122. 588 dəfə oxunub ,   3 şərh   Çap et

İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Allah insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur.

Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.

Dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar” mənalarını verir. Dini ədəbiyyatda bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur.

Dostsuz, yoldaşsız yaşamaq çətindir. Həyat dostlar və səmimi insanlarla mənalı olur. Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır.

Qurani-Kərimdə dost və yoldaş

Qurani-Kərimdə dost, yoldaş mənasında ən çox “vəli” sözünün işləndiyini görürük. “Mömin kişilər və mömin qadınlar bir-birinin vəlisidir (dostudur)”, – buyuran Rəbbimiz dostluq münasibətlərinin möminə xas bir keyfiyyət olduğunu bəyan edir[1].

Belə ki, bütün möminlər qardaşdır[2]. Bu mənada Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dövründəki mühacir-ənsar qardaşlığı və dostluğu dillərdə dastandır. Qurani-Kərimin “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” məallı ayəsi səhabələrin Allahın diləyi ilə dost və qardaş olduğunu bəyan edir[3].

Qurani-Kərimdə dostluq mənasında “xullə” sözünün də işləndiyini görürük. “Xullə” qəlbin dərinliklərinə nüfuz edib kök salan əngin dostluq anlamını verir. Allah (cəllə cəlaluhu) Həzrət İbrahimi özünə dost (xəlil) etdiyini bildirərkən bu sözü işlətmişdir[4].

Bizim üçün ideal dost Rəbbimiz başda olmaqla Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) də razı olduğu insanlardır. Cənabi-Haqq Qurani-Kərimdə belə insanları “gözəl yoldaş” adlandırır: “Allaha və Peyğəmbərə itaət edənlər axirətdə Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə gözəl yoldaşlardır!”[5]

Ona görə də dost seçəndə doğru-dürüst və xeyirli insanlara üstünlük verməliyik. Rəbbimiz də bunu bizdən tələb edir: “Ey iman edənlər! Allahdan qorxun və dürüst insanlarla birlikdə olun!”[6] Qurani-Kərimin dua məzmunlu: “Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə – yaxşılar zümrəsinə qovuşdur!”[7] ayəsi də  xeyirli insanlarla dostluğun nə qədər vacib olduğunu göstərir.                   

Hədisi-şəriflərdə dost və yoldaş

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) səmimi dostluq və yoldaşlığa çox önəm vermişdir. Möminin bir adamla dostluqda niyyəti Allah rizasından başqa bir şey olmamalıdır. Yəni o, din qardaşını Allah xatirinə sevməli, insanlarla ancaq ilahi rizanı qazanmaq üçün dostluq, yoldaşlıq qurmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində bu həqiqətlə bağlı buyurur: “İman ipinin ən güclüsü Allah üçün dostluq və Allah üçün düşmənçilikdir. Yenə Allah rizası üçün sevmək və Allah rizası üçün düşmənçilik etməkdir”[8].

Belə ki, Allah rizası üçün edilən dostluq əbədi olduğu halda, müəyyən bir mənfəət xatirinə qurulan dostluğun ömrü uzun olmaz.

“Müttəqilər (təqva sahibləri) istisna olmaqla dünyadakı dostlar o gün bir-birinə düşmən kəsiləcək”[9] məallı ayə Allah üçün qurulan dostluq münasibətləri istisna olmaqla, qalan dostların axirətdə bir-birinə düşmən olacağını açıq şəkildə bildirir.

Allah Rəsulu bir hədisi-şərifində Uca Rəbbimizin Məhşər günü yeddi zümrəni kölgəsinə alıb hifz edəcəyini bildirmişdir ki, onlardan biri də “bir-birini sırf Allah üçün sevən insanlar”dır[10].

Bəli, dost insanı Allaha aparmalıdır. Allaha aparan dost, əlbəttə, xeyirli dostdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) xeyirli dostun nə qədər dəyərli olduğunu gözəl bir bənzətmə ilə izah edir: “Yaxşı yoldaş xoş qoxulu ətir satan əttara, pis yoldaş isə körükçüyə bənzəyir. Əttar ya gözəl ətrindən sənə verər, ya sən ondan pulla ətir alarsan, ya da gözəl ətrindən qoxularsan. Körükçü isə ya paltarını yandırar, ya da pis qoxusu ilə səni narahat edər”[11].

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “İnsan yoldaşının dini üzərinədir”, – buyurmaqla dost seçimində də çox diqqətli olmağı məsləhət görür[12]. Çünki yaxşı dost insanı daima Allahın rizasına, Rəbbin Cənnətinə yönəldir, pis yoldaş isə Allahın qəzəbinə, Cəhənnəmin oduna sürükləyir.

Dostluq iki təndə bir ürək kimidir. Dostlar möminin dünya və axirət sərmayəsidir. Onlar insanın həm dünya, həm də axirət səadətini qazanmasına vəsilə olur.

Allah kimlərin dostudur?

Qurani-Kərimdə Haqq-Təala möminlərin vəlisi, yardımçısı və dostu olduğunu bəyan edir[13]. Bəs bu dostluq bütün möminləri əhatə edirmi? Yoxsa Allah yalnız müstəsna məziyyətlərə sahib möminlərin dostudur? Allah həqiqi iman etdikdən sonra Onun razı olduğu saleh əməlləri işləyən bəndələrinin dostu və yardımçısıdır[14].

Yəni Allah əməlisaleh bəndələrin, ibadət və məsuliyyətinin şüurunda olan, Ondan qorxub çəkinən təqva sahibi möminlərin dostudur, vəlisidir[15]. Həqiqi dost Allahdır. Allahdan başqa mütləq dost/vəli və yardımçı yoxdur[16].

Yuxarıda Rəbbimizin saleh əməl işləyən möminlərin dostu olduğunu qeyd etmişdik. Bəs bu saleh əməllər hansılardır? Sualın cavabını Qurani-Kərim verir: Müsəlman olmaq, Allah və Peyğəmbərinə ürəkdən iman gətirmək, namaz qılmaq, zəkat vermək, ehsan şüuruna sahib olmaq, yəni Allaha Onu görürmüş kimi ibadət eləmək[17].

Bu yerdə belə bir sual verək: Allahın dostluğundan məhrum olan insan vardırmı? Yaxud da hansı əməllər və seçimlər insanı Allahın dostluğundan məhrum edə bilər?

Allah zəlalətə düşənlərin, yanlış yolda olanların vəlisi deyildir. Bəzi insanlar Allahın hökmlərinə və peyğəmbərlərin dəvətinə baxmayaraq, yanlış yoldan əl çəkmirlər. Allah da belələrini öz yanlış seçimləri ilə baş-başa qoyur[18].

Bundan başqa Allah təkəbbürləri üzündən ibadətlərə yaxın durmayan kibirli və özündənrazı insanların,[19] pis əməl işləyənlərin, fitnə-fəsad törədənlərin dostu və yardımçısı deyildir[20].

Cənabi-Haqq iman etmədiyi halda özünü mömin kimi göstərən münafiqlərin dostu (vəlisi) deyildir. Onlar yer üzündə özləri üçün heç bir yardımçı tapa bilməzlər[21].

Mömin saleh insanlarla dost olmalı, daima onlarla oturub-durmalıdır. Yaxşı insanlarla yoldaşlıq etmək çox önəmlidir. Çünki insan bütün çətinliklərin öhdəsindən təkbaşına gələ bilməz. İnsan öz dünyasının həm yan, həm də orta dirəyi ola bilməz. Mömin öz varlıq çadırını çiyinlərinə alarkən dostları da yan dirəklər kimi ona kömək olmalıdır. Qübbənin daşları baş-başa vermədən havada dayana bilməz.

Biz möminlər daima xeyirxah və əməlisaleh dostların əhatəsində olmalıyıq ki, bir səhvə yol verəndə xəbərdarlıq edib çəkindirsinlər. Biz də onlardan həya edib xəta işləməyək, nəfsimizə hakim olaq və Allahın razı olduğu əməllərə yönələk.

Din qardaşından: “Gözlərini, qulaqlarını haramlardan yaxşı qorumursan!” xəbərdarlığını eşidən bir mömin, yəqin ki, enişə doğru gedən və qəfil əyləci basılan maşın kimi bərk silkələnib sağa-sola meyillənər. Ancaq əsas məsələ möminin bu xəbərdarlıqdan sonra silkələnib ayılması və özünə gəlməsidir. Bu da yaxşı insanlarla qurulan dostluğun mükafatıdır.

Yaxşı dost olmaq istəyənlər nələrə diqqət etməlidir

İnsan dost olmağı bacarmalıdır. Dost olmağı bacaran adam dost seçməyi də yaxşı bilər. “Yaxşı bir dost olub-olmadığınızı heç özünüzə sual vermisinizmi? Yaxud da: Yaxşı bir dost və ya yoldaş olmaq üçün hansı xüsuslara diqqət etmək lazımdır? İstəyirsiniz bunları maddə-maddə izah edək.

  1. Dostlarınızı yerli-yersiz tənqid etməyin, onların qəlbini qırmayın. Çünki yersiz tənqidlər dostların soyuyub uzaqlaşmasına səbəb olur.

Məşhur dövlət xadimi və mütəfəkkir Benjamin Franklin insanlarla uğurlu münasibətlərinin sirrini belə izah edir: “Dəyərsiz adamlar həmişə onu-bunu tənqid edər, elə hey başqalarını günahkar bilər. Mən heç kimin eyibindən, qüsurundan danışmıram. Hər kəsin yaxşı cəhəti var. Mən həmişə həmin yaxşı cəhətlərdən söz açmışam. Budur uğurlarımın sirri”.

  1. Yoldaşınız/dostunuz yaxşı bir iş görəndə onu tərifləyin, yalana və mübaliğəyə yol vermədən xoş sözlər deyin. Tərifdən, iltifatdan hamının xoşu gəlir. Yəni hər kəs ona dəyər verən, onu təqdir edən adamlarla dost olmaq istəyir. Haqlı tərif və təqdir insanın özünəinam hissini gücləndirir və onu daha yaxşı insan olmağa sövq edir.
  2. Qaşqabaqlı olmayın. Həmişə gülərüz və təbəssümlü olun. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də daima təbəssüm saçar, möminlərə də üzügülər olmağı tövsiyə edərdi[22]. Çünki gülərüz insan ətrafına sevinc və nəşə saçar, hamını özünə cəlb edər.
  3. Əliaçıq olun, yedirin, içirin. Bir fincan çay və ya bir tikə çörək belə çox dostluq körpülərinin qurulmasına gətirib çıxarır. Ona görə də Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyat tərzini nümunə götürün. İslam alimlərindən birinin dediyi kimi “Dost və yoldaşlarını əziz tutan, onları öz süfrəsinə qonaq edən insan bir çox müdafiəçi və arxa-dayaq qazanmış olur”[23].
  4. İnsanlarla salamlaşın. Hal-əhval tutmağı unutmayın. Səmimi bir salamlaşmaq, ayaqüstü hal-əhval tutmaq dostluq bağlarını möhkəmləndirir. Bu məsələdə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm): “Hansı əməlin sizi bir-birinizə sevdirəcəyini xəbər verimmi? Aranızda salamı yayın!”[24] – sözlərini qulağımıza sırğa eləməliyik.
  5. Qüsurlara göz yumun, səhvləri bağışlayın. Hər kəs səhv edə bilər. Əsl fəzilət xəta və qüsurları bağışlamaqdır. Uca Rəbbimiz sevdiyi bəndələrin gözəl məziyyətləri haqda buyurur: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”[25]. Möminin vəzifəsi Yunus Əmrənin sözləri ilə desək, döyənə əlsiz, söyənə dilsiz olmaq, qəlb qıranlardan da inciməməkdir. Bəli, yaxşı dost, səmimi, şirindil, gülərüz, əliaçıq, kinsiz-küdurətsiz, fədakar və etibarlı olmalıdır

Beləliklə, dostumuzu və yoldaşımızı seçərkən çox diqqətli olmalıyıq. Unutmayaq ki, seçdiyimiz dost təkcə bu dünyamızın deyil, həm də axirətimizin taleyini həll edir. Yaxşı dost seçməyənlərin həm bu dünyası, həm də axirəti puç ola bilər.

Dostluq və yoldaşlığa dair tövsiyələr

  1. İnsanın sadiq bir dosta ehtiyacı digər ehtiyaclardan heç də əhəmiyyətsiz deyildir. Bir insan dost və yoldaşlarına arxayındırsa, səmimi və vəfalı dostları varsa, demək, başqa məsələlərdə də işləri yolundadır.
  2. Ağıllı adam odur ki, dost-tanışları ilə münasibətləri pozuldumu, vaxt itirmədən incikliyi aradan qaldırır. Ən ağıllı adam isə diqqətli davranıb heç vaxt dostlarını incik salmır.
  3. İnsanlar arasında dostluğun daimi olması onların halal və düzgün işlərdə bir-birini anlayışla qarşılamasından asılıdır. Düşüncə, davranış və münasibətlərdə bir-birini anlayışla qarşılamayan, bir-birinə hörmət eləməyən adamların dostluğu qısa və müvəqqəti olur.
  4. Bir insan dostunun dərdini öz dərdi, sevincini də öz sevinci kimi görürsə və bunu qəlbində hiss edirsə, demək, o sədaqətli yoldaşdır. Dostlarının dərdinə və sevincinə şərik olmayanlardan vəfa gözləməyə dəyməz.
  5. “Dost dar gündə tanınar” deyiblər. Əsl dost və yoldaş insanın maddi vəziyyətinə baxmaz, xoş gündə yanında olub, çətinə düşəndə qeybə çəkilməz. Dar gündə və təhlükəli anda dostunun yanında olmayan bir insanın dostluqla yaxından-uzaqdan əlaqəsi yoxdur.
  6. İnsanlarla tez-tez dava-dalaş salanların dostu az olur. Dostunun çox, həm də vəfalı olmasını arzulayırsansa, onlarla lüzumsuz mübahisələr etməkdən çəkin.
  7. Dostluq hər şeydən əvvəl qəlb işidir. Riya və yalanla dost tapacaqlarını zənn edənlər həmişə aldanmışlar. Belələrinin başına üç-dörd yaltaq və sadəlövh adam toplansa belə, bu müvəqqəti bir hal olar, uzun sürməz[26].

[1]. “Tövbə” surəsi, 9/71.

[2]. “Hücurat” surəsi, 49/10.

[3]. “Ali İmran” surəsi , 3/103.

[4]. “Nisa” surəsi, 4/125.

[5]. “Nisa” surəsi, 4/69.

[6]. “Tövbə” surəsi, 9/119.

[7]. “Şüəra” surəsi,26/83.

[8]. “Mişkatul-məsabih”, hədis: 5014; Suyuti, “əl-Camius-sağir”, 1/69.

[9]. “Zuxruf” surəsi, 43/67.

[10]. Buxari, “Əzan”, 36.

[11]. Buxari, “Zəbaih”, 31, “Buyu”, 38; Müslim, “Birr”, 146.

[12]. Əbu Davud, “Ədəb”, 16; Tirmizi, “Zöhd”, 45.

[13]. “Bəqərə” surəsi, 2/257; “Ali İmran” surəsi, 3/68.

[14]. “Ənam” surəsi, 6/127.

[15]. “Casiyə” surəsi, 45/19; “Əraf” surəsi, 7/196.

[16]. “Tövbə” surəsi, 9/116; “Ənam” surəsi, 6/70; “Kəhf” surəsi, 18/26; “Ənkəbut” surəsi, 29/22.

[17]. “Maidə” surəsi, 5/55-56; “Bəqərə” surəsi, 2/112

[18]. “Şura” surəsi, 42/44; “İsra” surəsi, 17/97.

[19]. “Casiyə” surəsi, 45/7-10

[20]. “Nisa” surəsi, 4/123.

[21]. “Tövbə” surəsi, 9/74; “Əhzab” surəsi, 33/17

[22]. Tirmizi, “Şəmaili-Şərif”, s. 199-207.

[23]. “Ölçü və ya yoldakı ışıklar”, s. 139.

[24]. Müslim “İman”, 93-94.

[25]. “Ali İmran” surəsi, 2/134.

[26]. “Ölçü və ya Yoldakı ışıklar”, s. 199-140.

 




Bənzər məqalələr

Kişi və qadın “dostluğu”

Kişi və qadın dost ola bilərmi?

Əhli-Kitabla dostluq

Sual: Ali-İmran surəsinin 100-cü ayəsində Əhli-kitaba uymayın deyilir. Bunu necə başa düşməliyik? Ali-İmran surəsinin 100-cü ayədə “Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər”. buyurulur. Qurani-Kərimdəki mövzuları ələ alarkən Qurana bütüncül baxılmalı, ayələrin enmə səbəbinə diqqət edilməlidir. Ayədə onlarla dost olmayın ifadəsi yox, onların […]


3 şərh yazılıb
  1. Gunay , 11/10/2015 tarixində, saat 18:10

    Beyendim twk

  2. samire , 16/12/2015 tarixində, saat 10:12

    super

  3. ismail , 03/03/2016 tarixində, saat 09:03

    ela
    super

Şərh yaz