Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə qüsurunu axtarmamalıdır. Qulaq qeybət, dedi-qodu və faydasız şeyləri dinləməməlidir. Ən əsası da ürək gözəlliklərlə yaşamalı və beyin gözəl şeylər düşünməlidir. Qəlb əhli yalan və qeybətin orucu pozduğunu deyir. Bütün bədən üzvlərini oruca səfərbər etməyi bacarmayan insan zahirən oruclu olsa da, əslində, orucun mahiyyətinə varmamışdır. Allah Rəsulunun “Elə oruc tutanlar var ki, orucdan onlara qalan sadəcə aclıq və susuzluqdur” hədisi (Əhməd b. Hənbəl, Müsnəd, 2⁄441) bu həqiqətə işarə edir.
Üç növ oruc var: 1. Ruhun orucu ifrat ehtiraslardan uzaq durmaq və qənaətkar olmaqdır. 2. Ağlın orucu nəfsin həvəs və istəklərinə zidd hərəkət etməkdir. 3. Nəfsin orucu yemək-içməyə və harama qarşı pəhrizkar olmaqdır.
“Oruc qalxandır” hədisi (Buxari, Tövhid, 35) “oruc insanla masiva, yəni insanla Allahdan qeyri hər şey arasında pərdə (sədd, maneə) olmalıdır” şəklində şərh olunur.
Orucun üç dərəcəsi var: 1. Avamın (əksəriyyətin, sadə xalqın) orucu: səhərdən axşama kimi yemək-içməkdən və cinsi həzdən uzaq durmaqdır. 2. Xəvasın (seçilmiş insanların) orucu: yuxarıda sadalananlarla yanaşı, bütün orqanları təftiş etməkdir. 3. Ən seçilmişlərin orucu isə qəlbin Allahdan qeyrisi ilə məşğul olmasına imkan verməməkdir. Xalq oruclu olarkən yemir, içmir. Seçilmişlər günah və pis şeyləri bədən üzvlərinə yaxın buraxmır. Ən seçilmişlər, yəni ariflər, Allah aşiqləri və kamil insanlar isə masivanı (Allahdan qeyri hər şeyi) qəlblərinə yaxın qoymazlar. Əslində, orucda əsl məqsəd də bu sonuncu səviyyəyə çatmaqdır”. (Mehmet Dəmirçi, İbadətlərin İç Anlamı, Təsəvvüf Dərgisi, III say, Ankara, 2000)