Mənəviyyata Açılan Pəncərə

Bədirdən sonraki hadisələr

Bədirdə qələbə qazanılmışdı, amma bu, işin Bədirlə sona çatması demək deyildi. Çünki dönüb geriyə qaçan məkkəlilərin kini əvvəlkindən az deyildi. Ogünkü əhalinin sayına görə yetmiş ölü və yetmiş əsir, demək olar, hər evin matəmə büründüyünü göstərirdi. Hətta Bədrə könülsüz gələnlər də indi İslama və müsəlmanlara kin bəsləyir və ən qısa zamanda intiqam alacaqlarını söyləyirdilər. Zəfəri görüb acısı susanacan rahat döşəyi özlərinə haram edənlər, intiqam alana qədər ağı deyib mərsiyə söyləyəcəyini elan edənlər və o günü görmədən heç bir şeyə əl vurmayacağına and içənlər vardı məkkəlilər arasında.

Xülasə, hələ Bədirdən qayıdarkən yenidən geriyə – Bədrə dönməyin hesablarını aparmağa başlamış və bu işin bu yerdə qalmayacağına and içmişdilər.

Mədinədə isə müsəlmanların Bədir zəfərindən narahat olanlar var idi. Onlar Qureyş ordusunun qalib gəlməsini arzulayan müşriklər və özlərindən başqa hər hansı bir qüvvənin irəli çıxmasını istəməyən həsədkar yəhudilər idi. Eyni zamanda ətraf qəbilələr də vəziyyətdən narahat olmağa, Mədinədə qurulacaq güclü bir dövlətin sabah onları da təhdid edəcəyini düşünməyə başlamışdılar.

Müsəlman cəbhəsində vəziyyət başqa idi. Onlar Allahın bəxş etdiyi bu zəfərlə 15 illik sıxıntılarına az da olsa, son qoyulduğunu görmüş və gələcək naminə daha sıx birləşmişdilər. Ona görə də bütün strategiya mövcud vəziyyət nəzərə alınmaqla yürüdülməli idi və Rəsulallah (s.ə.s.) da elə edir. İlk kəşfiyyat Bəni-Qatafan və Bəni-Süleym qəbilələrinin Mədinəyə hücum etmək üçün toplanmağa başladığı istiqamətdə idi və Peyğəmbərimiz də Siba ibn Urfutanı Mədinədə vəkil təyin edib[1] iki yüz süvari ilə Nəcid yolunda yerləşən Küdr quyularına doğru yönəlir. Onun iki yüz süvari ilə gəldiyini eşidən və hələ tam toplaşmağa macal tapmayan Süleymoğulları qaçmağa başlayır və atıb getdikləri beş yüz dəvə qənimət olaraq ələ keçirilir.[2]

Burada üç gün qalan və hakimiyyətini elan edən Allah Rəsulu (s.ə.s.) yenidən Mədinəyə qayıdır.

Sevik qəzvəsi

Bu arada Məkkədən təzə xəbərlər gəlməyə başlamışdı. Əbu Sufyan əhd etmişdi; Allah Rəsulu  (s.ə.s.) və əshabından Bədrin intiqamını almayınca başına yağ çəkməyəcək, xanımlarına yaxınlaşmayacaq, dolayısilə yuyunmayacaqdı. Çox keçmədən də iki yüz nəfərlik bir dəstə ilə  Nəcdiyyə istiqamətinə doğru irəliləməyə başlayır. Onlar bu strategiyaya ilk dəfə əl atırdılar ki, onu da Bədirdə Allah Rəsulundan öyrənmişdilər. Ancaq Allh Rəsulu (s.ə.s.) taktikanı daima dəyişdirən bir Rəhbər idi, hər dəfə yeni strategiya ilə məkkəliləri heyrətə və qorxuya salırdı!

Elə bu zaman Əbu Sufyan Mədinənin bir və ya iki günlük məsafəsinə qədər gəlir. Gecə gizlicə Mədinəyə girib Bən-Nadirin rəisi Huyay ibn Ahtabın qapısını döyür. Onun qorxudan qapını açmadığını görüb bir başqa böyüyün – Səlləm ibn Mişkəmin qapısına gedir.

Əbu Sufyanı izzəti-ikramla qarşılayan Səlləm ona lazımi məlumatları çatdırır. Bir müddət oturduqdan sonra oranı tərk edən Əbu Sufyan yoldaşlarının yanına qayıdan kimi hərəkətə keçir  və qarşılarına çıxan  iki  ənsarı öldürüb bir xurma bağına da od vurur.

Məkkənin kin və nifrətinin harada və necə büruzə verəcəyini əvvəldən bilmək mümkün deyildi. Buna görə də, təhlükəsizlik tədbirlərini daha da artırmaq lazım idi. Çünki onlar ər meydanında igid kimi vuruşmaqdan çəkinən hər zəifin etdiyini edirdilər və gizlicə yaxınlaşıb günahsız insanların qanını tökməklə özlərinə görə intiqam alırdılar!

Bunun qarşılığında səksəni süvari olmaqla iki yüz nəfərlik heyətlə yola çıxan Allah Rəsulu  (sallallahu əleyhi və səlləm) Əbu Sufyanın arxasınca düşür.[3]

Rəsulullahın (s.ə.s.) Mədinədən çıxıb gəldiyini eşidən Əbu Sufyan isə vaxt itirmədən buradan uzaqlaşma əmri verir və sürətlə Məkkə istiqamətinə doğru yol alır. Bu sürətlə gedərlərsə, Rəsulullahın onlara yaxınlaşacağından qorxan Əbu Sufyan yoldaşlarına dəvələrin üstündəki bütün yükləri yerə atmağı əmr edir. Əvvəlcə yoldaşları buna bir məna verə bilmirlər. Ancaq arxadan sürətlə onlara yaxınlaşan İslam əsgərlərini görüncə hamısı yüklərini boşaldıb Məkkə istiqamətinə doğru qaçmağa başlayır.[4]

Beş günlük təqibdən sonra Mədinəyə qayıdırlar. Etdikləri işin savabını düşünən əshab Allah Rəsulundan soruşur:

– Ya Rəsulallah! Bu bizim üçün bir qəzvədirmi?

Onları tərəddüdə salan düşməni təqib etsələr də, heç bir problemlə qarşılaşmadan geri qayıtmaları idi. Allah Rəsulu məsələyə aydınlıq gətirir, "Bəli,"  − buyurur.

Qatafan  qəzvəsi və bir  sui-qəsd cəhdi

Başqa bir xəbər də Bəni-Sələbə və Müharib yurdundan gəlir: onlar Allah Rəsulunu mühasirəyə alaraq məğlub etməyi planlaşdırırdılar. Buna görə Peyğəmbərimiz (s.ə.s.) Hz.Osmanı Mədinəyə  vəkil qoyub rəbiüləvvəl ayının on ikisində dörd yüz əlli adamla yola çıxır. Onun əshabı ilə gəlişini eşidən Bəni-Sələbə və Müharib orduları qaçıb dağlara sığınır. Həmin yerə gələndə ancaq bir adamla qarşılaşırlar. Oturub bu adamla bir qədər söhbət etdikdən sonra o da müsəlman olur və müsəlmanlar gələnəcən orada baş verənləri bir-bir danışır.

Bu arada şiddətli bir yağış yağır və islanırlar. Yağış kəsəndə paltarlarını qurutmaq üçün bir kənara çəkildikləri vaxt Dusur ibn Haris[5] adlı bir adam arxa tərəfdən Rəsulullaha yaxınlaşır və qılıncını qaldırıb soruşur:

Bu gün səni mənim əlimdən kim qurtaracaq?

Sən demə, adam əvvəldən plan qurmuş və Rəsulullaha yaxınlaşıb Onu öldürmək istəmişdi. Buraya gəlməmişdən əvvəl də qohumları arasında əhd etmiş və Məhəmmədül-Əmini öldürmədən  geri qayıtmayacağını söyləmişdi.

Adamın bu halını görən Allah Rəsulu (s.ə.s.) gözləri ilə onu əsir almağa çalışaraq:

– Allah! – deyir.

 Təvəkkülü tam idi və Allahın da Onu qoruyacağına dair təminatı var idi. Belə ki, adam qılıncını qaldırdığı an Cəbrail  qarşısında peyda olur və köksünə endirdiyi zərbə ilə yerə sərir.

Özünü itirən adam sağına-soluna baxır və bu zərbənin haradan gəldiyini müəyyən etməyə çalışır. Bu vaxt Allah  Rəsulu (s.ə.s.) da onun yerə düşən qılıncını götürür və üstünə yeriyir:

– Bəs səni Mənim əlimdən kim qurtaracaq?

Çarəsiz idi. Köməyə kimi çağırsın!?. Sadəcə öz qolunu gücünə güvənirdi, amma o da bu vəziyyətdə bir işə yaramazdı. Təslim olmaqdan başqa yol görünmür və:

– Heç kim, – cavabını verir.

Qılıncını qaldırıb vəziyyətə hakim olduğu halda, onu yerə sərib başqasına məhkum edən bir qüvvə görmürdü ətrafında. Olsa da, bu güc ilahi-inayətə arxalanan bir Nəbiyə aid idi. O:

– Bundan sonra mən nə Sənə qılınc qaldıraram, nə də Sənə qılınc qaldıran insanların arasında olaram. Və mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə mən şəhadət edirəm ki, Məhəmməd də Onun Rəsuludur.

 Birisi Onu öldürmək niyyəti ilə gəlmişdi, amma indi özü həyat tapıb geri qayıdırdı, həm də başqa "ölü"lərə də həyat vermək niyyəti ilə! Çünki Dusur ibn Haris də qövmünün yanına qayıdır və dərhal onlara Allah və Rəsulullahı təbliğ edir:

– İndi mən ən xeyirli insanın hüzurundan gəlirəm.

"Minnət" mənasında gələn ilahi bəyanda bu vəziyyətə də işarə ediləcəkdi: "Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir dəfə bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər  yalnız Allaha təvəkkül etsinlər!"[6]

Allah Rəsulu (s.ə.s.) on bir gün burada qaldıqdan sonra hər hansı bir problemlə qarşılaşmadan yenidən Mədinəyə qayıdır. Bu və buna bənzər qəzvələrlə Mədinədəki quruluşun gücü ortaya çıxır və İslamın Hicazdakı hakimiyyəti qüvvətləndirilirdi.

Bədirdən qısa müddət sonra baş verən digər hadisələr

İlk dəfə ramazan orucu tutulurdu və bir neçə gün sonra bayram idi! Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshab arasında oturub onlara fitr sədəqəsi ilə bağlı hökmləri izah edirdi. Bundan sonra böyük-kiçik, azad-kölə, kişi-qadın, imkanı çatan hər bir müsəlman üçün Ramazan bayramından əvvəl fitr sədəqəsi vermək vacib olacaqdı.

Bu ərəfədə zəkatla əlaqədar tamamlayıcı hökmlər də gəlir. Rəsulullah (s.ə.s.) onları da əshabına bildirir və lazımi işlərin yerinə yetirilməsini istəyir.

Bunun ardınca da bayram müjdəsini bölüşür onlarla. Sevinc və əmin-amanlıq günləri idi və yenə də ilk dəfə Allah Rəsulunun arxasında cərgəyə durur və bayram namazını qılırlar.

Bu günlərdə qardaşı oğlu gənc Hz. Əli ilə Rəsulullahın (s.ə.s.) qızı Hz. Fatimənin kəbini kəsilir və sadə bir ziyafətlə evlənirlər.[7]

 Həmçinin Əbud-Dərda  gəlib müsəlman olur.

Allah Rəsulu (s.ə.s.) kürəkəni Əbul-Ası azad edərkən onun qulağına söylədiyi söz hamını maraqlandırırdı. Daha Allah Rəsulunun qızı Zeynəb bir müşriklə yaşaya bilməzdi və o gündən etibarən Əbul-As Zeynəb validəmizi Mədinəyə göndərmək üçün hazırlıq görməyə başlamışdı.

Bədir döyüşündən təqribən bir ay keçmişdi ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm)  Məkkədə hazır gözləyən qızı Zeynəbi Mədinəyə gətirmək üçün Zeyd ibn Harisəni bir ənsar dostu ilə birlikdə Məkkəyə göndərir.

Dostu ilə birlikdə yola çıxan Hz.Zeyd uzun sürən əzab-əziyyətdən, məşəqqətdən və macəralı yolçuluqdan sonra Hz.Zeynəbi götürüb Mədinəyə gətirir.[8]

Bir sui-qəsd cəhdi daha

Bədir döyüşündə müsəlmanlara əsir düşən Vəhb ibn Ümeyrin atası Ümeyr ibn Vəhb dərdini Kəbədə qarşılaşdığı Safvan ibn Ümeyyəyə açır, Bədir məğlubiyyətinin kədərini dilə gətirir. Safvan da dərdli idi və deyir:

– Allaha and olsun ki, ödəyə bilmədiyim borclar və məndən sonra uşaqların pərişan olmasından əndişə etməsəydim, dəvəmə minər və Məhəmmədi öldürmək üçün birbaşa Mədinəyə gedərdim! Çünki mənim başıma nə gəldisə, onların üzündən gəldi, hələ də oğlum onların əlində əsirdir!

Safvan üçün belə bir adam ələdüşməz fürsət demək  idi və dərhal:

– Sənin borcların mənim borcum, onları mən ödəyərəm! Uşaqların da mənim ailəm hesab olunur, ömür boyu onları kimsəyə möhtac etmərəm və əlimdə olan heç bir şeydən onları məhrum etmərəm! – deyir.

Bir tərəfdə bu işi etmək istəyən, ancaq bu yolda öləcəyi təqdirdə borclarından və ailəsinin dolanışığından narahat olan bir adam, digər tərəfdə isə onun bütün bu narahatlıqlarını aradan qaldırmağa hazır "fədakar" bir insan! Razılaşmışdılar. Göz-gözə gəlir və uzun müddət bir-birinə baxırlar. Bu baxışlar hər ikisinin planlanan işi qəbul etdiyini göstərirdi. Axırda Ümeyr Safvana  deyir:

– Bu, aramızda qalsın! Nə öz planını, nə də mənim mövqeyimi heç kimə demə!

– Yaxşı söyləmərəm, – deyə Safvan cavab verir.

Məsələ həll olunmuşdu və işə başlamaq üçün sağollaşırlar. Evinə gələn kimi yol hazırlığına başlayan Ümeyr ibn Vəhb düşündüyü sui-qəsd üçün qılıncını itiləyir və zəhərləyir. Üzdə isə əsirlikdə olan oğlu Vəhbi azad etməyə gedirdi.

Yola düşür və bir neçə gündən sonra Mədinəyə gəlir. Bu vaxt uzaqgörən Hz.Ömər Məscidi-Nəbəvinin önündə başına toplaşan insanlara Bədir zəfəri haqqında danışırdı. Ümeyrin gəlişini  görüb təlaşlanır və insanlara deyir:

– Allah düşməni, köpək Ümeyr! Mütləq pis niyyətlə gəlmişdir!

Bunu söyləməsi ilə ayağa qalxıb Məscidi-Nəbəviyə getməsi bir olur. Rəsulullahın (s.ə.s.) hüzuruna qaçır və:

– Ya Rəsulullah! Bu Allah düşməni Ümeyr qılınca qurşanıb buraya gəlmişdir! – deyir.

– Onun yanıma gəlməsinə izin ver, – buyurur Allah Rəsulu (sallallahu əleyhi və səlləm).

Hz.Ömər heç gözləmirdi bu izni. Adamın pis niyyətlə gəldiyi aydın idi, bu hər halından sezilirdi. Amma Allah Rəsulu onun hüzura gəlməsinə izin vermişdi. Nə etmək olardı, sadəcə ehtiyatlı davranmaq lazım idi.

Ümeyrə doğru yönəlir. Bu arada qılıncın tiyəsindən yapışıb ətrafındakı ənsara da:

– Bu pis adamın hüzura getməsinə izin verin, ancaq gözünüz üstündə olsun. Çünki bu, xatalı adamdır, – deməyi də unutmur.

Nəhayət, məscidə daxil olurlar. Onların bu halını görüncə Allah Rəsulu:

– Ondan əl çək, ey Ömər, – deyir.  Ümeyrə də:

– Yaxın gəl, ey Ümeyr, – buyurur.

Ümeyr də Rəsulullaha (s.ə.s.) yaxınlaşır və:

− Xeyirli sabahlar, – deyir. Gizli niyyətini büruzə verməkdən özünü güclə saxlayır.

Şəfqət və mərhəmət insanı Peyğəmbərimiz (s.ə.s.) öncə:

− Allah (c.c.) bizi sənin salamından daha xeyirli bir salamla ucaltdı, ey Ümeyr! Şübhəsiz, "salam" cənnət əhlinin xeyir-duasıdır, – buyurur. Sonra soruşur:

– Bura nə səbəbə gəlmisən, ey Ümeyr?

– Əlinizdəki əsir üçün gəldim. Buna görə ehsanınızı əsirgəməyin, – deyə cavab verir Ümeyr. Sualların ardı-arası kəsilmirdi və Rəsulullah onun bildirdiyi səbəblə gizlədiyi niyyət arasındakı ziddiyyəti göstərən silahı soruşur:

– Bəs elə isə boynundan asdığın bu qılınc nədir?

Bunun cavabında:

– Allah lənət etsin bu qılınca! Bundan başqa əlimizdə nə qaldı ki?! –  deyə bilir.

Bunu deyəndə başa düşür ki, cavabı Rəsulullahı razı salmayacaq. Hər verilən sual onun saxtakarlığını üzə çıxarır. Sanki, Allah Rəsulu (s.ə.s.) baş verənlərdən xəbərdar idi. Bayaqdan Allah Rəsulundan qaçırdığı gözlərini qaldırıb üzünə baxmaq istəyir. Peyğəmbərimiz də onun üzünə baxırdı. Bir ara göz-gözə gəlirlər və: "Bunları bir kənara qoy və Mən sənə söyləmədən sən Mənə əsl niyyətini de," – deyirmiş kimi soruşur:

– Mənə düzünü de! Sən bura hansı niyyətlə gəlmisən?

− Bundan başqa bir niyyətim yoxdur, buna görə gəldim, – deyir.

Axı özünü ələ verməməli idi! Ancaq sıxışdırıldığını hiss edir. Bu vaxt Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bütün heybəti ilə danışmağa başlayır:

– Xeyr! Sən və Safvan ibn Ümeyyə Hicrdə oturdunuz və Bədirdə ölən qureyşlilər haqqında danışdınız. Sonra sən: "Əgər mənim borclarım və uşaqlarım olmasa idi, gedib Muhəmmədi öldürərdim," – dedin və Safvan da Məni öldürməyinin əvəzində borclarını və ailənin dolanışığını öz öhdəsinə götürdü. Ancaq unutma ki, Allah (c.c.) səninlə niyyətinin arasına əngəl qoyacaq və bunu etməyə imkan verməyəcək!

Ümeyrin dizləri titrəyir. Rəng alıb rəng verir. Bir adam yetmiş bir ağaclıq bir məsafədən (təxminən beş yüz kilometrlik məsafə) və heç kimin olmadığı yerdə danışılanları eynilə eşidir və qəlbində gizlədiklərindən xəbərdar olur! Bu necə ola bilərdi?! Bunu desə-desə ancaq Safvan deyə bilərdi, çünki ondan başqa heç kim bu söhbətə şahid olmamışdı. O isə sui-qəsddə daha israrlı idi. Bunun qarşılığında Ümeyrin borclarını ödəyib ailəsini ömrü boyu dolandırmağı öhdəsinə götürməsi də bunu göstərirdi. Yox... Yox... Bunu bir insan övladının etməsi imkan və ehtimalla ölçülə bilməzdi. Elə isə bir variant qalırdı. Təslim olan Ümeyr xəcalət içində üzünü Rəsulullaha (s.ə.s.) tutub deyir:

– Mən şəhadət edirəm ki, Sən Rəsulullahsan! Biz Sənə səmadan gətirdiyin xəbərlər və Sənə gələn vəhylərlə bağlı hər zaman yalan söylədik, ya Rəsulullah! Bu, sadəcə mənimlə Safvanın bildiyi bir iş idi, Vallah, bunu Sənə Allahdan başqası bildirə bilməz! Məni İslama hidayət edən və bu yolla da olsa, Özünə yönəldən O Allaha həmd olsun! Əşhədü ən lə ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh.

Başda Hz. Ömər olmaqla orada toplanıb baş verənləri izləyən səhabələr çaşıb-qalır. Gələrkən üz-gözündən şər yağan bu insan necə olmuşdusa, günəş görmüş buz kimi əriyib muma dönmüşdü! Rəsulullahın fərqi idi bu və O, bu halı ilə də dərs verirdi əshabına, bütün insanlığa. Deməli, insanları öldürməklə aradan qaldırmaq çox asan idi, önəmli olan Ümeyr kimi ən qəddarları belə İslamın əngin  ab-havasında əridib cəmiyyətə yeni bir fərd kimi vermək idi. Elə bir həyat nümunəsi ortaya qoyulmalı idi ki, Rəsulullahın vücudunu aradan qaldırmaq üçün bütün hazırlıqlarını görüb hüzura gələnlər buradan nəsibsiz qayıtmamalı və qayıdanda da gəlişlərindən çox fərqli olmalı idi.

Bu vaxt Allah Rəsulu (s.ə.s.) əshabına üz tutub Ümeyr barədə buyurur:

– Qardaşınıza dinini öyrənməkdə kömək edin! Ona Quran öyrədin və əsirini də azad edin!

Mədinədə Ümeyr müsəlman olur, Məkkədə isə onu göndərən Safvan deyirdi:

– Çox yaxında sizə Bədir günündən indiyəcən çəkdiyiniz ağrı-acıları unutduracaq önəmli və böyük bir "müjdə" gələcək!

Bir tərəfdən də Mədinədən gələnlərdən Ümeyri soruşur və gələcək "müjdəli" xəbəri Məkkədə bölüşməyə can atırdı. Elə bu vaxt bir nəfər gəlib Safvana Ümeyrin Məkkədə müsəlman olmasını xəbər verir. Safvan ömründə bu qədər böyük sarsıntı ilə silkələnməmişdi. Necə ola bilərdi ki, bir insan bu qədər risk edib öldürmək istədiyi adamın dizinin dibində təslim olar və bütün ideallarından vaz keçərdi!  Əgər xəbər doğru olarsa, hansı üzlə insanlar arasına çıxıb: "Sizə verəcəyim müjdə bu idi," –  deyəcək!

And içib Ümeyrə olan qəzəbini hayqırır. Onunla bir daha kəlmə kəsməyəcək, bir çöp də verməyəcəkdi.[9]

Bən-Qaynuqa mühasirəsi

Bəni-Qaynuqa Mədinədə yerləşən üç əsas yəhudi qəbiləsindən biri idi və hicrətdən sonra bağlanan müqavilədə bu qəbilənin də imzası var idi. Abdullah ibn Salamın qəbiləsi idi bu... Müsəlman olan Abdullah ibn Salamı da çox sıxışdırır, bu seçimini heç cür həzm edə bilmirdilər. Son hadisələr onların bu müqaviləyə sadiq olmadığını göstərirdi. Bədirdə qazanılan zəfər ciddi mənada onları narahat edirdi. Çünki müsəlmanlar get-gedə qarşısıalınmaz gücə sahib olurdular.

Başçıları onları müsəlmanlar əleyhinə təhrik edirdi. Şas ibn Qeys adlı yaşlı bir adam bir dəliqanlını yanına çağırır və tapşırır ki, Buas döyüşləri zamanı çəkilən əziyyətlər barədə danışıb bu mövzu ilə bağlı şeirləri insanlara xatırlatsın. Unudulan hadisələrin yenidən xatırlanması o dövrün camaatı üçün ən həssas, incə məqam idi. Elə hədəf də Evs və Xazrəci bir-birinə düşmən etmək idi.

Qocadan təlimat alan gənc izdiham arasında dolaşıb tapşırığı yerinə yetirməyə başlayır. Çox keçmədən köhnə ixtilaflar baş qaldırır. Evslə Xazrəc arasında münasibətlər gərginləşib toqquşma həddinə çatır. Hətta atmacalar tərəfləri razı salmır, "Filan yerdə görüşüb məsələni həll edək," – deyə razılaşırlar!

Vəziyyətdən xəbərdar olan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabı ilə birlikdə dərhal həmin hadisə yerinə gəlir və onlara səslənir:

– Ey Müsəlman topluluğu! Sizi Allaha dəvət edirəm! Sizi Allaha dəvət edirəm! Mən sizin aranızda olduğum halda və Allah da sizi İslamla şərəfləndirib onunla sizə kərəmini nəsib etmişkən yenidən cahiliyyə anlayışlarına geri qayıtmaqmı istəyirsiniz? Allah (c.c.) İslamiyyətlə cahiliyyə işlərini kəsib atmış, sizi də küfrün qaranlığından qurtarmış və qəlbləriniz arasında ülfət bağlamışkən bu necə ola bilər!

Rəsulullahın xitabı Evs və Xazrəclilərin gözünü açır, bir anlıq öz hərəkətləri barədə düşünürlər. Doğrudan da, heç nədən belə bir hərəkətə əl atmaq müsəlmana yaraşardımı? Yaraşmazdı, amma digər tərəfdən onları bu davaya təhrik edən əsl səbəb də üzə çıxarılmalı idi və bu da uzun sürmür. Hərçənd ki, bu, Bəni-Qaynuqanın ilk işi deyildi. Bədirdən əvvəl də aranı qarışdırmaq istəmişdilər, amma müsəlmanlar bir gün onların da həqiqəti anlayacağına ümid edib hər zaman əfv yolunu seçmişdilər. Nəhayət, başlarını aşağı salıb ağlayır və sonra bir-birini qucaqlayırlar. Bir daha arada dolaşıb kütlələri təhrik edənlərin təmtəraqlı sözlərinə aldanmamağa söz verirlər.

Qaynuqa oğullarının əməlləri bununla bitmirdi. Xüsusilə, təhrikçilikdə birinciliyi heç kimə verməyən yəhudi Kab ibn Əşrəflə əlaqə qurub ondan dəstək alır, həddlərini aşırdılar. Qaynuqa bazarında bir qadına qarşı etdikləri həqarət isə səbir kasasını daşıran son damla olur. Gətirdiyi malı bazarda satan qadın bir sərraf dükanına girir və özünə qızıl almaq istəyir. Qadını tək görən Qaynuqa tacirləri ona sataşır və örtülü üzünü açıb əylənmək istəyirlər.

Bu arada sərraf olan dükan sahibi tələblərinə kəskin şəkildə etiraz edən qadının arxa tərəfinə keçir və hiss etdirmədən ətəyini iynə ilə belinə ilişdirir. Əsəbiləşərək oradan uzaqlaşmaq istəyən qadın ayağa qalxınca belinə ilişdirilən ətəyi də yuxarı qalxır və təbii olaraq naməhrəm yerləri görünür. Bu vəziyyət Bəni-Qaynuqalıları olduqca əyləndirir və çaş-baş qalan qadına baxıb qəhqəhələrlə gülməyə başlayırlar. Ətəyinin belinə ilişdirildiyini və buna görə də, yəhudilərin ona güldüyünü başa düşən qadın fəryad qoparır, iffətinin ayaqlar altına atılmasından "imdad" edir.

Baş verən hadisə orada olan bir müsəlmanın diqqətini cəlb edir, diqqətlə baxanda vəziyyəti anlayır və bunu edən yəhudinin üstünə atılaraq həddini bildirmək istəyir. Aralarında dava başlayır və çox keçmədən Müsəlman Yəhudini yerə sərir. Digər yəhudilər isə müsəlmana hücum edir və onu oradaca  şəhid edirlər.

Şəhid edilən müsəlmanın yaxınları çox qəzəbli idilər və Rəsulullahın hüzuruna gəlib günahkarların tezliklə cəzalandırılmasını istəyirlər.

Həqiqətən, baş vermiş hadisə çirkin idi və mütləq layiqli cəzasını almalı idi. Halbuki  hicrətdən sonrakı müqaviləyə bunlar da imza atmış və müsəlmana hücum etmək bir yana, hücuma məruz qaldıqları halda, Mədinədə müştərək bir müdafiə təşkil etməyə söz vermişdilər.

Bunun qarşılığında Peyğəmbərimiz (s.ə.s.) "Müqaviləni pozdunuz!" – deyib dərhal onlara hücum etmir və əvvəlcə Bəni-Qaynuqa yəhudilərini toplayıb onlarla danışmağı sınaqdan keçirir. Onları daha mülayim davranmağa, pislik etməməyə, insani dəyərləri qoruyaraq müsəlmanca yaşamağa və Qureyşin başına gələnləri yaşamadan ağıllarını başlarına yığmağa çağırır. Ancaq onlar şəfqət və mərhəməti başa düşəcək halda deyildilər. Bu Nəbəvi dəvətə istehza ilə cavab  verirlər:

– Ya Məhəmməd! Hələ bayram və döyüşün nə olduğunu bilməyən dəliqanlılarla döyüşüb onları yenməyin Səni aldatmasın! Əgər bizimlə döyüşməli olsan, əsl savaşın nə demək olduğunu o zaman görərsən! Çünki Sən hələ bizim kimilərlə qarşılaşmamısan![10]

Bu, bir meydan oxumaq idi və bu qədər pis əməlləri bir yana, üstəlik özlərini bu cür apararıb Allah Rəsuluna ədəbsiz cavab vermək açıq-aydın müharibə elanı idi. Görünür, bunlar sözlə heç nə başa düşməyəcəkdilər. Elə isə həddini aşan və aralarındakı müqavilənin maddələrinə sadiq qalmadıqları yetmirmiş kimi, üstəlik dünən qəbul etdikləri razılaşmanı bu gün heçə sayan bu insanlarla anladıqları dildə danışmaq lazım idi.

Bu müddətdə Cəbrail də gəlir. Əvvəlcə Bədri xatırladaraq kafirlərə bu xəbərdarlığı gətirir:

– Kafir olanlara de: "Siz tezliklə məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!" Cəhənnəm necə də pis yerdir! Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər kafirlərin onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.[11]

Bunun ardınca  gələn ilahi bəyan daha dəqiq idi: "Əgər əhd bağladığın bir tayfanın sənə xəyanət edəcəyini təsbit etsən, döyüşə başlamazdan əvvəl onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünki Allah xainləri sevməz!"[12]

Bu, Allahın bir lütfü idi. Müqaviləni pozan onlar olsa da, Allah (c.c.) Rəsulullaha (s.ə.s.) bu ədəbsizliklə müqavilənin artıq pozulduğunu bildirməsini istəyir və savaşa girməzdən əvvəl qarşı tərəfin də bu barədə məlumatlandırılmasını tələb edirdi. Allah Rəsulu (s.ə.s.) da Allahın bəyanını yerinə yetirir.

 Hicrətdən təxminən iyirmi ay keçmişdi. Şəvval ayının ortaları idi və Mədinədə Əbu Lübabəni vəkil qoyan Allah Rəsulu bir şənbə günü ağ bayrağı Hz.Həmzəyə verib Bəni-Qaynuqaya hücum edir. Alınmaz qalaları var idi və müsəlmanların gəldiyini görüb dərhal qalanın içinə çəkilir, qapılarını da möhkəm bağlayırlar. Allah onların qəlbinə qorxu salır və on beş gün davam edən mühasirədən sonra Bəni-Qaynuqalılar Rəsulullahın onların barəsində verəcəyi hökmü qəbul edib təslim olurlar.

Artıq Bəni-Qaynuqa yəhudilərinin əli silah tutan kişiləri əsir alınmışdı. İndi isə veriləcək hökmü gözləyirdilər. Hər cür hökmə razı idilər. Artıq məhv olduqlarını düşünürdülər. Həyatlarını riskə atmış, uduzmuşdular.

Bu arada Qaynuqaoğullarının müttəfiqi olan və Bədir döyüşündən sonra müsəlman olduğunu bildirən Abdullah ibn Übeyy (məşhur münafiq) gəlib çıxır. Öz aralarındakı ittifaqı nəzərə çatdıraraq Rəsulullahdan  Bəni-Qaynuqa yəhudiləri ilə yaxşı davranmasını və onları əfv etməsini istəyir. Hətta bunun üçün o qədər israr edir... Peyğəmbərimizin cavab verməməsi onu özündən çıxarır və istədiyini əldə etmək üçün bütün yollara baş vurur.

Nəhayət, əlini Rəsulullahın zirehinin cibinə soxur və özünə tərəf çəkir. Bunu görən Allah Rəsulu (s.ə.s.) ona: "Əllərini çək," – deyir. Dediyini yerinə yetirməyincə ikinci dəfə səslənir:

− Burax Məni!

− Vallah, buraxmaram, – deyir, – mənim müttəfiqlərimlə yaxşı davranmağa söz verməyincə buraxmaram! Çünki onlar üç yüzü zirehli olmaqla yeddi yüz nəfərlə birlikdə məni ərəb və əcəmlərdən qoruyub, bir günün içində onların işini bitiriblər. Artıq mən fasiləsiz müharibələrin başlamasından qorxuram!

Onun bu halını görüb əsl niyyətini anlayan başqa bir müttəfiq Ubadə ibn Sabit Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlir və Bəni-Qaynuqa ilə olan bütün razılaşmalara xitam verdiyini bildirir:

–Ya Rəsulullah, mən artıq sadəcə Allah və Rəsulu ilə möminləri dost qəbul edir və ondan başqa bu kafirlər də daxil olmaqla bütün müqavilələri rədd edirəm!

Elə Cəbrailin gətirdiyi xəbər də eyni şeyləri tövsiyə edirdi. Gələn ayələrdə möminlərin dostunun ancaq möminlər ola biləcəyindən bəhs edilir, başqaları ilə münasibətlərdə daha həssas davranılmasının zəruriliyi bildirilir və iman məfkurəsi çərçivəsində hərəkət edənlərin də mükafatını mütləq alacağı ifadə edilirdi.[13]

Buna görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm)  Bəni-Qaynuqa yəhudilərinə üç gün vaxt verir və bu müddətdə Mədinəni tərk etməyi tələb edir. Bu qədər üsyan və düşmənçiliyə baxmayaraq, nə birisinin burnu qanayır, nə də əsir alınır. Halbuki onlar əməlləri ilə buna layiq idilər və barələrində də belə bir qərarın veriləcəyini  gözləyirdilər. Dünya onların olmuşdu. Ölüm gözlərkən həyatlarının yenidən özlərinə qaytarılmasını böyük bir lütf kimi dəyərləndirib hökmə etiraz etmədən dərhal yol hazırlıqlarına başlayırlar. Onların Mədinəni tərk etməsinə əshab adından Ubadə ibn Samit nəzarət edirdi. Çoxlu silah-sursat qoyub gedirlər və bunlar da əshab arasında qənimət kimi bölüşdürülür. bəni-qaynuqalıların digər mal-mülkləri ilə bağlı işlərin icrasına isə Məhəmməd ibn Məsləmə nəzarət edir.

Bir yeni bayram da: Qurban

Bəni-Qaynuqa mühasirəsindən dönüş Qurban bayramı ilə üst-üstə düşür və bildirilir ki, imkanı olanlar qurban kəssinlər. Bunun üçün Rəsulullah (s.ə.s.) bayram namazının qılındığı Bəni-Səlimə yurdunda  şəxsən qurban olaraq iki qoyun kəsir. İmkanı olanlar da Onunla birlikdə qurbanlarını kəsirlər. Müsəlmanların ilk dəfə keçirdikləri bayram idi bu! Əvvəllər də Mədinədə bəzi günlər bayram kimi qeyd olunurdu. Mədinəlilər qədimdən davam edən adətə görə həmin günlərdə bir yerə yığışar, oyunlar oynayaraq əylənərdilər. İndi isə Allah (c.c.) onlara cahiliyyə dövründə qeyd edilən bu iki günün əvəzində iki bayramı − Ramazan və Qurban bayramlarını lütf edirdi. Eyni zamanda bu bayramlar möminlər üçün ildə iki dəfə ümumi sevinc günü demək idi.

Üçüncü ilin digər hadisələri

Allah Rəsulunun Mədinəyə hicrətindən otuz ay keçmişdi. Hz. Ömər həyat yoldaşı vəfat etmiş qızı Hafsanı (r.a.)[14] əvvəlcə Bədir günlərində xanımı Ruqiyyə validəmizi itirən Hz.Osmanla nikahlamaq istəyir və gedib ona məsələni şəxsən özü açır. Ancaq Hz.Osman belə bir evlilik üçün hələ hazır deyildi və Hz.Ömərə gözlədiyi cavabı vermir. Hərçənd ki Hz. Ömər aldığı cavabdan bir qədər kədərlənir, amma yenə də məsələni anlamağa çalışır. Ondan ümidini üzən Hz.Ömər məsələni başqa bir yaxın dostu Hz.Əbu Bəkrə danışır, ancaq o da evlilik haqqında düşünmürdü. Bundan sonra o (r.a.), vəziyyəti Peyğəmbərimizə açır. Allah Rəsulunun cavabı ürəyindən olur:

– Mən sənə Osmandan daha xeyirli bir kürəkən və Osmana da səndən daha xeyirli bir qayınata deyimmi? – deyə soruşur. Bunu kim istəməzdi ki! Hz.Ömər dərhal:

– Buyurun, ya Rəsulullah! – deyir. Allah Rəsulu (s.ə.s.) da bunları deyir:

– Sən qızın Hafsanı Mənimlə nikahlayarsan, Mən də qızım Ümmü Gülsümü Osmanla!

Hz. Ömərin sevincdən az qala ayaqları yerdən üzülür. Rəsulullahla qohum olmaq onun üçün böyük xoşbəxtlik idi. Və bu zaman Mədinədə iki evlilik birdən baş tutur. Məkkənin ilk günlərindən Rəsulullahla çiyin-çiyinə olan həya insanı Hz. Osman bundan sonra "iki nur sahibi" mənasında  "Zün-Nureyn" ünvanını alır.

Çox keçmədən Hz.Əli-Hz.Fatimə ailəsində bir oğul dünyaya gəlir və Peyğəmbərimiz də onun adını "Həsən" qoyur.

Hicrətin üstündən otuz bir ay keçmiş və yenə Mədinə mərhəmət dolu ramazan ayının bərəkəti ilə süslənmişdi.

Mərhəmət və şəfqət qanadlarını ümmətinə açıb ehtiyaclarını ödəməyə çalışan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Bədir günü təkbətək döyüşdə yaralanan və yolda şəhid olan Übeydə ibn Harisin xanımı Zeynəb binti Huzeymənin çətin vəziyyətdə yaşadığını görür və yoxsulların əlindən tutan bu dul və tənha qadına kömək etmək istəyir. Bunun ən kəsə yolu onu nikahı altına almaqdı və O da belə edir. Hz. Zeynəb (r.a.) cahiliyyə dövründən bu yana möhtacların anası kimi tanınan salehə bir qadındı. "Bu yaşlı vaxtımda kimsəsiz qaldım," – deyə əndişə etdiyi bir vaxtda Allah Rəsuluna zövcə olma bəxtiyarlığı ilə şərəflənən Hz. Zeynəb artıq dünyanın ən xoşbəxt qadını idi. Ancaq yaşlı validəmiz Hz. Zeynəb binti Huzeymə aradan səkkiz ay keçdikdən sonra vəfat edib "möminlərin anası"–"Ümmül-Müminin" ünavanı ilə əbədi aləmə köçəcək, şəxsən Rəsulullah tərəfindən Cənnətül-Baqidə dəfn ediləcəkdi.[15]

Artıq cəmadiyələvvəl ayı gəlmişdi. Yaz ayları da yaxınlaşır, Qureyş Şam tərəfə göndərəcəyi karvan haqqında fikirləşirdi. Bir tərəfdən Bədrin acısı ilə qıvrılır, digər tərəfdən:

– Əgər burada belə gözləyib dursaq, qalan imkanlarımız tükənəcək və aclıqdan qırılacağıq, – deyirdilər. Nəhayət, uzun da olsa, yeni bir yol tapıb Şama getmək üçün Safvan ibn Ümeyyənin başçılığı ilə bir karvan tərtib edir və Furat ibn Hayyan adlı bir  bələdçi  tutaraq yola çıxırlar.

Bundan xəbər tutan Peyğəmbərimiz dərhal Zeyd ibn Harisənin rəhbərliyi ilə yüz nəfərlik dəstə göndərir. Onların gəlişini eşidən Safvan da Əbu Sufyan kimi sürətlə qaçmağa başlayır. Zeyd ibn Harisə tapşırılan yerə gələrkən karvanın çoxdan qaçıb uzaqlaşdığını görür və Furat ibn Hayyanı əsir alıb geri qayıdır.[16] Bu da öz-özlüyündə bir iş idi. Bununla  Məkkə Hicazda istədiyi kimi hərəkət edə bilməyəcəyini anlamış olur və vəziyyətə yenidən baxmaq məcburiyyətində qalır.


[1]. Bu qəzvə zamanı Mədinədə təyin edilən səhabənin Abdullah ibn Ümmü Məktum olması da rəvayət edilir. Bax: İbn Sad, Tabakat, 4/209; Taberi, Tarih, 2/50; Süheyli, Ravdul-Unf, 3/219
[2]. Beşdə bir pay ayrıldıqdan sonra yerdə qalan dörd yüz dəvə süvarilər arasında bölüşdürülür və hər adama iki dəvə düşür. Yəsar adlı bir nəfər də əsir alınmışdı ki, onu da Allah Rəsulu (s.ə.s.) azad edir. Bax: İbn Sad, Tabakat, 2/31; İbn Seyyidinnas, Üyunul-Eser 1/391
[3]. Mədinədən zilhiccə ayının beşi, bazar günü çıxmışdılar. Hicrətin üstündən iyirmi iki ay keçmişdi və  bu qəzvədə Mədinədə vəkil olaraq yerinə Bəşir ibn Əbdülmünziri təyin etmişdi. Bax: İbn Sad,Tabakat, 2/30
[4]. Yüklərin çoxunu un çuvalları təşkil edirdi. Bu səbəbdən də qəzvəyə un mənasını verən "Sevik" adı verilmişdir. Bax: İbn Hişam, Sire, 3/311; Taberi, Tarih, 2/51
[5]. Bəzi qaynaqlarda bu şəxsin adı Qavrəs ibn Haris və ya Avf ibn Haris, qəbiləsinin adı da Bəni-Müharib kimi göstərilir. Bax: İbn Hişam, Sire, 4/159; İbn Hıbban, Sahih, 7/138 (2883)
[6].  "Maidə" surəsi, 5/11
[7]. Mövzu ilə bağlı geniş məlumat üçün bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s. 125 vd
[8]. Hadisə ilə bağlı geniş məlumat üçün bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s. 93 vd
[9]. Daha sonra Məkkəyə gələn Ümeyr ibn Vəhb Müsəlman olduğunu açıqlayacaq və necə müsəlman olduğunu insanlarla bölüşəcəkdi. Buna görə xeyli insan da müsəlman olacaqdı. Bax: İbn, Hişam, Sirə, 3/213) İbn Hişâm, Sîre, 3/213-215; Taberî, Tarih, 2/45-46)
[10]. İbn Hişâm, Sîre, 3/313, 314
[11]. "Ali-İmran" surəsi, 3/12, 13
[12]. "Ənfal" surəsi, 8/58
[13]. Bax: Maidə, 5/51, 52, 53
[14]. Hafsa validəmiz risalətdən beş il əvvəl – Qureyşin Kəbəni təmir etdiyi il dünyaya gəlmişdi. Daha öncə Huneys İbn Huzafə ilə evlənmiş və birlikdə Mədinəyə hicrət etmişdilər. Bədirdən sonra həyat yoldaşı vəfat edincə dul qalmışdı. Bax: İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 2/384; Zehebî, Tarihu’l-İslâm, 1/500
[15]. İbn Sa’d, Tabakât, 8/115. Zeynəb  validəmizin Peyğəmbərimizlə izdivacından üç ay sonra vəfat etməsinə dair də rəvayət vardır. Bax: İbn Esîr, Üsüdü’l-Ğâbe, 1/19, 3/359; İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 2/385
[16]. Furat ibn Hayyan da Rəsulullahın hüzurunda müsəlman olur. Bax: İbn Sa’d, Tabakât, 2/36; Taberî, Tarih, 2/55; İbn Esîr, Üsüdü’l-Ğâbe, 2/393