5. 411 dəfə oxunub ,   0 şərh   Çap et

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

Oxuma prosesi necə baş verir?

Oxuma prosesi gözlərin yazılan kəlmələri görməsi ilə başlayır. Gözləriniz bu sətirləri oxuyarkən saniyədə dörd-beş dəfə soldan sağa spazmodik hərəkət adlandırılan hərəkətlər edir. Bu hərəkətlərin səbəbi gözün retina qatının və görmə mərkəzinin kiçik yazıları görəcək qabiliyyətdə olmasıdır. Gözümüz bir baxışda sadəcə bir və ya iki sözü tam oxuya bilir. (Ortadakı sözə baxaraq eyni sətrin əvvəlindəki və axırındakı sözləri oxumağa çalışın. Həmin sözləri gördüyünüz təqdirdə oxuya bilməyəcəksiniz.) Spazmodik hərəkət nəticəsində yazılı sözü görmə sahəsinin mərkəzinə gətirə bilirik. Sözlərin üzərinə düşən fotonlar retinaya gedib çatdıqda ağ kağız və qara hərflərə aid məlumatlar retinadakı neyronlar tərəfindən hissələrə bölünərək qəbul edilir və beynin görmə mərkəzinə göndərilir. Həmin hissələrə bölünmüş məlumatlar görmə mərkəzində yenidən birləşir. Bu vaxt beynimiz bir tərəfdən hərfləri səsə çevirir (fonem), digər tərəfdən də “lüğətə” müraciət edərək oxunan sözün mənasını öyrənir (leksika). Nəticədə hərflərdən müəyyən səsə və mənaya malik kəlmələr əmələ gəlir.

Oxuma qabiliyyətinin pozulması

Yazılı mətnin oxunub başa düşülməsindəki qüsur tibb elmində aleksiya xəstəliyi adlanır. Buna bənzər xəstəlik olan disleksiya isə dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur. Aleksiya xəstəliyi daha çox böyüklərdə müşahidə olunur və beyində əmələ gələn hər hansı zədələnmə zamanı sonradan ortaya çıxır. Aleksiya xəstələrinin bəzisi oxuma qabiliyyətini itirsə də yazmağı bacarır. Aleksiyanın bu növünə aqrafiyasız (aqrafiya yazma qabiliyyətinin pozulamsıdır.) aleksiya deyilir. Həm oxuma, həm də yazma qabiliyyətinin itməsi isə aqrafiyalı aleksiya adlanır. Aleksiyanın birinci növünü ilk izah fransız neyroloq Jozef Jule Dejerine olmuşdur. O, oxumağın beyinlə əlaqəsini ilk izah edən şəxsdir. Dejerineni araşdırmaya sövq edən hadisə belədir:

1887-ci ilinin oktyabr ayının bir bazar günü satış meneceri işləyən O. stulda oturub kitab oxuyurdu. Birdən hərfləri tanımadığını fərq etdi. Bir neçə gün əvvəl isə sağ qolu və ayağı keyləşmiş, bir-iki dəfə danışmaqda çətinlik çəkmişdi ki, bunlar iflicin əlamətləri idi. Lakin buna o qədər də fikir vermədi. O. Göz həkiminə getdi. Gözündə heç bir  narahatlıq olmadığından göz həkimi onu neyroloqun yanına göndərdi. Həkim Dejerine O.-nu müayinə edəndən sonra kəlmə korluğu diaqnozu qoyur. Çünki O.-nun görmə qabiliyyəti normal idi sadəcə hərf və sözlərin mənalarını anlaya bilmirdi. Hərfləri yavaş hərəkətlərlə sanki şəkil çəkirmiş kimi yazır, hər gün oxuduğu qəzetləri görəndə tanıyır ancaq oxuya bilmirdi. Qocalıqdan ağlını itirdiyini düşünürdü. Qəribədir ki, hərfləri oxuya bilmədiyi halda rəqəmləri tanıyırdı. Hətta ən çətin riyazi misalları belə həll edə bilirdi. Yaza bilirdi xətti də normal idi. Ancaq öz yazdığını oxuya bilmirdi. Həmin iflicdən sonra O.-nun oxumaq qabiliyyəti yenidən bərpa olunmadı.

O., həm də musiqiçi idi. Oxuya bilməsə də musiqi ilə məşğul olmağa davam edirdi.

Elmi nöqteyi-nəzərdən O.-nun xəstəliyi beyində rəqəmləri və hərfləri ayırd edən iki ayrı mərkəzin olduğundan xəbər verirdi. Dejerine təcrübələrindən hərəkətlə insan beynində hərfləri tanıyan mərkəzin olduğunu iddia edirdi. Lakin bunu sübut eləmək üçün söz korluğu olan bir xəstənin beyninə baxmaq lazım idi. 1892-ci il yanvarın 16-da ikinci iflicdən sonra O. vəfat elədi. O.-nun beynində əməliyyat aparan Dejerine xəstənin sağ beyin yarımkürəsində heç bir problemin olmadığını, sol yarımkürədə isə birinci və ikinci iflicin səbəb olduğu iki yerdə hüceyrə pozulmasının olduğunu gördü. İflic nəticəsində O.-nun beynində beyin mərkəzləri arasında əlaqəni təmin edən ağ maye və liflərdən ibarət hissə zədələnmişdi. Bu da ənsə nahiyəsinə və sol yarımkürədə yerləşən görmə korteksinin bir hissəsinə təsir eləmişdi. Dejerine bütün bunlardan hərəkətlə O.-nun beynindəki hərfləri tanıma mərkəzinin sağlam olduğunu iddia edirdi. Çünki o, rahat yaza bilirdi. Lakin bu məlumat hərf mərkəzinə gedib çatmadığına görə oxuya bilmirdi. Yəni xəstə kor deyildi, hərfləri və sözləri görürdü, ancaq söz korluğu olduğuna görə oxuya bilmirdi. Qabarıq hərflərə əli ilə toxunduqda nə yazıldığını oxumağı da bacarırdı.

1980-cı illərdə maqnit rezonans tomoqrafiya kəşf olundu. Bunun nəticəsində həmin xəstələrin beynində nələr baş verdiyini öyrənmək mümkün idi. Anton Damasi və həyat yoldaşı Hanna Damasi 1983-cü il Neyrologiya jurnalında aleksiyanın anatomiyası haqqında məqalə yazdılar. Sonralar maqnit rezonans tomoqrafiyası ilə xəstələrin beyninin şəklini çəkmək mümkün oldu. Aparılan təcrübələr nəticəsində bütün aleksiya xəstələrində beynin eyni hissəsinin normal işləmədiyi ortaya çıxdı. Həmin hərf görmə mərkəzi olan hissəni beynin “hərf qutusu” da adlandırdılar. Hərf qutusu sol yarımkürədə yerləşir. Oxuma dilinin hansı dil olmağından asılı olmayaraq “hərf qutusu”nun yeri dəyişmir.

Oxuma çox mürəkkəb prosesdir. Belə ki, beynin sol yarımkürəsində yerləşən “hərf qutusu” hərflərin və sözlərin şəkillərini qəbul edir. Hərf qutusu həmin məlumatları sol yarımkürədəki sözlərin mənasını, səsləri və hərflərin səsləndirilməsi kimi mürəkkəb prosesləri icra edən mərkəzə ötürür. Bu hissənin eşitmə və danışma mərkəzləri ilə birbaşa əlaqəsi var. Sözlərin mənalarının qavranmasında beyindəki hafizə və duyğu mərkəzləri də iştirak edir. Bu bölgələr arasındakı qarşılıqlı əlaqə nəticəsində sadəcə insana aid olan oxuma prosesi gerçəkləşir.

Oxuma və beyindəki inkişaf

Pittsburqdakı Karnegi Mellon (Carnegie Mellon) universitetindəki beyin mərkəzinin işçilərindən Macel Just və Timoty Keller 8-12 yaşlı uşaqlarda oxumağın beyin üzərindəki təsirlərini araşdırmışdır. Uşaqların bir qrupunun oxuma problemi vardı. Təcrübə üçün normal oxuya bilən uşaqlar seçildi. Onlar maqnit rezonans tomoqrafiyası vasitəsilə uşaqların beynində müşahidə apardılar. Uşaqlarda beynin müxtəlif mərkəzləri arasında məlumat mübadiləsində rol oynayan ağ maddənin keçdiyi yerlərə baxdılar. Nəticədə zəif oxuyan uşaqların beynindəki ağ maddənin keyfiyyətcə normal oxuyan uşaqlardan az olduğu ortaya çıxdı. Just və Keller zəif oxuyan uşaqlara növbəti il yüz saatlıq xüsusi təlim keçdilər. Həmin təlimdə uşaqlar müəyyən söz və cümlələri dəfələrlə təkrar edir, oxuma qabiliyyətlərini inkişaf etdirirdilər. Təlimdən sonra uşaqların oxuma qabiliyyətləri ilə yanaşı beyin hüceyrələrinin də dəyişdiyi məlum oldu. Həmin təlim uşaqların beynindəki ağ maddənin yaxşılaşmasına səbəb olmuşdu və nəzərəçarpacaq dəyişiklik mövcud idi. Ən əsası bunun oxuma qabiliyyətinə də təsir eləməsi idi. Beyinlərində daha çox yaxşılaşma olan uşaqların oxuma qabiliyyətləri də artmışdı. Bu təcrübə ilə oxumağın beyindəki sadəcə boz maddəyə yox, eyni zamanda sinirlər arasında əlaqə quran ağ maddəyə də təsir elədiyi sübut edildi. Yəni oxuma beyində əsaslı dəyişikliklərə səbəb olurdu.

Uşaq psixologiyası haqqında yazılan “Uşaqların zehni” adlı kitabın müəllifi, Edinburq universitetinin inkişaf psixologiyası professoru Margaret Donaldsonun fikrincə təcrübə edilə bilməyən mövzular üzərində düşünmək uşağın nitq qabiliyyətinin inkişafı ilə başlayır və oxuma vərdişinin öyrənilməsilə inkişaf edir. Nəticədə uşaq zehni olaraq inkişaf edir, özünü dərk etmə və özünənəzarət qabiliyyətləri formalaşır. Rus psixoloq Lev Viqotski isə bildirir ki, bəzi xüsusi simvol və işarələrlə olan yazı dilindən istifadə uşağın mədəni inkişafında xüsusi rol oynayır.

Kanadalı elm adamları Kieran Egan və Natalia Gajdamaschko isə, oxuma və yazma bacarıqlarının uşaqları sadəcə məntiqi olaraq yox, həm də psixoloji olaraq inkişaf etdirdiyini, onların təxəyyül, duyğu və düşüncələrlə əlaqəli fəaliyyətlərini artırdığını qeyd edir.

Bütün bunlar həm özümüzün, həm də övladlarımızın inkişafı üçün oxumağın nə qədər zəruri olduğunu göstərir. Uşaqlarımıza edəcəyimiz ən böyük yaxşılıqlardan biri onlara oxuma vərdişi aşılamaqdır. Bunun ən təsirli yolu isə onlara nümunə olmaq – onların yanında, onlarla birgə kitab oxumaqdır. Pedaqoqlar uşağın söz ehtiyatının formalaşmasında dərslikdən çox əlavə kitabların rolu olduğunu bildirirlər. Elm adamları söz ehtiyatının danışıq və ya başqasından eşitməkdən daha çox oxuma sayəsində inkişaf etdiyini deyirlər. Ona görə ki, yazılı mətnlərdə, danışıq dili və informasiya vasitələrinə nisbətən daha çox müxətlif sözlərdən istifadə olunur. Elmi məqalələrdə hər min sözdən 128 sözün danışıq dilində az istifadə olunan söz olduğu məlum olmuşdur. Bu rəqəm       qəzet məqalələrində 68, teleseriallarda 22,7, uşaq kitablarında 30,9, ali təhsilli insanların danışıqlarında 17,3-dür. Rəqəmlərdən belə nəticə çıxır ki, danışıq dili yazı dilinə nisbətən daha kasıbdır. Uşaq kitabları belə söz zənginliyinə görə ali təhsilli insanların danışıq dilindən daha zəngindir.

Nəticə olaraq onu deyə bilərik ki, oxumaq insanlıq tarixinin dönüş nöqtələrindən biridir. Allahın bizə verdiyi bu qabiliyyət sayəsində təqribən beş min illik müddət ərzində oxuma-yazmağın olmadığı ibtidai cəmiyyətdən, illər əvvəl yaşayan insanların yazdıqlarını aypedimiz, kompyuterimiz, kindlemiz və ya telefonumuzdan oxuyan texnoloji cəmiyyətə inteqrasiya etdik. Gəldiyimiz nöqtəni borclu olduğumuz oxuma-yazma qabiliyyətimiz bu gün həyatın ayrılmaz hissəsinə çevrilib. Oxumağın beyində nələrə səbəb olduğu isə ancaq 2000-ci illərdə aparılan təcrübələrlə məlum oldu. Bu qısa müddət ərzində əldə olunan məlumatlar insan beyni haqqında çox şey öyrənməli olduğumuzu göstərir.

Yazı “Bilim ve teknik” jurnalındakı “Okuyan beyin” məqaləsindən ixtisarla hazırlanmışdır. (Eylül 2011, Say: 256)



Bənzər məqalələr

Protez göz və gözdən axan iltihab dəstmazı pozar?

Gözə taxılan protezin özü dəstəmaza mane olmadığı kimi, protezə görə gözdən axan gözyaşı dinimizə görə təmiz sayıldığı üçün dəstəmazı pozmaz.

Düşüncə qabiliyyəti və oruc

Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər

Göz damcısı orucu pozur?

Göz damcısı orucu pozmur.

Yuxu və beynin istirahəti

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.


Şərh yaz