19. 009 dəfə oxunub ,   0 şərh   Çap et

Cavab: Qurani-Kərimdə donuz ətinin haram olması ilə əlaqədar bu ayələr vardır: “O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram etmişdir. Kim naəlac qalarsa, həddi aşmadan bunlardan yeməsində günah yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”[1] “Maidə” surəsinin üçüncü ayəsində də donuz ətinin haram olması xəbər verilir. Altmışıncı ayəsində isə belə buyurulur: “De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!”[2] “Ənam” surəsi 145-ci ayədə və “Nəhl” surəsi 115-ci ayədə Uca Allah haram olan şeylər arsında donuz ətinin də adını çəkmişdir.

Donuz ətinin zərərləri

Haqqında nəcisul-ayn (tam murdar) hökmü olan bir heyvana “faydalıdır” demək, onda fayda  axtarmaq doğru deyildir. Donuz ətinin zərərləri tibbi baxımdan da müəyyən edilmişdir. Numan İgidər “Sızıntı” jurnalında çıxan məqaləsində yazır: “Ottava Universitetinin tədqiqatçıları donuz ətinin yeyilməsi ilə xroniki xəstəlik olan qaraciyər sirrozu arasında əlaqə olduğunu müəyyən ediblər.

On altı ölkənin donuz əti, iribuynuzlu heyvan əti, yağ və spirtli içki istehlakı ilə bağlı statistik məlumatları araşdıran alim­lər donuz ətinin insanı qaraciyər sirrozuna yoluxdurduğunu müəyyən etmişdir.

Tədqiqatı aparan dr. Amiri Nanji və dr. Samuel Frans müəy­yən etmişdir ki, donuz əti ilə spirtli içki qəbul etdikdə sirroza tutulma təhlükəsi daha da artır. Əksinə iribuynuzlu heyvanların ətində belə fəsadlara rast gəlinməmişdir.

İsveçrə, Norveç və Finlandiya kimi ölkələrdə sirrozdan ölüm halları adambaşına düşən donuz əti istehlakı ilə birbaşa əla­qəlidir. Həmçinin Kanadada da sirrozdan ölüm halları spirtli içki ilə yox, məhz donuz ətinin istehlakı ilə əlaqədardır.

Tədqiqatçılar donuz ətinin sirroza necə səbəb olmasının, sirrozu necə ağırlaşdırmasının bir sirr olaraq qaldığını deyirlər. Lakin sirrozdan ölüm hallarının yeyilən donuz ətinin miqdarı ilə birbaşa bağlı olması məsələsində həmfikirdirlər.

Donuz ətinin sağlamlığa bir çox zərəri vardır. Bu zərərlər keçmişdə olduğu kimi, görülən tədbirlərə baxmayaraq, bu gün də aktualdır. Hər şeydən əvvəl donuz fermalarda, təmiz yerlərdə saxlanılsa da, öz nəcisini yeyir. Həm nəcisini  yediyinə, həm də bioloji xüsusiyyətlərinə görə, digər heyvanlarla müqayisədə daha çox anticism ifraz edir. Donuz digər heyvanlarla və insanla müqayisədə yüksək dozada böyümə hormonu ifraz edir. Bu yüksək dozalı anticisimlər və böyümə hormonları donuzun or­qa­nizmində dövr edərək əzələ toxumasına keçib orada yığı­lır. Bundan başqa, donuz ətində həddən çox xolesterol və lipid (yağlar) vardır. Elm sübut edir ki, anticisim, hormon, xolestrol və lipidlərlə həddən artıq zəngin olan donuz əti insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Donuz əti (ətindən hazırlanmış məhsullar) ilə qidalananlar həddən artıq böyümə hormonları qəbul etmiş olur ki, bu da əvvəlcə bədəndə artıq çəkinin meydana gəlməsinə, sonra da bədənin deformasiyasına səbəb olur.

Üstəlik, donuz ətində tez-tez rast gəlinən “trişin” paraziti­ də insan sağlamlığı üçün həddən artıq zərərlidir. “Trişin” adlı bu parazit insan bədəninə daxil olandan sonra birbaşa ürək əzələlərində yerləşir. Müasir dövrdə trişin daşıyıcısı olan donuzlar texniki imkanlar vasitəsilə müəyyən edildiyi halda, keçmiş dövrlərdə belə bir şey mümkün deyildi. Buna görə də donuz əti yeyən hər kəsin trişin parazitinə yoluxma və ölümlə üz-üzə qalma təhlükəsi vardı. Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin bəzi hikmətləridir. Rəbbimizin əmri insanı hər şəraitdə sağlamlığa zərərli olan, ciddi fəsadlar doğuran donuz ətindən çəkindirərək xəstəliklərdən qoruyur.

XX əsrə qədər donuz ətinin insan sağlamlığına zərərlərini müəyyən etmək mümkün deyildi. Zərərləri müasir tibbi cihazlarla, bioloji testlərlə, elmi faktlarla aşkar olunmuş bu heyvanın ətinin  cəmiyyətin mikrob, bakteriya, trişin, hormon, anticisim kimi anlayışlardan xəbərsiz olduğu bir dövrdə − VII əsrdə nazil olan Quranda  qadağan edilməsi onun Allah-Təalanın kəlamı olduğunu göstərən möcüzələrdəndir.

Donuz ətindən istifadə edən bir restoranda yemək yemək olar?

Qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanlar üçün ən həssas mövzulardan biri də budur. Harada yaşamağımızdan asılı olmayaraq, halal olduğunu dəqiq bildiyimiz qidaları yeyə bilərik. Dolayısilə, əgər haram olan donuz əti ilə qoyun, inək əti eyni mətbəxdə bişirsə, bu kimi hallar ortaya çıxa bilər:

1. Bu yeməklər hazırlanarkən ola bilsin ki, donuz əti və dana əti eyni bıçaqla doğranır.

2. Ola bilsin ki, ətlər eyni tava və qazanda bişirilir.

3. Restoran sahibi donuz ətindən istifadə məsələsində narahat olmaya, daha ucuz başa gələn donuz ətindən istifadə edə bilər.

Buna görə də belə yerlərdə yemək yemək doğru olmaya bilər. Bununla yanaşı, bir müsəlmanın halallığına əmin olmadığı yer­lər­də yemək yeməyib, halal olan yerə – uzaq da olsa – getməsi bir ibadətdir. Allahın razılığını düşünərək göstərdiyimiz bu cür həssaslıqla, inşallah, mükafat qazanacağıq. Əsas məsələ  şübhəli şeylərdən qaçmaqdır.

Donuzdan (ətindən, dərisindən, tükündən və s.-dən) hazırlanmış əşya və maddələrin istifadəsi halaldırmı?

Bu məsələ daha çox kosmetika ilə əlaqəlidir. Bir maddə və ya əşyanın caizliyinin əsas şərti tərkibində donuz yağı, spirt kimi İslamda haram buyurulan maddələrin olmaması və dəstəmaza, qüslə maneə törətməməsidir. İstifadə edilən əşyaların tərkibi, nədən hazırlanması çox mühümdür. Bir əşya və maddənin necə hazırlanması haqqında dəqiq məlumatımız yoxdursa­ və tər­ki­bində donuza aid bir maddənin olma ehtimalı varsa, haramdan qorunmaq üçün ondan istifadə etməməli, araşdırıb halalını tapmalıyıq. Sevgili Peyğəmbərimiz insan və donuz dərisindən başqa, bütün heyvanların dərisindən aşılandıqdan sonra istifadənin halal olduğunu buyurur. Buna görə də əgər çanta, ayaqqabı, dəri gödəkçə kimi əşyalarda donuz dərisindən istifadə olunubsa, onları işlətmək caiz deyildir. Bu kimi əşyaların toxunduğu digər paltarlar da yuyulmalıdır ki, namaz qılmağa mane olmasın.

Donuz tükündən hazırlanmış diş fırçalarını,saç daraqlarını istifadə etmək olar?

Zəruri hallarda tikiş üçün donuz tükündən istifadəyə icazə verilsə də, ideal mömin bunlardan da uzaq olmalıdır. Yuxarıda vurğuladığımız kimi, haramdan qaçınmaq da bir ibadətdir. Təraş və diş fırçalarının hazırlanmasında ucuz və asan tapılan donuz tükündən daha çox istifadə edilir. Hər şeydən əvvəl, firmalar istehsal etdiyi məhsulun üstünə “Donuz tükündən hazırlanmamışdır” qeydini yazmalı və bu məsələyə ciddi yanaşmalıdır. Və unutmamalıdırlar ki, yanlış məlumat yazıb müştərini aldatsalar, axirətdə bu əməllərinə görə cavab verməli olacaqlar. Donuz tükü, əsasən, bir kökdən bir neçə tükün çıxmasından bilinir. Belə fırçalar at tükündən hazırlanmış fırçalardan xeyli ucuzdur.

[1] “Bəqərə” surəsi, 2/173

 

[2] “Maidə” surəsi, 5/60



Açar sözləri

donuz əti halal haram

Bənzər məqalələr

Oğurluq malı almaq olarmı?

Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var.

Haramla məkruh arasındakı fərq

Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.

Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

Nərd oynamaq günahdır?

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir” buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.

Halal qazancın əhəmiyyəti

Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.


Şərh yaz