5. 008 dəfə oxunub ,   0 şərh   Çap et

تَعِسَ عَبْدُ الدِّينَارِ وَ الدِّرْهَمِ وَ الْقَطِيفَةِ وَ الْخَمِيصَةِ إِنْ أُعْطِيَ رَضِيَ وَ إِنْ لَمْ يُعْطَ لَمْ يَرْضَ

Qızıl, gümüş, məxmər və libasa qul, kölə olanlar pərişan hala düşdülər. Belə gözlərini sırf dünya malı örtmüş mənfəətpərəst şəxslər istədikləri veriləndə razı qalar, verilməyəndə əsla məmnun olmazlar”.

(Buxari, Riqaq, 10, Cihad, 70; İbn Macə, Zühd, 8)

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həm səhabələrinə, həm də gələcək ümmətinə xəbərdarlıq mahiyyətində belə buyurur: “Şübhəsiz ki, dünya şirindir, yamyaşıldır (cazibəlidir). Allah dünya nemətlərini sizin xidmətinizə verməkdə və (onunla) necə əməl etdiyinizə baxmaqdadır. Buna görə də dünyanın fani üzünün cazibəsinə əsla aldanmayın! Qadınların cazibəsinə qapılmaqdan da uzaq olun”. (Müslim, Zikr, 99)

 Bəli, Allah-Təala dünya nemətlərini verir və onlardan necə istifadə etməyimizə, işlədiyimiz əməllərə baxır. Hər kəs Allahın verdiyi və ya vermədiyi şeylərlə imtahan olunur. Zəngin əlində olan nemətlərlə, yoxsul da yoxluqla imtahana çəkilir. Kimisi sağlamlıq və gözəlliklə, kimisi də xəstəliklə imtahan olunur. Bu həqiqət Quranda da bəyan edilir: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır”. (“Mülk” surəsi, 67/2)

 Bu gerçəklər göstərir ki, bəşər övladı İlahi İradə tərəfindən imtahan edilir: Onun rizasına uyğun əməllər işləsə, mükafatlandırılacaq, əks halda isə cəzaya məhkum olunacaq.

Var-dövlət və bolluq insan oğlunu qəflətə sürükləyən və qafillikdə boğan amillərdən biridir. Xüsusilə, varlı və imkanlı insanlar belə təhlükələrə məruz qalmamaq üçün ayıq-sayıq olmalıdırlar. İslam varlanmağa pis baxmır. Əksinə dinimiz dünyanın kəsbən deyil, qəlbən tərk edilməsini istəyir. Zənginlik və bolluq ayağının büdrəməsi üçün sürüşkən zəmindir. Belə bir şəraitdə yoldan azmamaq üçün çox diqqətli olmaq lazımdır. Buna görə də Sevgili  Peyğəmbərimiz bizə çox əhəmiyyətli xəbərdarlığı edir: “Vallahi, mən sizin kasıb və ehtiyac içində olmağınızdan deyil, sizdən əvvəlkilər kimi dünya və dünya nemətlərinin sizin önünüzə sərilməsindən, onların dünya nemətlərinin dalınca qaçdığı kimi, sizin də bir-birinizlə çəkişməyindən və dünya malının onlar kimi, sizi də həlaka sürükləməsindən qorxur və ciddi narahat oluram”. (Buxari, Riqaq, 7; Müslim, Zühd, 6)

Quran da bu məsələdə möminlərə açıq-aşkar xəbərdarlıq edir:

Bu dünya həyatı oyun-oyuncaqdan və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”. (“Ənkəbut” surəsi, 29/64)

 “(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,  hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. Xeyr, (fani dünya malına bağlanmaq doğru deyil, bundan çəkinin) irəlidə biləcəksiniz. Bəli, bəli, irəlidə biləcəksiniz. Bundan çəkinin. Əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!” (“Təkasür” surəsi, 102/1-5)

“(İnkarçıların) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!” (“Taha” surəsi, 20/131)

 Bütün bu xəbərdarlıqlar bizlərə bir həqiqəti hayqırır: dünyamızı abad edib axirətimizə laqeyd yanaşmamalıyıq. Nəyə nə qədər vaxt ayırmağı, nə qədər dəyər verməyi düzgün hesablamalıyıq. Gündəlik, aylıq və illik gəlirimiz yüksək ola-ola Allahdan uzaqlaşır və ibadətlərimizə lazımınca diqqət etmiriksə, qazandığımızı düşünərkən əslində çox şey itiririk.

Səhabə də belə bir imtahana çəkilmişdi. Bir cümə günü Allah Rəsulu minbərə çıxıb xütbə verirdi. Elə o vaxt Dihyə ibn Hüleyfə (r.a) Şam tərəfdən ərzaq məhsulları gətirmiş, Baqi ətrafında dayanmışdı. Bunu eşidən camaatdan bəziləri xütbəni yarıda qoyaraq karvan olan yerə getmişdi. Rəsulullahın yanında az adam qalmışdı. Onlar dünya malına maraq üzündən ciddi xəta etmişdilər. Çox keçmədən bu ayələr nazil oldu: “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf getdilər. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (“Cümə” surəsi, 62/11)

Burada bir vacib məqamı da xatırlatmaq yerinə düşər ki, halal və qanuni yolla əldə edilən mal-mülk onu harada və necə xərcləyəcəyini bilənlər üçün böyük bir imkandır. Belə insanların əlindəki sərvət ilahi lütf və əmanətdir. Onlar bu əmanətin mühafizəsinə və düzgün istifadəsinə görə məsuliyyət daşıyırlar. Buna görə də Allah Rəsulu yoxsulluq fitnəsindən Allaha sığınır (Buxari, Dəavat, 39: Müslim, Zikir, 49), Allahdan iffətli yaşamağı və başqalarına möhtac olmamağı diləyir (Müslim, Zikir, 72; Tirmizi, Dəavat, 72) və “Allah təqvalı və təvazökar varlını sevər”, – (Müslim, Zühd, 11; Əhməd İbn Hənbəl, Müsnəd, I, 168) buyuraraq əsl zənginin xüsusiyyətlərini göstərir.

 “Dünya nədir? Xudadan qafil olmaqdır. Qumaş, gümüş, övlad və qadın deyil. Əgər dünya malını Haqqın rizası üçün çiyinlərinə alsan Rəsulullah (salllahu aleyhi və səlləm): “Yaxşı insan üçün faydalı mal necə də gözəldir”[1] buyurmuşdur. Gəminin içinə daxil olan su gəminin batmasına, altındakı isə onun hərəkətinə kömək edər. (Çalış gəmin su almasın, yoxsa batarsan)”

Bəhsimizi ticarətlə məşğul olub Allahı unutmayanları yad edən ayələrlə bitirək: “Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur.

O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan İslam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir! 

O nur Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir  ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.    

Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) verəcək, onlara olan lütfünü artıracaq. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.  (“Nur” surəsi, 24/35-38)

[1] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 197; Buxari, Ədəbul-müfrəd, s.112; İbn Hibban, Səhih, VIII, 6.




Bənzər məqalələr

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Allahın varlığının imkan dəlili

İmkan dəlilinin məqsədi “Vacib”in mövcudluğunu isbat etməkdir. Vacib “varlığı özündən olub, başqasına möhtac olmayan” deməkdir. Vacibin əksi “mümkün”dür. Mümkün “var olmaq üçün başqasına möhtac olan” mənasını verir. Kainat bir hissəsi duyğu orqanları ilə dərk olunan, digər hissəsi isə başqa vasitələrlə müəyyən edilən canlı-cansız varlıqlardan ibarətdir.


Şərh yaz