Bürc nə deməkdir?
Bürc kəlməsi ərəb dilində “gözəl görünmək, diqqəti cəlb etmək, açıq-aşkar görülmək, baxıldıqda ilk diqqət çəkən şey” mənalarına gəlir. Qədim dövrlərdə qala divarlarının künclərinə tikilən daha yüksək və çıxıntılı qüllələrə də bürc deyilirdi. Həmçinin səmada görülən ulduz topaları da bu adla adlandırılmışdır.
Astranomiya elmi və bürclər
Gecə qaranlığında istiqamət və yönün təyin edilməsində ulduz topalarından istifadə etmək mümkündür. Məsələn hər gecə səmamımızda görünən Böyük və Kiçik Ayı bürcü bizə qütb ulduzunun yerinin müəyyən etməkdə kömək edir. Əsasən dənizçi, səyyah, təyyarəçi, geoloq üçün istiqaməti təyin etməkdə bürcləri tanımaq əhəmiyyətlidir.
Qədim dövrlərdə astranomiyada bir-biri ilə əlaqəli görünən ulduz topalarına müəyyən adlar verilir, ulduzların müşahidə və öyrənilməsinin əlverişliliyi üçün ulduzlu göy bürclərə bölünürdü. 1922-ci ildən başlayaraq Beynəlxalq Astronomiya İttifaqı göy qübbəsində 88 bürc olduğunu müəyyənləşdirib. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46 ədədi isə cənub yarımkürəsində görünür.
Doğru bilinən yanlışlar
Adi gözlə müşahidə edildikdə bəzi ulduzların bir-biri ilə əlaqəsi varmış kimi görünür. Müasir teleskopların inkişafı və astronomiya sahəsindəki elmi kəşflər bir-biri ilə əlaqəli kimi görünən və həndəsi şəkillər əmələ gətirən ulduz quruplarının əslində bir-birindən ağlasığmaz ölçüdə çox uzaq olduğunu sübut etmişdir. Məsələn, dolça bürcünün ən parlaq iki ulduzu 1359 və 2174 işıq ili uzaqlıq, əqrəb bürcündə bir-birinə çox yaxın görünən Alfa və Siqma ulduzları arasında minimum 1277 işıq ili məsafə var. Elm və texnologiya inkişaf elədikcə ulduzlar daha yaxından öyrənilmiş bir çox təsəvvürlərin doğru olmadığı ortaya çıxmışdır.
Bürclərin adlandırılması
Bürclərin adlandırılması səmadakı ulduzların insanlar tərəfindən xəyali xətlərlə birləşdirilməsindən ortaya çıxıb. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. Bürc olaraq adlandırılan ulduz topalarına ayrı-ayrılıqda nəzər saldıqda heç də həmin xəyali fiqurun alınmadığını görürük.
Bürclər içərisində diqqət çəkən on iki zodiak bürcü xüsusi yer tutur. “Zodiak” yunan sözü olub, “vəhşi heyvanlar” deməkdir. Həmin heyvanların adları belədir: əkizlər, tərəzi, dolça, qız, oğlaq, şir, qoç, xərçəng, balıqlar, əqrəb, oxatan, buğa. Yerin günəş ətrafında fırlanması ilə hər ay günəş bu bürclərdən birində görünür. Günəş qoç bürcündə olduqda yaz; xərçəng bürcündə olduqda yay; tərəzi bürcündə olduqda payız; oğlaq bürcündə olduqda isə qış fəsli başlayır.
Quranı-Kərim və hədislərdə bürclər
Qurani-Kərimdə “bürclər” mənasına gələn bir surə[1] olmaqla yanaşı, bazı ayələrdə bürclər haqqında məlumat verilir.
“And olsun bürclərlə bəzədilmiş göyə!”.[2]
“Səmada bürclər yaradan, orada bir çıraq olan günəşi və nurlu ayı vücuda gətirən Allahın şanı nə ucadır!”[3]
“Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik! Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər. (və üstünə düşüb yandırar).”[4]
Ayətlərdə keçən bürc kəlməsi qaranlıq gecədə insanı valeh edən ulduz topalarının göy üzünü bəzəməsi, İlahi əzəmət və ehtişama işarədir. Kainatda yaradılan hər şeydə əsrarəngiz gözəlliklər var. Bu mənada göy üzündə ulduzların düzülüşündə də bu gözəllik diqqəti cəlb edir. Ayrıca Hicr surəsi 16-cı ayəsinə nəzər saldıqda kahinlik, falçılıq və astrologiya elminin şeytanın aldatması olduğunu görürük. Allah Rəsulu bir hədisində: “Axır zamanda fala (bürclərə) inanıb, qədəri inkar edənlər çıxacaqdır.”[5] Qətadə (rəhiməhullah) demişdir ki: “Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.” Buna əlavə olaraq başqa bir rəvayətdə isə: “Allaha and olsun. Allah heç kimsənin nə yaşamasını, nə ölməsini, nə də dolanışığını hər hansı bir ulduza bağlamışdır. Bunu söyləyənlər Allah haqqında yalan uydurur və özlərinə bəhanələr uydurub təsəlli tapırlar.”[6]
Səmadan xəbər var
Üzümüzü səmaya tutub uzaqdan-uzağa göz vurub təbəssüm edən ulduzlarla bəzədilmiş göy üzünə baxanda planetimizdən, bəlkə də, min dəfə böyük, yer üzündəki qum dənələrindən çox olan göy cisimlərini zərrəcə nöqsansız hərəkət etdirən, öz orbitləri ətrafında ahənglə döndərən Allahın qüdrətini müşahidə edirik. Bu prizmadan nəzər yetirəndə elektronikadan kosmologiyaya, atom fizikasından radiologiyaya qədər hər şeyə hökm edən Allah-Təalanı görür, ulduzların, günəşlərin, qalaktikaların, kosmik buludların, hətta ən kiçik meteoritlərin öz dilləri ilə: “Allah vardır. Bizi fəza boşluğunda saxlayıb bir-birimizlə toqquşmadan gəzdirən, ahənglə dolaşdıran Odur” − dediklərini eşidirik. Kainata baxanda atomdan kiçik hissəcikdən tutmuş planetlərə qədər hər şeyin Allahın əmrini dinlədiyini, Onun əmrlərinə müntəzir olduğunu, zərrə və cisimlərin o böyük Yaradanın əmri ilə hərəkət etdiyini görür, Uca Allahın hər şeyə istədiyi nizamı verdiyini müşahidə edirik.
“Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.”[7]
“Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar...”[8]
Bürclərə olan inam harada ortaya çıxıb?
Tarixi mənbələrdə Mesopotamiyada yaşayan və atəşpərəstliyə inanan xalqların ulduzlara da sitayiş etdiyini görürük. Həmçinin Hindistanda və Misirdə də buna bənzər inanclar mövcud olub. Ayrıca Quranda adı keçən, İraq ərazisində yaşayan sabiilərin də Günəşə və Aya tapdıqları bilinir. İnsanlar, inanmaları gərəkli olan tövhid inancından uzaqlaşınca batil inanclara sapmış, müxtəlif varlıqları Allaha şərik qoşmuşlar.
Astrologiya və Astronomiya
Bürclərin insana təsir etdiyini iddia edən astrologiyaya aiddir. Astrologiya göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial münasibətləri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və inancların bütünlükdə adıdır. Astrologiya şərqdə “elmi-nücum”, “ulduz falı” və başqa adlarla adlandırılmışdır.
Hər ikisi də göy cisimlərinin hərəkətlərini müşahidə etdiyi üçün astronomiya ilə astrologiya elmi bir-biri ilə qarışdırılmışdır. Kosmik araşdırmalar ilə məşğul olan astronomiya müstəqil elm sahəsidir. Astrologiya akademik mətbuatda elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.
Bürclərin doğum günü ilə əlaqələndirilməsi
Bürclərin doğum günü ilə əlaqələndirilməsi Günəşin dünyaya görə keçməkdə olduğu 12 ulduz qrupuna əsasən təyin olunur. Məsələn, Noyabr ayı hər il Əqrəb bürcündə olur və bu günlərdə dünyaya gələnlər həmin bürcdən sayılır. Yəni bir mənada bu günlərdə dünyaya gələnlərə həmin bürcün təsirinin olduğu qəbul edilir. Halbuki, Günəş həmin bürcdə olarkən, o bürc dünyaya ən uzaq məsafədə olur.
Bürclərin insan xarakterinə təsiri ilə əlaqəli olduğunu iddia edənlərin ən böyük xətalardan biri də keçmişdə yaşayan şəxsiyyətlərin bürclərinin hesablanması zamanı baş verir. Dünyanın iyirmi altı min ildə bir tamamlanan dönmə hərəkəti var ki, bu da hər 2300 ildə bir dəfə bürclərin bir pillə irəliləməsinə səbəb olur. Məsələn, 1 yanvar 2015-ci ildə dünyaya gələn uşaq oğlaq, ancaq e.ə. 1 yanvar 300-cü ildə doğulan uşaq isə dolça bürcündəndir.
On iki tip insan var?
Üstün qüdrət sahibi Rəbbimiz hər bir insanın barmaq izlərini belə bir-birindən fərqli yaratmışdır. Həmçinin yüzlərlə insan simasına nəzər saldıqda bir birinə bənzər üzlər görmək imkansızdır. Bir-birinə bənzəyənlərə də bir az diqqətlə baxınca fərqliliyin təzahür etdiyini görə bilərik.
Hər bir şeyi fərqli gözəllikdə yaradan və öz möhürünü vuran Allah Təalanın on iki tip insan yaratması düşünülə bilməz. Milyonlarca insanın bədən quruluşunu, xarakterini, qədərini və gələcəyini on iki bürclə mədudlaşdırmaq nə elmi, nə məntiqi, nə də dini prizmadan doğru deyil.
Doğum tarixlərinə baxaraq bürcü təyin etmək və o bürc haqqında yazılan xüsusiyyətlərə baxaraq bir qənaətə gəlmək, hökm vermək qeyri-ciddi bir baxış tərzidir və həmin insanları yanıldır.
Kəlmələrə yüklənən yanlış mənalar
Gündəlik həyatda istifadə etdiyimiz, eynimənalı olduğunu düşündüyümüz yaxın mənalı sözlər vardır. Lüğətdə həmin sözlərin mənalarına baxdıqda heç də eyni olmadıqlarını görürük. Mənası qarışdırılan sözlərdən biri də “bənzər” və “eyni” sözləridir. “Bənzərlik” birinin digərinə oxşaması mənasına gəlir. “Eynilik” isə bir şeyin digərinə tam oxşaması, arada heç bir fərqin olmaması deməkdir.
İnsanın düşünmə mexanizmi
İnsanın düşünmə mexanizmi çox sadədir. İnsan beyni kainatda var olan hər bir şeyi başa düşmək, onun haqqında qərar vermək üçün onları qruplara ayırır. Bir-birinə bənzər olan şeyləri eyni kimi görməyə çalışır. Ancaq bilgisi artdıqca və hər şeyi ayrı ayrılıqda tədqiq elədikdə onun çox fərqli olduğu ortaya çıxır. Ona görə də hər bir şeydə ortaq, bənzər yönlərin olması mümkündür. Ancaq onları eyniləşdirmək doğru deyildir. Varlıq aləmində bir-birinin eynisi olan heç bir şey yoxdur.
Allah insanı da ən mükəmməl şəkildə yaratmışdır. Qədər planında xarakterlərdə müəyyən bənzərliyin olması mümkündür. Hətta müəyyən fəsildə doğulanların xarakterində oxşarlıqların olması da təbiidir. Ancaq bu fikri ümumiləşdirərək bir müddəa halına gətirmək elmilikdən uzaqdır.
İnsan bilgisinin qaynağı nədir?
Doğru bilgini əldə etməyin üç yolu var:
˗ Beş duyğu orqanımızla
˗ Ağıl
˗ Sadiq xəbər (vəhyə dayanan, ancaq Peyğəmbərlər tərəfindən bildirilən bilgi)
Bu üç qaynaqdan əldə edilən bilgi insanı heç bir zaman yanıltmaz. İnsan qarşılaşdığı bilgiləri bu üç qaynaqla müqayisə etməli, “doğru” və ya “yanlış” olduğuna qərar verməlidir.
Ulduz falı və astroloqun verdiyi məlumat da elmi əsası olmayan, isbat olunmamış məlumat yığınından başqa bir deyildir.
Kainatda hər şey bir-birinin tamamlayıcısıdır.
Kainatda hər şey bir vəhdət təşkil edir. Ayın hətta günəşin dənizlərdəki qabarma və çəkilmə hadisələrinə təsiri araşdırmalarla sübut edilmişdir. Bir canlının müxtəlif orqan və hüceyrələri arasında əlaqə və qarşılıqlı təsirlənmə olduğu kimi, kainatda da belə əlaqənin olması mümkündür. Günəşdən çıxan zərərli hissəciklərin, maqnit dalğalarının önü atmosfer təbəqəsi dediyimiz qoruyucu qalxanla mühafizə edilir. Ay öz kütləsinin ağırlığı ilə yerə yaxınlaşması gərəkirkən döndürüldüyü sürətin təsiri ilə ona təyin olunan orbitin kənarına çıxmır. Bütün bunlar bizə Allah Təalanın güc və qüdrətini göstərir, əzəli proqramın necə həssas işlədiyini göstərir.
Allah Təala öz qüdrətinə səbəbləri pərdə edib. Yağmuru bulud yağdırır, buludları külək sürükləyir və s. Bəzi icraatlarına mələkləri pərdə edir: Əzrailin (ə.s) can almağı, Cəbrailin (ə.s) vəhy gətirməyi və s. buna misal göstərilə bilər. İstəsə idi bürcləri də öz qüdrətinə pərdə edər və bizə bunu bildirərdi. Bürclərdən səmanın bəzədilməsi kimi bəhs etmişdir. Buradan da bürclərin heç bir təsir gücünə malik olmadığını anlaya bilərik.
Qeybi bilmək
Əzəli planda insana maraq və təəccüb duyğusu yerləşdirilmişdir. Bunun bilmədiyimiz hikmətləri vardır. Bu duyğudur ki, insan onunla hər şey haqqında fikirləşir, düşünür, araşdırır və sirli pərdəni aralamağa çalışır. Maraq dünyamızı cəlb edən, demək olar ki, bütün dövrlərdə, az və ya çox hər kəs düşündürən bu xüsuslara əbədi yaşamaq arzusu, ölümsüzlük iksiri, gələcəyi, qeybi bilmək istəyini misal verə bilərik.
Bu və bənzəri sualların ortaya çıxmasının səbəbi insanın vəhyə qulaq verməməsidir. İlahi vəhy insanın dünyaya imtahan üçün göndərildiyini, əsl həyatın axirət yurdu olduğunu, ancaq orada əbədi yaşayacağını bildirir. İnamsızlıq insanı doğru sahilə çıxmaqdan məhrum edir və şeytanın heç susmayan fısıltıları da bizi o sahildən uzaqlaşdırır.
Qeybi ancaq Allah bilir. “Bilinməyən necə xəzinələrin və qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam, 6/59) “De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.” (Nəml,27/65)
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa!” (Cinn, 72/26-27)
İnsanların bilə bilməsi də onun icazəsi ilə olur. O bilgi peyğəmbər üçün vəhy, vəli üçün ilham, mömin üçün yuxu, yoldan azmışlar üçün istidrac (azğınlığını artırmaq üçün İlahi məkr) şəklində olur. Peyğəmbərlərin bildirdikləri bilginin hökmü qəti ikən, digərləri isə subyektivdir.
Bürclərə inanmaq insanın imanına təsir edərmi?
Bürclərə, qoroskop kimi şeylərə inanmaq, bürc falı açdırmaq günahdır. Ayədə “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” ˗ buyrularaq, falın şeytan əməli olduğu bildirmişdir. Zeyd İbn Xalid əl-Cühəni (r.a) rəvayət edir “Rəsulullah (s.ə.s) Hüdeybiyədə, bizə, gecə yağan yağmurun ardında sübh namazı qıldırdı. Namazı qurtarınca camaatın önünə keçdi və:”Rəbbiniz nə dedi bilirsinizmi?”˗ buyurdu. Camaat: “Allah və Rəsulu daha yaxşı bilir!”˗ dedilər. “Allah Təala: “Bəndələrimdən bir qismi mömin, bir qismi də kafir olaraq sabahladı. “Allah fəzl və rəhməti ilə bizə yağmur yağdırdı” ˗ deyən mömin, ulduzların təsiredici gücünü inkaredici olaraq sabahladı. Hər kim də: “Bu və ya o ulduz sayəsində bizə yağmur yağdırıldı” ˗ dedi isə o da mənə kafir, ulduzların təsirinə inanmış olaraq sabahladı.” dedi!”˗ buyurdu.”[9] Cahiliyyə dövründə ərəblər yağmurun yağmasını ulduzlarla əlaqələndirirdilər. Əbu Səid (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) buyurdular ki: “Əgər Allah Təala, insanlardan yağmuru beş il yağış yağdırmayıb sonra göndərsə, insanlardan bir qrupu kafir olar və: “Micdəh ulduzu səbəbi ilə yağmura qovuşduq!” ˗ deyərdi.”[10]
Hədislərə nəzər saldıqda baş verən hadisələri bürclərə aid etmək və bürclərdən olduğuna inanmaq Allahın qüdrətindən şübhələnmək, qədərə “daş atmaq” deməkdir və bu şirk sayılır. İnsanın gələcəyini, yalnız onu yaradan Uca Allah təyin edər, başa gələcəkləri bürclər də daxil heç bir varlığa həvalə etmək doğru deyildir.
Nəticə etibarı ilə deyə bilərik ki, Quran ayələrində kainatın möhtəşəm düzənini, Günəş, Ay və ulduzların düzülüşünü təfəkkür etməyə dəvət vardır. Buradan Allahın varlıq və birliyinə qapılar açılır. Yer üzündəki bütün varlıqlar Allahın əmri ilə hərəkət edir. Heç bir varlığın yaradıcı, təsiredici və yön göstərici gücü yoxdur. Allahdan başqa heç kimsə qeybi bilə bilməz.
Bu yönü ilə İslam, insanın gələcəyi haqqında ulduz və bürc falına etibar etməyi, onlara bir məna verməyi və ümid bəsləməyi əsla qəbul etmir.
Dinimizə görə, ulduzların səmadakı müxtəlif düzülüşünün insanın taleyini müəyyən etməkdə və ona təsir göstərmək heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsinin, taleyinin iqtidarında deyil. Bizi və digər varlıqları yaradan Allahdır. İnsanın gələcəyini, onu Yaradan Uca Allah təyin edir. Cəmiyyət içərisində bu cür batil və əsli-əsası olmayan şeylərə marağın olmasının səbəbi insanları lazımi səviyyədə dini bilgilərinin olmaması və imandakı boşluqlardan qaynaqlanır.
Sual: Bürclərə inanmaq olarmı? Cavab: Bürc kəlməsi ərəb dilində “ulduz” deməkdir. Bürc sözünə eyni zamanda Qurani-Kərimdə də rast gəlirik. Belə ki, Quranın 85-ci surəsinin ilk ayəsi belədir: “And olsun o bürclərlə dolu göyə”. Bürc astronomik olaraq, göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Qədimdə insanlar ulduz topasını bürc adlandırmışlar.
Bu hissədə Allah Rəsulunun müxtəlif elm sahələrinə aid məsələlər haqda dediyi sözlərin yenə Onun doğruluğuna şahidlik etməsindən qısaca danışmaq istəyirik.
Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri: “Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi.
Allah Rəsulunun dövründən daha uzaq, bizim dövrümüzə daha yaxın, hətta əsrimizə aid, həmçinin gələcək yüzilliklərdə gerçəkləşəməsi gözlənilən neçə-neçə misallar vardır.
Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: “Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var”, – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.