2. 811 dəfə oxunub ,   0 şərh   Çap et

İslam dini müsəlmanları bir-birinə qardaş elan etmiş və onlara bir-birini sevib hörmət etməyi, bir-birinin köməyinə gəlməyi əmr buyurmuşdur. İnsanların bir-birini sevməsində gediş-gəlişlər, ailəvi ziyarətlər mühüm rol oynayır. Bu baxımdan İslam dini Allah rizası üçün edilən ziyarətlərə böyük əhəmiyyət vermişdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) bir hədisində bəyan edir ki, Allah rizası üçün bir xəstəni və ya bir müsəlmanı ziyarət edən Cənnətdə yerini hazırlasın.[1]

Ziyarətlər, gediş-gəlişlər sevgi və etibar hissini gücləndirir, birlik və bərabərlik prinsiplərinin cəmiyyətdə kök atmasına gətirib çıxarır. Müsəlmanlar gediş-gəlişlər vasitəsilə bir-birini daha yaxından tanıyırlar. Bir-birinin sıxıntısını, dərdini öyrənir, bir çox məsələni birgə müzakirə edib birlikdə qərar verirlər. Cəmiyyət içində tək, ar­xasız, köməksiz olmadıqlarını hiss edir, gələcəyə ümid və inamla baxırlar. Din qardaşlarının yaxşı və yaman günlərdə yanlarında olması onlara hüzur və təsəlli gətirir.

Müsəlman ana-atasından başlayaraq bütün yaxınlarını, qon­şularını, tanışlarını, dostlarını ziyarət etməlidir. Ən münasib vaxtlar isə bayramlardır. Toy və ya yas kimi mərasımlərdən sonra təb­rik etmək və ya başsağlığı vermək üçün də onları ziyarət etmək olar.

Yaxın keçmişə qədər təzə ailə quran gənclər uzun müddət valideynləri ilə birlikdə yaşayırdılar. Bu gün isə gənclər ailə quran kimi əksər hallarda ata ocağından ayrılırlar. Ana-atasından ayrı ya­şayan, iş və ya başqa səbəblərlə valideynlərindən uzaqda olanlar imkan düşən kimi onlara baş çəkməli, xeyir-dualarını almalıdır. Bu, vacib dini və ya əxlaqi vəzifədir. Yaxın qohum da belədir. Onları da ziyarət etmək lazımdır.

Səhabə Qeys ibn Sad Rəsulullahın (sallallahu əleyhi və səlləm) bir gün onlara baş çəkdiyini, bir az oturduğunu, onlar üçün dua etdiyini və sonra da getdiyini nəql edir. Abdullah ibn Qeys (radiyallahu anh): “Rəsulullah (sallallahu əleyhi və səlləm) ənsarı, ya tək, ya da birlikdə ziyarət edərdi. Onlara bir-bir baş çəkmək istəyəndə evlərinə gedərdi. Birlikdə görmək istədiyi vaxt isə məscidə yolla­nardı”,[2] – deyir. Başqa bir hədis Rəsulullahın bir ənsar ailəsinə baş çəkdiyini, onların evində yemək yediyini, namaz qıldığını və onlara dua etdiyini bildirir.[3]

Böyük səhabə Həzrəti Salman (radiyallahu anh) Əbud-Dərdanı ziyarət etmək üçün Mədaindən Şama getmişdi.[4]

Bir gün Abdullah ibn Məsudun dostları onu ziyarət etmək üçün ta Kufədən Mədinəyə gəlmişdilər.

Abdullah ibn Məsud:

– Oturub bir-birinizlə dərdləşirsinizmi?

Dostları:

– Buna adət etmişik.

Abdullah ibn Məsud:

–  Bir-birinizə gedib-gəlirsinizmi?

Dostları:

– Bəli, ey Əbu Əbdürrəhman, hətta bəzilərimiz müsəlman qar­daşını bir müddət görməyəndə Kufənin o biri başına gedib onunla hal-əhval tutur.

Abdullah ibn Məsud:

– Siz nə qədər ki belə edirsiniz, hüzur içində yaşayacaqsınız,[5]  – deyir.

Hədislərdə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) müsəlmanları tez-tez ziyarət etdiyini görürük. Bundan başqa, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) daima əshabı ilə hal-əhval tutmuşdur. Yenə görürük ki, Onu (sallallahu əleyhi və səlləm) örnək götürən müsəlmanlar o dövrün nəqliyyat imkanlarının məhdud olmasına baxmayaraq, Allah rizası üçün şəhərlərdən şəhərlərə gedib bir-birini ziyarət edirmişlər.

Ziyarətdə bəzi məsələlərə diqqət etmək, ziyarət ədəbinə ciddi əməl etmək lazımdır. Bunlara riayət etməyən qonaq savab qazanmaq bir yana, ev yiyəsinin çətin vəziyyətə düşməsinə səbəb olar.  Buna görə də ziyarət qaydalarına həssaslıqla riayət edilməlidir. Belə ki:

1. Qonaq getmək üçün uyğun vaxt seçilməlidir. Yatmaq, ye­mək və iş vaxtlarında ziyarətə getməməyə çalışılmalıdır.

2. Qonaq gedəndə təmiz və səliqəli geyinmək lazımdır. Natəmiz və səliqəsiz geyinib başqalarını narahat etmək düzgün deyil.

3. Mümkünsə, əvvəlcədən ev yiyəsinə xəbər verilməli və deyilən saatda gedilməlidir.

4. Evin qapısını döydükdən sonra içəri salam verərək girmək, ev sahibi ilə hal-əhval tutandan sonra sevinc və ya kədərini bölüşmək lazımdır.

5. Çox oturmamaq, insanların ürəyini sıxan və onları kədərləndirən söz və davranışlara yol verməmək, gözəl şeylər danışmaq, gülərüz olmaq lazımdır.

6. Ziyarətlərdə qeybət edilməməli, xoşagəlməz məsələlər haqqında danışılmamalıdır.


[1]. Tirmizi, Birr 64.

[2]. Y. Qandəhləvi, Hədislərlə müsəlmanlıq, c. III, s. 103, 1115.

 [3]. Buxari, Ədəb, 65.

 [4]. Buxari, Ədəb, 65.

 [5]. Qandəhləvi, a.ç. ə., c. III, s. 1038



Açar sözləri

ziyarət

Bənzər məqalələr

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

Qohum-əqrabanı ziyarət

Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.

Qohum-əqrəba ziyarətinin faydaları

Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki silei-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.

Qonaq qarşılama ədəbi

Qonaq gedib-gəlmək insanların bir-birini daha yaxşı tanımasına, çətinlikləri bölüşərək yoluna qoymasına, qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin hazırlayır. Buna görə də dinimiz müsəlmanların bir-birinə baş çəkməsinə xüsusi əhəmiyyət vermişdir. Ev sahibi hansı xüsuslara diqqət etməlidir? Qonağın öhdəsinə düşən vəzifələr…

Xəstə ziyarəti necə edilməlidir?

Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.


Şərh yaz