Mənəviyyata Açılan Pəncərə

Borcu olan şəxs sədəqə verə bilərmi?

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu.[1]

Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır. Bəlkə də həmin insanın duası sayəsində yardım edən şəxs borcdan qurtulacaq.

Bir insan ailəsinin güzəranını qarşıladıqdan sonra geri qalan malının yarısını, hətta hamısını sədəqə olaraq verə bilər. Quranda belə buyrulur:

Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.[2]

“(…Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!...”[3]


[1] Buxari, İman 32; Müslim, Müsafirin 215-218, Münafiqin, 78.
[2] Bəqərə 2/274.
[3] Bəqərə 2/219.
Exit mobile version