Sual: Qədir gecəsi nədir? Hamı 27 Ramazanı Qədir gecəsi kimi qəbul edir və əhya etməyə çalışır. Bəs, bu gecə o gecə deyilsə, onda necə olur? Dünyanın bütün yerlərində Qədir gecəsi necə baş verir?
“Kim inanaraq və savabını umaraq Ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar”.
(Buxari, Savm 6, Təravih 1, Leylətül-Qədr 1; Müslim, Müsafirin 173-17)
Qurani-Kərimdə Qədir gecəsinin varlığı və fəziləti Allah tərəfindən bildirildiyi halda, hansı gecə olduğu bəyan edilməmişdir. Peyğəmbərimiz səllallahu əleyhi və səlləm də bu gecənin vaxtını dəqiq bildirməmişdir. Ancaq həmin gecənin bəzi əlamətlərini xəbər vermiş və onu bəzi gecələrdə axtarmağı məsləhət görmüşdür.
Qədr sözü, məqam, şərəf, dəyər, əzəmətmənalarına gəlir. Bu surə Quranın vəhyinin başlanğıcından, gecənin böyük fəzilət və bərəkətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edir:
1. Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2. Sən Qədir gecəsi nədir, bilirsən?!
3. Qədir gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)
(Qədr surəsi, 97/1-5)
Müsəlmanlar arasında Qədir gecəsinin Ramazan ayının iyirmi yeddinci gecəsinə düşməsi haqda ümumi fikir olsa da, bu bir ehtimaldır. Bu haqda qırxa yaxın fərqli fikirlər var.
Übadə ibn Samit (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s) Qədir gecəsini xəbər vermək üçün evindən çıxıb məscidə gəldi. Orada müsəlmanlardan iki nəfərin mübahisə etdiyini gördü və belə dedi:
– Mən sizə Qədir gecəsini xəbər vermək üçün gəlmişdim. Bu iki nəfərin mübahisəsi üzündən onun haqqındakı məlumat məndən alındı. Ehtimal ki, bu, sizin üçün daha xeyirlidir. Artıq siz Qədir gecəsini (ramazan ayının 20-dən sonrakı) 9-cu (yəni ramazanın 29-da), 7-ci (ramazanın 27-də) və ya 5-ci (ramazanın 25-də) gecələrdə axtarın” (Buxari, Leylətil-Qədr, 4; Müslim, Siyam, 217).
Yenə Übadə ibn Samit (r.a.) nəql edir: Allah Rəsuluna Qədir gecəsi haqda sual verildi. O da belə buyurdu: “Qədir gəcəsi Ramazan ayında son on günündədir. Tək gecələrdən, 21, 23, 25, 27 və ya 29-cu gecədədir, ya da son gecədədir. Kim Qədir gecəsini inanaraq və mükafatını umaraq qiyamla (namazla) keçirərsə, keçmiş günahları bağışlanar. Qədir gecəsinin bəzi əlamətləri bunlardır: O gecə parlaq, açıq, aydın, təmiz, sakit və durğun olur. Nə isti, nə də soyuq olur. O gecə ay parıldayıb nur saçır… (Müslim, Siyam, 212, 215, 208; İbn Macə, Siyam, 56).
Qədr gecəsini Ramazan ayının bütün günlərində (Əbu Davud, Salət, 324.), son on günündə (Buxari, Fədlü Leylətül-Qədr 3; Müslim, Etikaf, 5; Tirmizi, Savm, 71 və s.), son yeddi gecəsində (Buxari, Leylətil-Qədr, 2; Müslim, Sıyam, 205-206), son on günün tək gecələrdə (Müslim, Sıyam, 212, 215, 208; İbn Macə, Sıyam, 56), 27-ci gecəsində (Müslim, Siyam, 220, 221; Əhməd ibn Hənbəl, 1, 240) axtarmaqla bağlı Allah Rəsulundan hədislər nəql edilmişdir.
Tabiun dövrünün məşhur qiraət və hədis alimi Zirr ibn Hübeyş nəql edir: Mən Übeyy ibn Kəbdən (r.a) eşitdim. Ona dedilər ki, Abdullah ibn Məsud (r.a) ‘Kim ilin bütün gəcələrini namaz qılaraq keçirərsə Qədir gecəsinə rast gələr…” deyir. (Bu haqda sən nə düşünürsən?) Bunun üzərinə Übeyy ibn Kəb (r.a) belə cavab verdi:
– Özündən başqa haqqı ilə ibadət etməyə layiq heç bir ilah olmayan Allaha and olsun ki, o gecə Ramazan ayındadır. (Übeyy) xüsusi bir şeyə and verirdi.
– Allaha and olsun ki, o gecənin hansı gecə olduğunu da çox yaxşı bilirəm. O gecə, Rəsulullah -səllallahu əleyhi və səlləm bizə, namaz qılaraq keçirməmizi əmr etdiyi, iyirmi yeddinci günün səhərinin gecəsidir. O gecənin əlaməti günün ilk saatlarında günəş şüasız, bəmbəyaz doğar.” (Müslim)
Əgər bu gecə Qədir gecəsi deyilsə, onda necə olur?
Dini həsas yaşayan və qulluq şüruna ərmiş insanlar Ramazanın hər bir gecəsinin qədrini bilər. Ramazana girmədən planlar hazırlayar. Bunun nəticəsində də rəhmət ayını doya-doya, dolu-dolu yaşayarlar. Ələxüsus Ramazanın son on günüdə pusquda gözləyər kimi Qədir gecəsi ümidi ilə biraz daha sürəti artırarlar. Yaşdığımız dövrdə bu şəkildə dini bütün insan sayı təəssüf ki çox azdır.
Bir də gəmisi sınıq-salxaq geridə qalanlar var ki, belə günləri qənimət bilər, əhya etməyə çalışarlar. Əgər səmimi olsalar ümid olunur ki, onların da papaqlarına nəsə qoyular, boş geri qaytarılmaz. Yuxarıdakı sual əslində bu cür insanları daha çox maraqlandırır. Bir tərəfdən də nəfis və şeytan beyninə şübhə toxumlara ataraq əhya edəcəyi bir günü də əlində almaq istəyər.
Yuxarıda da qeyd etdik, Ramazan ayının 27-inci gecəsinin Qədir gecəsi olması bir ehtimaldır. Ancaq, dünya müsəlmanlarının əksəriyyəti bu gecəni Qədir gecəsi kimi qəbul edir, əhya edirlər. Bu gecə Qədir gecəsi olmasa da, yüz minlərlə insan hamısı bir ağızdan dua edir, əl açıb yalvarırlar. Keçmiş dövr alimləri arasında yayılmış belə fikir var: “Dua külliyyət kəsb edərsə, qəbula qarın olur.” Yəni, hamılıqla edilən duanın qəbul olunma ehtimalı çox böyükdür. Ümid olunur ki, bu gecə Qədir gecəsi olmasa da yer üzündən İlahi Dərgaha doğru mənəvi dua koridoru açılır. Bu qədər insanın etdiyi dua geri çevrilməz. Dua edən insanlar içində səmimi, ixlaslı şəxslər vardır. Bizim dualarımız da ümumun duası arasına qarışar, ümumun “Aminləri” sayəsində qəbul olunar.
Hər şeyin doğrusunu Allah bilir. Ancaq bu fikri də güdaza verməmək lazımdır. Ümid dolu arzularla əllərimizi Qüdrəti Sonsuzun dərgahına doğru qaldıraraq dua etmək lazımdır. Ətalətə, ümidsizliyə qapılıb dua etməkdə tənbəllik etməməliyik.
Fərqli ölkələrdə Qədir gecəsi necə idrak olunur?
Qədir gecəsi, ölkələr fərqli olsa da eyni gecədir. Buna görə axşam günəşin batması ilə Qədir gecəsi başlayar. Hər yeni gün Filippin, İndoneziya tərəfindən başlayır. Bunu əsas götürsək, Qədir gecəsi də oradan başlayar. Yer günəş ətrafında dövr etdikcə qədir gecəsinin feyz və bərəkəti də coğrafi məkana uyğun olaraq davam edər.
Bu da bir həqiqətdir ki, qədir gecəsinin əsas əlaməti olan havanın açıq olması hər yerdə gerçəkləşməyə bilər.
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Quranı Kərimdə Qədir gecəsinin varlığı və fəziəti bizzat Allah tərəfindən bildirildiyi halda hansı gecə olduğu qeyd edilməmişdir. Hər nə qədər Ramazan ayının irmi yeddinci gecəsinin Qədir gecəsi ola biləcəyinə dair ümmətin ümumi bir qəbul və tərcihi olsa da bu ola bilmə ehtimallarından sadəcə biridir.
Qədir gecəsi “Gecələrin şahı” adlandırılmışdır və mübarək gecələrin ən üstünü sayılır. Qiyamətə qədər bütün insanlara dünya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş günü və bunun ildönümləri, əlbəttə ki, müstəsna gündür və qeyd olunmağa dəyər.
Qədir gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan[1] dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Qurani-Kərimdə “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185) buyurulur.
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.