Ehramlı ikən Həram bölgəsində edilməsi qadağan olan feillərin edilməsinə “cinayət” deyilir.
Həcc və ya ümrədə vacib olan ibadətlərdən birini üzrsüz olaraq tərk edən və ya vaxtında etməyən şəxsin cəza olaraq qurban kəsməlidir.
Vacib bir üzr səbəbi ilə edilərsə və ya daha sonra yenidən üsuluna görə edilərsə cəza qalxar. Hənəfilərə görə qıran həccinin ehram qadağaları ilə əlaqəli cinayətlərdən ötrü biri ümrənin, digəri həccin ehramı olmaqla hər bir cinayət üçün iki cəza lazımdır. Ümrə təvafının dəstəmazsız edilməsi kimi sadəcə ümrə ilə və ya Müzdəlifə vəqfəsini tərk etmək kimi sadəcə həcc ilə əlaqəli vaciblərin tərk edilməsi ilə meydana gələn cinayətlərdən ötrü isə tək bir cəza ödənilir. Digər üç məzhəbə görə, ehram qadağaları ilə əlaqəli cinayətlər üçün də bir cəza ödəmək lazım gəlir.
a) Həcc cinayətlərinin cəza və kəffarələri
Həcc əsnasında işlənən bəzi cinayətlər həccin pozulmasına və qəzasına səbəb olarkən, bəziləri də dərəcəsinə görə qurban və ya sədəqə cəzası ilə cəzalandırılır. Bu cəza və kəffarələr; qəza, bədənə, (dəvə və ya iri buynuzlu heyvan qurban kəsmək), dəm (qoyun-keçi), sədəqə, qarşılığını ödəmə, əvəz və orucdan ibarətdir.
1. Həcc və Ümrənin Qəza Edilməsini Vacib Edən Cinayətlər
Həcc üçün ehrama girdikdən sonra Ərəfat vəqfəsini etmədən əvvəl cinsi münasibətdə olmaq həcci pozar. Bu mövzuda məzhəblər arasında fikir birliyi vardır. Belə bir şəxs kiçik baş heyvan qurban edərək ehramdan çıxar və sonrakı illərdə bu həccini qəza etməlidir.
Həcc etməkdə olan şəxs Ərəfat vəqfəsindən sonra təraş olub, ancaq ehramdan çıxmadan əvvəl cinsi əlaqədə olsa həcci pozulmaz, ancaq iri buynuzlu heyvan və ya dəvə (bədənə) qurban kəsməsi lazım olur. Hənəfilərin xaricində digər üç məzhəbə görə isə bu halda da həcci pozulur.
a. Ümrə üçün ehrama girdikdən sonra ümrə təvafının ən az dörd şərtini etmədən, cinsi əlaqədə olan hər hansı bir şəxsin ümrəsi də pozulur. Pozulan ümrə yarımçıq tərk edilməyib axıra kimi edildikdən sonra ehramdan çıxılır və kiçik baş bir heyvan qurban kəsilir. Ayrıca olaraq ümrənin yeni bir ehramla qəza edilməsi də lazım gəlir.
2. Cəza Olaraq Dəvə və İnək Qurban Etməyi Vacib Edən Cinayətlər
a. Ərəfatdakı vəqfədən sonra təraş olub, ancaq ehramdan çıxmazdan əvvəl cinsi əlaqədə olmaq;
b. Ziyarət təvafını cünub olaraq etmək əksəriyyətə görə qadınların adətli və zahı halında ikən ziyarət təvafını etmələrindən ötrü də eyni cəza lazım gəlir. Azınlıqda qalan bəzi alimlərə görə isə qadının iradəsinin xaricində meydana gələn aybaşı və ya zahılıq halında ziyarət təvafı edərsə bir cəza lazım gəlməz. Bu axırıncı görüş qrup halında hərəkət etmək məcburiyyətində qalan qadınlar üçün bir asanlıq meydana gətirir.
Cünub, dəstəmazsız, aybaşı və ya zahı olaraq edilən təvaf, hansı növ təvaf olursa-olsun dəstəmazlı olaraq təzədən edilərsə cəza qalxar.
3. Cəza Olaraq Qoyun və ya Keçi Kəsməyi Vacib Edən Cinayətlər
Bunlar, həcc və ümrənin vacibləri ilə və ehram qadağanları ilə əlaqəli cinayətlər olaraq iki qismə ayrılır:
a. Həcc və ümrənin vacibləri ilə əlaqəli olan cinayətlər
1. Miqatı ehramsız keçmək. Ümrə və ya qüdum təvafı kimi bir həcc mənasikini ifa etmədən əvvəl geri qayıdıb miqatda yenidən ehrama girilərsə cəza qalxar.
2. Səyin hamısını və ya ən az dörd şəvtini tərk etmək və ya hər hansı bir səbəb olmadan piyada etməmək.
3. Müzdəlifə vəqfəsini üzrsüz olaraq tərk etmək.
4. Şeytan daşlamağı tərk etmək və ya bir gündə atılması lazım gələn daşların yarıdan çoxunu atmamaq. Yarıdan çoxu atılmışsa yarımçıq əskik qalan hər bir daş üçün sədəqə vermək lazım gəlir.
5. Ziyarət və ya ümrə təvafının sonuncu üç şəvtini və ya sadəcə birini etməmək.
6. Afaqi olanların, vida təvafını və ya bu təvafın ən az dörd şəvtini etməməsi.
7. Ziyarət, ümrə və vida təvafı kimi fərz və vacib hökmündəki bir təvafda sətri-övrətə riayət etməmək.
8. Ziyarət və ümrə təvaflarını dəstəmazsız; qüdum, vida və ümrə təvaflarını cünub olaraq etmək. Təvaf dəstəmazlı olaraq təzədən edilərsə cəa düşər.
9. Ərəfə günü Ərəfatdan günəş batmadan əvvəl ayrılmaq.
10. Əbu Hənifəyə görə Həram bölgəsinin xaricində və ya bayram günlərindən sonra təraş olub ehramdan çıxmaq, ziyarət təvafını bayramın üçüncü günündən sonraya təxir etmək və Əqəbə cəmrəsinə daş atmaq, qurban kəsmək və təraş olmaq kimi feillərdə növbəni gözləmək. Əbu Yusif, İmam Məhəmməd və digər üç məzhəbə görə bunlar vacib olmayıb, sünnə olduğuna görə cəza lazım gəlməz.
b. Ehram qadağaları ilə əlaqədar olanlar
1. Kişilərin gün boyu və ya gecə müddətincə paltar geyməsi, başını və üzünü örtməsi. Üst paltar, alt paltarı, corab və topuqları örtən ayaqqabı geyim əşyası sayılır. 24 saatdan daha az müddətdə geyərsə sədəqə lazım gələr.
Şafei və hənbəlilərə görə cəzanın lazım gəlməsi üçün müəyyən bir vaxtın keçməsi şərt deyil, əşyanın geyilməsi kifayətdir. Malikilərə görə isə, geyilən paltar isti və soyuqdan qorumayan nazik bir paltardırsa, bir tam gün geyməklə cəza lazım gəlir.
Qadınlar ehramda normal paltarları ilə hərəkət edər, sadəcə üzlərini örtməzlər.
2. Bir dəfədə bədənin və ya bir üzvün hamısına gözəl ətir və ya yağ sürtmək. Ehrama sürtülən gözəl ətrin sürtüldüyü yerin eni və uzunluğu bir qarışdan böyük olarsa və ətrin təsiri bir tam gündüz və ya gecə müddətincə davam edərsə, kiçik baş heyvan qurban kəsmək lazım gəlir. Əks halda təsirinin davam etdiyi müddətinə görə sədəqə lazım gəlir.
Hənəfilərin xaricindəki üç məzhəbə görə isə gözəl ətirdən ötrü cəzanın lazım gəlməsi üçün miqdarı, vaxtı əsas alınmadan sadəcə sürtülməsi şərt qoşulur.
3. Vücudun və ya saç-saqqal kimi bir üzvün hamısına sürtmək üçün yağ, jele və s. sürtmək, yaxud xına qoymaq və ya digər şeylərlə rəngləmək.
Müalicə məqsədi ilə sürtülən, dərman və məlhəm, ya da iysiz krem və yağlar üçün bir şey lazım gəlməz.
4. Saçın və ya saqqalın ən az dörddə bir hissəsini və ya başqa bir üzvün tamamını təraş etməklə ən azından sədəqə vermək lazım gəlir.
Bir dəfədə bütün dırnaqları və ya bir əl və yaxud ayaq dırnaqlarının hamısını kəsmək. Əl və ya ayaq dırnaqlarının hamısı ayrı-ayrı yerlərdə və vaxtlarda kəsilərsə hər biri üçün ayrı cəza lazım gəlir. Hamısı deyil bir qismi kəsilərsə, kəsilən hər bir dırnaq üçün sədəqə lazım gəlir. Öz-özünə qopan və ya qırılan dırnaq üçün cəza lazım gəlməz.
4. Fitir Sədəqəsi Qədər Sədəqə Verməyi Vacib Edən Cinayətlər
1. Ehramlının bir üzvündən daha azının ətirləməsi.
2. Başının və ya saqqalının dörddə bir hissəsindən daha azını təraş etmək.
3. Bir gün və ya bir gecədən daha az bir müddətdə tikişli paltar geymək və ya başını örtmək.
4. Beşdən az olmaq şərti ilə müxtəlif barmaqların dırnaqlarını kəsmək.
5. Qüdum və vida təvafını, yaxud hər hansı bir nafilə təvafı dəstəmazsız olaraq etmək. Qüdum təvafını cünub və ya ziyarət təvafını dəstəmazsız edənin cəza olaraq qoç qurban kəsməsi lazımdır.
6. Vida təvafının və ya səyin şəvtlərindən birisini tərk etmək, şeytan daşlayarkən əskik sayda daş atmaq.
7. Ehramlının, ehramlı və ya ehramsız olan başqa birisinin başını qırxması.
5. Cəza Olaraq Digər Hər Hansı Bir Haqq Ödəməli Olan Cinayətlər
Bunlar quruda yaşayan ov heyvanları, Haram bölgəsinin ov və bitki örtüyü ilə əlaqəli olaraq iki qismə ayrılır.
a. Quruda yaşayan ov heyvanları ilə əlaqəli olanlar hənəfilərə görə, ehramlı ikən quruda yaşayan ov heyvanı ovlanırsa, bu heyvanın qiyməti nəzərə alınır əsas alınan məbləğ, fitir sədəqəsinin miqdarına bölünərək yoxsullara paylanır, ya da hər fitir sədəqəsi miqdarı üçün bir gün oruc tutulur. Əgər əsas alınan bu məbləğ bir hədy qurbanı satın alınacaq qədərdirsə, qurban satın alınaraq, Həram bölgəsində kəsilir. Qurban alındıqdan sonra artıq qalan pul sədəqə olaraq verilməz. Digər tərəfdən əti yeyilən ov heyvanı üçün, qoyun və keçinin qiymətindən daha çox qiymət verilməz.
Hənəfilərin xaricindəki üç məzhəbə görə isə ov heyvanları, bənzəri olanlar və bənzəri olmayanlar deyə iki qismə ayrılır. Məsələn: vəhşi çöl eşşəyi inəyə, ceyran keçiyə və dovşan çəpişə qiyas edilərək eyni sayılmışdır.
b. Həram bölgəsinin ovları və bitki örtüyü ilə əlaqəli olanlar:
Məkkə Həramında təbii olaraq yetişmiş ot və ağacları qoparmaq və kəsmək də bu bitkilərin qiymətləri hesablanıb sədəqə olaraq verilməsini vacib edən hallardan biridir. Göbələk, yer alması kimi bitkilər xaric. Haram bölgəsində ov heyvanlarına və təbii olaraq yetişən ot və ağaclara veriləcək zərərin bilərək, səhvən və unudularaq olması arasında heç bir fərq yoxdur. Qurani-Kərimdə belə buyurulur. “Ey iman gətirənlər! ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır…”[1]
Həram bölgəsində təbii şəraitdə yetişən heyvan və bitki örtüyünün bu qadağalar vasitəsi ilə mühafizə altına alınması İslam mədəniyyətinin bir təzahürü olması ilə bərabər bir-birini söz və davranışları ilə incitməyəcək bir ruh incəliyinə bürünən hacıların şəfqət və mərhəmətinin digər canlı və bitkiləri də əhatə etdiyi mənasına gəlir.[2]
Fərz həcc üçün ehrama girənə qadağan olan şeylər, ümrə ehramlısına da qadağandır. Hənəfilərə görə ümrə edəcək şəxs, təvafın dörd şəvtindən əvvəl xanımı ilə cinsi münasibətdə olarsa, ümrəni qəza etməsi və bir kiçik baş heyvan qurban kəsməsi lazımdır. Dörd şəvt təvafdan sonra cinsi münasibətdə olana qəza lazım gəlməz və belə bir halda bir qoyun qurban etməklə kifayətlənər.[3]
İnsan əl əməyi ilə yetişdirilən bitki və ağacları sahiblərinin və ya başqalarının, işçi və ya bağban olaraq kəsib qopartmasından ötrü bir cəza lazım gəlməz.
6. Ehram Qadağalarına Üzrlü Səbəblərdən Ötrü Riayət Etməmək
Ehramlı şəxs bir üzr səbəbi ilə ətirlənər, təraş olunar və ya bir paltar geyərsə cəza olaraq aşağıdakılardan hər hansı birini seçə bilər:
a. Həram bölgəsində kiçik baş bir heyvan qurban kəsmək;
b. Altı yoxsula fitir sədəqəsi qədər hədiyyə vermək;
c. Üç gün oruc tutmaq. Bunlar başında olan xəstəliyindən ötrü, ehramlı ikən təraş olan Kab İbn Ücrəyə (r.a) Allah Rəsulunun bildirdiyi cəza növləri olub bu ayəyə əsaslanır: “Qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir.” [4]
Hənəfilərə görə yuxarıda bildirilən cəzalar arasında seçmə haqqı, təkcə xəstəlik, maşın qəzası və ya günəş vurması kimi insandan asılı olmayan üzrlərə üçün aiddir. Buna görə bilməmək, səhv etmək, unutmaq və ya təzyiq göstərmək kimi insandan asılı olan səbəblərlə edilən qadağanlardan ötrü cəzaları seçmə haqqı yoxdur. Bunlar üçün təkcə qurban cəzası tətbiq edilir. Digər üç məzhəbə görə isə insandan asılı olmayan səbəblərdən ötrü də, yuxarıdakı cəzalardan birini seçmə haqqı vardır.
Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.
[1]Maidə, 5/95.
[2]Ehram qadağalarına riayət etməmənin cəzası üçün bax. İbnül-Hümam, e.a.ə, II, 224-254; Meydani, e.a.ə, I, 199-210; İbn Abidin, e.a.ə, II, 273-296; İbn Rüşd, e.a.ə, I, 346, 356; Şirazi, e.a.ə, I, 210-217; İbn Qüdamə, e.a.ə, III, 494-496; Zühayli, e.a.ə, III, 257 vd.
[3]Meydani, e.a.ə,, I, 202.
[4]Bəqərə, 2/196