İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?
Əvvəla, onu deyə bilərik ki, baş verən hadisələrə kənardan baxıb yanılmamalıyıq. Bəzi insanlar gücünə, qüvvətinə, inadına, hadisələrin xeyrinə dəyişdiyinə baxıb aldana bilər və beləliklə də hədəflədiyi şeyləri əldə edəcəyi zənninə qapılar. Halbuki, unutmaq olmaz ki, neçə-neçə canlar, hökmdarlar, heç bir şey əldə etmədən, məqsədlərinə çatmadan bu dünyadan köçüblər. Digər tərəfdən bir çoxları kimi sadə həyat yaşayan Əbu Ubeydə, Sad ibn Əbu Vəqqas, Kaka ibn Amr, Tariq ibn Ziyad kimi insanlar yıxılmayacağı zənn edilən qalaları yıxmış, aşılmayacağı düşünülən divarları aşmış, keçilməz zənn edilən yerləri keçmiş və Allahın izni, inayəti ilə bir çox uğurlara imza atmışlar.
Ən yüksək dəyərə çatmaq
Məsələyə bir də ayələrin olduğu prizmadan baxaq. Hədid surəsinin 21-ci ayəsində buyurulur:
“(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!”.
Bu baxımdan həqiqi mömin nə rahatlıqda biganəliyə düşməli, nə də çətin vaxtlarda ümidsizliyə qapılmalıdır. İnsan özünün zəif və gücsüz olduğunu düşünə bilər. Həqiqətən də elə ola bilər. Ancaq unutmaq olmaz ki, insan Uca Allaha sığındığı və güvəndiyi təqdirdə hər kəsdə heyranlıq yaradacaq qədər böyük işlər görməyə müvəffəq ola bilər.
Rəsulullahın dediklərinə nəzər salsaq görərik ki, nə qədər dağınıq, qapı-qapı qovulan insanlar var ki, əllərini qaldırıb Allahı səslədikdə əliboş geri qayıtmırlar. Onları yazıq və biçarə kəslər kimi düşünə bilərik. Halbuki onlar Allah qatında çox dəyərlidirlər. Kənardan viran qalmış binalar kimi görünsələr də, əslində daxilən xəzinələrlə doludurlar. Yəni Uca Allah zəif və miskin görünən insanlara belə çox əhəmiyyətli işlər gördürməyə qadirdir. Çünki onlar Allaha qəlbən və ruhən – bütün varlıqları ilə yönəliblər.
Bəli, təbliğlə məşğul olan möminlər unutmamalıdırlar ki, əsas məsələ Allahın rizasını qazanmaq, Onun qüdrətinə sığınmaqdır. “Mən etdim, mən bacardım, mən planlaşdırdım.” kimi şirk qoxuyan düşüncələrdən uzaq duraraq qazanılan bütün nailiyyətləri Uca Allahdan bilmək lazımdır. Hadisələrə bu cür yanaşmaqla şirkdən qorunmaq mümkündür. Bir mömin tam əminliklə inanmalıdır ki, Allahın razılığı olandan sonra mümkün olmayacaq heç nə yoxdur.
Bəli, sonsuz olan Allahdır. Mütləq sonsuz qarşısında kimlərəsə hər hansı dəyər vermək lazımdırsa, onlara düşən hissə sıfırdır. Allah ilə insan arasındakı münasibət də sonsuz-sıfır münasibətidir. Ancaq insan elə sıfırdır ki, Allah kəlməsinin əlifi həmin sıfırın sol tərəfinə qoyulanda birdən-birə dəyəri on dəfə artır. Bundan sonra yazılacaq hər sıfırla da qiyməti daha da çoxalır. Yəni insanın təkbaşına bir dəyəri olmasa da Allaha istinad etdiyi təqdirdə qiyməti dəfələrlə çoxalır. Buna görə də insan əvvəlcə öz yerini və istinadgahını dəqiq bilməli və seçməlidir.
Gələcəkdən ümidvar olmaq
Bu gün dünyanın fərqli yerlərində hislərinə məğlub olan bəzi insanlar tərəfindən təbliğlə məşğul olan möminlərə müəyyən təzyiqlər göstərilir. Bu mənzərəni görüb əsla ümidsizliyə düşmək və bunun əbədi olacağını düşünmək olmaz. Bunu möminlərin xeyrinə dəyişmək də şübhəsiz ki, Allaha aiddir.
Bu haqda bir ayədə belə buyurulur:
“Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin.” (Ali İmran 3/140)
Yəni bu gün kimlərəsə “bayram” ola bilər. Sabah da başqalarına “bayram” ola bilər. Bu həm də ilahi ədalətdir.
Həmin möminlər də düşdükləri çətin vəziyyətləri zülmət gecə kimi dəyərləndirməli və hər qaranlıq gecənin bir işıqlı səhəri olduğunu düşünməlidirlər. Gündüz edilməli işlər olduğu kimi qala bilər ki, onların gecə də edə biləcəyi işlər olsun. Ancaq unutmamaq lazımdır ki, gecə də, gündüz də qalıcı deyil. Gecəni yaşayanlar gündüzün gələcəyini, gündüzü yaşayanlar da gecənin gələcəyini unutmamalıdırlar…
Uca Allah namaz, oruc, həcc, zəkat və qurban kimi ibadətləri müəyyən tarixlərdə əmr etmişdir. Yəni müsəlmanın günün hansı saatlarında namaz qılacağı məlumdur. Hətta nafilə namazların belə qılına biləcəyi vaxtlar var. Yəni Allah illəri, ayları və günləri müəyyənləşdirmişdir. Eynilə bunun kimi yaşadığımız dövrün də özünə uyğun şərtləri var. Müsəlmanlar da işlərin planlaşdırarkən bu şərtləri və zamanı mütləq nəzərə almalıdırlar. Yəni hər müsəlmanın özü, ailəsi haqqında gələcəyə aid planları olmalıdır. Mömin Allahın lütf etdiyi ağıl, məntiq, mühakimə qabiliyyətlərini çox yaxşı istifadə etməlidir. Bunlardan istifadə edərək gələcəyə aid plan və proqramlar qurmalı. Bunlarla insanlığa faydalı olmalıdır. Yəni həmişə fəaliyyətdə olmalıdır. Əks halda işləməyən dəmir pas tutar məsəlində olduğu kimi mömin də ətalətə düşər.
Fəaliyyətin sirrini bilmək
Dövrün şərtlərindən aslı olmayaraq fəaliyyətin sirrini kəşf etmək lazımdır. Daim “indi nə edilməlidir?” deyərək doğru strategiya müəyyənləşdirilməlidir. Əsas məsələ indiki anı dəyərləndirərək buna uyğun hərəkət etməkdir. Necə ki, həcc ziyarəti zamanı zəvvarlar bəzi yerlərdə normal, bəzi yerlərdə isə sürətlə hərkət edirlər. Bəzən də izdiham o qədər çox olur ki, hərəkət etmək çətinləşir. Ancaq yenə də zəvvarlar yerində dayanmır. Yavaş da olsa, hərəkət edirlər.
Möminlər də həyatda qarşılaşdıqları istənilən çətinlik qarşısında dayanmamalı, fəaliyyətə davam etməlidirlər. Hərəkət və fəaliyyətdən qalmaq ətalətin ən böyük səbəbidir.
Kainatdakı hər şeyin özünəxas ahəngi və hərəkəti var. Möminlər də kainatın bir parçası olaraq bu hərəkətdən kənar qalmamalıdırlar. Canlı qalmağın yolu da burdan keçir. Bu, bir mənada Sünnətullahdır. Yəni Allahın kainat kitabına qoyduğu qanundur. İnsan da fiziki aləmin qanunlarına tabedir.
Xülasə, bu dünyanın fərqli yerlərində yaşayan möminlər İslamı təbliğə davam etməklə Allahın iznilə canlı qalarlar. Əks halda ümidsizliyə qapılsalar, tənbəllik etsələr, rahatlıqlarına düşkün olsalar yarı yolda qalarlar. Tarixdə bunun onlarla nümunəsi var. Cəmiyyətlər də durğunluq dövrünə girdikləri anda zəifləmiş və tarix səhnəsindən silinmişdir. Bunun əksi olmağı bacaran cəmiyyətlər də inkişafın mərkəzi olmuş və zəif cəmiyyətləri öz yanlarına çəkmişlər.