4. 601 dəfə oxunub ,   0 şərh   Çap et

Cəlsə nədir?

Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə adlanır. Şafei, Maliki və Hənbəlilərə görə namaz qılan şəxsin birinci səcdədən sonra oturması və bu oturuşu (tələsmədən) tam yerinə yetirməsi fərzdir. Onlara görə cəlsə tədili-ərkandan sayılır. Hədislərdə Rəsulullahın (s.ə.s.) iki səcdə arasında bu cür oturduğu bildirilir.[1]

Hənəfilərin əksəriyyətinə görə, cəlsə sünnə, son dövr hənəfi fəqehlərindən bəzilərinə görə isə vacibdir. Əsaslandıqları hədislərdən bəziləri bunlardır:

İbn Məsud nəql edir: “Rəsulullah ilk iki rükətdə oturanda qızmar daş üzərində oturmuş kimi otururdu”.[2]

“Rəsulullah təşəhhüd üçün oturdu. Sol ayağını uzadıb sinəsinin sağ tərəfini qibləyə tərəf çevirdi”[3]

Cəlsədə oturuş şəkli necə olmalıdır?

Şafei və Hənbəli məzhəblərinə, həmçinin hənəfilərdən Əbu Yusifə görə cəlsədə sol ayaq yerə tam dəyməli, sağ ayağın barmaq ucları qibləyə olmaq şərtilə dik saxlanmalıdır. Bu cür oturuşa iftiraş deyilir. Maliki məzhəbinə görə isə, qadədə olduğu kimi hər iki ayağı sağ tərəfə çıxarmaq və sol tərəfə oturmaq lazımdır ki, buna da təvərrük deyilir.

Bütün məzhəblərə görə, cəlsədə oturarkən əlləri dizlərin üzərinə qoymaq lazımdır. Şafeilərə görə, gecə namazlarında cəlsədə “rəbbiğfirli” (Allahım məni əfv eylə) deyə dua etmək sünnədir.[4] Hənəfilərə görə iki səcdə arasında heç bir dua oxunmur.[5]

Qadə nədir?

Qadə sözü də oturmaq və oturuş deməkdir. Namazların ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq qadə adlanır. Qadə sözü əvəzinə quud sözü də işlənir.

Üç və dörd rükətli namazların ikici rükətindəki oturuş qadeyi-ulə, sonuncu rükətindəki oturuş isə qadeyi-axirə adlanır. İki rükətli namazlardakı oturuş da qadeyi-axirə sayılır. Qadeyi-axirə namazın sonunda bir müddət (təşəhhüd miqdarı) oturub gözləmək namazın rüknlərindən biridir. İki rükətlik namazların oturuşu (daha əvvəl oturuş olmadığı üçün), üç rükətli namazlarda üçüncü rükət, dörd rükətlilərdə də dördüncü rükət qadeyi-axirə (son oturuş) sayılır.

Maliki və Şafeilərə görə qadeyi-ulə sünnə, hənəfilərə görə vacib, hənbəlilərə görə isə fərzdir. Qadeyi-axirə isə bütün məzhəblərə görə fərzdir. Yəni qadeyi-axirə namazın rüknlərindəndir.

Qadədə nə qədər oturmaq lazımdır?

Hənəfi və hənbəlilərə görə ilk qadədə ən az təhiyyat duasını oxuyana qədər oturmaq lazımdır. Qadeyi-axirədə oturma müddəti hənəfilərdə eynidir. Sonuncu qadədə malikilərə görə, salam cümləsini oxuyana, şafeilərə görə təhiyyat duası və salavat oxuyana qədər oturmaq lazımdır. Hənbəlilər isə təhiyyat, sallu-barik dualarını oxuyub hər iki tərəfə salam verəcək qədər oturmaq gərəkdiyini deyirlər.

Cəfərilərə görə isə, hər iki təşəhhüd namazın rüknü sayılır və vacibdir. Hər hansı birini tərk etmək namazı pozur. Unudan şəxs səhv səcdəsi etməldir. Hər iki oturuşda şəhadət və salavat oxunacaq qədər oturmaq vacibdir.

Qadədə necə oturmalı?

Namazda necə oturmaq lazım gəldiyini Rəsulullah (s.ə.s.) göstərmişdir. Həmin hədislərdən bəziləri bunlardır:

Vail İbn Hucr (r.a.) Rəsulullahın (s.ə.s.) namazda necə oturması haqqında bunları nəql edir: “Sonra oturub sol ayağını yerə yatırdı və sol əlinin ovucunu budu üstünə və sol dizinin üstünə qoydu. Sağ dirsəyini sağ budunun səviyyəsinə gətirdi.”[6]

Səhabələrdən Əbu Hümeyd (r.a.) deyir ki, “Rəsulullah təşəhhüddə oturarkən sol ayağını yerə birləşdirər, sağ ayağının ucunu qibləyə tərəf dik saxlayar və əllərini dizlərinin üstünə qoyardı.”[7]

Həzrət Aişə (r. anha) nəql edir: “Rəsulullah (s.ə.s.) namaza təkbir və Fatihə surəsi ilə başlayardı. Rükuya gedəndə başını nə qaldırar, nə də əyərdi, bu ikisi arasında tutardı. Rükudan başını qaldırarkən yaxşıca dikəlib ayaq üstə dayanmadan səcdə etməzdi. Səcdədən başını qaldırınca tam oturmadan ikinci səcdəyə getməzdi. İki rükətdə bir dəfə oturunca təhiyyat duasını oxuyar, eyni zamanda sol ayağını yerə qoyub sağ ayağını dik tutardı. Eyni zamanda, namazda qolları yırtıcı heyvanlar kimi yayıb uzatmamağa çağırardı. Və salam verməklə namazı tamamlayardı.”[8]

Hənəfilərə görə kişilərin hər iki qadədə oturma şəkli sol ayağı yerə birləşdirib, sağ ayaq dik və barmaq ucları qibləyə yönəlmiş olmalıdır. Yəni sağ ayağı dik saxlayıb sol ayaq üzərində oturmaq lazımdır (iftiraş). Qadınlar isə, sol yanları üzərində oturaraq hər iki ayağını sağ tərəfdən çıxarmalıdır (təvərrük). Ayağını sağ tərəfə çıxarmaqda çətinlik çəkən qadın sol tərəfə də çıxara və ya ona rahat olan şəkildə otura bilər.

Maliki və digər məzhəblərə görə təvərrük edərkən sağ ayaq dik və barmaqlar qibləyə yönəlmiş olmalı, sol ayaq isə sağ tərəfə uzadılaraq üzərində oturulmalıdır. Hənbəli və şafeilərə görə qadeyi-ulədə iftiraş, qadeyi-axirədə isə təvərrük şəklində oturmaq lazımdır. Maliki və şafeilərə görə qadın və kişinin oturuşunda heç bir fərq yoxdur. Yəni qadın da kişi kimi otura bilər.

Hənbəlilərə görə qadınların təvərrük edərək oturması daha fəzilətlidir.

Bütün alimlərə görə, qadədə oturarkən əlləri dizlərin üstünə qoymaq lazımdır.


[1] Müslim, Salət, 240; İbn Macə, İqamə, 22.
[2] Əbu Davud, Salət, 188; Tirmizi, Salət, 270.
[3] Tirmizi, Salət, 219.
[4] İbn Macə, İqamə, 23.
[5] Mərğinani, I, 54.
[6] Əbu Davud, Salət, 115; Tirmizi, Salət, 106; Nəsai, İftitah, 11, Səhv, 31, 34.
[7] Nəsai, İftitah: 186; İbn Macə, İqamə, 22.
[8] Əbu Davud, Salət, 124.



Bənzər məqalələr

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Səcdə

Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]

Namazdakı hərəkətlərin hikməti və mənaları

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.


Şərh yaz