17. 035 dəfə oxunub ,   1 şərh   Çap et

Doğruluq sözdə, düşüncədə və davranışda gerçəkləşir. Müsəlmanlar doğruluq və dürüstlüyü heç vaxt tərk etməzlər. Qurani-Kərimdə doğruluq və düzgün istiqamətin üstünlüyü, əhəmiyyəti açıq-aydın göstərilmişdir. Allah Təala buyurur:

“Ey iman edənlər, Allaha üsyan etməkdən çəkinin və həmişə doğru söz söyləyin” (Əhzab, 33/70). Bu ayə göstərir ki, imanlı bir insan daima dürüst olmalıdır. Buna görə də Müsəlman bir xətaya yol verəndə təqsirini ört-basdır etmək üçün yalana əl atmamalı, əksinə dərhal üzr istəyib səhvlərini düzəltməyə çalışmalıdır.

Doğruluğu xarakterə çevirən insan səbəb və şəraitdən asılı olmayaraq yalan söyləməz, bir məsələni həll etməkdə yalanı va­sitə saymaz. Dolayısilə, Quran əxlaqına yiyələnmiş bir insan ya­lan danışmağa ehtiyac duymaz. “”Rəbbimiz Allahdır” deyib doğru yolda olanların üzərinə mələklər enər və: “Heç narahat olmayın, heç üzülməyin və sizə vəd edilən cənnətlə sevinin!” deyərlər. (Fussilət, 41/30) Bu cür insanlar dürüstlük və səmimiyyətdən qaynaqlanan gözəl, əmin-aman və hüzur dolu həyat yaşayar. Dünyada belə gözəl əxlaqa yiyələnmiş insan axirətdə daha gözəl mükafatlara layiq görülər. Allah “doğru danışanları” belə müjdələyir. Allah buyurur ki: “Bu gün o gündür ki, doğruların doğruluğu özlərinə fayda verər. Onlara içində çaylar axan cənnətlər var. Orada daimi qalarlar. Allah onlardan razı olmuş, onlar da Allahdan razı olmuşlar. Budur böyük uğur və xoşbəxtlik!” (Maidə, 5/119)

Davranışda dürüstlüyün əhəmiyyətini “Əmr olunduğu kimi doğru hərərkət et!” (Hud, 11/112; Şura, 42/15) kimi ilahi əmrlərdə də görürük. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Hud” surəsinin və xüsusilə, bu surədəki “doğru ol!” əmrinin Onu qocaltdığını, saçlarını ağartdığını bildirmişdir.[1]

Allah-Təala Peyğəmbərlərini doğruluq nümunəsi kimi gön­dər­mişdir. Başda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) olmaqla bü­tün peyğəmbərlər doğruluq timsalı idilər. Qurani-Kərim Həzrəti İbrahim, Həzrəti İsmail və Həzrəti İdrisin dürüstlüyünü və sözünə sadiqliyini xüsusi qeyd edir. (bax. Məryəm, 19/41, 54, 56).

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dürüstlük haqda xəbərdarlıqları da mühüm əhəmiyyət kəsb edir. Hədisi-şəriflərdə ümumi mənada dürüstlüklə cənnət və Allahın rizası tən tutulur. İbn Məsud nəql edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Sidq (doğruluq, sadiqlik) insanı birrə (Allahı razı edən yaxşılığa), birr də cənnətə aparar. İnsan doğru söylər, doğruluğu qayə seçər və axırda Allah qatında siddiq kimi qeyd edilər. Yalan insanı günaha, bataqlığa, o da Cəhənnəmə aparar. İnsan yalan danışar, yalanın arxasınca gedər və axırda Allah qatında “yalançı” kimi qeyd edilər.[2]

Digər hədisi-şərifdə isə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanın dürüstlüklə, əmanətə riayət etməklə mənəvi məqam və feyzə yüksəldiyini bəyan edir. Əbu Musa (radiyallahu anh) Allah Rəsulunun belə buyurduğunu rəvayət edir:

 “Etibarlı xəzinədar o kəsdir ki, hər hansı bir əmanətçinin  əmanətini tələb olunan yerə olduğu kimi çatdırır.” Başqa bir hədisdə isə belə buyurulur: “Mömin digər mömin üçün divar kimidir, bir-birinə dayaq olar.” [3]

Doğru danışmaq

İslam əxlaqında əhəmiyyətli yer tutan doğruluq fəzilətinə yiyələnmək üçün səy göstərməyə ciddi ehtiyac var. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu əxlaqı, xüsusilə, uşaqlıqdan mənimsətməyə diqqət göstərmişdir. Ana-atanın uşağa yalan deməməsi üçün onların uşaqlarla rəftarını tənzimləmiş və bəzi ümumi prinsiplər ortaya qoymuşdur. Məsələn, hansı vəziyyətdə olur-olsun ana-ata­nın uşaqlarını aldatması, onlarla davranış və münasibətlərinə laqeyd yanaşması doğru deyil.

Abdullah ibn Amr nəql edir: “Bir gün anam məni çağırdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) da bizdə idi. Anam:

– Gəl sənə bir şey verəcəyəm! – dedi. Rəsulullah (sallallahu əleyhi və səlləm) anamdan:

– Ona nə verəcəksən? – deyə soruşdu. Anam:

– Bir xurma verəcəyəm, – deyə cavab verdi. Bunu eşidən Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurdu:

– Xəbərin olsun, əgər ona bir şey verməsəydin, sənə bir yalan günahı yazılardı.”[4]

Əbu Hureyrə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Kim bir uşağa “Bura gəl, sənə bir şey verəcəyəm” deyib, verməzsə, bir yalan günahı qazanar.”[5]

Qəlbin doğru olması

Müsəlman sözündə olduğu kimi qəlbində də doğru olmalı, da­xili aləmini də pis duyğu və düşüncələrdən təmizləməlidir. Daha aydın desək, müsəlman düşündüyü kimi danışmalı, danış­dı­ğı kimi də olmalıdır. Sözü qəlbində arasında zərrə qədər fərqlənməməlidir. İnsan bu fəziləti ilə kamil möminə çevrilər və ətrafının eti­barını qazanar: “İnsanın imanı doğru olmaz qəlbi doğru olmadıqca, qəlbi doğru olmaz, dili doğruları söyləmədikcə. İnsan cənnətə girə bilməz, qonşusu dürüstlüyünə əmin olmadıqca.”[6] Bu baxımdan  Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dilin və qəlbin doğru olmasını tövsiyə etmişdir.

İşdə doğru olmaq

Müsəlmanın sözü və qəlbi doğru olanda işi də doğru olur. Müsəlman işində hiylə və Haqsızlıqdan uzaq olmalıdır. Əbu Hureyrədən (radiyallahu anh) rəvayət edildiyinə görə, Peyğəmbərimiz bir gün bir buğda topası görmüş və əlini içinə salıb baxanda buğdanın üst hissəsinin quru, alt hissəsinin isə yaş olduğunu başa düşmüş və sahibindən:

– Bu nədir? – deyə soruşmuşdu. Buğda sahibi:

– Onu yağış isladıb, ey Allahın Rəsulu – deyincə Peyğəmbərimiz:

– O yaş yeri insanlar görsün deyə buğda topasının üstünə qoysaydın, yaxşı olardı. Bizi aldadan bizdən deyildir, – buyurmuşdur.[7]

Ən xeyirli insanlar olan böyük səhabə nəslinin, bəlkə də, ən bariz xüsusiyyəti doğruluq və dürüstlükdür.  Doğruluq və dürüstlük bu böyük insanların zahiri və batini dünyasında əngin hüzur ab-havası  meydana gətirmişdi. Əbul-Havra nəql edir: Əlinin oğlu Həsəndən (radiyallahu anh):

– Rəsulullahdan (sallallahu əleyhi və səlləm) nəyi əzbərlədin? – deyə soruşdum. O da belə cavab verdi:

– Səni şübhəyə salan şeydən uzaqlaş, şübhə verməyən şe­yə yönəl! Belə ki, doğruluq ürəyə yatandır, yalan isə şübhə oyadandır.”[8]

Oxşar rəvayət isə belədir: Sufyan ibn Abdullah əs-Səqafi nəql edir:

– Ey Allahın Rəsulu, mənə İslam haqqında elə bir şey de ki,  mənə kifayət etsin və sizdən başqa kimsədən bir şey soruşmağa ehtiyacım olmasın” – dedim. Bu cavabı verdi:

– “Allaha inandım” de, sonra da doğru-dürüst ol!”[9]

İstər böyüklərin uşaqlara, istərsə də uşaqların öz yaşıdlarına verdiyi sözə əməl etməsi doğruluq əxlaqının formalaşması baxımından olduqca əhəmiyyətlidir.


[1]. Tirmizi, Təfsiri surə, 56/6 (3293).

[2]. Buxari, Ədəb 69; Müslim, Birr 102, 103, (2606, 2607); Muvatta, Kəlam 16, (2, 989); Əbu Davud, Ədəb 88, (4989); Tirmizi, Birr 46, (1972).

 [3]. Buxari, Zəkat 25, Vəkalət 16, İcarə 1; Müslim, Zəkat 79 (1023); Əbu Davud, Zəkat 43, (1684); Nəsayi, Zəkat 66, (5, 79-80).

 [4]. Əbu Davud, Ədəb 80; Əhməd ibn Hənbəl, Müsnəd, 3/447.

 [5]. Əhməd ibn Hənbəl, Müsnəd, 2/452.

 [6]. Əhməd ibn Hənbəl, Müsnəd, 3/198.

 [7]. Müslim, İman, 43.

 [8]. Tirmizi, Qiyamət 61, (2520); Nəsayi, Əşribə 50, (8, 327, 328).

 [9]. Müslim, İman 62, (38)

 



Açar sözləri

doğruluq əxlaq

Bənzər məqalələr

İnsanların bir-birinə qarşı vəzifələri, mahiyyəti və növləri

Vəzifə dinə görə yerinə yetirilməsi zəruri olan və ya tövsiyə edilən hər hansı xeyirli iş və gözəl əməl deməkdir. Vəzifələr iki növ olur

Təvazö və ixlas

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 


1 şərh yazılıb
  1. xanim , 20/12/2015 tarixində, saat 14:12

    Xowuma geldi

Şərh yaz