Mənəviyyata Açılan Pəncərə

Cənazəsi olan evdə televizora baxıla bilərmi?

A man watching a football match on the tv

Vəfat edən insana kədərlənmək, səssiz-küysüz ağlamaq tamamilə təbii və insani bir davranışdır. Dinimizdə yas tutmağın çərçivəsi məlumdur. Hər bir ölüm insana axirəti xatırlatdığı kimi, cənazəsi olan evdəki insanlar və onların yaxınları da bu ölümdən özlərinə pay çıxarmalıdırlar. Vəfat edənin yaxınları məmnun və sevincli görünməkdən çəkinməlidirlər. Beləliklə də, ölənin evində yemək bişirilməsi haram deyil, lakin onlar kədərdən yemək bişirməyə bilərlər. Ona görə də ətrafdakı qonşu və qohumların “cənazəsi olan ev əhli kədərlidir, qəmlidir, yemək bişirməyə taqətləri olmaz onlar kömək etmək lazımdır” anlayışı ilə köməklik göstərmələri həm dinimizə görə müstəhəb qəbul edilmiş, həm də insani bir vəzifədir. Rəsulullah (s.ə.s.) Cəfər ibn Əbu Talib şəhid olanda: “Cəfərin ailəsinə yemək bişirib aparın. Çünki onların başına onları məşğul edən bir müsibət gəlmişdir”,[1] – buyuraraq cənazəsi olan evinə yemək aparılmasını tələb etmişdir.

Cənazəsi olan bir evdə televizora baxmaq, radio və müsiqiyə qulaq asmaq qadağan olmamaqla yanaşı, ölən insana hörmət etmək məqsədilə həmin evin bir az sakit və səssiz olması daha məqsədəuyğundur. Bu, həm ölənə hörmət əlamətidir, həm də ev əhlinə ölümü xatırladar. Ona görə də “ölənlə ölünməz” ifadəsi bu baxımdan yanlış, “həyatdan tamamilə əl çəkməmək” mənası düşünüldükdə doğrudur. Belə ki, yas mərasimlərinin belə dünyəviləşdiyi zəmanəmizdə ölümü və axirəti daha çox xatırlamağa ehtiyacımız var və ölüm də bunun ən yaxşı vasitəsidir.

Odur ki, ölümü xatırlamaq üçün bundan çox yaxşı istifadə edib televizor, radio, qəzetlə məşğul olmamaq və üxrəvi atmosferi korlamamaq lazımdır.


[1] Əbu Davud, Cənaiz, 25, 26; İbn Macə, Cənaiz, 59.

Exit mobile version