2. 471 dəfə oxunub ,   0 şərh   Çap et

 Cənazələri təşyi etmək

“Təşyi” ölən bir müsəlmanın cənazəsi torpağa tapşırılana qədər yola salmaq və onun bağışlanmasını diləmək deməkdir.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur:

“Kim cənazənin ardınca gedər və onu üç dəfə apararsa, (mərhuma) borcunu yerinə yetirmiş olar.”[1] Diğər hədisi-şərifdə isə Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Kim fəzilətinə inanaraq, savabını qazanmaq ümidi ilə cənazənin ardınca gedər və namaz qılınıb dəfn edilənədək gözləyərsə, hər biri bir Uhud dağına bərabər olan iki karat, cənazə namazını qılıb dəfni gözləmədən qayıdarsa, bir karat savab qazanar”.”[2]

Cənazələri “təşyi” etməkdə məqsəd həm son vəzifəni yerinə yetirib mərhumu torpağa tapşırmaq, həm də o cənazəyə, qəbir və qəbirdə yatanlara baxıb ibrət götürməkdir.

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, Cənazəni nə səs (matəm), nə də məşəllə izləməyin. Bir rəvayətdə əlavə də var: “Cənazənin önü ilə getməyin.”[3] Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ləzzətləri acılaşdıran ölümün tez-tez xatırlanmasının zəruri olduğunu bildirir. Ölümü düşünməyə və ondan ibrət almağa “təfəkkürü-mövt” deyilir. İnsan bir gün son nəfəsi gələndə malından, mülkündən, ailəsindən və yaxınlarından – heç kimdən və heç nədən fayda görməyəcəyini, köməyinə heç kimin gəlməyəcəyini, nəfəsin boğazda düyünlənib  ruhun bədənlə vidalaşacağını düşünür, yəni təfəkküri-mövt ( ölüm həqiqətini düşünmək)  edir. Bundan başqa çənəsinin bağlanacağını, yuyulub kəfənə büküləcəyini, cənazə namazının qılınıb qəbrə qoyulacağını gözlərinin önünə gətirməlidir. Qəbirdə əməlləri ilə baş-başa qalacağını, sorğu-sual mələklərinin suallarına necə cavab verəcəyini, məhşəri əzablamı, sevincləmi gözləyəcəyini, ikinci dəfə sura üfrüləndə necə diriləcəyini, Allahın (cəllə cəlaluhu) hüzurunda necə hesab verəcəyini, Sirat körpüsündən necə keçəcəyini dərin-dərin düşünməlidir. Beləcə ölümü unutmamalı, hər an ölümə hazır olmalıdır. Çünki ölümün vaxtı və yeri gizlidir.

Qurani-Kərimdə buyurulur: “Hər bir canlı ölümü dadacaqdır. Qiyamət günü isə əməllərinizin qarşılığını alacaqsınız.” (Ali-İmran, 3/185, Ənbiya, 21/35, Ənkəbut, 29/57)

Bundan başqa bir çox ayə heç bir insanın dünyada əbədi qalmayacağını (Ənbiya, 21/8, 34), insanların dünyaya imtahan üçün göndərildiyini (İnsan, 76/2; Kəhf, 18/7), ölümdən qaçmağın bir fayda verməyəcəyini bildirmişdir (Əhzab, 33/16). Bundan başqa Quran hər kəsin Allahın hüzuruna aparılacağını (Bəqərə, 2/28) bildirir və insanı verilən nemətlərə şükür etməyə çağırır (Əhzab, 33/41, Fatir, 35/3).

Sünnədə cənazənin aparılma qaydası dörd nəfərin dörd tərəfdən tutması şəklindədir. Hər tərəfindən on addım tutmaq müstəhəbdir ki, bu da qırx addım edir. Bunun böyük savabı vardır. Bir müsəlman cənazəni əvvəlcə qabaq tərəfdən sağ çiyninə alıb on addım, sonra ayaq tərəfdən sağ çiyninə götürüb on addım, sonra qabaq tərəfdən sol çiyninə qoyub on addım, daha sonra da ayaq tərəfdən sol çiyninə alıb on addım aparır. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur ki, “Kim cənazənin ardınca gedər və üç dəfə apararsa, (ölənə) borcunu vermiş olar.”[4]

Cənazənin arxasınca getmək daha fəzilətlidir. Bununla yanaşı, qabağı ilə getmək məkruh deyildir. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm), Həzrəti Əbu Bəkir (radiyallahu anh), Həzrəti Ömər (radiyallahu anh) və Həzrəti Osman (radiyallahu anh) cənazənin qabağında getmişdir.[5] Cənazənin ardınca piyada getmək miniklə getməkdən fəzilətlidir.[6] Minikli olanlar camaata əziyyət verməmək üçün arxadan gəlməlidir.[7]

Cənazəni son mənzilə yola salanlar öz aqibətlərini düşünməli və lal-dinməz hərəkət etməlidir. Gülüb danışmaq, dünya işlərindən söhbət etmək doğru deyildir. Ucadan zikir edərək və ya Qurani-Kərim oxuyaraq cənazənin ardınca getmək təhrimən (harama yaxın) məkruhdur. Cənazəni yola salanlar bu cür hərəkətlərə yol verməməli, başqalarını da çəkindirməlidirlər. Bu kimi halların qarşısını ala bilməsələr, yenə də geri qayıtmayıb cənazəni yola salmalıdırlar.

Mərhum üçün göz yaşı töküb ağlamaq, qəlbən kədərlənmək qadağan deyildir. Amma lüzumsuz sözlər söyləmək caiz deyil. Ölən üçün ucadan qışqıra-qışqıra ağlamaq, üst-başı, üz-gözü cırmaq, saç yolmaq, dizə döymək kimi hərəkətlər haramdır. Allahın yazısına və hökmünə üsyan etməkdir.

Müsəlmanlar din qardaşlarının cənazəsini məzara qədər hüznlü halda aparmalıdır. Torpağa tapşırıb ona rəhmət diləməli, dua etməlidirlər. Sevgili Peyğəmbərimiz bir hədisi-şərifdə buyurur: “Ölülərinizin yaxşılıqlarını yad edin, pisliklərini dilə gətirməyin.”[8]

Rəsulullah və səhabələr bir yerdə olanda yaxından bir cənazə aparılır. Səhabələr onun yaxşı insan olduğunu deyirlər. Bunu eşidən Rəsulullah (sallallahu əleyhi və səlləm): “Qətiləşdi”, – buyurur. Sonra başqa bir cənazə keçir. Səhabələr onun pis insan olduğunu dilə gətirirlər.

Allah Rəsulu bu dəfə də:

– Qətiləşdi, – buyurur.

Hz. Ömər:

– Nə qətiləşdi, ya Rəsulallah? – deyə soruşur.

Rəsuli-Əkrəm:

– Onun yaxşı olduğunu söylədiniz, onu təriflədiniz, buna görə də onun cənnətə getməsi qətiləşdi. O birinin pisliklərini xatırladınız, onun da cəhənnəmə getməsi qətiləşdi. Siz yer üzündə Allahın şahidisiniz, – buyurdu.[9]


[1]. Tirmizi, Cənaiz, 50, (1041).

[2]. Buxari, Cənaiz, 69; Müslim, Cənaiz, 57, (946); (Əbu Davud, Cənaiz 45, (3168); Nəsayi, Cənaiz, 54, 59, (4,54-55, 76, 77); Tirmizi, Cənaiz, 49, (1040); İbn Macə, Cənaiz, 34, (1539).

 [3]. Muvatta, Cənaiz 13, (1,226); Əbu Davud, Cənaiz, 46, (3171).

 [4]. Tirmizi, Cənaiz, 50, 1041.

 [5]. Tirmizi, Cənaiz, 26, (1007).

 [6]. Tirmizi, Cənaiz, 28, (1012); Əbu Davud, Cənaiz, 48, (3177).

 [7]. Tirmizi, Cənaiz, 42, (1031); Nəsai, Cənaiz, 55, 56 (4, 55, 56); Əbu Davud, Cənaiz, 49, (4180).

 [8]. Tirmizi, Cənaiz, 34, (1019).

 [9]. Buxari, Cənaiz, 86, Şəhadət, 6; Müslim, Cənaiz, 60, (949); Tirmizi, Cənaiz, 63, (1058)

 



Açar sözləri

cənazə

Bənzər məqalələr

Cənazəsi olan evdə televizora baxıla bilərmi?

Cənazəsi olan bir evdə televizora baxmaq, radio və müsiqiyə qulaq asmaq qadağan olmamaqla yanaşı, ölən insana hörmət etmək məqsədilə həmin evin bir az sakit və səssiz olması daha məqsədəuyğundur.

Ölüyə toxunmaq qüslu pozurmu?

Sual: Xalq arasındakı belə bir inanclar var ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə dərəcədə doğrudur?

Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

Qadın cənazə namazı qıla bilərmi?

Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır.

Qadının cənazəsi necə kəfənlənir?

Vəfat etmiş kişi və ya qadın bütün bədəni örtüləcək şəkildə kəfənlənməlidir ki, bu fərzdir. Qadının kəfəni beş qat parçadan ibarətdir. Bunlar − qamis (köynək), izar (ətək), lifafə (sarğı), baş örtüyü və sinə örtüyüdür. Qadını belə kəfənləməyə imkan olmadığı təqdirdə ətək, sarğı və baş örtüyü ilə kifayətlənmək olar. Bu cür kəfənləmə kəfəni-kifayə adlanır.


Şərh yaz