəratlar, məsələn, ən çox rast gəldiyimiz milçəklər, ağcaqanadlar, baramaqurdu yenidən dirildilir, onlara yenidən həyat verilir.

Başqa bir müqayisə: Bahar fəsli girər-girməz əkinçi tarlasını şumlayar, şumladığı yerlərə toxum əkər, üstünü örtər. Hər biri bir cənazəni xatırladan bu qurumuş, cansız toxumlar havaların yavaş-yavaş isinməsi, torpaqda rütubətin artması ilə canlanırlar. Sanki nəhəng bir qazan qaynamağa başlayır. Qazan qaynadıqca yeməklər bişib süfrələrə gəlir, müxtəlif meyvələr yeyənlərə ləzzət verir: qarpız, qovun, alma, armud və s. və i.a. Bostan adlanan bu qazanda qırx cür yemək bişir, hər biri də öz dadı, öz keyfiyyəti ilə.

Heç mümkündürmü ki, Allah ölmüş, qurumuş ağacı yenidən diriltsin, ona həyat versin, boy atıb böyüməsini, meyvə verməsini təmin etsin, yaxud barama səriyərək öz vəzifəsini yerinə yetirdikdən sonra ipəkqurdunu qozanın içində öldürsün, sonra yenidən diriltsin, ona həyat versin, ona öz vəzifəsini yenidən icra etdirsin, amma yaratdığı varlıqların ən mükəmməli, yer üzərində özünün xəlifəsi olan insanı diriltməsin?!

Əgər bu qədər canlını dirildən, onlara yeni həyat vərən Qüdrət Sahibi gözlərimiz qarşısında bütün bunları edirsə, o zaman nə üçün bu həyatın ən kamil varlığı olan insanı diriltməsin?! Canlı aləmin üç yüz mindən çox növünü ditiltməyə gücü və qüdrəti çatanın insanı diriltməyə qüdrəti çatmadığını düşünmək, buna şübhə etmək heç məntiqidirmi?!

Ölümsüzlük, əbədiyyət və ruh

İnsanlar doğulur və ölürlər. Nəbatat və heyvanat aləmi də dünyaya gəlir və bir müddətdən sonra məhv olur. Qalaktikamız da bir vaxt yaradılıb və bir vaxt o da məhv olacaq. Kainat özü də nə qədər uzunömürlü olur-olsun, bir gün onun da sonu çatacaq.

Bəs əbədiyyət? Axı insan heç olmaq, puç olmaq, məhv olub yoxluğa qarışmaq üçün deyil, əbədiyyətə qovuşmaq, bunun üçün də əbədiyyətə gedən bir varlıq olaraq yaradılmışdır! Bəs onda ölüm, məhv, qiyamət nə üçündür? Bunlar əbədiyyətlə zidd deyilmi?

Ruh maddi var yox, mənəvi varlıqdır. Yəni o, maddə kimi atomlardan, molekullardan təşkil olunmamışdır. Ruh maddi olmadığı üçün onun məskəni də maddi aləm ola bilməz. Buna aid həyatımızda çoxlu sübutlar vardır.

Xəyal, yuxu, röya buna misal ola bilər. Biz yatarkən nə görür, nə eşidir, nə də gəzə, qaça, danışa, gülə bilmirik. Əgər yuxuda olan adamın gözləri qarşısında ən gözəl mənzərə rəsmi assaq da, onun ətrafında ən gözəl sözlər söyləsək də, o bunları nə görəcək, nə eşidəcəkdir. Halbuki, hər gecə sakitcə yataqda uzanıb bədənimizdəki ruhun lətifələri ilə biz görüşür, danışır, qaçır, yeyir, içir, ağlayır, gülür, qorxur, sevinirik. Çox qısa zaman içərisində uzaq-uzaq məsafələr qət edə bilirik, heç görmədiyimiz adamlarla görüşə bilirik, heç bilmədiyimiz bir xarici dildə sərbəst danışa bilirik.

Ruh haqqında bizə çox az şey məlumdur, hətta o qədər az ki, buna məlumatsızlıq da deyə bilərik. Halbuki, var olan bir şeyin mahiyyəti haqqında geniş məlumatımızın olmaması onun yox olması demək deyil. Məsələn, biz hər gün çörək yeyir, su içir, havanı tənəffüs edirik. Məgər hamı çörəyin, suyun, havanın nələrdən ibarət olduğunu, onun varlığının mahiyyətini bilir?

Əlbəttə, yox. Amma heç kəs havanın yoxluğunu iddia etmir. Çünki havasız yaşamağın mümkün olmadığını bilir. Elədirsə, ruhsuz yaşamağın mümkün olduğunu kim iddia edə bilər?

Gözlərimiz qarşısında canlı olan hər hansı bir varlıqdan ruh çıxınca cansız və heç kəsə gərəksiz bir şeyə çevrilir. Bu nəbatat aləmində də belədir, heyvanat aləmində də, insan cəmiyyətində də. Deməli, maddədə həyatın var olmasında iştirak edən ən əsas varlıq bədən deyil, ruhdur. Ruhun yeri isə əbədi aləmdir.

Ölüm yoxluqdurmu?

İnsan əbədiyyətə vurğundur, o, əbədi var olmaq istəyir. İstək insanın öz əlində deyildir və o, bu istəyi özü qazanmamaış, özü almamışdır. İndi ki, istək onda var və bu hiss, bu duyğu ona verilib, deməli, onun qarşılığı da var. Məsələyə bu məntiqlə baxanda görürük: indi ki, insan əbədiyyət aşiqidir, yox olmaq, heç olmaq istəmir, əbədi var olmaq istəyir, demək onun istəyinin də qarşılığı vardır. Bunun isbatı asandır, lakin gəlin əvvəlcə ölümün və yoxluğun mahiyyətini araşdıraq.

İnsan əbədiyyət səyyahıdır

İnsanın maddi və mənəvi baxımdan ən kamil şəkildə yaradılışı onun bu dünyada 50-60 il, hətta 100-150 il ömür sürməsi, sonra da ölüb heçliyə qovuşması məntiqi ilə düz gəlmir. Heç bir sənətkar ömrü az olacaq bir şeyi çox mükəmməl düzəltməz. Məsələn, məişətdə işlətdiyimiz cihaz və avadanlıqlara baxaq. Hansı usta, sənətkar cəmi bir saat, bir gün, hətta bir il işlənəcək, sonra da xarab olacaq bir televizor, soyuducu, kondisioner, kompüter, hətta tozsoran, ütü düzəldər? O zaman bütün varlıqlar içərisində ən kamili, ən gözəli və ən qiymətlisi olan insanı yaradan Allah onu 50-60 illik bir müvəqqəti ömür üçün yaradarmı?!

Amma nədənsə bu sualın qarşısında bir də bu sualı vermirik: İndi ki, dünyada heç bir şey məqsədsiz yaradılmayıb, madam ki, hər şeydə bir hikmət var, madam ki, hər bir hadisə, hər bir şey nə isə başqa bir şeyə, hadisəyə səbəb olmaq vəzifəsini yerinə yetirir, o zaman bizim iradəmiz xaricində olan  hətta nə zaman, hansı şəraitdə, necə gələcəyi də bəlli olmayan ölüm adlandırdığımız hadisə də bir məqsəd olmalı deyilmi?!

Ölüm heçlikdirmi?

Hər hansı bir canlının ölməsi onun yoxluğa getməsi demək deyi. Çünki yoxluq özü yoxdur, əvəzində ölüm adlı bir “varlıq” vardır. Bizə görə ölüm bu dünyadan köçməkdir. Daha doğrusu, ölüm və doğum eyni bir hadisənin müxtəlif adlarıdır. Bunu belə bir misalla anlaya bilərik.

Bakıdan Nyu-Yorka gedən bir səyyah təsəvvür edək. Onu yola salanlar üçün o, Bakını tərk edir, bir müddət sevdiklərindən və əzizlərindən ayrı qalacaq, onları görə bilməyəcək. Buna görə də onu yola salanlar darıxır, ağlayır və gedişindən kədərlənirlər. Onlar üçün səyyahın səfər edir. Bir də onu Nyu-Yorkda qarşılayan qohum və tanışlarını təsəvvür edək. Onlar çoxdan həsrətini çəkdikləri adama qovuşduqlarına görə sevinirlər. Onu qarşılamaq üçün gül-çiçək tədarük etmiş, evi təmizləmiş, çay-çörək hazırlamışlar. Eyni hadisə səyyahı qarşılayanlar üçün gəlişdir.

Başqa bir misal. Ana bətnində iki əkiz təsəvvür edək. Vaxt çatır və onlardan biri ana bətnindən dünya həyatına qədəm basır. Ana bətnindəki ikinci uşaq üçün qardaşının (bacısının) bu gedişi ölümdür. Çünki, hələlik ana bətnində həyatını davam etdirən ikinci uşaq üçün dünya haqqında heç bir anlayış, təsəvvür yoxdur. Uşağın qədəm basdığı dünyanın sakinləri üçün isə bu hadisə doğuşdur.

Tanıdığımız, bildiyimiz bir insanın bu dünyadan köçməsi onun hara getdiyini bilməyənlər, həmin yer haqqında heç bir təsəvvürü olmayanlar üçün ölüm, bilənlər üçün isə bir doğuşdur. Deməli, yoxluq məfhumu nisbidir. Bizim üçün vardır. Əbədi olan üçün isə belə bir anlayışın özü yoxdur.

Dünya həyatının mənası

Allah bizə bildirir ki, O, insanı əbədi həyat üçün yaratmışdır. İnsan ən ibtidai yaradılışdan başlayaraq mərhələ-mərhələ inkişaf yolu keçərək əbədiyyətə gedir. O, maddi olmayan ruhlar aləmindən (mənəvi aləmdən) ana bətninə, oradan dünya həyatına, sonra qəbir həyatına keçir, daha sonra dirildilir və dünya həyatındakı əməllərinə görə haqq-hesab verir, bundan sonra ya günahlarına görə əbədi əzaba, ya da müsbət əməlləri nəzərə alınmaqla Allahın mərhəməti sayəsində əbədi səadətə – Cənnətə gedir. Bura insanın əbədi məskənidir.

Dünya bir məktəbdir. İnsanın dünya həyatı onun həqiqətləri öyrənməsi üçün bir mərhələdir. Buna görə də insan dünyadan məktəb kimi istifadə etməli, təkcə əşya və hadisələri deyil, onların hər iki tərəfini – maddi və mənəvi tərəfini də eyni dərinlikdə və eyni əzmlə öyrənməlidir.

Dünya bir bazardır. Burada insan Allahın ona verdiklərinin qədir-qiymətini biləməyə, onları nəyə sərf edəcəyini öyrənməyə çalışmalıdır.

Dünya bir tarladır. İnsan unutmamalıdır ki, burada nə əkərsə, axirətdə də onu biçəcək. Yaxşılıq etsə, yaxşı əməllərlə ömür sürsə, savab qazanacaq, axirətdə bəxtiyar olacaq, pis əməllərlə yaşasa, axirətdə günahkarlardan olacaq, cəzaya məruz qalacaqdır.

 

Exit mobile version