Dua möminlər üçün bir ibadətidir. Allahı Rəbb bilib Onun qarşısında səcdəyə gedənlər ehtiyaclarını Ona açır və Ondan kömək diləyirlər. Hər “Fatihə” surəsini oxuyanda: “Yalnız Sənə ibadət edir, yalnız Səndən kömək diləyirik,” deyirlər. İbadətə əhəmiyyət verməyənlər duaya da əhəmiyyət verməzlər. Belələri təkəbbürlü insanlardır. Ancaq təkəbbürlü insanlar, yəni özlərini üstün görənlər Allahdan bir şey istəməyi qürurlarına sığışdırmazlar. Bu düşüncə sapqınlıq və azğınlıqdan başqa bir şey deyildir. İnsan gücsüz olduğu üçün başqasının köməyinə möhtacdır. Dara düşəndə kömək istəyir. Ancaq insanın elə ehtiyacları var ki, onu Allahdan başqa heç kəs qarşılaya bilməz. Çıxılmaz vəziyyətə düşəndə Allaha inanmayanlar və Ona şərik qoşanlar belə, şərik qoşduqları tanrıları bir tərəfə atıb aləmlərin Rəbbi Allahdan kömək istəyirlər: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı gostərildi” (“Yunus” surəsi, 10/12). İbadət və dua ilk insandan bu günə qədər daim aktual olmuşdur. Hər insan haqq və ya batil mütləq bir dinə inanır. Allaha inananlar Allahın, Allahı unudanlar isə ilah saydıqları şeylərin qarşısında ibadət edir, ona sığınır, ondan kömək istəyir, ya da ondan qorxur. Dua etmək də bu ibadətin bir parcasıdır. Bəzi insanlar istər musəlman, istər qeyri-müsəlman olsun, dar günləri geridə qoyanda, özünü güclü hiss edəndə duadan uzaqlaşır. Belə insanların həyatında duanın olmaması onun mahiyyətinə təsir etmir. Onlar da dara düşəndə sığınmaq və üz tutmaq üçün bir pənahgah axtarırlar.