Mənəviyyata Açılan Pəncərə

Əkin məhsullarının zəkatı

Əkin məhsullarının zəkatı torpağın suvarılma üsuluna görə müəyyənləşir. Torpaq əmək sərf edilmədən və xərc çəkilmədən yağış, çay, dəniz və bunlardan çəkilən kanallarla suvarılırsa, məhsulun onda biri, vedrə, su qabları, nasos vasitəsilə və ya pulla alınan su ilə suvarılırsa, məhsulun iyirmidə biri zəkat kimi verilir.

Torpaq məhsullarının zəkatı məhsulun növündən asılı olaraq müəyyən vaxtlarda verilir. Məsələn, buğda və arpanın zəkatı xırman işi qurtardıqdan, meyvələr toplandıqdan, üzümlər də yığıldıqdan sonra verilir. Burada zəkat vermək üçün əqli cəhətdən sağlam olmaq və həddi-büluğa çatmaq şərti yoxdur. Torpaq sahəsi uşağa, ya da ruhi xəstəyə məxsusdursa, onların ya valideynləri, ya da qəyyumları zəkatlarını verməlidir. Eyni zamanda əkin məhsullarından zəkat verməkdən ötrü bir il keçməsini gözləmək də lazım deyil. Bir il ərzində bir tarladan neçə dəfə məhsul götürülürsə, hər dəfə zəkat ayrılmalıdır.

Tarla sahibi tarlasını kiməsə qarşılıqsız verərsə, zəkat tarlanı əkən şəxsin üstünə düşür. Müəyyən haqq müqabilində icarəyə verilibsə, qəbul edilmiş əsas görüşə görə, zəkat ərazini icarəyə götürəndən alınır. Tarla sahibi də aldığı icarə haqqından (nisab miqdarına çatırsa) zəkat verir. Əgər torpaq sahəsi məhsulun 1/2, 1/3, 1/4… və s. nisbətdə bölüşdürülməsi şərti ilə icarəyə verilibsə, hər kəs payına düşən məhsulun zəkatını ayrı-ayrı verməlidir.[1]

 


[1]  Qardavi, “Zəkat”, 1/462 vd.

 

Exit mobile version