Mənəviyyata Açılan Pəncərə

Bayram namazı necə qılınır?

Bayram sevinc və şadlıq günüdür. Allah hər il bayramlarda insanlara müxtəlif lütflər edir. Qohum-əqrəba ziyarəti, uşaqları sevindirmək, Ramazan bayramında bir aylıq qadağadan sonra qidalanma sərbəstliyi, fitr sədəqəsi, Qurban bayramında həcc ziyarəti, qurban əti bunlardan sayıla bilər.

Bayram namazı nə vaxtdan qılınmağa başlamışdır?
Bayram namazı hicrətin 1-ci ilində əmr edilmişdir. Ənəs (r.a) belə nəql edir: Rəsulullah (s.ə.s.) Mədinəyə gəldikdə mədinəlilərin bayram etdiyi iki gün var idi. Rəsulullah (s.ə.s.) bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: “Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik” – dedilər. Bunu eşidən Allahın Elçisi belə buyurdu: “Allah o iki günün əvəzinə sizə bundan daha xeyirlisini vermişdir. Biri Qurban bayramı, digəri isə Ramazan bayramıdır.”[1]

Bayram namazının hökmü 
Bayram namazlarının əmr olunması Kitab, Sünnə və İcma ilə sabitdir. Qurani-Kərimdə: “Rəbbin üçün namaz qıl və qurban kəs”[2] buyurulur. Bu ayədəki namazdan məqsəd qurban bayramı namazı və qurbandır.
Rəsulullahın (s.ə.s) iki bayram namazını da qıldırmışdır. Rəsulullahın (s.ə.s.) ilk qıldırdığı bayram namazı Ramazan bayramı namazı olmuşdur.
Əbu Səid əl-Xudri nəql edir: “Rəsulullah (s.ə.s) Ramazan və Qurban bayramı günlərində Musallaya çıxardı. Əvvəlcə namaz qıldırardı. Namazdan sonra insanlara tərəf dönərək öyüd-nəsihət edər və “sədəqə verin!” − deyərdi. Ən çox qadınlar sədəqə verərdi.”[3]

Rəsulullah (s.ə.s.) bayram namazlarını azansız və iqaməsiz qıldırardı.

Hənəfilərə görə, bayram namazlarının keçərli olması üçün lazım olan şərtlər xütbə xaric cümə namazının şərtləri ilə eynidir. Sadəcə xütbə cümə namazında keçərlilik şərti olduğu halda bayram namazında sünnədir. Həmçinin xütbə cümə namazında namazdan əvvəl, bayramda isə namazdan sonra oxunur. Bundan əlavə cümə namazının hökmü fərzi-ayn olduğu halda, bayram namazının hökmü vacibdir. Hənbəli məzhəbinə görə, bayram namazı fərzi-kifayə, şafei və malikilərə görə isə müəkkəd sünnədir.[5]
Şafeilərə görə, bayram namazının camaatla qılmaq daha fəzilətlidir. Lakin təkbaşına xütbəsiz olaraq da qılmaq olar. İstəyən yolçu və qadınlar bu namazı təkbaşına qıla bilərlər.
Bayram namazının vaxtı günəş üfüqdən bir və ya iki mizraq yüksələndə başlayır. Yəni bu vaxt günəş doğandan təqribən 50-55 dəqiqə sonra başlayır və günorta namazından əvvələ qədər davam edir.

Bayram namazı necə qılınır?
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

İmam: “iki rükət Ramazan və ya Qurban bayramı namazına”, camaat: “Bayram namazına, uydum hazır olan imama” deyə niyyət edir. “Allahu əkbər” deyərək iftitah təkbiri alınır və əllər bağlanır. İmam və camaat birlikdə səssiz “Sübhanəkə” duasını oxuyur, sonra imam bərkdən, camaat astadan “Allahu Əkbər” deyərək üç dəfə təkbir gətirir. Hər təkbirdə əllər yuxarı qaldırılır sonra yanlara salınaraq hər təkbir arasında “Sübhənallah” deyiləcək qədər dayanılır. Üçüncü təkbirin arxasından yenə əllər bağlanılır və imam səssiz “Əuzu Bismillah” deyir. Ardınca səsli Fatihə və bir miqdar Quran oxuyur. Digər fərz namazlarındakı kimi səsli “Allahu Əkbər” deyərək rüku və səcdələr edilir, camaat da səssiz təkbir alaraq imama tabe olur. Sonra ikinci rükətə qalxılır. İmam səssiz “Bismillah” dedikdən sonra Fatihə və Qurandan bir miqdar oxuyur. Rükuya getmədən əvvəl təkrar üç dəfə əllər qaldırılaraq ilk rükətdə olduğu kimi təkbir alınır, bundan sonra yenə imam səsli, camaat da yavaşdan “Allahu Əkbər” deyə təkbir gətirib rüku və səcdələr edir. Sonra oturaraq Təhiyyat, Salli-barik və Rabbənə duaları gizlicə oxunur. İmam və camaatın iki tərəfə salam verməsi ilə namaz sona çatır. Belə olduqda, bayram namazlarının hər rükətində üç əlavə təkbir alınır ki, bu təkbirləri söyləmək vacibdir. Hənəfilər xaricindəki digər məzhəblərə görə bu təkbirlər hər rükətdə qiraətdən əvvəl gətirilir. İmam Malik və İmam Əhməd ibn Hənbəl görə, birinci rükətdə altı, ikincidə beş təkbir, İmam Şafeiyə görə isə birincidə yeddi, ikincidə isə beş təkbir gətirilir.[6]
İmam bayram namazından sonra minbərə çıxaraq oturmadan cümə namazındakı kimi iki xütbə oxuyur. Bayram xütbəsində, cümə xütbəsindəki Allah-Təalanı həmdu-sənanın əvəzinə bayram xütbələrinə məxsus “Allahu əkbər, Allahu əkbər, La ilahə illallahu vallahu əkbər. Allahu əkbər və lilləhil-həmd” təkbiri ilə başlanılır. Camaat da bu təkbirləri imamla birgə oxuyur. İmam Ramazan bayramı xütbəsində camaata fitrə sədəqəsi, Qurban bayramı xütbəsində isə qurban ilə Təşriq təkbirləri haqda məlumat verir. Cümə xütbələrində sünnə olan şeylər bayram xütbələrində də sünnədir. Məkruh olanlar bunlarda da məkruhdur. Bayram xütbələrinin namazdan əvvəl oxunması məkruhdur.
İmam birinci rükətdə bayram təkbirlərini unudaraq Fatihəni qismən və ya tamamilə oxuduqdan sonra xatırlayarsa, dərhal təkbir gətirərək Fatihəni yenidən oxumalıdır. Lakin Fatihə və əlavə bir surə oxuduqdan sonra xatırlayarsa, yalnız təkbir gətirməsi kifayətdir. Fatihə və əlavə surəni yenidən oxumağa ehtiyac yoxdu.

Namaza gec çatan şəxs nə etməlidir?
Bayram namazlarının birinci rükətinin rükusunda çatan şəxs bu rükuya yetişmək ümidi varsa, gizlicə ayaq üstə ikən iftitah təkbiri ilə üç dəfə əlavə təkbirləri alaraq rükuya getməlidir. Rükuya çatmayacağını düşünsə iftitah təkbirindən dərhal sonra rüku etməlidir. Bayram təkbirləri vacib olduğu üçün rükuda olarkən əllərini qaldırmadan səssiz oxumalıdır. İmam qalxdıqda təkbirləri bitirməsə, də qalxmalıdı. Belə vəziyyətdə geridə qalan təkbirlər onun üzərindən düşür. İmam ilə alacağı təkbirlərdə imama uyar, öz məzhəbinə uymasa belə əskik və ya artıq təkbir almaz. Ancaq imamın aldığı təkbir əshabi-kiramdan nəql edilən miqdarı aşarsa, bu təqdirdə imama uyması lazım deyil.
Bayram namazlarının ikinci rükətinə çatan şəxs birinci rükəti qəzaya qaldıqda Bismillah, Fatihə və əlavə surədən sonra gizlicə bayram təkbirlərini alar. Bu şəxs çatmadığı rükətdə öz-özünə alacağı təkbirlərin sayında öz məzhəbinə uyar. Çünki bu şəxs qəza etdiyi yeri özbaşına qılmalıdır.
Bayram namazı ilə cənazə namazı üstüstə düşərsə öncə bayram namazı qılınar, xütbədən öncə də cənazə namazı qılmaq olar.

Bayram namazına çata bilməyən şəxs
Bayram namazına çata bilməyən şəxs özbaşına bayram namazı qıla bilməz. Əgər istəsə dörd rükət nafilə namaz qılar. Bu da Düha namazının yerinə keçər.
Qurban bayramı namazını gecikdirmədən, Ramazan bayramı namazını isə bir az gecikdirərək qılmaq müstəhəbdir.
Bayram namazları bir şəhərdə, namazgahda qılına bildiyi kimi bir neçə məsciddə də qılına bilər.

Bayram günü ediləcək fəzilətli əməllər
Bayram günlərində tezdən durmaq, qüsl alaraq misvaklanmaq, ətir sürtərək gözəl paltarlar geyinmək, Allahın nemətlərinə şükür edərək sevinmək, qarşılaşdığı mömin qardaşına qarşı gülərüzlü olmaq, daha çox sədəqə vermək müstəhəbdir.

Bayram namazından öncə yemək yeyilə bilər?
Ramazan bayramında bayram namazından qabaq xurma kimi şirin bir şey yemək, Qurban bayramında isə bayram namazından qabaq bir şey yeməmək müstəhəbdir.
Büreydə (r.a) nəql edir:

“Rəsulullah (s.ə.s.) Ramazan bayramında yemək yemədən evdən çıxmazdı. Qurban bayramında isə namaz qılana qədər heç nə yeməzdi.”[7]

Kəsilən qurbanın ətindən yemək üçün bu cür edilmişdir.  Ancaq qurban gec kəsiləcəksə yemək olar. İstəyən bayram namazından əvvəl yeməsi də caizdir.


[1] Əbu Davud, Salət, 239: Əhməd İbni Hanbəl, Müsnəd, III, 103, 235, 250.
[2] Kövsər , 108/2.
[3] Müslüm, Səlatul-İdeyn, 9: Sənani, Sübulus-Salam, II, 68.
[4] Müslüm, Səlatul-İdeyn, 5,6: Əbu Davud, Ədahi, 7, Ədəb, 112, 155: Nəsai, Dahayə, 4: İbn Macə, Ədahi, 12, cihad, 13.
[5] Zeylai, Təbyinul-Həqaiq, I, 233, Züheyli, İslam fıkhı ansiklopedisi, II, 363.
[6] Zeyləi, Nəsbur-rayə, II, 214: Meydani, Lübab, I, 117.
[7] Əhməd İbn Hənbəl, Müsnəd, III, 232: Zeyləi, Nəsb, I, 208.
Exit mobile version