Mənəviyyata Açılan Pəncərə

Borcdan qurtulma duası

 اَللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ

“Allahummə İkfini bi halalikə an haramikə və Əğninə bi fadlikə am-mən sivəkə”

“Allahım! Məni halal buyurduğun şeylərlə haramlardan qoru. Lütfünlə məni Özündən başqasına möhtac etmə!”[1]

Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) məscidə girdi. Orada ənsardan Əbu Umamə (r.a.) ilə qarşılaşdı. Ona: “Ey Əbu Umamə, niyə namaz vaxtı olmaya-olmaya məsciddə oturursan?” – deyə soruşdu. O da: “Yaxamdan əl çəkməyən kədər və borca görə, ey Allahın Rəsulu,”– deyə cavab verdi. Bu zaman Allahın Rəsulu (sallallahu əleyhi və səlləm): “Sənə bəzi sözlər öyrədim? Bunları oxusan, Allah işini düzəldər və borcunu qaytararsan”. Əbu Umamə: “Ey Allahın Rəsulu, öyrət!” – dedi. “Elə isə səhər-axşam bu duanı oxu:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ,
وَالْعَجْزِ وَالْكَسَلِ, وَالْبُخْلِ وَالْجُبْنِ, وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ

“Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni vəl-əczi vəl-kəsəli və-buxli vəl-cubni və daladı-dəyni və ğaləbətir-rical”

 “Allahım, üzüntü və kədərdən Sənə sığınıram. Acizlik və­ tənbəllikdən Sənə sığınıram, qorxaqlıqdan və xəsislikdən Sənə sığınıram. Borcu ödəyə bilməməkdən və insanların qəhrindən Sənə sığınıram”. Əbu Umamə deyir: “Mən bu duanı oxudum, Allah kədəri məndən uzaqlaşdırdı, borcumu da ödəyə bildim”.[2]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan dua­

İslamiyyət kasıblıq və yoxsulluq hallarını xoş qarşılamır. Müsəlman ruzisini halal yolla təmin etmək üçün gecə-gündüz çalışmalıdır. Əlbəttə, bu vəziyyətdən çıxmaq üçün Allaha dua etməyi də unutmamalıdır. Yoxsulluqdan əziyyət çəkən yatsı (işa) namazından sonra aşağıdakı duanı səmimi qəlbdən oxumalı, Allaha yalvarmalıdır.

بِسْمِ اللَّهِ عَلَى نَفْسِى وَمَالِى وَدِينِى ، اَللَّهُمَّ رَضِّنِى بِقَضَائِكَ وَبَارِكْ لِى فِيمَا قُدِّرَ لِي حَتَّى لاَ أُحِبُّ تَعْجِيلَ مَا أَخَّرْتَ ، وَلاَ تَأْخِيرَ مَا عَجَّلْتَ

 “Öz adımdan, malım və dinim adından Allahın adını anıram. Allahım! Məni verdiyin hökmə razı et, mənə verdiyin şeyləri bərəkətləndir. Elə bərəkətləndir ki, sonraya saxladığını indi, indi verdiyini də sonra Səndən istəməyim”.[3]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan başqa bir dua

Əbu Umamə əl-Bahili yoxsulluq üzündən gününü məscid­də keçirirdi. Bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenə məsciddə boynu bükük, kədərli oturan Əbu Umaməyə səhər namazından sonra bu duanı üç dəfə oxumağı tövsiyə edir:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ , وَالْعَجْزِ وَالْكَسَلِ , وَالْبُخْلِ وَالْجُبْنِ , وَاعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَ قَهْرِ الرِّجَالِ

 “Allahım, dərd və kədərdən Sənə sığınıram. Acizlik və tənbəllikdən də Sənə sığınıram. Qorxaqlıq və xəsislikdən də Sənə sığınıram, borcu ödəyə bilməməkdən və düşmənlərin qəhrindən də Sənə sığınıram”.[4]


[1]. Tirmizi, Dəavat 111

[2]. Buxari, Dəavat 36; Əbu Davud, Səlat 367

[3]. Nəvəvi, İstanbul 1986, əl-Əzkar, s.116

[4]. Əbu Davud, Səlat, 367

Exit mobile version