Mənəviyyata Açılan Pəncərə

Borc və alacaqların zəkatı

Bir adamın nisab miqdarı və ya onu azaldacaq qədər borcu varsa, o adamın malına zəkat düşmür. Çünki bu vəziyyətdə olan bir insanın zəkat verməyə yox, almağa daha çox haqqı çatır. O, bu vəziyyətdə malı üzərində tam mülkiyyətə sahib deyil.

Alacaqların zəkatı isə iki kateqoriyada dəyərləndirilir:

a. Qaytarılma ehtimalı yüksək olan borclar. Müasir dövrdə əvəzində çek, sənəd, mal girov qoyulan alacaqları bura daxil etmək olar. Bu alacaqların zəkatı digər mallar kimi ilin sonunda gecikdirilmədən verilməlidir.

b. Qaytarılma ehtimalı zəif olan borclar: Bu isə borcunu inkar edən bir nəfərdə və ya müflis olmuş, vəziyyətini düzəltmək imkanı olmayan bir adamda qalan borcdur. Hənəfi məzhəbinə görə, bu borcun üstündən keçən illərə görə zəkat verilmədiyi kimi, qaytarıldığı il üçün də zəkat verilməsinə ehtiyac yoxdur. Çünki bu mal yeni əldə edilmiş mal kimidir. Alacağı olan müsəlman ötən illərdən nisab miqdarı mala malikdirsə, zəkatını verməlidir, malik deyilsə, bu alacağın üstündən bir il keçməsini gözləməlidir.[1]  İmam Şafei isə Həzrət Əli və İbn Abbasa istinad edilən rəvayətə əsaslanıb: “Alacaqlı borcunu aldığı vaxt keçmiş illərin zəkatını verməlidir[2]”, – deyir.

 


[1]  Vəhbə Zuheyli, a.ç.ə., 3/280

[2]  Vəhbə Zuheyli, a.ç.ə., 3/281

 

Exit mobile version