372. 199 dəfə oxunub ,   5 şərh   Çap et

Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir. Bu güclər bədənə və ruha təsir edə bilirlər. Cadunun hislərlə bağlı olduğunu, əksinə, maddi aləmlə əlaqəsinin olmadığını iddia edənlər onu vahimə, xəyal və qorxudan ibarət psixoloji pozuntu sayırlar. Buna gözbağlayıcılıq və illüziya deyənlər də var.

Cadunun taxiri qədimdir. Məsələn, Həzrət İbrahimin peyğəmbər göndərildiyi Babil xalqı cadu ilə məşğul olurmuş. Hindistan yarımadası, qədim Çin və əski mədəniyyətlərdə də cadu bir reallıq kimi mövcudluğunu davam etdirmişdir.

Xüsusilə, Peyğəmbərimizin dövründə cadu yəhudilər arasında geniş yayılmışdı. Yəhudilər Həzrət Süleymanın – haşa – böyük bir sehrbaz olduğunu, hakimiyyət və səltənəti cadu ilə əldə etdiyini, insan və cinlərə cadu ilə hökm etdiyini deyir, özlərinin də bu yolla çox güclü olacaqlarını, həm də başqa qövmlərin içinə qorxu salacaqlarını düşünürdülər. Qurani-Kərim Süleymanın bir peyğəmbər olduğunu bəyan edəndə onlar – haşa – “Məhəmməd Süleymanı peyğəmbər hesab edir, halbuki o, bir cadugərdir”, – demişdilər. Haqq-Təala “Bəqərə” surəsinin 102-ci ayəsi ilə onların bu iddialarına cavab vermişdir: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların uydurduqlarına uydular. Süleyman kafir olmamışdı, lakin o şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), kafir olmaq- dan çəkinin!” – demədən heç kəsə sehr öyrətmirdilər. Ancaq ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərərli şeyləri öyrənirdilər. Həqiqətən, onlar sehri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarınıbiləydilər!

Bu ayə Harut və Marut qissəsinin mahiyyətini də açıqlayır. Bəzi Quran təfsirçiləri onların mələk olmadığını, rəmzi və məcazi mənada işlədildiyini desələr də, əksəriyyətin fikrincə, Harut və Marut adlı bu iki mələk Süleyman əleyhissalamın zamanında Babildə insan surətində ortaya çıxmış, pis niyyətlərə və əməllərə alət etməmək şərti ilə sehr elmini insanlara öyrətmiş və insanlar üçün bir sınaq olmuşdur. Tanınmış təfsir alimi Almalılı Həmdi “Haqq dini Quran dili” adlı təfsirində yazır ki, Harut və Marut adlı bu iki mələk sehr öyrətməmiş, amma Babil əhalisi öyrəndikləri əsasında sehrlə məşğul olmağa başlamış və beləcə Qurani-Kərimin bəyan etdiyi kimi küfr işləmiş, inkara sapmışdır.

Cadu əksər alimlərin fikrincə, bir həqiqətdir, yəni vardır. Cadunun bəzi növləri maddi dünyaya təsir etsə də, bir məqamı unutmamalıyıq: “Cadunun təsir etməsinin cadu edənlə əlaqəsi yoxdur. Cadunun təsirini yaradan Allah-Təaladır. O, istəsə, cadu təsir edər, istəməsə, təsir etməz”. Mötəbər mənbələrdən məlumdur ki, Allah Rəsuluna da cadu edilmiş və Haqq-Təala da bir hikmətə görə cadunun təsir etməsinə izin vermişdir. Hadisəni Həzrət Aişə anamızdan dinləyək:

“Peyğəmbərimizin qulluğunda duran bir yəhudi uşağı vardı. Bəni Zurayq qəbiləsindən Ləbid bin Asam adlı yəhudi bu uşağı Peyğəmbərimizin saç tellərini yığmağa məcbur etmişdi. Ləbid bu tellərlə Allah Rəsuluna cadu etdi. Nəhayət, gecələrin birində mənim yanımda olanda dalbadal dua etdi. Sonra mənə dedi:

Ey Aişə! Bir məsələ haqda Allahdan hökm istədim, verdi. İki mələk adam surətində yanıma gəldi. Bunlardan biri başımın üstündə, digəri ayaq tərəfimdə oturdu. Sonra biri o birindən: “Bu adamın xəstəliyi nədir?” – deyə soruşdu. O da: “Cadu edilib”, – dedi. “Buna kim cadu edib?” “Ləbid ibn Asam?” Sonra: “Bu cadu nə ilə edilib?” – deyə soruşdu.

O da:

– Bir daraq, bir saç tükü və erkək xurmanın qurumuş çiçəyi ilə,– deyə cavab verdi”.

Sonra Həzrət Aişə anamız Allah Rəsulunun bir neçə nəfərlə həmin quyuya getdiyini və: “Quyunun suyu xına suyu kimi qırmızımtıldır, yaxud ətrafındakı xurma ağacının ucları şeytanların başı kimidir,”– buyurduğunu söyləyir”.[1]

Peyğəmbərimiz darağa sarılıb quyunun içinə atılmış mübarək saç telləri daraqdan açıldıqca rahatlamışdır. Bu hadisədən sonra Allah-Təala “Fələq” ilə “Nas” surələrini nazil etmişdir.

Rəsuli-Əkrəm (s.ə.s) sehr haqqında belə buyurmuşdur:

– “(Fərdləri və cəmiyyəti) məhv edən yeddi şeydən çəkinin.” Səhabələr:

− Bunlar nələrdir, ey Allahın Rəsulu? – deyə soruşdu.

Allaha ortaq qoşmaq, sehr, haqsız olaraq Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, hərb meydanında düşmənə arxa çevirmək (döyüşdən qaçmaq), mömin, xəbərsiz, namuslu qadınlara iftira etmək.”[2]

Cadunun hökmü

Cadu başqalarına zərər vermək məqsədi güddüyündən bir əməl kimi insanı dindən çıxarır. Qurani-Kərim cadu edənlərin nicat tapmayacağını bildirir. Hətta iki adamın arasını düzəltmək kimi hallarda belə cadudan faydalanmaq günahdır. Çünki cadu etmək kəbairdən (böyük günahlar) sayılmışdır.

İslam dini sehri inkar etməmiş, lakin qadağan etmişdir.

Sehr etiqadı pozduğu, tövhid inancına zərər verdiyi, nəzarəti mümkün olmadığı üçün çirkin yollara istifadə edildiyi və aldatma, iğfal, zərər vermə vasitəsi olduğu üçün haram qılınmış, sehrbazların mətləblərinə çata bilməyəcəyi ifadə edilmişdir. (Taha, 20/69)

Cadudan necə qorunmaq olar?

Allah Rəsulu hər gecə yatmağa hazırlaşanda əlini açaraq birləşdirər, “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyub əllərinin içinə üfürər, sonra da başından və üzündən başlayaraq üç dəfə bütün vücuduna əlinin çatdığı qədər çəkər, ondan sonra yatardı. Həzrət Aişə anamız Peyğəmbərimiz bunu hər gecə üç dəfə etdiyini deyir. Əslində, yatmadan öncə bu cür dua etmək iradəmizin bir az da əlimizdə olmadığı yuxuda Allah-Təalaya sığınmaq deməkdir.

Peyğəmbərimiz ona cadu edildiyini biləndə bu surələri oxuyaraq Haqq-Təalaya sığınmışdır. Əllərini açıb birləşdirmiş, “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq ovcuna üfürmüş və başdan ayağacan bütün bədəninə çəkmişdir. Rəvayət edildiyinə görə, Peyğəmbərimiz bunu on bir dəfə etmiş, hər dəfə də bir düyünün açıldığını hiss edərək rahatlaşmışdır.

Dolayısilə, bu cür vəziyyətə düşənlər “İxlas”, “Fələq” və “Nas” surələrini on bir dəfə oxumalı və Peyğəmbərimiz  kimi  etməlidir. Bundan savayı, “Fatihə” surəsini, “Ayətül-Kürsi”ni və Allah Rəsulundan nəql edilən duaları da oxuyub Allahdan şəfa diləmək olar.


[1] Buxari, Tibb, 47; Müslim, Salam, 43.

[2] Buxari, Vəsayə, 23, Tibb, 48; Müslim, İman, 144.



Açar sözləri

cadu cadu nədir?

Bənzər məqalələr

Sehr və cadudan necə qorunmalı?

Sual: Elə insanlar var ki, qarşılaşdıqları bir çox hadisəni − ən xırda çətinlikləri belə cadu ilə əlaqələndirir, özlərinə cadu edildiyini düşünür, bundan qurtulmaq üçün qapı-qapı gəzərək “nəfəsi qüvvətli” adam axtarırlar. Bizim əqidəmizə görə bu nə dərəcədə doğrudur? Cavab: Metafizik varlıqların gücündən istifadə edərək insanlara zərər yetirmək, aldatmaq və ya gəlir qazanmaq məqsədilə edilən gözbağlayıcılıq və […]

Rəsulullaha (s.ə.s) cadu edilmişdirmi?

Əksər İslam alimlərinə görə, sehr və ya cadu həqiqətən var və onun bəzi növləri fiziki, yəni maddi dünyaya təsir imkanlarına malikdir. Ancaq bu, sehrbazın deyil, onun səbəbləri yerinə yetirməsi nəticəsində Allahın yaratdığı təsirdir.

Cadu etməyin və etdirməyin hökmü nədir?

Gələcəkdən xəbər vermə, falçılıq və cindarlıq kimi fəaliyyətlərin ən ağırı cadugərlikdir. Cadu kəlməsi ovsun, sehr və cindarlıq fəaliyyətlərini əhatə edən, insana ruhi və psixoloji cəhətdən öz təsirini göstərərək, təbiət qanunlarına zidd hadisələr meydana gətirmə və insanları yanıltma sənətinin adıdır. Qurani-Kərimdə müxtəlif peyğəmbərlərin sehrbazlıqla ittiham olunduqları, vəhyin bir sehr və peyğəmbərlərin də sehrbaz olmadığı, Hz. Məhəmmədə […]

Cadu olunan şəxsə oxunan dualar

Cadu olunan, sehr edilən, cin çarpan şəxslərə Qurandan seçilən bu duaları oxumaq faydalıdır.

Cadu ilə ər-arvadın arasını vurmaq

Sual:Cadu və sehir barədə məlumat almaq istərdim. Məsələn, cadu ilə ər-arvadın arasını vurmaq mümkündürmü? Ümumiyyətlə bu kimi şeylər insanlara zərər verə bilərmi?  Cavab: Qurani-Kərimdə belə buyrulur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə […]


5 şərh yazılıb
  1. anar , 10/03/2014 tarixində, saat 20:03

    Allah sizdən razı olsun!

  2. Aynure , 19/04/2015 tarixində, saat 05:04

    Allah razi olsun

  3. Vefa , 07/07/2015 tarixində, saat 07:07

    Çox təşəkkür Allah sizdən razı olsun.

  4. Rena , 02/09/2015 tarixində, saat 22:09

    Allah sizden cox cox razi olsun.cennetin qapisi uzunuze acig olsun! In sha Allah Amin!

  5. cafar , 31/05/2016 tarixində, saat 12:05

    Allah sizden cox cox razi olsun.

Şərh yaz