Sual: Din nədir? Dinlər neçə yerə ayrılır?
Din sözünün lüğəvi mənası “cəza, hesab, qəza, siyasət, itaət, mükafat, boyun əymə, hökm, məqbul ibadət, millət, şəriət” deməkdir.
Alimlərimiz “din”ə bu şəkildə tərif vermişlər: “Din – insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir”. Bu ilahi qanunlar məcmuəsi Allah tərəfindən göndərilən fövqəladə fitrətə sahib insanlar, yəni peyğəmbərlər tərəfindən təbliğ və təmsil edilmişdir.
Dinlər iki yerə ayrılır: vəhyə əsaslanan din və vəhyə əsaslanmayan din.
Vəhy dinləri eyni prinsiplərə əsaslanmış və eyni həqiqətləri vurğulamışlar. Allah tərəfindən göndərilən hər bir peyğəmbər ümumi prinsiplər baxımından – o günün şərtlərinə və dövrün ehtiyaclarına uyğun – əvvəlki dinin davamını gətirmiş, onu təkmilləşdirmiş, tamamlamış, özündən əvvəlki peyğəmbərlərin bəyanlarını təkrar etmiş, vəziyyətə və şəraitə görə bəzi şeylər əlavə etmiş, izah tələb edən xüsusları şərh etmiş, yenilənməli olan məsələləri yeniləmiş və həmişə eyni mövzular: tövhid, peyğəmbərlik, həşr və ibadət hər peyğəmbərin ən başlıca məsələsi olmuşdur.
Allah-Təala hər bir peyğəmbərə göndərdiyi qövmlərin elm və dünyagörüşü səviyyəsinə, problemlərinin keyfiyyəti və ehtiyaclarının növünə görə təfərrüatda xüsusi əmrlər vermiş, xüsusi qanunlar qoymuşdur.
Məhz bu əsas prinsipdən ayrılmadan ilk peyğəmbərdən son Nəbiyə qədər bütün ənbiya və rəsulların gətirdiyi bəyanlarda – ikinci dərəcəli mövzularla əlaqəli – həmişə bir dəyişiklik nəzərə çarpırdı. Amma bu dəyişikliklərin heç biri əsl bəyanın ruhuna toxunmamış və təfərrüat çərçivəsindən də kənara çıxmamışdır.
Bir hədisdə də Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Peyğəmbərlər ata bir qardaşdırlar. Dinləri birdir”. (Buxari, Ənbiya, 48; Müslim, Fəzail, 143) İslam dinin təməl prinsiplərindən biri də peyğəmbərlərə göndərilən dinlərin əsillərinə inanmaqdır. İrəlidə bu haqda geniş izah veriləcək.
Bütün peyğəmbərlərin dini İslam olmaqla yanaşı, Peyğəmbərimizlə İslam dini kamillik zirvəsinə çatmışdır: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”. (“Maidə” surəsi, 5/3)
Bütün peyğəmbərlər haqq dini təbliğ etməklə yanaşı, onu hər kəsdən daha yaxşı və daha dərindən yaşayaraq təmsil etmişlər. Hz. Musanın gətirdiyi dinə sonradan “Yəhudilik” adı verilmişdir. Elə “Xristianlıq” da Hz. İsanın gətirdiyi dinə daha sonralar verilən addır. Nə Hz. Musa, nə də Hz. İsa bu adları istifadə etmişlər.
Vəhy dini olduğu və orijinallığını qoruyub saxladığı üçün İslam dini haqq dindir. Yəhudilik və Xristianlıq vəhyə əsaslansa da, zaman keçdikcə səmavilik xüsusiyyətini qoruya bilməmişlər. Bununla yanaşı, bu dinlərin kitabları ilə Quran arasındakı ortaq xüsusiyyətlər və paralelliklər az deyil.
Yəhudi və Xristianlara “əhli-kitab” da deyilir. Bəziləri kitablarının olub-olmadığı şübhəli olan Atəşpərəstləri də əhli-kitab kimi qəbul edir.
İlahi vəhyə əsaslanmayan dinlər isə batil dinlərdir.
Bundan başqa dinə bənzər bəzi təşkilatlar da vardır ki, bunlar nə bir peyğəmbərə, nə də bir vəhyə əsaslanırlar.
Dinlər haqqında qısaca məlumat verib İslam dininə keçək.