Bəzi insanların ruhları cinlərlə əlaqəyə qurmağa münasibdir, yəni bəşəri hüdudlardan kənara çıxa, onların aləmi və dilləri ilə əlaqə qura bilirlər. Bu, fitrətdən irəli gəlir. Ancaq buna görə kiminsə digərlərindən üstün insan olduğunu düşünmək də düzgün deyil. Bu görünməz qüvvələrin tabe olduqları müəyyən prinsiplər vardır. Dolayısilə, insan istədiyi vaxt onları işlədə bilməz. Çünki onlar yalnız və yalnız Allahın (cəllə cəlaluhu) müəyyənləşdirdiyi ölçülər çərçivəsində iş görürlər. İnsan bəzi ilahi isim və kəlmələrdən sirli qıfıllara açar kimi istifadə edib cinlərlə təmas qura bilər. Ancaq cinlər Allahın onlara vermədiyi imkandan istifadə edə bilməzlər. Nəticə etibarilə, hər kəs cinlərdən faydalana bilməz, istifadə edən də onları hər ürəyi istəyən şeydə işlədə bilməz. Bununla yanaşı, bəzi kəlmələri cinlərə aid bir şifr və ya telefon nömrəsi kimi “yığıb” müəyyən şəkillərdə və bəlli sayda təkrarlayaraq onlarla əlaqə quran insanlar da az deyil.
Bir qisim yolları və üsulları olmaqla yanaşı, cinlərlə əlaqə qurmaq üçün mürşid və rəhbərə ehtiyac var. Üsulunu, qaydasını bilmədikdə və rəhbər olmadıqda səhvə yol verib bütünlüklə cinlərin təsiri altına düşmə ehtimalı da vardır. Bu kimi şeylərlə məşğul olanların bəsirət gözləri bağlıdırsa və ayaqlarını hara basacaqlarını bilmirlərsə, o zaman şər ruhların hücumuna məruz qalar, onların təsirinə düşər və oyuncağına çevrilərlər. Nəticədə cinlər belələrini bəzən lovğalıq və təkkəbbür çuvalına salır, başlarını oxşayıb yoldan azdırır. Yeri və vədəsi yetişdikdə qorxudub hədələyərək təsir altına alır və bu adamları öz mənfəətlərinə alət edirlər.