Zəruri ehtiyaclara aid olmayan, gəlir gətirən mənzillər, böyük binalar və dükanlardan, quru, hava və su nəqliyyat vasitələrindən zəkat alınması məsələsində ixtilaf yoxdur. Ancaq zəkatın miqdarı ilə bağlı din alimlərinin üç fərqli baxışı var.
1. Bu gəlir mənbələrinin maya dəyərindən deyil, gəlirindən (pul nisabı əsas götürülərək) zəkat verilir.
2. Əkin məhsulları kimi xalis gəlirin 10%-i, ümumi gəlirin 5%-i zəkat verilir.
3. Bu gəlir vasitələrinin maya dəyəri ilə gəlirləri toplanır və alınan rəqəmin 2,5%-i zəkat verilir.
Hənəfi məzhəbi bu üç fikirdən birincisini qəbul etmiş: “bu vasitələrin gəlirindən zəkat alınmalıdır” — demişdir.
Lakin müasir alimlər bu gəlir mənbələrinin torpaq gəlirlərinə bənzədilməsini daha düzgün sayır və illik amortizasiya xərcləri, vergi və məsrəflər çıxılmaq şərti ilə xalis gəlirin 10%-nin, ümumi gəlirin 5%-nin zəkat verilməsini qəbul edir, bunu zəkatın fərz buyurulmasının səbəb və hikmətinə daha uyğun görürlər.[1]
[1] Əli Özək, “Zəkat”, 102.