2. 499 dəfə oxunub ,   0 şərh   Çap et

مَنْ يَضْمَنْ لِي مَا بَيْنَ لَحْيَيْهِ وَمَا بَيْنَ رِجْلَيْهِ أَضْمَنْ لَهُ الْجَنَّةَ

“Kim mənə dilinə və belinə (övrət yeri) hakim olacağına dair təminat verərsə, mən də onun Cənnətə gedəcəyinə zamin olaram”.[1]

Allah Rəsuludur, bir insanın nəyə zamin olub, nəyə ola bilməyəcəyini hər kəsdən yaxşı bilir. Cənnətə zamin olacağını bildirirsə, mütləq olacaq. Belə ki, “qardaşım” deyib ­ bağrına basdığı Osman ibn Mazun kimi bir səhabə haqqında birinin: “Cənnət quşu oldun, getdin”, – deməsini etirazla qarşılamış ­ və: “Mən Allahın Rəsulu ola-ola (aqibətimi) bilmirəm, sən onun Cənnətlik olduğunu haradan bildin?” [2] –  buyurmuşdu.

Deməli, dilinə və övrət yerinə sahib olacağına söz verən və verdiyi sözü tutan bir insan üçün Cənnətə zamin (kəfil) duran Allah Rəsulu bunu həva (nəfsinə) və həvəsinə görə söyləmir. Allah-Təalanın bir buyruğu var ki, Rəsulu da belə bir vəd verir.

Allah Rəsulu heç vaxt öz həva və həvəsinə görə danışmadı. Həmişə belə əməldən uzaq oldu. Elə isə dedikləri haqq və həqiqətdir, vəd etdiyi də vaxtı gəlincə, şübhəsiz, gerçəkləşəcəkdir.

Əgər dilimizi yalandan, qeybətdən, iftiradan və s. qorusaq və övrət yerini günahlardan mühafizə edib iffətli yaşasaq, tərəddüd etmədən axirətdə zəbanilər bizi tutub Cəhənnəmə aparanda var gücümüzlə qışqırıb Rəsulullahın bizə zamin olduğunu hayqıra bilərik. O zaman Həzrət Məhəmməd Mustafanın (s.a.s.) şəfaət və zəmanəti bizim imdadımıza yetişəcəkdir.

Danışmaq nemətdir

Əslində, insana bəxş edilən fikrini ifadə edə bilmə qabiliyyəti, nitq nemətinin dəyəri ölçüsüzdür. Ancaq insan dilindən pis düşüncə və niyyətlərini ifadə etmək və ya həyata keçirmək üçün istifadə edərsə, dili onu həlaka, fəlakətə sürükləyən ən zərərli vasitəyə çevrilər. İnsan Allahı məhz dili ilə zikr və təqdis[3] edir. Həmçinin “əmri-bil-məruf nəhyi anil-münkər”i[4] dil ilə edir. İnsan dillə Kainat Kitabını və onun əzəli tərcümanı olan Qurani-Kərimi tilavət edir (oxuyur), ayə və bəyanları oxuyur, başqalarına çatdırır. Danışığı ilə insanların imana gəlməsinə, hidayətinə vəsilə olur. Beləcə günəşin üzərinə doğub batdığı hər şeydən xeyirli bir iş görür. İnsan dili ilə əlayi-illiyinə[5] yüksəlir, siddiqliyin (sədaqətin, doğruluğun) zirvəsində taxt qurur.

Ancaq həmin dil insanın fəlakətinə də səbəb ola bilər. Bütün küfr və küfrlərə vasitəçilik edən dildir. Allaha və Onun uca Nəbisinə çirkin söz deyənlər bu iyrənc günahı dilləri ilə edirlər. İnsan yalan, qeybət, böhtan kimi günahların hamısını dili ilə edir və yenə dili ilə yalançı peyğəmbər Müseyləmə yalan çuxuruna yuvarlanır.

Allah Rəsulu bircə kəlmə ilə bir üzvə diqqət çəkir… Həmin sözdə mübhəm, gizli qalmış hələ neçə-neçə həqiqət var; bizim toxunduğumuz məsələlər isə bütövün bir hissəsidir. “Ağızı (dili) halal dairədə istifadə edin ki, mən də sizə Cənnəti söz verim”, – deyir. Bu, “Ağzınızı yumub bir küncdə oturun” demək deyil, “Allahın sevdiyi sözləri danışın!” deməkdir.

Allah Rəsulu məhrəm üzvün adını çəkmir. Onun yerinə bel (övrət yeri) ifadəsini işlədir. Bu, Onun uca ədəbinin bir təzahürüdür. Rəsulullah (s.ə.s.) hər zaman təbii və fitri şeyləri özünəxas dərin bir ədəb və üslubla ifadə edir. Allah Onun əxlaq, xarakter, səciyyə və təbiətini gözəlliklərlə süsləmişdir.

Allah Rəsulu insanların dilə gətirməkdən utandığı bir üzvdən bəhs edərkən “iki ayaq arası” sözlərini işlədir. İnsanın övrət yeri çox mühümdür. Nəslin davam etdirilməsi bu yolla olduğu kimi, nəslin maddi-mənəvi (zina və föhşlə) dağılması da yenə bu yolla olur. Çünki ondan sui-istifadə nəticəsində soy-kök, nəsil bir-birinə qarışır və hüquq sistemlərinin əsas prinsipləri öz qüvvəsini itirir.

Kim kimin atasıdır? Kim kimə miras qoyacaq, kim kimdən haqq tələb edəcək? Ailə necə qorunacaq, millət necə varlığını davam etdirəcək? Bütün bu və bənzər suallar ancaq insanın övrət yerinə sahib çıxıb iffətli yaşamasından asılıdır. İffətli insanlar və onlardan təşəkkül tapmış toplumlar öz dəyərlərini qiyamətəcən davam etdirər, bunun əksinə zina və föhşiyyat bataqlığına düşən fərd və millətlər bir nəsil də o tərəfə gedə bilməzlər.

Hər mövzuda olduğu kimi, bu mövzuda da halal dairəsi genişdir və həyatdan həzz almağa kifayət edir. Harama girməyə heç lüzum yoxdur. İnsanın arzusu halal dairədə də ən gözəl şəkildə təmin oluna bilər. Onun üçün də Allah Rəsulu: تَنَاكَحُوا تَكْثُرُوا فَإِنِّي أُبَاهِي بِكُمُ اْلأُمَمَ “Evlənin, çoxalın. Çünki mən (digər) ümmətlərin yanında sizin çoxluğunuzla fəxr edərəm”, [6] – buyurur. Bəli, Allah Rəsulu öz ümmətinin digər ümmətlərdən çoxluğu ilə öyünəcək. Rəsulullahın ümməti o qədər çox olacaq ki, digər ümmətlər onun kölgəsində qalacaq. Məhz ümmətin bu qədər çoxalması yenə övrət yerindən asılıdır. Nəsəbsizlər də, ali nəsəblilər də – hər kəs o yolla bəlli olur. Və ora iki zidd – halal və haramın işlənməsi üçün “münbit” zəmindir.

İnsanın bu mövzuda halal yol axtarması ona bir vacib savabı qazandırar. Allah Rəsulu bunu deyəndə əshab heyrətlə bunun necə olacağını soruşdu. Allah Rəsulu da təbəssüm edərək bu cavabı verdi: “Əgər halal yolla olmasaydı, haram olmayacaqdımı?”[7] Harama girməmək isə vacibdir. Elə isə halala riayət etmək insana vacib savabı qazandırar.

Unutmayaq ki, Həzrət Adəmə belə bir duyğu verilməsəydi, Kainatın İftixarı Həzrət Məhəmməd (s.ə.s.) necə dünyaya gələcəkdi? Deməli, həmin qadağan olunmuş meyvənin əsl məqsədi və həqiqi səbəbi Rəsulullah idi…

Alimlərdən biri belə demişdir: “Əgər Həzrət Adəm bilsəydi ki, həmin qadağan olunmuş meyvəyə əl uzatmaqla Həzrət Məhəmməd əleyhissalamın dünyaya gəlməsinə səbəb olacaq, əl uzatmaq bir yana, o ağacı köklü-köməcli yeyərdi..”

Diqqət çəkiləcək bir digər vacib məqam: Allah Rəsulu dili və övrət yerini qoruyacağına söz verənə Cənnəti vəd edir. Cənnətlə müjdələnən səhabələr məlumdur. Deməli, onlardan başqa insanlar da buna nail ola bilərlər. Burada müvəffəqiyyət, yəni bunların əvəzində Cənnəti qazanmaq dil və övrət yerini qorumağın çətinliyindən irəli gəlir və mümkündür. Çünki şəhvətin bütün bədəni sardığı, mənliyi bürüyüb ruhu sarsıtdığı bir anda, hətta iradənin zəifləyib hər cür pisliyə meyil etdiyi bir zamanda Haqqın rizası üçün insanın özünü cilovlaması çox əhəmiyyətlidir.. Və bunu edən insan mənən amudi yüksələr, Rəsulunun zəmanəti ilə Cənnətlərə pərvazlana bilər.

Bəli, nəfsinin arzularını cilovlayan, onu hər cür pisliyə hazır olduğu əsnada günahlardan çəkindirən və nəfsin istəklərinə qarşı həmişə səbirlə mübarizə aparan, hətta nəfsani meyllərin təsirindən qorunmaq üçün daim imanını gücləndirən bir insan başqasının illərlə bir dərgahda oturub müridliklə əldə etdiyi feyzləri bir anda əldə edər. Bir insanın hər gecə min rükət namaz qılmaqla qazandığı savabdan da çox savabı həm də bir anda qazanar. Qazanar və birbaşa övliyalıq məqamına yüksələr. Amma zənn edilməsin ki, nafilə namaz və orucların bir dəyəri yoxdur. Onlar Allaha yaxınlıq vəsilələridir və həmişə elə olaraq da qalacaq. Burada yalnız insanı kamillik səviyyəsinə ucaldan başqa bir əməli xatırlatmaq istədik.

Allahdan diləyək, bizə beş-on insanın gücünü və “kamillik məqamına” yüksəlmək üçün qabiliyyətlər versin, bizi bu gücü sui-istifadə etməkdən də hifz eyləsin! İnsanın günahlara meyilli fitrətlə, xarakterlə günah mühitində istiqamətini (imanını) qoruyub saxlaması çox əhəmiyyətlidir. Bəli, “bihasəbil mağrəmil mağnəm” hökmüncə nə qədər çətinlik və məşəqqət çəkiriksə, o qədər mükafat əldə edir, nə qədər ağır təhlükələrə sinə gəririksə, o qədər də mənən yüksəlirik.

Məsələn, Allah sizin mahiyyətinizə bəzi zərərli maddələr yerləşdirmişdir; qəzəb, kin, nifrət və şəhvət kimi… Ancaq bunların heç biri heç vaxt sizə hökm edə bilməmişdir, əksinə siz daim iradənizlə onları yenib nəzarət altına almış, bir iradə və ruh timsalı kimi yaşamışsınız. Fərz və sünnətləri yerinə yetirmiş, qəlb və ruhun mənəvi dərəcələrini bir-bir keçmiş, Cəhənnəm yolunun cazibədar gözəlliklərinə aldanmamış, Cənnət yolunun çətinliklərinə qatlanıb rəbbaniliyinizi (Allaha xalis quluq) qorumağa çalışmışsınız və buna nail olmuşsunuzsa, bir də görəcəksiniz ki, nəbilərlə, siddiqlərlə, şəhidlərlə eyni məkandasınız.

Ehtimal ki, Həzrət Məhəmməd Mustafanın (s.a.s.) axırzamanda min bir fitnə içində İslamiyyətə sahib çıxacaq ikinci diriliş camaatına sevgisinin sirri də elə budur… Dükan-bazar, çöl-bayır bir qəyyaya dönüb insanları udmasına baxmayaraq, imanını qoruyan, müqavimət göstərən və canını dişinə tutub səbir edən bu müsəlmanlar, demək olar, səhabələrlə bərabərdir. Səhabələr Allah Rəsulunun dostları, bunlar da Rəsulullahın qardaşlarıdır. O, əsrlər sonra gələcək bu insanları intizarla anmış, “Qardaşlarıma salam olsun!” demişdi.[8]

Bəli, sanki, Allah Rəsulu hər dövrlə yanaşı, yaşadığımız dövrün insanlarına da xüsusi olaraq: “Kim dilini və övrət yerini qorumağa söz verərsə, onun Cənnətə girməyinə zamin olaram”, – deyir. Bu söz elə insanlara ünvanlanır ki, onlar Cənnəti ürəkdən arzulayır, Allah və Rəsuluna qovuşmaqdan başqa bir şey düşünmürlər. Və onlar Allah Rəsulunun bu müjdəsinə uyğun hərəkət edib ona birinci çatmaq əzmindədirlər.

Allah Rəsulu Cənnətə aparan yolları bu şəkildə ən yığcam ifadələrlə göstərir və bir cümlə ilə ən ideal fərd və cəmiyyətin təsvirini verir



[1]     Buxari, “Riqaq”, 23

[2]     Buxari, “Cənaiz” 3; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 1/237, 6/436; Təbərani, “Əl-mücəmül-kəbir”, 5/139; 9/37.

[3]     Allah-Təalanın qüsursuz, pak olduğunu bildirmək, söyləmək və Ona (c.c.) şükür etmək

[4]     Yaxşılığı əmr edib, pislikdən çəkindirmək

[5]     Cənnətin ən yüksək mərtəbəsi

[6]     Əbdürrəzzaq, “Əl-müsənnəf”, 6/173. (Bənzər mənanı ifadə edən hədislər üçün baxın.: Əbu Davud, “Nikah” 3; Nəsayi, “Nikah” 11; İbn Macə, “Nikah” 1)

[7]     Müslim, “Zəkat” 53; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 5/167-168.

[8]     Müslim, “Təharət” 39; Nəsayi, “Təharət” 110; İbn Macə, “Zühd” 36.

 



Açar sözləri

bəla iffət

Bənzər məqalələr

Yusuf surəsində İffət nümunəsi

Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirdi.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Həya nədir?

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir.

Zəhmətlə dolanmaq, dilənmədən iffətli yaşamaq

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!

Əl və dil bəlası

Həqiqi müsəlman odur ki, din qardaşları onun dilindən və əlindən zərər gəlməyəcəyinə əmin olurlar


Şərh yaz