17. 262 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz başda ata-anamız olmaqla, bizə, yaxın-uzaq bütün qohumlarımıza, qonşularımıza və dostlarımıza yaxşılıq etməyi, insanların qaba davranışlarına qarşı da səbirli olmağı və əli­mizdən gəldiyi qədər onlarla gözəl davranmağı tövsiyə etmişdir. Sadəcə tövsiyə etməklə kifayətlənməmiş, bu məsələdə bizə nümunə olmuşdur.

Allah Rəsulu hər kəsin İslamla nicat tapması üçün canla-başla səy göstərərkən  Məkkənin azğın müşrikləri Onu təhqir edir, saçına, başına toz-torpaq tökür, yollarına tikan atır, hər zülm və əziyyəti Ona rəva görürdülər. Peyğəmbərimiz isə, əksinə, dəfələrlə bu hərəkətləri edənlərin qapısını döyüb onları yumşaq dillə İslama dəvət edirdi. Çünki onların da cənnətə getməsini çox arzulayırdı.

Peyğəmbərimiz məkkəli müşriklərin kəskin hücumları ərəfə­sində Zeyd bin Harisə (radiyallahu anh) ilə birlikdə Məkkə yaxınlığında yerləşən Taifə getmişdi. Ümidi bir neçə təmiz insan tapıb onların qəlbində iman nurunun parlamasına vəsilə olmaq idi. Lakin taiflilər Peyğəmbərimizlə məkkəli müşriklərdən daha betər rəftar etdilər. Peyğəmbərimizi əvvəlcə məsxərəyə qoydular, ardınca da uşaqları yığıb Onu daşa basdırdılar. Zeyd bin Harisə özünü atılan daşlara sipər etsə də, Peyğəmbərimizin ayaqları qan içində idi. Taifi tərk edən Allah Rəsulu (sallallahu əleyhi səlləm) dərdli və kədərli idi.  Uca Allah dərhal Cəbrail əleyhissalamı təsəlli üçün Hə­bibinin yanına göndərdi. Cəbrail əleyhissalamın yanında dağlar mələyi də gəlmişdi.   Dağlar mələyi Peyğəmbərimizin o hüznlü halına baxaraq: “Ya Məhəmməd (sallallahu əleyhi səlləm), istəyirsənsə, bu iki dağı taiflilərin başına yıxım”, – dedi. Şəfqət Peyğəmbəri həyəcanla: “Yox! İstəmirəm. Əksinə, mən Allahdan diləyirəm ki, onların nəslindən Allaha inanan, yalnız Ona ibadət edən insanlar çıxarsın”, – buyuraraq Ona daş və təhqir yağdıranların hi­dayətini diləmişdi.

Peyğəmbərimizin həyatı başdan-ayağa belə gözəl tablolarla doludur. O Şəfqət Peyğəmbəri başını yaranlara, dişini qıranlara, olmazın əziyyətləri rəva görənlərə daima səbir və xoşgörü göstərmişdi.  Şəxsinə bu qədər pisliklər edilsə də, heç vaxt intiqam hissinə qapılmamışdı. Çünki Onu birbaşa Rəbbimiz tərbiyə etmişdi və Onun əxlaqı Quran əxlaqı idi. Quranda Uca Rəb­bimiz: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (“Əraf” surəsi, 199) – deyə buyurur. Yenə  Rəbbimiz xas (pak) qullarını: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla)  gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitmədən) “salam” deyərlər (keçərlər)” (“Furqan” surəsi, 63) ayələri ilə tərif edir və o xas qullarına: “Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə etsən, bir də görərsən ki, aranızda düşmənçilik olan şəxs yaxın dost olub!” – (“Fussilət” surəsi, 34)­ deyə buyurur.

Rəbbimizin bu ayələrini ən gözəl yaşayan Rəsulullah bir hədisi-şərifində: “Mənim üçün ən sevimliniz, qiyamət günü də möv­qecə mənə ən yaxın olanınız ən gözəl əxlaqlılarınızdır”, – buyurmuş və cənnətdə Ona yaxın olmağın yolunu bizə göstərmişdir.

Rəbbimiz bizlərə Quranda buyurduğu gözəl əxlaqa yiyələnməyi və axirətdə Peyğəmbərimizə yaxın olmağı nəsib etsin!



Açar sözləri

pislik rəftar yaxşılıq

Bənzər məqalələr

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

Kimlər sədəqə verə bilər?

Müsəlman olan hər kəs sədəqə verə bilər. Sədəqənin verilməsi üçün hər hansı bir şərt yoxdur. Sədəqə Allah riazsını qazanmaq məqsədilə edilən yaxşılıqdır. Rəsulullah (s.ə.s) edilən yaxşılığın ömrü uzatdığını bildirmişdir, “Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar.”

Sədəqə kimlərə verilməlidir?

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.


Şərh yaz