2. 341 dəfə oxunub ,   0 şərh   Çap et

Bilal Həbəşi

Bir gün Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkə kənarında bir yerə getmiş, nazil olan ayələri müzakirə edir, namaz qılırdılar. Bu vaxt yaxında qoyun otaran Bilali-Həbəşi onlara yaxınlaşır. Bu iki dost ayla günəş kimi idi, bu göz qamaşdıran mənzərəni görüb heyran olmamaq mümkün deyildi. Əvvəlcə hüzura varmaq üçün bir bəhanə lazım idi və bir kasa süd götürüb iki sadiq dosta təqdim etdi. Rəsulullahın (s.ə.s.) hər kəsin könlünə Allah sevgisini yerləşdirmək səyləri onu da cəlb edəcək və beləliklə, neçə-neçə azad adamdan əvvəl kölə Bilal da İslamla tanış olacaqdı.

Beləcə ondakı sürətli dəyişiklik hiss ediləcək və ardınca amansız təqib başlanacaqdı. Bir gün Bilalın Kəbədəki bütlərə qarşı kobud davrandığı və onların əleyhinə bəzi sözlər söylədiyini eşitmişdilər. Necə ola bilərdi ki, qul ağalarının sitayiş etdiyi daş və ağaclardan düzəldilmiş bütlər haqqında “ağzına gələni danışsın?” Sahibi Ümeyyə ibn Xaləfi sıxışdırdılar. O da bir qul üçün özünü təhlükəyə atmaq istəmirdi. Bilal da sadəcə qullardan biri idi. Ümeyyə ibn Xaləf minnət qoymadan:

− Götürün, sizin olsun. Nə edirsiniz edin, − deyir. Artıq Bilal Ümeyyə ibn Xaləfın əllərindən Əbu Cəhlin “insaf”ına qalmışdı. Və Bilalı götürüb səhraya aparırlar. Səhranın qızmar qumları üstünə uzadıb ona dözülməz işgəncələr verirlər. Üstünə ağır daşlar qoyub inim-inim inlətdikləri bəs deyilmiş kimi, fikirlərinə də hakim olmağa çalışır və ondan könlünün gülü Məhəmmədi və dinini inkar etməyi tələb edirdilər.

Xüsusilə də, Əbu Cəhildə sönmək bilməyən kin-küdurət və qəzəb alovu vardı və selik tökülən ağzından hər fürsətdə bu kini qusurdu. Bir qul sahibi kimi, onun iradəsi xaricində başqa gücün qəbul edilməsi ağlına batmırdı… Həm də bir qul tərəfindən… Bir  qul statusuna baxmadan necə belə bir şeyə cürət edə bilərdi? Bilalı üz üstə qızmar quma uzadır və bədəni günəş şüalarında yananadək işgəncə verirdilər. Onsuz da taqəti tükənən Bilalın danışmağa gücü qalmamışdı. Dodaqlarının arasından bircə söz eşidilirdi:

− Əhad… Əhad…[1]

Onun inancında bir axirət dünyası vardı. İşin bir ucunda ömür boyu əzab-əziyyət içində yaşamaqdansa, bu gün dözüb əbədi səadəti qazanmaq dayanırdı. Buna görə də, dişlərini sıxıb “zillətlə yaşamaqdansa, izzətlə ölməyi” çoxdan seçmişdi. Həmin gün heç kim öz istəyini Bilala qəbul etdirə bilmədi, buna heç kimin gücü çatmadı. Bilal inandığı yolda israrlı idi və hər cür işgəncəyə baxmayaraq, bu qətiyyətindən zərrə qədər dönmədi.

Ancaq kinləri o qədərdi ki, boynuna ip bağlayır, uşaqların əlinə verib küçələrdə, Məkkə dağlarının arasında sürütdürürdülər. Allahın “Qulum”, Rəsulunun da “Ümmətim” dediyi Bilalı uşaqların oyuncağına çevirmişdilər. Səhrada ayaqyalın yeriyib yanmadan Bilalı anlamaq, əzabını görmədən, çəkmədən yaşadığı möhnətlərdən süzülən qədir-qiymətini dərk etmək mümkün  deyildi!

Artıq Məkkədə Bilalın yanıqlı səslə “Əhad!” iniltisini  eşitməyən  qalmamışdı.  Onun  iniltisindən dağ-daş dilə gəlir, amma nə Ümeyyənin, nə də Əbu Cəhilin insafından səs çıxırdı. Məsələnin həlli yenə də başa − Əbu Bəkirə qalmışdı. Hz. Əbu Bəkir özünü çatdırır. Əlindəki var-dövlət onsuz da bir gün tükənəcəkdi, heç olmasa, onu axirəti üçün böyük sərmayəyə çevirmək fürsəti vardı. Bununla həm Bilalı işgəncələrdən xilas edəcək, həm də Rəsulullahı məmnun edəcəkdi. Onların yanına gəlir:

− Bu adama niyə bu qədər əzab verirsiniz? − sualıyla öncə etirazını bildirir. Sonra da Bilalı pulla satın alıb işgəncədən xilas edir, ardınca da azadlıq yollarını  göstərir.

Hz. Bilal səbrinin bəhrəsini görürdü. Ümeyyənin yanında sakit dayansaydı, bəlkə də, ömrü boyu bir qul kimi qalacaq və qul olaraq da öləcəkdi. Amma indi həm bütün əziyyətlərdən xilas olmuş, həm də Rəsulullahın hüzuru ilə şərəflənmişdi.



[1]. Onun bu vəziyyətinə qoca Varaqa ibn Nəvfəlin də şahid olması, “Əhad… Əhad…” sözlərini eşidəndə: “Ey Bilal, əgər sən bu vəziyyətdə (bu sözləri deyə-deyə) ölsən, məzarının üstündə türbə tikərəm,” – deməsi  rəvayət edilir. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/236




Şərh yaz