11. 147 dəfə oxunub ,   0 şərh   Çap et

Son dövrlərdə İslamın qadına münasibəti haqqında bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmalarda daha çox, İslamda qadın, onun hüquqları, şahidliyi, mirasdakı payı, kişi ilə bərabərhüquqlu olub-olmaması, evlilikdəki mövqeyi, iş həyatı, boşanma haqqı və s. mövzularla yanaşı İslam dininin kişilərin birdən çox qadınla evlənməsinə icazə verməsi mövzusu da öz əksini tapmışdır. Çoxevliliyə qarşı çıxılmasına başlıca səbəb kimi, bunun qadın-kişi bərabərliyini ortadan qaldırdığı, qadının hüquqlarına mane olduğu, elecə də müasir həyat tərzinə uyğun gəlmədiyi fikirləri göstərilmişdir.

Müsəlman olmayanlar İslamı ləkələmək üçün çoxevlilik mövzusundan istifadə etməyi düşünmüş, bəzi müsəlmanlar da ya iman zəifliyindən, ya da məsələnin hikmət və səbəblərini qavraya bilmədiklərindən, Avropanın təsiri ilə çoxevlilik haqqındakı tənqidlərə qoşulmuşlar. Müsəlman və qeyri-müsəlman bəzi yazarlar da bu mövzudakı tənqidlərə cavab vermişlər. Ancaq bunların bəzilərində feminizmə meyl, bəzilərində isə Qərb mədəniyyətinin təsiri müşahidə olunur.

Ümumiyyətlə çoxevlilik daha çox Avropalılar tərəfindən tənqidə məruz qalmışdır. Amma bəzi qərbli mütəfəkkirlər ictimai əxlaq və iqtisadi baxımdan çoxevliliyi münasib görmüşlər. Onlar Avropadakı bir çox kişilərin bir qadınla kifayətlənmədiyinə görə əxlaqsızlıqların baş alıb getməsinə və nikahdankənar uşaqların dünyaya gəlməsinə qarşı çoxevliliyin çarə olduğunu söyləmişlər. Biz isə bu yazımızda məsələnin İslam hüququndakı yeri, hökmləri və şərtləri haqqında məlumat verməyə çalışacağıq.

Tarixdə çoxevlilik

Çoxevlilik bəzilərinin düşündüyü kimi İslam dini ilə başlamamışdır. İslamiyyətdən əvvəl Babilistan, Misir, Yunanıstan, İran, Çin və Hindistan kimi bir çox cəmiyyətlərdə mövcud olan çoxevlilik, İslamiyyətdən sonra da digər mədəniyyətlərdə davam etmişdir. Çoxevliyiyi İslam dini qanuniləşdirməmişdir. Brahmanizm və Zərdüştlük kimi şərq dinlərində də çoxevlilik var idi. Yəhudilik və xristianlıqda da çoxevliliyi qadağan edən hər hansı bir hökm yoxdur. Kitabı-müqəddəsdə  Hz. İbrahim, Hz. Yaqub, Hz. Davud, Hz. Süleyman və bəzi peyğəmbərlərin birdən çox qadınla evli olduğundan bəhs edilir. Digər tərəfdən Hammurapi[1] qanunlarında da bir neçə qadınla evlilikdən bəhs olunur. Qədim Roma hüququnda da istifraş (evli olmadan bir qadınla birlikdə yaşamaq) adətinə rast gəlmək mümkündür. Bütün bunlar göstərir ki, çoxevliliyə dini məsələ olmaqdan çox ictimai məsələ olaraq ta qədim dövrlərdən bəri bir çox cəmiyyət və mədəniyyətlərdə rast gələ bilərik.[2]

Cahiliyyə dövründə də çoxevlilik mövcud idi. Çoxevlilik ərəblər arasında geniş yayılaraq adət halına gəlmişdi və bunu qadağan edən hər hansı qayda-qanun yox idi. Hətta o dövrdə kişilər həyat yoldaşları üzərində hər cür haqqa sahib olduğuna görə, qadınlar ərlərinin vəfatından sonra onun varislərinə miras qalırdı. Həmin dövrdə çox qadınla evlənmək sosial-iqtisadi mövqe ilə əlaqəli olduğuna görə güc və sərvət əlaməti sayılırdı.

Rəsulullahın (s.ə.s) müsəlman olan bəzi səhabələrə dörddən çox olan yoldaşlarını boşamalarını söyləməsi bu adətin cahiliyyə dövründə də olduğunu göstərir. Məsələn, Qeys ibn Harisin nikahında səkkiz qadın vardı. Müsəlman olandan sonra bunu Allah Rəsuluna  (s.ə.s) demiş, O (s.ə.s) da, yoldaşlarından dörd nəfəri seçib qalanlarını boşamağı əmr etmişdir.[3]

Qaylan əs-Səqafi də cahiliyyə dövründə evləndiyi on xanımı ilə birlikdə İslamı qəbul etmiş, ancaq Rəsulullah (s.ə.s) ona xanımlarından dörd nəfəri seçib geri qalanları boşamağı əmr etmişdir.[4]Bunlardan əlavə müsəlman olarkən Novfəl ibn Müaviyə əl-Kinaninin beş, Urvə ibn Məsud əs-Səqafinin on, Safvan ibn Ümeyyə əl-Cumahinin səkkiz xanımı olduğu və Rəsulullahın (s.ə.s) bu səhabələrə xanımlarından dördünü seçməyi əmr etdiyi də rəvayət edilmişdir.[5]

İslamda çoxevlilik

Çoxevliliyi İslam dini gətirməmişdir. Yəni İslam tək evliliyi çoxevliliklə (dörd) əvəz etməmiş, əksinə əvvəldən olan bu prosesi daha da sistemləşdirərək dörd nəfərlə məhdudlaşdırmış, bəzi hökm və şərtlərlə tənzimləmişdir. Bunu böyük İslam alimi Bədiüzzaman qısaca belə ifadə etmişdir: “Dörd nəfərə qədər qadınla evlilik fitrətə, ağla, hikmətə və məntiqə uyğundur. Şəriət də bunu birdən dördə yox, əksinə səkkizdən, doqquzdan dördə endirmişdir. Xüsusilə dörd evliliyə elə şərtlər gətirmişdir ki, bu şərtlər qorunduğu zaman heç bir zərərin ortaya çıxması mümkün deyil”. Yenə onun ifadəsi ilə “İslamın təsis etdiyi hökmlərdə həqiqi gözəllik və bir çox xeyir vardır”. Ancaq dinin bəzi hökmləri, İslamın gəldiyi dövrdəki müəyyən yanlışları düzəltmə məqsədi daşıyırdı. Köləlik və çoxevlilik kimi hökmlər tamamilə xeyir kimi görünməsə də əhvənüş-şərdir[6]. İslam bunları mövcud natamam vəziyyətindən xilas edərək insan fitrətinə ən uyğun hala gətirmişdir. O ki, qaldı insanın gördüyü işlərin hamısında mütləq bir xeyirin olmasına, bu təcrübə və reallıqlarla tərs mütənasib olardı.[7]

Burada izah edilən xüsus budur: Çoxevlilik özünəməxsus bəzi çətinlikləri ehtiva edə bilər. Ancaq bütün zaman və şərtləri nəzərə aldıqda çoxevliliyin faydaları nisbətən daha çox olduğuna görə buna icazə verilmişdir. Əslində eyni vəziyyət tək qadınla evlənən insana da aiddir. Ola bilər ki, evlənməmək evliliyə nəzərən daha üstün görünsün. Ancaq insanların  ümumi vəziyyəti nəzərə alınanda evliliyin labüdlüyü heç kim tərəfindən inkar edilə bilməz. Bu baxımdan xüsusilə yaşadığımız mühiti düşünərək çoxevliliyi mütləq şər kimi görmək doğru deyil. İslam ümumbəşəri din olduğu üçün gətirdiyi hökmlərdə bütün dövrlərin və  insanlığın ehtiyacını əsas götürür.

Məsələyə bu nəzərdən baxanda müəyyən şərtlərlə icazə verilən çoxevliliyin bəzi hikmətlərini belə sıralaya bilərik:

1. Zina və əxlaqsızlığın qarşısını almaq. 

2. Əhalinin artımını təmin etmək.

3. Bəzi şərtlərdə himayəsiz qalan qadınlara sahib çıxmaq.

4. Qadınların çox olduğu dövrlərdə onların ismət və namuslarını qorumaq.[8]

Bu hikmətlərini nəzərə alaraq çoxevliliyə icazə verilməsinin əsas məqsədinin səddi-zəraiyə[9]əsaslandığını görərik.

Bəzi Qərb ölkələrində nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı normal evlilikdən dünyaya gələn uşaqların sayından daha çoxdur. Bunu nəzərə alsaq, Qərbin çoxevliliyə qarşı çıxmasına baxmayaraq bir çox qadınla birlikdə olan insanların yaşadığı cəmiyyətlərdəki zina və əxlaqsızlığın hansı səviyyəyə çatdığını görərik. Müharibələrdən sonra bəzi ölkələrdə dul qalan yüz minlərlə qadının məruz qaldığı çətinlikləri düşünəndə çoxevliliyin hikmətlərini anlamaqda çətinlik çəkmərik. Çünki İslam nəsəbə çox əhəmiyyət verdiyi kimi, “zinaya yaxınlaşmayın[10] əmri ilə də nəsəbi pozacaq bütün yolları qapamışdır.

 İslamın hökmlərini ümumi olaraq dəyərləndirməliyik. Dini hökmlərin tətbiqində ortaya çıxan problemlərin səbəbi həmin hökmlərin mahiyyətindən deyil, mühitin – İslama uyğun həyat tərzinin olmamasından qaynaqlanır.

Çoxevliliyin hökmü

“İslam hər kişiyə dörd qadınla evlənməyi əmr edir” kimi yanlış anlayış çoxevliliyə qarşı çıxılmasının əsas səbəblərindən biri olaraq göstərilir. Halbuki, birdən çox qadınla evlənmək dini məcburiyyət – fərz və ya vacib əməl deyil. Sadəcə olaraq ehtiyac olduğu təqdirdə buna icazə verilmiş və qadağan edilməmişdir.[11] Buna görə istənilən kişi öz imkan və şəraitini nəzərdən keçirərək ikinci dəfə evlənmək haqqında özü qərar verə bilər. Qadın da evli bir kişi ilə evlənib-evlənməmək məsələsində seçim haqqına sahibdir. Əgər ikinci evliliyin gerçəkləşməsi birinci evliliyi təhlükə altına salacaqsa bu təqdirdə ikinci dəfə evlənmək doğru deyildir.

Kimlər evlənə bilər?

Onu da qeyd edək ki, istər tək evlilikdə, istərsə də çoxevlilikdə tərəflərin imkanlarına görə evliliyin hökmü dəyişir. İslam fiqhçiləri şəxsin xüsusi imkanlarını nəzərə alaraq nikahın hökmünün dəyişə biləcəyini söyləmişlər. Zina eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam mehr ödəməyə[12] gücü çatırsa və ailənin zəruri ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.

Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq istəyən bir şəxsə evlənmək vacibdir.

Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal daxilindədirsə, onun evlənməsi məkruhdur.

Mehr və nəfəqəyə sahib olmayan şəxsin zinaya düşmə təhlükəsi olsa da evlənməsi məkruh sayılmışdır. Səbəb olaraq da mehir və nəfəqənin qul haqqı olduğu, zinadan çəkinməyin isə Allahın haqqı olduğu, bu iki haqq qarşılaşısında qul haqqının seçiləcəyi göstərilmişdir. Ancaq belə vəziyyətdə olan şəxsin başqalarından borc almaq imkanı varsa evlənməsi məndub və ya vəziyyətə görə vacib olar. Çünki ayədə bildirilir ki, iffətli və namuslu qalmaq niyyəti ilə evlənmək istəyən şəxs kasıblıqdan qorxmamalıdır.[13]

Hər hansı bir təhlükə, fiziki problem yoxdursa, evlənməyə də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması sünnədir.[14] Çünki Rəsulullah (s.ə.s), “Ey gənclər! Sizdən evliliyin məsuliyyətini yerinə yetirməyə gücü çatan evlənsin[15]– buyurmuşdur.

Bütün bunlardan anlayırıq ki, İslama görə insan necə gəldi evlənə bilməyəcəyi kimi, ikinci və üçüncü dəfə necə gəldi evlənə bilməz. Evliliyin hökmü şəxsin vəziyyətinə görə necə dəyişirdisə, birdən artıq qadınla evlənərkən də həmin hökm dəyişəcək. Bu hökm yerinə görə məcburiyyət ifadə edə bildiyi kimi, məkruh və ya haram da ola bilər. Bu səbəbdən ikinci qadınla evlənəcək kişinin maddi imkanları qadınların mehrlərini verəcək, nəfəqələrini[16] təmin edəcək miqdarda olmalı, ayədəki ədalət şərtinə tam mənada əməl olunmalıdır.

Quranda çoxevlilik

Qurani Kərimdə evliliyin hikmət və faydalarından, qadın və kişinin bir-birinə qarşı haqqlarından bəhs edən, həmçinin tərəflərin bir-birinə qarşı xoşrəftar olmasını tövsiyə edən bir çox ayələr mövcuddur. Ancaq biz burada yalnız mövzumuzla əlaqli bəzi xüsuslara toxunacağıq.

Uca Allah Nisa surəsində “Onlarla yaxşı rəftar edin[17] buyuraraq ailə səadətinə və xoşrəftar olmağa diqqət çəkir.

Başqa bir ayədə isə “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir.[18] buyuraraq ailə içində olması lazım olan ən əhəmiyyətli iki şeyə –  “rəhmət” və “bağrıbadaşlığa”[19] candan dostluğa işarə edir.

Əraf surəsində, “Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan odur[20] – buyrularaq evlilikdə tərəflər arasındakı səmimiyyət, xoşbəxtlik və sükunətə diqqət çəkilir.

Buradan anlayırıq ki, evlənməkdən məqsəd tərəflərin xoşbəxt olacağı, qarşılıqlı hörmət, sevgi və məhəbbətin olduğu ailə yuvası qurmaqdır.

Eyni zamanda Uca Allah “Onlar da sizdən möhkəmcə təminat almışdılar”.[21] ayəsi ilə, evliliyin kişinin xanımına verdiyi əhəmiyyətli təminat olduğunu bildirmişdir. Almalılı Həmdi Yazırın açıqlamasına görə ayədəki “təminat” Allahın əmri və Peyğəmbərin (s.ə.s) sünnəsinə uyğun kəsilən nikah, kişinin evlilik müddətində xanımına qarşı xoşrəftar və şirindilli olmasıdır.[22]

Ayələrə nəzər saldıqda görürük ki, yalnız tək evlilikdə yox, bundan sonrakı evliliklərdə də bu xüsuslara diqqət edilməlidir. Ər-arvad arasında gözəl davranış, sevgi, şəfqət, hörmət və qayğının olması Qurana əsaslanır. Buna görə də ikinci dəfə evlənmək fikrinə düşən kişi bunları nəzərə almaq məcburiyyətindədir. Əks təqdirdə ikinci evliliklə şəxsin birinci evliliyi təhlükəyə girəcəksə, Quranın qoyduğu qaydalara riayət olunmayacaqsa, ətrafındakı insanların sui-zənnə düşməsinə səbəb olacaqsa həmin şəxsin dinin verdiyi ikinci evlilik səlahiyyətindən istifadə etməsi caiz deyil. Bu səbəbdən məsələni bəzilərinin zənn etdiyi kimi yalnız şəhvət hissləri ilə əlaqələndirmək doğru deyil.

Qadınlarla münasibətdə ədalət

Qurani-Kərimdə çoxevliliyə icazə verilən ayə belədir: “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətli olmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə[23] (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır..[24]Ayə iki, üç və ya dörd qadınla evlənməyi ədalət şərtinə bağlamışdır. Qadınlar arasında ayədəki ədaləti təmin etməkdən qorxan kişi tək qadınla kifayətlənməlidir ki, bu vacibdir.[25]

Rəsulullah (s.ə.s) “Bir şəxsin iki xanımı olar, birinə daha çox meyl edərsə, o kimsə qiyamət günü bir tərəfi əyri olaraq gələr” buyuraraq məsələnin əhəmiyyətinə diqqət çəkmişdir. [26]

Ayənin sonunda, “bu haqsızlıq etməməyə daha yaxındır” buyurulmuşdur. Bu da onu göstərir ki, kişi çoxevliliklə ağır məsuliyyətin altına girir. Yəni qadınlar arasında haqqa riayət edə bilməyib ədalətsizlikdən qorxanlar bir qadınla evli qalmalıdır.

Fiqh kitablarının nikah fəsillərinin “qasm” və “nəfəqə” hissələrində ər-arvad arasında riayət edilməsi fərz olan ədalətin necə təmin ediləcəyi təfərrüatı ilə izah edilmişdir. Xülasə, birdən çox qadını nikahı altında tutan kişi, onlar arasında cavan-yaşlı, bakirə-dul, xəstə-sağlam deyə ayrıseçkilik eləmədən onların yanında bərabər müddətdə qalmalıdır. Bura hər şey, gəzmək-əylənmək, yemək-içmək, geyim-kecim və s. daxildir. Əgər kişi həyat yoldaşları arasında ədaləti təmin etməz və qadınlardan biri onu məhkəməyə şikayət edərsə, məhkəmə ona uyğun cəza tətbiq etməli və ondan ədalətli olmağı tələb etməlidir[27]

Bunlar hüquqi yöndən kişinin riayət etməli olduğu qaydalardır. Bunlardan əlavə kişi qadınlarına qarşı hisslərindən məsuliyyət daşımır. Çünki, bu onun əlində olmayan bir şeydir. Necə ki, Allah Nisa surəsində “Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, Allah Bağışlayandır, Rəhmlidir.[28]Buyuraraq duyğularda tarazlığı qorumağın çətinliyini bildirmişdir.

Hz. Aişədən (r. anha) nəql edildiyinə görə Rəsulullah (s.ə.s) xanımlarına qarşı ədalətli davranar və sonra da belə dua edərdi “Allahım! Bu mənim gücümün çatdığı ədalətdir, gücümün çatmadığından məni məsul tutma.”[29]

İslamdakı çoxevliliyin hikmətləri

Mövzuya keçmədən əvvəl bir xüsusu nəzərə çatdırmaqda fayda vardır. Bəzilərinin zənn etdiyi kimi, İslam tarixində bütün kişilər çoxevlilik etməmişdir. Osmanlı dövlətində belə, birdən çox qadınla evli olan kişilərin sayı, ən çox on faizi təşkil edirdi ki, bu da on kişidən doqquzunun tək qadınla evli olduğunu göstərir.[30] Hazırki  İslam ölkələrində isə bu nisbət daha da aşağıdır. Bu da onu göstərir ki, İslamın yayıldığı ərazilərdə çoxevlilik qadınların haqqlarını əlindən almamışdır. Tam əksinə İslamda səbəblərin və ehtiyacın olduğu zamanlarda çıxış yolu olaraq çoxevliliyə icazə verilmişdir.

Dövrümüzə nəzər salaraq belə bir qənaətə gələ bilərik: İslam ölkələrində birdən çox qadınla evlənən kişilərin sayı Avropada qadınlarla qeyri-rəsmi evli olanların nisbətindən daha azdır. Dinin çoxevliliyə icazə verməsi nəticəsində, İslam dünyasında nikahdankənar dünyaya gələn uşaqlara çox rast gəlinmir. Eləcədə qadınlar himayəsiz və kimsəsiz qalaraq başqalarına möhtac olmamış, əxlaqsızlığa sürüklənməmişdir.

Tarixə nəzər salanda görərik ki, müharibələr nəticəsində dul qalan qadınların sayı kişilərə nisbətən çox olmuşdur. Məsələn, İkinci dünya müharibəsindən sonra Almaniyada qadınların sayı kişilərdən 7.300.000 nəfər çox olmuş, bunların 3 milyonu da dul qalmışdı. Müharibədən sonra buna çıxış yolu olmadığına görə bir çox Alman qadını məcburən kiçik mənfəətlər qarşılığında müttəfiq güclərin əxlaqsız əməllərinə alət olmuşdur.

1948-ci ildə Münhendə təşkil edilən Beynəlxalq Gənclik Konfransında cinslər arasındakı qeyri-bərabərliyin həlli yollarını axtararkən iştirakçılardan bəzilərinin məhz çoxevliliyi dilə gətirməsi diqqət çəkicidir.[31]

 Bu bir həqiqətdir ki, dünyanın müxtəlif yerlərində qadın və kişilər arasında sayca tarazlıq  pozulmuşdur. Məsələn, Amerikada qadınların sayı kişilərdən 8 milyon çoxdur. Orta Asiyada, Afrikada, Bosniya və digər üçüncü dünya ölkələrində də qadınların sayı kişilərin sayından çoxdur. Belə vəziyyətlərdə çoxevlilik qəbul edilmədiyi təqdirdə nikahdankənar “evliliklər” və cəmiyyətin gələcəyini təhlükəyə atan əxlaqsızlıqlar baş verəcəkdir.

Qadınlar kişilərə nəzərən daha uzunömürlüdürlər. Kişilərdən daha əvvəl yetkin olduqlarına görə, qadınların övlad sahibi olmaq arzusu da kişilərə nisbətən daha güclüdür. Qadınlar fiziki olaraq kişilərdən daha zərifdirlər. Məhz bu və bənzəri səbəbləri nəzərə alsaq onların qayğıya və şəfqətə daha çox ehtiyacı olduğunu, onlara sahib çıxmağın vacibliyini daha yaxşı anlayarıq.   

Quran, “Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır...[32]buyuraraq qadınların analıq xüsusiyyətinə diqqət çəkir. Rəsulullah (s.ə.s) da “Ey insanlar! Vədud (ərini çox sevən) və vəlud (çox uşaq dünyaya gətirən, doğan) qadınla evlənin. Çünki mən (qiyamət günü) digər ümmətlərə qarşı sizin çoxluğunuzla öyünəcəyəm[33]buyuraraq ümmətin çoxluğunun əhəmiyyətinə diqqət çəkmişdir. Buna görə evlənməyin əsas məqsədinin nəslin artması olduğunu düşündükdə, çox evliliyin daha bir hikmətini anlamış oluruq.

Son olaraq bir xüsusa da toxunaq. Hal-hazırki Avropa mədəniyyətinin çoxevliliyi qəbul etməməsi o demək deyil ki, bütün dünya qadınları bu fikirdədir. Xeyr, əksinə bir çox Afrikalı qadınlar özünü tək hiss etdiyi zaman ərini təkrar evlənməyə məcbur edir. Nigeriyanın bir şəhərində aparılan sorğuda iştirak edən qadınların yüzdə altmışı ərlərinin başqa bir qadınla evlənməyini məmnuniyyətlə qəbul etmişdir. Başqa bir araşdırmaya görə Keniyada yüz qadından yetmiş altısı çox evliliyə müsbət baxmışdır. Amerikada çox evliliyi qəbul edən Mormon[34]qadınları da, xanımlardan birinin digərinə kömək etdiyi üçün bu işi həm karyera, həm də uşağa baxmaq yönündən daha ideal saymışlar. [35]                             

Çoxevlilikdə qadının rolu

Bəziləri çoxevlilik zamanı qadın-kişi bərabərliyinin pozulduğunu, kişilərə verildiyi kimi də qadınlara da belə bir haqqın verilməsinin vacibliyini söyləmişlər. Ancaq tarix göstərir ki, qadınların birdən artıq kişi ilə evlənməyinə bir neçə qəbilə və cəmiyyət xaricində rast gəlinməyib. Hal-hazırda aparılan araşdırmalar nəticəsində məlum olub ki, qadınlar bu fikri bəyənmir və bunu istəmirlər.[36] Çünki  qadının psixoloji vəziyyəti və fiziki quruluşu buna uyğun deyil. İslam dini də bunu nəzərə alaraq ortaya çıxacaq böyük fəsadların qarşısını almaq üçün belə bir işin mümkün olmadığını bildirir. Həm də belə bir icazə nəsəbin qarışmasına, evlilik maneələrinin ortadan qalxmasına səbəb olardı. Sadalananlar isə İslamın əhəmiyyət verdiyi şeylərdir. İnsan fitrəti ilə tərs mütənasib olan belə bir hərəkətə İslamın icazə verməsi qeyri-mümkündür.

Digər tərəfdən kişinin birinci evləndiyi xanımının haqq və hüququnu tapdayacağı və aralarında qısqanclığa səbəb olacağı düşünülərək ikinci və ya üçüncü dəfə evlənməsinə qarşı çıxmışlar.  Xatırladaq ki, İslam, hökmləri duyğu və hissləri göz ardı etmədən ağıl və məntiq üzərində qurmuşdur. Cəmiyyətin təməlini meydana gətirən ailə məsələsində də eynilə belədir. Bəziləri çoxevliliyi qəbul etməsə də, məsələyə insan nəslinin artması, qadın-kişi xarakterlərinin müxtəlifliyi yönündən baxdıqda bu etirazların əsassız olduğunu görə bilərik. Hər qadın evlənmə haqqına sahibdir. Evli olan kişi ilə evlənmək qərarını vermək də qadının özünə aiddir.

Evlənmək istəyən qadın yoldaşının ikinci qadınla evlənməyini istəmirsə əvvəlcədən ərindən təfvizi talaq adlanan boşama haqqını almalı və beləliklə kişinin ikinci evliliyinə  mane ola bilər. Bu bir təmlik (haqq əldə etmə) olduğuna görə ərin bundan boyun qaçırması mümkün deyil. Bu vəziyyətdə qadının haqqının pozulmasından söhbət gedə bilməz.

Nəticə

İslam dini gətirdiyi hökmlərlə tarixdə bir çox cahil cəmiyyət və mədəniyyətlərdə mövcud olan çoxevliliyi tənzimləmiş, onu müəyyən sayla məhdudlaşdırmış və qadınlar arasında haqq-ədalətin qorunmasını əmr etmişdir.

İslamın bu hökmünü bir əmr olaraq yox, şəxslərə və cəmiyyətlərə görə dəyişə bilən bir məsələ kimi düşünməliyik. Yaşadıqları mühitin təsirində qalaraq çoxevliliyin yalnış olduğunu tənqid edənlər haqsızdırlar. Çünki məsələni doğru anlamaq üçün, bütün dövrləri və bu dövrdə yaşamış insanların vəziyyəti, qadın-kişi xarakterindəki fərqlər nəzərə alınmalı ailə həyatının məqsədi unudulmamalıdır. Bu səbəbdən dinin bu hökmündən istifadə etmək istəyənlər buna ehtiyac olub-olmadığını, ilk evliliklərinin aqibətini yaxşı düşünməli, cəmiyyətin münasibətini nəzərə almalı, xüsusilə tək evliliyin çox olduğu ərazilərdə daha çox diqqətli olmalı və oranın adət-ənənəsinə sadiq qalmalıdırlar.

Nəticə olaraq onu deyə biərik ki, həqiqi möminin çoxevliliyi İslamın imicini zədələyəcək və insanların dini yanlış anlamasına, bəzilərinin də dindən uzaqlaşmasına səbəb olacaqsa onun birdən artıq qadınla evlənmə qapısını açmağa haqqı yoxdur.

Yeni Ümit dərgisi, Oktyabr-noyabr-dekabr 2010. Say 90.

Yüksel Çayıroğlu

Bu yazı da maraqlı ola bilər

İslamın çoxevliliyə münasibəti necədir?

 


[1] Hammurapi (e. ə. 1792-1750) — Babil hökmdarı. Mərkəzi hakimiyyəti möhkəmləndirmiş, qanunlar vermişdi. Bu qanunlarda xüsusi mülkiyyətin, insanların hüquqlarının möhkəmləndirilməsi və təbiətin qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdi.

[2]Ömer Nasuhi Bilmen, “Taaddüd-ü Zevcât”, Sebilürreşad Dergisi, c. 23, s. 590; Kevser Kamil Ali, “Çok Evlilik”, Diyanet Vakfı İslam Ansiklopedisi, c. 8, s. 365, 366.

[3] Əbu Davud, Talaq 35

[4] Tirmizi, Nikah 33

[5] Adnan Demircan, “Cahiliye ve Hz. Peygamber Döneminde Çok Kadınla Evlilik”, İstem Dergisi, sayı: 2.

[6] Şərrin ən kiçiyi

[7] Münazarat, Şahdamar Yayınları, 2006, s. 121.

[8] Ömer Nasuhi Bilmen, Istılahat-ı Fıkhiyye Kamusu, c. 2, s. 114.

[9] Günahlara gedən yolları bağlayaraq cəmiyyətin rifahını təmin etmək.

[10] İsra Surəsi, 17/32

[11] Muhammed Ali es-Sabuni, Tefsiru âyâti’l-ahkâm, c. 1, s. 397-398.

[12] Mehr ödəmək –Nikahda kişinin qadına verdiyi və qadının haqqı olan qızıl, gümüş və ya hər hansı bir dəyərli şey.

[13] İbn Abidin, Haşiyətü reddil muxtar: III, s. 6.

[14] İbn Abidin, Haşiyətü raddil muxtar: III, s. 7.

[15] Buxari, Savm 10.

[16] Ailənin güzəranı – yemək, yaşamaq və geyim ehtiyacları bura daxildir.

[17] Nisa Surəsi  4/19.

[18] Rum Surəsi 30/21.

[19] Ürək dostu, çox yaxın, can bir qəlbdə.

[20] Əraf 7/189.

[21] Nisa 4/21.

[22] Almalılı Həmdi Yazır: Haqq Dini Quran Dili, s. 1321.

[23] Keçmiş dövrlərdə müharibələr zamanı ələ keçirilən qadına deyilir. Cenevrə konvensiyası ilə hökmü qaldırılmışdır.  

[24] Nisa 4/3. Cahiliyyə dövründə müharibədə yetim qalan uşaqları malına yiyələnmək məqsədilə qohumları himayə edirdilər. Yetim qızlar da evlilik yaşına çatanda malına sahib olmaq üçün onunla özləri evlənirdilər. Haqq-hüquqununu müdafiə edən heç kimsəsi olmayan yetim qız isə məcburən həmin evlilik təklifini qəbul etməli olurdu. Ayədə yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlarla evlənin, bunu edərkən də haqsızlıq etməyin, yetimin haqqını verin deyilir. Əsasən Quran tək evliliyi tövsiyə edir. İki, üç, dörd qadınla evlilik məsələsinə dolayı yolla toxunur.

[25] Sabûnî, Tefsiru âyâti’l-ahkâm, I, 400.

[26] Nəsai, İşratun-nisa 3; İbn Macə, Nikah 47. 

[27] Serahsi, Mebsut, c. 5, s. 217-219

[28] Nisa Surəsi 4/129

[29] Əbu Davud, Nikah 37; Hakim, Müstədrək, II, 204.

[30] Ahmet Akgündüz, Bilinmeyen Osmanlı, s. 417, 418.

[31] Şerif Muhammed, “İslam ve Diğer Geleneklerde Kadın”, Yeni Ümit Dergisi, Sayı: 55.

[32] Bəqərə Surəsi  2/223.

[33] Əbu Davud, Nikah 4; Nəsai, Nikah 11.

[34] 1800-cü illərdə qurulan bir Xristian camaatıdır.

[35] Şərif Məhəmməd, “İslam və Digər Ənənələrdə Qadın”, Yeni Ümid Jurnalı, 55.

[36] Semra Ulaş, “İslam’da Çok Kadınla Evlilik”, İslâmî Araştırmalar Dergisi, cilt: 6, sayı: 1




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

dost
İslamın çoxevliliyə münasibəti necədir?

Heç kim iradə zəifliyinə dini don geyindirərək bunu savab kimi göstərməməlidir. Bu dindən sui-istifadə etməkdir. Bəzi məsələlərdə zamanın hökmü var. İnanan insan həyat yoldaşına başqa nəzərlə baxırsa, onun müsəlmanlıq üçün bunu edirəm deməyə haqqı yoxdur. Evlilik ehtiyacı fitri ehtiyacdır. Ancaq həyatın qayəsi deyildir. Minumumla kifayətlənməliyik…İkinci evliliyi düşünən şəxs bütün bu riskləri göz ardı etmədən düşünməli və həvəs və arzuları- nın əsiri olaraq qərar verməməlidir.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz