Bəddua edən şəxs buna görə məsuliyyət daşıyır?
Cavab: Bəddua bir şəxsin əleyhinə Allah-Təaladan nəsə istəməkdir. “Bəddua etmək dinə görə düzgündürmü və bəddua edən adam məsuliyyət daşıyırmı?” sualı insanları çox maraqlandırır. Dinin zülm və haqsızlıq hesab etdiyi məsələlərdə əsaslı səbəblərə söykənmək şərtilə bəddua etməyin caiz olduğunu göstərən ayə və hədislər vardır.
İslam alimlərinin çoxu: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidən və biləndir!”[1] ayəsi ilə haqsızlığa və zülmə məruz qalanların bəddua etməsinə icazə verildiyini bildirmişlər.
Bəddua nə cür edilir?
Bədduanın ən geniş yayılmış forması bir insanın başqa bir şəxsin əleyhinə: “Allahım, Sən onun başına filan-filan işi gətir”, – deyə etdiyi bədduadır. Nəticə etibarilə, bir adam başqası üçün Allahdan xeyirli deyil, zərərli bir şey istəyir. Quran və hədislərdən göründüyü kimi bir insan kimisə Allaha həvalə etməklə məsul olmur. Ancaq namünasib sözlərlə Allaha həvalə edilən şəxslər bədduaya layiq deyillərsə, bunun məsuliyyəti ağır ola bilər.
Peyğəmbərimiz Məkkədə ona və müsəlmanlara əziyyət edənlər haqqında: “Allahım, onları Sənə həvalə edirəm”, – deyə dua etmişdir. Allah-Təala əziz Rəsulunun bu qədər yumşaq dua etməsini belə istəməmişdir. Belə ki, Peyğəmbərimiz (s.a.s.) səhər-axşam – bəzi rəvayətlərə görə, gündə beş vaxt – namazda əllərini qaldırır, qunut oxuyur və İslama pislik edənləri Allaha həvalə edirdi. Buna görə də: “Allahım, onu, gördüyü və planlaşdırdığı pislikləri Sənə həvalə edirəm”, – deyə dua etməkdə bir qəbahət yoxdur. Bu sözlərlə: “Allahım, onun haqqında olacaqları ancaq Sən bilirsən!” – mənası nəzərdə tutulur.
Bəzən düzəlməsi qeyri-mümkün görünən və dinə düşmənçiliyi özlərinə peşə edən insanlar haqqında: “Ey Uca Allahım! Sən bunların öhdəsindən gəl, onların nizamını poz və qüvvəsini parçala ki, bizə hücum etməyə gücləri qalmasın” – şəklində dua etməyi caiz görənlər var. Əslində, ədalət prizmasından baxanda belə insanların bu qədər zülmü və haqsızlığı müqabilində bu cür ifadələrin işlədilməsi elə də bəddua sayılmır.
Bütün müsəlmanlar hər məsələdə olduğu kimi, kimisə Allaha həvalə etməkdə də həddi aşmamalıdır. Çünki ideal bir möminin lənət və bədduaya “Amin” deməsi əsla doğru deyildir.
Həzrət Nuh Peyğəmbər bəddua edibmi?
Qurani-Kərimdə keçən Həzrət Nuhun (ə.s.) iman gətirməyən qövmü barəsində: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!”[2] deyə etdiyi dua bəddua deyil. Hərçənd “şəfaət hədisi” adı ilə tanınan hədisdə də bəyan edildiyi kimi, Həzrət Nuh (ə.) yanına şəfaət istəməyə gələnlərə bu duası üzündən axirətdə ziyana düçar olacağından qorxduğunu dilə gətirmişdir. Ancaq bir peyğəmbərin, özü də Həzrət Nuh kimi böyük nəbinin Allah-Təaladan heç bir işarə olmadan qövmü üçün belə bir dua etməsini düşünmək doğru olmaz. Buna görə də “Həzrət Nuh qövmünə bəddua etmişdir” demək iftira olar.
Bəddua qəbul olunur?
Bədduada əsas məsələ barəsində bəddua edilən kəsin ona layiq olmasıdır. Fasiləsiz düşən su damcıları düşdüyü yeri dağıtdığı kimi, mütəmadi edilən bəddualar da öz təsirini göstərir. Ancaq adi dünyəvi mənfəətlər üçün insanların bir-birinə bəddua etməsi qətiyyən doğru deyil. Bu səbəbdən də bir başqasının yaxşılığı üçün edilən dualar bədduaya nisbətən daha tez qəbul olunur. Haqqında bəddua edilən şəxs ona layiq deyilsə, bəddua qayıdıb yiyəsini tutur. Peyğəmbərimiz də belə bir bədduadan ömür boyu uzaq olmuşdur.
Allah Rəsulu (s.a.s.) belə buyurur: “Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər”.[3]Peyğəmbərimiz (s.a.s.) Muaz ibn Cəbəli Yəmənə göndərərkən: “Məzlumun bədduasından qaçın! Çünki onunla Allah arasında pərdə yoxdur”,[4]– deyə buyuraraq zülm və haqsızlıq məsələsində xəbərdarlıq etmişdir.
[1] “Nisa” surəsi, 4/148
[2] “Nuh” surəsi, 68/26
[3] Əbu Davud, 4, 327
[4] Tirmizi, “Səhih”, 7, 302
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.