7. 881 dəfə oxunub ,   0 şərh   Çap et

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir. Xitab həm də cütlük arasındakı sevgi, hörmət və yaxınlığın göstəricisidir. Ailədə sevgi, hörmət və şəfqətə əsaslanan münasibət bir-birinə müraciət şəklindən başlayır deyə bilərik. Ər-arvadın bir-birinə davranışı, xüsusən də müraciət üslubu uşaqların gələcək həyatlarına da təsirsiz ötüşmür. Məhz buna görə də kişi qadına, qadın da kişiyə xitab edərkən kəlmələri diqqətlə seçməlidir. 

Ən gözəl xitabı seçmək

İslamda yaxşılıq və gözəllik əsasdır. Yaxşılıq və gözəllik dini ədəbiyyatda ehsan kəlməsi ilə ifadə olunur. Rəsulullah (s.a.s.) bu haqda bir hədisində belə buyurur: “Şübhəsiz ki, Allah hər şeydə yaxşılıq və gözəlliyi (ehsanı) yazmışdır.”[1] Bu mənada ehsan müsəlmanlar üçün həyatın bir çox sahələrində əsas meyar olmalıdır. Ehsan söz, hərəkət və davranışlarda ən gözəl olanı seçmək, ən yaxşı olana üstünlük verməkdir. Dinin tövsiyə etdiyi ehsan prinsipi, yəni ən gözəl olanı etmək əvvəl ailə başda olmaqla, insanlararası münasibətlərdə və həyatın bir çox sahəsində tətbiq oluna bilər.

Əfsus ki, bir çox müsəlman ailələr bu qaydanı tətbiq etmədiklərinə görə problemlərlə üzləşirlər. Halbuki, “Allah gözəldir, gözəl olanı sevər.”[2] – hədisində olduğunu kimi münasibətdə də gözəl yönləri axtarmaq, həm Allahın rizasına, həm də ətrafdakı insanların təqdirinə səbəb olar.  

Ailədaxili ünsiyyətdə də cütlük bir-birinə müraciətdə ehsan prinsipini tətbiq edə bilərlər. Beləcə ər-arvad xoşlarına gələn ad və ifadələrlə bir-birinə xitab etmiş olarlar. Bu həm də Rəsulullahın sünnəsinə uyğun davranış və müsəlmanın müsəlman üzərindəki haqlarından biridir. Belə ki, Allah Rəsulu (s.a.s.) bununla əlaqəli belə buyurur:

Müsəlmanın müsəlman üzərindəki haqlarından biri ona xoş gələn adla xitab etməsidir.”[3]

Rəsulullah (s.a.s.) zövcələrinə necə müraciət edirdi?

Rəsulullah (s.a.s.) həyat yoldaşlarına onların xoşuna gələn ad və sözlərlə xitab edərdi. Hətta onları səsləyərkən səsinin tonuna da fikir verərdi. Burada Allah Rəsulunun zövcələrinə müraciətinə dair bir neçə nümunəyə nəzər salacağıq:

Bir dəfə həzrət Aişəyə şəfqətli bir səslə və adını qısaldaraq “Aiş” (Aişəcan) deyə səslənmiş və belə demişdi: “Ey Aiş! Cəbaryılın sənə salamı var.”[4]

Yenə bir dəfə bayram günü Məscidi-Nəbəvidə bir dəstə adam qılınc və qalxanları ilə camaatı əyləndirirdi. İnsanlar toplaşıb onlara baxırdılar. Aişə anamız şənliyi seyr etmək üçün izdihama yaxınlaşmışdı. Ancaq camaatın arxasında qalmışdı, tamaşanı görə bilmirdi. Allah Rəsulu (s.a.s.) ona fərqli bir adla:

 − “Ey Humeyra![5] Onları seyr etmək istərsən?” – deyə sual verdi. Aişə anamız başı ilə təsdiqləyərək:

− Hə, – dedi. Allah Rəsulu (s.a.s.) da onu belinə qaldırdı. Hətta yanağı Peyğəmbərimizin mübarək üzünə toxunurdu. Bir müddət Rəsulullahın kürəyində tamaşanı seyr etdikdən sonra:

− Daha bəsdirmi? – soruşdu. Həzrət Aişə də yorulmuşdu.

− Hə, – dedi.

Allah Rəsulu da:

− Onda evə gedək, – deyə buyurdu.[6]

Rəsulullah (s.a.s.) Vida həccinə zövcələri ilə birgə getmişdir. Yola çıxarkən həzrət Aişənin saçlarına sürtdüyü sarı rəngli ətir üzünə axmışdı. Həyat yoldaşının üzündə ətirin rəngini görən Rəsulullah (s.a.s.) ona belə dedi: “İndi rəngin həqiqətən çox gözəl olub ey Şukayra (sarışın).”[7]

Rəsulullah (s.a.s.) bəzən həyat yoldaşlarına Əhli-beyt deyə səslənərdi. Məsələn, Zeynəb binti Cahşla evlənəcəyi gün bütün zövcələrini ayrı-ayrı ziyarət edərək onlara: “Allahın salam və rəhməti üzərinizə olsun ey Əhli-beyt” – deyə salam vermiş, hal-əhval tutmuşdu.[8] Bu cür salam şəklinin Quranda da keçdiyini görürük. Həzrət İbrahim və ailəsini ziyarət edən mələklər onlara: “Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun…” – deyərək salam vermişdilər.[9]

Həyat yoldaşlarının Rəsulullaha (s.a.s.) müraciəti necə idi?

Həyat yoldaşları da Rəsulullaha (s.a.s.) hörmət edər, Onunla danışarkən xitablarına və səs tonlarına fikir verərdilər. Bu həm də həyat yoldaşı olaraq onların Rəsulullaha qarşı bir vəzifəsi, həm də bütün möminlərə Allahın əmri idi: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.” [10] Təbii ki, bu əmr onlara da aid idi.

Həyat yoldaşları Rəsulullaha (s.a.s.) “Ya Rəsulallah”, “Ya Nəbiyyallah” deyə müraciət edərdilər.

Bir dəfə Rəsululah (s.a.s.) Sevda binti Zəmadan: “Ey Sevda! Səninlə münasibətimizə nə isə mane olur?” – deyə soruşmuş, o da belə cavab vermişdi:

Ya Rəsulallah! Narahatlığım Sənin üçün yox, özüm üçündür. Çünki Sən mənim üçün dünyadakı ən sevimli insansan…”[11]

Təbii ki, Rəsulullahın (s.a.s.) həyat yoldaşları da insan idi. Bəzən Ona (s.a.s.) qarşı bir az emosional davranırdılar. Məsələn, bəzən həzrət Aişənin sıxıldığı vaxtlar olurdu. Bu vəziyyətlərdə o Rəsulullaha (s.a.s.) adı ilə xitab etmirdi. Onun bu üslubundan xəbərdar olan Peyğəmbərimiz bir gün sevimli xanımına belə dedi:

− Sənin Məndən məmnun, yaxud incik olduğunu dərhal hiss edirəm.

Həzrət Aişə təəccüblə soruşdu:

− Bunu nədən anlayırsan?

Allah Rəsulunun cavabı həmişəki kimi düşüncələrə işıq saçdı:

Məndən xoşnud olduğun vaxtlar “Məhəmmədin Rəbbinə and olsun ki!” deyirsən, incik olanda isə  “İbrahimin Rəbbinə and olsun ki!” sözünü işlədirsən. Ərinin bu diqqətindən razı qalan həzrət Aişə

− Doğrudan da, elədir, – deyə Onun sözlərini təsdiqlədi və əlavə etdi,  − ya Rəsulallah, vallah, doğru deyirsən! Ancaq Sənə söz verirəm ki, bundan sonra Sənin adından başqasını dilimə gətirməyəcəyəm![12]

 Rəsulullah (s.a.s.) zövcələrinin emosional vəziyyətlərində belə onlara şəfqətlə davranır, onları sakitləşdirir və özlərini ələ almaq üçün yollar öyrədirdi. Məsələn, həzrət Aişə bununla əlaqəli bir xatirəsini belə nəql edir: “Əsəbiləşəndə Rəsulullah mənim burnumun ucundan tutaraq sağa-sola hərəkət etdirər və mənə “Ey Uveyş” (Üveyş Aişə adının əzizləmə şəklidir və “Aişəcik” mənasına gəlir.)  deyərdi. Ardınca da bu duanı öyrədərdi: Ey ümmi nəbi Muhammədin Rəbbi olan Allahım! Qəlbimdəki qəzəbi yox et və məni qəzəb ucbatdan fitnə və zəlalətə düşməkdən qoru!”[13]

Yenə bir dəfə də Rəsulullah həzrət Aişəyə çöhrəsinin gözəlliyini bildirmək üçün eyni adla xitab etmişdi: “Ey Uveyş! Görürəm ki, üzün parlayır.”[14]

Zövcələri də insan olduqları üçün bəzən unudaraq Rəsulullahın xoşlanmayacağı sözlər işlətdikdə dərhal üzr istəyir və bağışlanma diləyirdilər. Məsələn, bir dəfə səfər əsnasında Rəsulullah (s.a.s.) Ümmü Sələmənin yanında qalmalı idi. Səhvən həzrət Safiyyənin olduğu çadıra getmiş və orada bir az Safiyyə ilə söhbətləşmişdi. Bundan xəbərdar olan Ümmü Sələmə Rəsulullaha (s.a.s.): “Mənim yanıma gəlməli olduğun halda onun yanına gedir və söhbətləşirsən?” – deyə narazılığını bildirmişdi. Ancaq tezliklə səhvini anlamış və üzr istəyərək tövbə etmişdi.[15]

Künyə ilə xitab

Künyə bir şəxsin adı, əsli-nəsəbi və s. kimi xüsusiyyətlərini göstərən qeyddir. Ərəblər dəyər verdikləri və hörmət etdikləri insanları mədh etmək üçün künyə ilə xitab edirdilər. Künyə o dövrdə geniş yayılmış adətlərdən biri idi. Bu, həm də şərəf sayılırdı, cəmiyyətdəki mövqe baxımından da mühüm göstərici hesab edilirdi. İnsanlar künyələri ilə fəzilət yarışına girmişdilər. Hətta o dərəcədə ki, bəzi insanlar öz adlarından çox, sonradan götürdükləri künyələrlə tanınırdı. Bu künyələr də, əsasən, ya dünyaya gələn ilk uşağın adına istinad edilərək filankəsin atası/anası mənasında Əbu filan/Ümmü filan, yaxud ana və ataya istinadən filankəsin oğlu/qızı anlamında İbn filan/Binti filan şəklində olurdu.

Həzrət Aişə istəyirdi ki, onun da künyəsi olsun, o biri qadınlar kimi onu da birisinin adı ilə çağırsınlar. Bu arzusunu Peyğəmbərimizə də bildirmişdi. Baxmayaraq ki, Peyğəmbərimiz o günədək Aişə anamıza “Hümeyrə”,[16] “Üveyş”,[17] “Aiş”,[18] “Bintəs-Siddiq”,[19] “Müvəffiqə”[20] və “Bintə-Əbu Bəkir” adları ilə xitab etmişdi, lakin bunların heç biri əsl künyə deyildi. Çünki bunlar künyə kimi sabit ifadələr deyil, bəzi vaxtlarda nəyəsə görə deyilmiş sözlərdi.

Hamı kimi Aişə anamız da künyəsinin olmasını arzulayırdı. Bir gün Allah Rəsulunun yanına gəlib boynu bükük, kədərli halda dayandı. Qəmli səslə:

− Ya Rəsulullah, – dedi, – rəfiqələrimin hamısının künyəsi var!

Allah Rəsulu üzünü ona tutdu və bacısı Əsmanın oğlu Abdullah ibn Zübeyri qəsd edərək:

− Elə isə sən də bacın oğlu Abdullahın adını künyə götür, – deyə buyurdu. Bundan sonra o, bacısı oğlu Abdullah ibn Zübeyrə istinadən “Ümmü Abdullah” künyəsi ilə çağrılacaqdı [21].

Bütün bunlardan hərəkətlə demək olar ki, cütlük bir-birinin xoşuna gedən adlardan istifadə edə bilərlər. Hətta əcdadlarımızın bir-birlərini çağırdıqları ifadələrdən (bəy, xanım, zövcəm və s.) müraciət forması kimi istifadə etmək də olar. İndiki dövrdə cütlüklər daha fərqli xitablardan istifadə edirlər: Həyatım, canım, əzizim, gözəlim, ürəyim… Bu cür ifadələr ailədaxili ünsiyyətdə effektiv sayılsa da cəmiyyət içərisində işlədilməsi xoş qarşılanmır. Yəni bu cür ifadələri cütlük öz arasında işlədə bilər. Cəmiyyətdə insanların qəbul edəcəyi və qınamayacağı müraciət formalarından istifadə etmək lazımdır.

Təhlükəli xitablar

Zarafat olduğu düşünülərək və ya səmimiyyəti artıracağı ümidilə deyilən bəzi sözlərdən uzaq durmaq lazımdır. Məsələn, bir kişi zarafatla belə olsa, həyat yoldaşına “bacım, anam” deyə xitab edə bilməz. Rəsulullah (s.a.s.) bir gün bir nəfərin zövcəsinə bacım dediyini eşitdi. Xitab etdiyi şəxsin həqiqətən bacısı olub-olmadığını soruşdu. Həyat yoldaşı olduğunu öyrənincə ona bu tərz xitabı qadağan elədi.[22]

Bu və bənzər kəlmələr insana məhrəmliyi xatırladan ifadələrdir. Ailə üzvlərinə aid bu tərz sözlərdən cütlüyün istifadə etməsi doğru deyil. Dini hökm olaraq da kişinin həyat yoldaşına bu ifadələrlə səslənməsi zihar kəffarəsinə səbəb olur.[23]

Üstəlik sadalanan sözlərdən istifadə ər-arvad münasibətinə xələl gətirəcəyi, uşaqların təmiz zehinlərini kirlədəcəyi üçün də təhlükəlidir. Qısacası bu tərz sözlərdən istifadə həm dini, həm əxlaqi, həm də pedaqoji yöndən doğru deyil.  

Bəzər cütlük bir-birinə adı ilə xitab etmək əvəzinə “buradakı, oradakı, bu, o, bizimki, evdəki və s.” kəlmələrdən istifadə edir. Bu cür sözlərdən istifadə zahirən problemsiz görünsə də, düzgün ünsiyyət nöqteyi-nəzərindən işlədilməsə daha yaxşıdır.

Adətən cütlüyün arasında hər hansı mübahisə olanda onlar bir-birinə adları ilə müraciət etmirlər. Yəni ailədə münasibətlər korlanmağa başlayanda cütlük ilk olaraq bir-birinə adı ilə müraciəti unudur.

İstər tərif, istərsə də əhəmiyyət verməmək səbəbilə bu üsuldan istifadə etmək cütlüyü bir-birindən daha da uzaqlaşdıra bilər. Bəlkə də elə buna görə Allah Rəsulu “ey filankəs, bu, o, ay kişi” kimi xitabları xoş qarşılamamışdır. İnsanlara həmişə bir-birinin xoşuna gələn kəlmələrdən ifadə edərək səslənməyi tövsiyə etmişdir.[24]

Ünsiyyəti korlayan hadisə və ya vəziyyət olduğu təqdirdə bunu düzəltməyə əvvəlcə kəlmələrdən başlamaq lazımdır. Bu kəlmələrdən ən təsirlisi də qarşı tərəfin xoşuna gələn ad və sözlərlə ona xitab etməkdir. Bu həm də qarşı tərəfin sevinməsinə və özünü dəyərli hiss etməsinə səbəb olar. Bir müsəlmanı sevindirmək isə fərzlərdən sonra Allah dərgahında ən sevimli əməldir.[25]

Bəli, bəzən xoş bir söz, bəzən bir təbəssüm, bəzən də kiçik bir hədiyyə yaxınlaşmaq üçün səbəb ola bilər. Bu həm də ünsiyyətdə başlamış problemləri aradan qaldırar. Bəlkə də elə buna görə gözəl söz sədəqə vermək qədər savab qazandırır insana…

Ləqəblə çağırmaq və lağa qoymaq

Cütlüyün bir-birinə sevmədikləri sözlərlə xitab etməsi və ya bir-birini lağa qoyması da ailədaxili ünsiyyəti korlayan amillərdəndir. Elə buna görə də İslam ikili münasibətlərdə bu cür davranışları qadağan etmişdir:

“…Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın…”[26]

Cütlüyün bir-birinə nöqsan və qüsurlarını bildirən sözlərlə müraciət etməsi də təhlükəlidir. Bu həm həyat yoldaşı, həm də müsəlman olaraq doğru davranış sayılmır. Rəsulullah (s.a.s.) da bu tərz müraciəti qadağan etmişdir:

Müsəlman müsəlmanın qardaşıdır; ona haqsızlıq etməz və onu tək qoymaqla təhlükəyə atmaz Allah Müsəlman qardaşının ehtiyacını təmin edən insana yardım edər. Kim bir müsəlmanın bir sıxıntısını həll edərsə, Allah da buna görə həmin adamın Qiyamət günü bir sıxıntısını aradan qaldırar. Kim bir müsəlmanın eyib və qüsurunu örtərsə, Allah da Qiyamət günü həmin adamın eyib və qüsurunu örtər”.[27]

Rəsulullah (s.a.s.) insanları xoşagəlməz xitablardan uzaqlaşdırmış, əvəzində onlara daha gözəl sözlər öyrətmişdir. Məsələn, yəhudilərin üsyan və xəyanətlərindən sonra Allah Rəsulunun bir yəhudi qızı həzrət Safiyyə ilə evlənməsini digər zövcələri xoş qarşılamamışdı. Məhz yəhudi olduğu üçün onu qınayanlar olmuşdu. Üstəlik, öz ata və babalarının Rəsulullahla qohumluğundan danışıb özlərinin Peyğəmbərimizə daha yaxın olduğunu söyləmiş, həzrət Səfiyyəni isə Rəsulullaha yad görmüşdülər.

Bir gün bəzi zövcələri: “Rəsulullahın yanında bizlər daha üstün və əziz insanlarıq. Həm də biz Onun əmisi uşaqları və zövcələriyik”, – demişdi. Həzrət Səfiyyə də bunu Rəsulullaha bildirmişdi.  Peyğəmbərimiz (s.a.s.) də cəlallanıb: “Sən də “Ərim Məhəmməd, atam Harun (peyğəmbər) və əmim də Musadır. İndi siz məndən daha xeyirli olduğunuzu necə idda edirsiniz?” deyəydin, – buyurmuşdu[28]

Ən gözəl xitab

Doğru ünsiyyət üçün düzgün kəlmələrdən istifadə edərkən ifrata da düşməmək lazımdır. Hər şeyin azı kimi, çoxu da zərərli ola bilər. Xitab məsələsində ifrata getmək də yersiz mübaliğələrə səbəb ola bilər ki, bu da yalana qədər gedib çıxar. Üstəlik həmsöhbətin psixologiyasını korlaya və onu yersiz lovğalığa sürüləyə bilər. Bəlkə də elə buna görə Rəsulullah (s.a.s.) təkcə mənası yaxşı olmayan adları yox, mənası çox mübaliğəli adları da dəyişmişdir. Məsələn, Zeynəb bitni Cahşın adı müsəlman olmazdan əvvəl adı Bərrə (yaxşı insan, günahsız və ya nöqsansız) idi. Rəsulullah (s.a.s.) sonradan onun adını dəyişib Zeynəb qoymuşdu.[29] Çünki adın insan psixologiyasına təsiri var. Bərrə adı da onun lovğalanmasına gətirib çıxara bilərdi. Onsuz da insanlar onun haqda “o özünü təmizə çıxarır” deməyə başlamışdılar.[30] Hətta Rəsulullah bu adı dəyişdirəndə: “Allah sizin ən yaxşı olanlarınızı ən gözəl biləndir. Özünüzü təmizə çıxarmayın”, – buyurmuş və ad və təxəllüslərdə ifrata düşməməyi tövsiyə etmişdi.[31]

Cütlük də bir-birinə xitab edərkən bu xüsusu unutmamalıdır. Həyat yoldaşımı ən gözəl adla çağıracam düşüncəsilə onun psixoloji tarazlığını korlamaq olmaz. Məsələn, kişi həyat yoldaşına “yaxşılıq mələyim, gözəllik pərim, ilahəm” kimi sözlərlə, qadın da “könlümün sultanı, ömrümü həsr etdiyim, mələk qəlblim” tərzində mübaliğəli kəlmələrlə müraciət etməməlidir.

Nəticə

Göründüyü kimi ailədaxili ünsiyyətin doğru qurulmasında və davamında cütlüyün bir-birinə xitab şəkillərinin əhəmiyyəti böyükdür. Burada əsas məsələ hüquqi, əxlaqi, dini, psixoloji və pedaqoji yöndən problemli olmayan, sevgi, hörməti artıran və qarşı tərəfin xoşuna gələn kəlmələrin seçilməsidir. Bundan əlavə cütlük xitab zamanı təhqiramiz, dəyərsiz hiss etdirən, mübahisəyə səbəb olan ifadələrdən də uzaq durmalıdır. Bir-birini lağa qoymağın, nöqsanları ilə xitab etməyin münasibəti korlayan amillər olduğunu unutmamalıdır.

Bu prinsipləri tətbiq edərək ailədaxili ünsiyyətdə doğru müraciət şəkillərindən istifadə, aradakı sevginin artmasına vəsilə olan nəbəvi yoldur. Bu sünnənin tətbiq olunduğu evlər də Allahın iznilə Cənnətdəki köşklərdən birinə çevrilə bilər.

[1] Müslim, Sayd 57; Tirmizi, Diyet 14.
[2] Müslim, İman 93; İbn Macə, Dua 10ə
[3] Bax: Zəməxşəri, Kəşşaf, IV, 14; Təbərani, Kəbir IV, 13 (3499).
[4] Buxari, Ədəb 111.
[5] Hümeyrə “hamra” sözünün kiçiltmə-əzizləmə (məsələn qız-qızcığaz) şəklidir və “ağa çalan qırmızı”, yəni “al bənizli olmaq” mənasında işlənir.
[6] Bax: Buxari, İdeyn, 2, 3, 25.
[7] İbn Sad, Təbəqat, X, 57.
[8] Buxari, Təfsir, 8.
[9] Hud surəsi, 11/73.
[10] Hucurat surəsi, 49/2.
[11] Əbu Nuaym, Xilyətul-övliya, VI, 66.
[12] Buxari, Nikah, 107 (4930); Müslim, Fəzailüs-səhabə, 80 (2439).
[13] Qəzzali, İhya, IV, 301; Deyləmi, Müsnəd, hədis nömrəsi: 8644.
[14] İbn Həcər, əl-İsabə, 1931.
[15] İbn Sad, Təbəqat, X, 76.
[16] Bax: Nəsai, əs-Sünənül-kübra, V, 307; Hakim, Müstədrək, III, 129; Təbərani, əl-Mücəmül-kəbir, XXII, 400. Bəzi din alimləri “Hümeyrə” sözü işlənmiş hər bəyanı hədis saymamış, bəzilərinə ehtiyatla yanaşmış və mövzu ilə əlaqədar sadəcə Nəsaidə yer alan bəyanı səhih qəbul etmişlər. Hümeyrə “hamra” sözünün kiçiltmə-əzizləmə (məsələn qız-qızcığaz) şəklidir və “ağa çalan qırmızı”, yəni “al bənizli olmaq” mənasında işlənir. Bax: İbn Mənzur, “Lisanül-ərəb”, “HMR” maddəsi.
[17] Bax: İbn Hacər, İsabə VIII, 42. Üveyş də Aişə adının əzizləmə şəklidir və “Aişəcik” mənasına gəlir.
[18] Bax: Buxari, Fəzailüs-səhabə 30 (3557); Ədəb 111 (5848); Müslim, Fəzailüs-səhabə, 91 (2447). Sözlərin son hərflərini demədən fikri qısa şəkildə çatdırmaq üslubu “tərhim” adlanan bir bəlağət sənətinə daxildir. Burada Peyğəmbərimiz (s.a.s.) Aişə anamızın adını qısaltmışdır. Bu xitabda həm də yaxınlığı bildirən  səmimiyyət vardır.
[19] Bax: Əhməd ibn Hənbəl, Müsnəd, 6/159 (24302), 205 (25746); İbn Macə, Zöhd 20;  Tirmizi, Təfsirül-Quran, 23.
[20] Timizi, Cənaiz, 65; Əhməd ibn Hənbəl, Müsnəd, I, 334.
[21] Bax: Əbu Davud, Ədəb, 78 (4970); Əhməd ibn Hənbəl, Müsnəd, VI, 260 (26285).
[22] Əbu Davud, Talaq, 15.
[23] Zihar bir kişinin həyat yoldaşına “sən mənim üçün anam kimisən” deyərək qanuni nikahı özünə haram etməsidir. Cahiliyyə dövründə ərəblər bu cür edərək zövcələrindən uzaq qalırdılar. Bu qadının boşanmadan çıxılmaz vəziyyətdə qalması idi. Belə olanda qadın tamamilə əlacsız qalırdı. Mücadilə surəsindəki ayə bu haqdadır: “Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!” (Mücadələ surəsi, 58/2-4) İslam cahiliyyə dövründəki bu yanlış xitab tərzini qadağan etmiş və haqsız boşama üsulunu qanunsuz saymışdır. Üstəlik bunun kəffarəyə səbəb olduğunu bildirmişdir. İslamda bu cür boşanma üsuluna müraciət edən kişiyə də çıxış yolu göstərilmişdir. Bu tətbiqat qadınların haqlarının tapdanmasını və çıxılmaz vəziyyətdə qalmasının da qarşısını almışdır. Buna görə də kişinin zövcəsinə “anam, bacım” kimi ifadələrlə müraciət etməsi bir mənada zihar boşanmasına bənzəyir. Bu səbəbdən bu cür xitablardan uzaq durmaq lazımdır.
[24] Zəməxşəri, Kəşşaf, IV, 15; Deyləmi, Müsnəd, IV, 104.
[25] Təbərani, Mucəmul-kəbir X, 923.
[26] Hucurat surəsi, 49/11.
[27] Buxari, Məzalim 3; Müslim, Birr 58.
[28] Bax: İbn Həcər. İsabə, IV, 2558. İbn Əsir, Üsdül-ğabə, VII, 169.
[29] Müslim, Ədəb, 4; İbn Əbdilbərr, İstiab, III, 222.
[30] Bax: Buxari, Ədəb 108; Müslim Ədəb 17.
[31] Müslim, Ədəb 19.



Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.


Şərh yaz