1. Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsiniz?
Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd b. Xaliddən rəvayət edilən hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sanki, ramazan ayını iki qat oruclu keçirməyin yolunu göstərir: “Kim bir orucluya iftar verərsə, o orucluya verilən savab eyni şəkildə iftar verənə də yazılır. Üsеəlik oruc tutanın savabından azalmır”. (Tirmizi, Savm, 82; İbn Macə, Siyam 45)
Ramazan ayını ikiqat oruclu keçirməyin, yəni oruc tutan bir nəfərə iftar verməyin bir neçə yolu vardır. Bunlardan biri oruc tutanlara iftar yeməyinin pulunu verməkdir. Məsələn, deyək ki, bir öyün yemək 5 AZN-ə başa gəlir, bu da otuz günə 150 manat edir. Bu pulu verməklə həmin savabı qazanmaq olar. Digər yol isə bəzi regionlarımızda olduğu kimi, məscidlərdə və toplu iftar süfrələri açılan yerlərdə oruc tutanlara iftar verməkdir.
Əlbəttə ki, belə yerlərdə iftardan bir saat əvvəl təşviqedici məzmunlu və Rəbbin razılığını qazandıran xüsuslardan bəhs edən proqramlar təşkil etmək bu işin xeyir-bərəkətini daha da artıracaqdır. Ramazanda müəyyən plan çərçivəsində əlimiz çatan yaxınlarımıza, dostlarımıza, tanışlarımıza, evdə və yataqxanalarda qalan tələbələrə də iftar vermək ramazan ayında ikiqat oruc savabını qazandırır.
Qonşulara, qohum-əqrəbaya öz evlərindəcə iftar etdirmək sileyi-rəhm (*Qohum-əqrəbaya baş çəkmək, onlarla münasibətləri qoruyub saxlamaq) və yaxşılıq savabını da özü ilə gətirən əməllərdəndir.
2. Köməyə möhtac insanlar üçün sədəqə qutuları
Qəlbləri xeyirxahlıq etməyə meyilli və hazır olanlar, bu ay ərzində yaxşılıq etmək və əl tutmaq istəyənlər kiçik sosial işlərlə ramazan ayını səmərəli keçirə bilərlər. Belə insanların ev və iş yerlərində kiçik sədəqə qutuları qoymaqla bu və ya digər formada əlaqəsi olan şəxslərin himmətini (yardımını) toplayıb möhtac kimsələrə çatdırması buna bariz örnəkdir.
Bu yolla – zahirən bəsit görünsə də – əslində, ciddi yardım etmək olar. Əsas odur ki, insan bu köməyi qəlbən etsin və başqaları da bu gözəl işə təşviq edilsin.
Müsəlmanın köməyinə tələsmək və “bir bədənin üzvləri” (bax. Buxari, Ədəb, 27; Müslim, Birr 66) olduğumuzu göstərmək üçün bundan daha gözəl vəsilə varmı?
3. Xeyriyyə qurumlarının – vəqf və dərnəklərin yardım paylama işində könüllü iştirak etmək
Ramazan ayı dörd həftədən ibarətdir. Hər həftənin son günləri, ələlxüsus da, gənclər, həyatlarını Allah yolunda xidməti özünə qayə seçən Müsəlmanlar yığılmış yardımları paylayan və yoxsullara iftar verən xeyriyyə təşkilatlarının işində iştirak edə bilərlər. Hətta tanımadıqları yerlərə gedərək yoxsul və ehtiyac içində olan insanların dərdlərinə şərik olarlar. Əllərindən gələni əsirgəməz və onlara lazımı yardımı çatdırarlar. Bu gün xeyriyyə müəssisələrinin sayı az deyildir. Bu dərnəklər və müəssisələrlə əlaqə saxlayıb onların yardımlarını möhtac insanlara paylamağa könüllü olaraq kömək etmək ramazan ayına bambaşqa ab-hava qatar və savabı qat-qat artırar.
Oruc tuturuq deyə müqəddəs ramazan ayını miskin-miskin təkcə ailəmizlə keçirməməliyik. Çünki Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatına nəzər saldıqda ramazan ayında bir çox mühüm hadisələrin gerçəkləşməsinə şahid oluruq. Qəlblərin Allaha yönəlməsi naminə, xüsusən, ürəyi Cənnətlə döyünən gənclərin, özünü gənc hiss edənlərin, gəncliyin fiziki keyfiyyətlərdə deyil, fikirdə, davranışda olduğunu bilən, bunu vicdanən duyanların diqqət yetirməli olduğu bu vəsilə ilə ramazan ayını tamam fərqli keçirə bilərik.
4. Yardıma möhtac insanlara baş çəkmək
Dinə xidməti özünə qayə seçmiş, yaxşılıq etmək arzusu ilə alışıb-yanan hər kəsin kimsəsizlər evini, qocalar evini, tələbə yataqxanalarını, tələbə evlərini, bir sözlə, yardıma möhtac insanların qaldığı yerləri – hansı dindən olur-olsun – ziyarət etməsi, az da olsa, onların bir ehtiyacını qarşılamağa çalışması Ramazan ayında böyük savablara vəsilədir. Xeyirxahlıq etməyə çalışan hər bir inanclı insan üçün bu ehtiyac sahibləri ilə birgə oturub söhbət etmək, onlara kitab kimi dəyərli hədiyyələr vermək, maddi ehtiyaclarını münasib şəkildə qarşılamağa çalışmaq mühüm vəsilələrdir.
Xüsusilə də, belə müəssisələrdə qalan gənclər təcrid edildiklərini, diqqətdən kənarda qaldıqlarını düşünüb bütün insanları və ələlxüsus, dinini yaşamağa çalışanları diqqətsizlikdə, laqeydlikdə ittiham edə bilərlər. Bunda gəncliyin nisbətən tələskən, coşqun olmasının da az-çox rolu var. Qeyd edək ki, əgər belə insanların arasında ibadətdən və Allahdan uzaq olanlar varsa, onların yardımına tələsməyənlər də buna görə məsuliyyət daşıyırlar. Bu məsələdə dini ayrı-seçkiliyə yol vermədən ehtiyacı olan hər kəsə diqqət göstərməli, onların hidayətə çatmasına vəsilə olmaq üçün cani-dildən çalışmalıyıq. Bu, eyni zamanda “Allah bu dünyada insanların dərdinə çarə olan adamın axirətdəki sıxıntılarından birini aradan qaldıracaq” (Buxari, Məzalim, 4; Müslim, Birr, 58) – deyə buyuran Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) sünnəsinə əməl etməkdir.