7. 397 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə insanların bir-birini ələ salmasını, ayıblamasını, qınamasını və bir-birinə xoşagəlməz ləqəblər qoşmasını yasaqlamaqla yanaşı, insanlar və cəmiyyətlər arası davranış ədə­bini nizamlayan əhəmiyyətli bir əmr var. Belə ki, “Hucurat” surəsinin 11-ci ayəsində buyurulur: “Ey iman gətirənlər! Heç bir qövm digərini məsxərəyə qoymasın. Ola bilsin ki, onlar (məsxərəyə qoyulanlar) o birilərdən (məsxərəyə qoyanlardan Allah yanında) daha xeyirli (üstün) olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərdən (rişxənd edənlərdən) daha yaxşıdır. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizə pis ləqəblər qoymayın. İman gətirdikdən sonra fasiq damğasını qazanmaq necə pisdir. Məhz tövbə etməyənlər əsl zalimlərdir!” (Hucurat, 49/11)

Bu ayədə əksini tapan məsələləri Almalılı Həmdi Yazır “Haqq dini Quran dili” adlı möhtəşəm əsərinə istinadən anlamağa çalışacağıq:

Surənin ilk ayələrində möminlər arasında yaxşılıq və təqva əmr edildikdən sonra, qardaşlığa və yaxşı işlərə əngəl olan cahillikdən çəkindirmə, qarşılıqlı yaxşılıq və təqva hissini təlqin etmə və bu şəkildə İslamın daha çox xalqlar arasında yayılması kimi məsələlərə işarə edilir. Sonra isə o dərin qardaşlığı möhkəmlətmək üçün əxlaqi yol göstərilir.

Ayənin nazil olması ilə bağlı bir neçə səbəb göstərilir:

1. Dəhhak rəvayət edir ki, Bəni-Təmimdən bir qəbilə Bilal­ Hə­bəşi, Habbab, Ammar, Süheyb, Əbu Zərr, Salim, Mövla Hüzeyfə (radiyallahu anh) kimi şəxsləri ələ salmışdı.

2. Həzrəti Aişə (radiyallahu anh) rəvayət edir ki, Zeynəb binti Huzeymət əl Hilaliyyənin (radiyallahu anh) boyu qısa olduğu üçün onu ələ salmışdı. Həzrəti Aişə (radiyallahu anh) ilə Həzrəti Hafsa (radiyallahu anh) öz aralarında Ümmü Sələmənin (radiyallahu anh) qısa boylu olması haqda danışmışdılar.

3. İbn Abbasın (radiyallahu anh) rəvayəti isə belədir: Həzrəti Safiyyə (radiyallahu anh) binti Huyey Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanına gəlib deyir ki, qadınlar mənə “Ey yəhudi qızı yə­hudi” deyə söz atırlar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Niyə sən də onlara “atam Harun, əmim Musa, həyat yoldaşım Məhəmməddir” demədin?” deyir.

4. Sabit b. Qeys bir az ağır eşidirdi. Rəsulullahın məclisinə gələndə daha yaxşı eşitsin deyə ona yer açardılar. Bir gün də “yol verin!” deyib Rəsulullahın yanına qədər gəlmişdi. Bir şəxsə “Çəkil” – dedi, o isə yol vermədi. “Bu kimdir?” dedi, o şəxs də “Mən filankəsəm,” – dedi, o “xeyr, sən filan qadının oğlusan” deyə eyibli bir qadının adını çəkdi, adam xəcil oldu. Bu ayə na­zil olunca “Sabit bundan sonra heç kimin yanında nəsli ilə öyünməyəcək,” – dedi.

5. Əbu Cəhlin oğlu İkrimə müsəlman olmuşdu. Bəzi adamlar ona: “O, bu ümmətin Fironunun oğludur” demişdilər. Bu söz ona ağır gəlmiş, Rəsulullaha şikayət etmişdi. [1]

6. Əbu Cəbirə ibn Dəhhakın (radiyallahu anh) rəvayətinə görə, bu ayə onun da mənsub olduğu “Bəni-Səlimə” qəbiləsi haqda nazil olub. O, belə rəvayət edir: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəbiləmizə gələndə hərənin iki-üç adı var idi. Rəsulullah (sallallahu əleyhi və səlləm) da bu adlardan biri ilə kimisə çağıranda bəzən onu “Ey Allahın Rəsulu, onun bu addan xoşu gəlmir” – deyə xəbərdar edirdilər. Elə bu zaman da ayə nazil oldu.[2]

Qurtubi: “Ələ salmaq təhqir, alçaltmaq və başqalarını güldürəcək şəkildə ayıblamaq, qüsuru açıb-tökməkdir,” – deyir. Bəzən bir nəfərin hərəkətini və sözünü başqalarına demək, işarə etmək, jest və mimikalarla göstərmək, bəzən də kiminsə sözünə, işinə, qüsuruna və ya görkəminə gülmək ələ salmaq sayılır. Bir tərifə görə isə ələ salmaq bir şəxsi başqalarının yanında alçaltmaq, lağa qoymaqdır.

Razinin qənaətincə, ələ salmaq mömin qardaşına hörmət etməmək, layiq olduğu iltifatı göstərməməkdir. Bu ayədə başqalarını ələ salmama məsələsini “kişi” və “qadın”a ayrı-ayrı xatırlatmaq üçün “qövm” və “qadın” ifadələri işlənir. Ərəb dilində “qövm” və “qadın” sözlərinin müəyyənlik artikli olmadan işlənməsi isə, ələ salmaq və ləqəb qoşmağın ümumi mənada yasaqlanması ilə əlaqədardır. Bunun kimi “qovmun vələ nisaun” ifadəsinin qeyri-müəyyən olması ilə yanaşı, cəm halda işlənməsi də bəzi incə məqamları ehtiva edir. Belə ki:

1. İslamın fərdlərlə məhdudlaşmayıb geniş kütlələr arasında yayılacağı xatırladılır.

2. Ələ salmağın çox zərərli olmasına, qadın, və ya kişinin bu davranışdan əl çəkməsinin  vacibliyinə işarə edir.

3. Başqalarını məsxərəyə qoyanların yanında adətən onunla gülüb-əylənən və dostluq edənlərin də olacağına, beləcə bu fərdi “xəstəliyin” ictimai xəstəliyə çevriləcəyinə işarədir.

“Bu yasağın səbəbi nədir?” deyə soruşulsa, belə cavab vermək olar: Ola bilsin ki, ələ salınan adam ələ salandan Allah qatında daha xeyirli insandır. Çünki başqasının qəlbini, batinini, iç dünyasını deyil, ancaq gözlə görünən cəhətlərini bilmək mümkündür. Allah qatında tərəziyə əsasən əməllər, vicdanın ixlası, qəlbin təqvası qoyulacaq. Heç kəs ələ saldığı adamın Allah qatında yerini, məqamını, dərəcəsini ölçə, bilə bilməz. Ona görə də heç kim zahiri görünüşə baxıb xoşuna gəlməyən bir xüsusiyyətə görə kimisə alçaltmağa, yaxud lağa qoymağa cəsarət etməməlidir. Əgər təhqir edib ələ saldığı şəxs Allahın sevdiyi insandırsa, o zaman öz-özünə zülm etmiş olar.

Ayədə qeyd olunan “ləmz” kəliməsi dillə incitmək, rişxənd etmək, pisləmək və alçaltmaq mənalarına gəlir. Burada iki məna var:

1. Möminlər bir vücud kimidir, ona görə də bir mömini təhqir edən özünü təhqir etmiş olar.

2. Tənə ediləsi işi görən şəxs həm də öz-özünə tənə etmiş olar.

Birinciyə görə, ayənin mənası belədir: “Möminlərə tənə etməyin, onları pisləməyin və alçaltmayın. Çünki nəticə etibarilə özünüzü pisləmiş, ayıblamış olarsınız.” İkinciyə görə məna isə belədir: “Bir mömini məsxərəyə qoymaqla özünüzə ləkə salmayın. Birinci məna qardaşlıq nöqteyi-nəzərindən daha səmimi, ikinci məna isə izzət və şərəf baxımından daha təmiz və gözəldir.

Ləqəb qoyma

Ləqəb tərifləmə və ya  pisləmə məqsədi ilə qoyulan əlavə ad­dır. Pis xüsusiyyəti ifadə edən ləqəblər çirkin ləqəblər sayılır. Ayədə keçən “nəbz” kəliməsi “pis ləqəb qoşmaq” mənasına gəldiyi üçün burada insanları pis ləqəblə çağırmaq qadağan edilir. İn­­san­ların yaxşı məziyyətlərinə uyğun tərif və hörmət məqsədi daşıyan gözəl ləqəblərdən istifadə etmək isə yasaq deyil.

“Kəşşaf” əsərində deyilir ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Möminin mömin üzərində bir haqqı da onu ən çox xoşladığı adı ilə çağırmasıdır”. Ona görə də gözəl künyələr qoymaq sünnətdir. Həzrəti Ömər (radiyallahu anh): “Künyəni yayın, çünki künyə insanı xəbərdar edir”, – demişdir. Məsələn, Həzrəti Əbu Bəkirə (radiyallahu anh) “Ətiq” və “Siddiq”, Həzrəti Ömərə (radiyallahu anh) “Faruq”, Həzrəti Həmzəyə (radiyallahu anh) “Əsədullah”, Xalid ibn Vəlidə (radiyallahu anh) isə “Seyfullah” ləqəbləri verilmişdir. Bu cür gözəl ləqəblərə, demək olar, bütün xalqlarda rast gəlinir. Lakin möminləri incidən və alçaldan ləqəblər qoymaq olmaz. İman edəndən sonra belə yasaq əməlləri işləmək fasiqliyi seçmək deməkdir. Halbuki iman edəndən sonra fasiq olmaq çox pis şeydir. Buna görə heç bir mömin bunu nə özünə, nə də qardaşına rəva görməməlidir. Kim bu qadağaları pozandan sonra tövbə etməzsə, zülm etmiş olar. Beləcə itaət etmək əvəzinə, üsyan etmiş, iman edəndən sonra fasiq adını almış və özünü əzaba layiq bilmişdir.[3]

İnancı ələ salma

Qurani-Kərim bizə möminləri arxada ələ salan, qarşılaşanda başqa cür davranan insanlardan da bəhs edir. Bəli, möminlər bir-birinə lağ etməməli, inanclarını ələ salanlara qarşı da ayıq-sayıq olmalıdırlar. Bir ayədə Allah buyurur: “Onlar möminlərlə qarşılaşanda: “Biz də (sizin kimi) iman gətirdik”, – deyirlər. Halbuki, öz şeytanları ilə (onları sapdıran dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, – deyirlər. (Belə əməllərin müqabilində) Allah da onlara (dünyada və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. Amma onların ticarəti qazanc gətirməz və (özləri də) doğru yola yönəlməzlər”. (Bəqərə, 2/14-16)

Belə çirkin əxlaqlı, riyakar insanlarda, təbii ki, möminlikdən əsər əlamət yoxdur. Möminlərin yanında olanda onlara yaltaqlanır, dost kimi görünürlər. Öz şeytanları ilə əhdlərində, gizli məclislərdə, fitnə-fəsad dərsi verən qafillərlə tək qalanda isə: “Biz həmişə sizin yanınızdayıq, bundan arxayın olun”, – deyirlər. Şeytanlıqda əlbir olduqları şəxslərə gizli məclislərdə söz verir və möminlərlə üzdə dost kimi davranmalarından narahat olmasınlar deyə: “Şübhəniz olmasın  ki, biz lağbaz adamlarıq, həmişə belə lağ edirik…” sözlərini də əlavə edib çirkin tinətləri ilə öyünürlər. Əslində bu “sədaqətli” sözləri ilə iç üzlərini, xəyanətkar xislətlərini etiraf etmiş olurlar.

Bir rəvayətə görə, Ubeyy ibn Səlul həm öz adından, həm də yoldaşları adından “amənna-inandıq” demişdir. Bu mövzudan bəhs edən səkkizinci ayənin başında “mən-insan” sözünün tək halda işlənməsi də buna bir işarə ola bilər. Ancaq 14-cü ayədə işlənən “Biz sizinlə birlikdəyik” cümləsi münafiqlərin və gizlicə görüşüb şeytanlıq dərsi aldıqları “müəllim”lərinin bir nəfərdən çox olduğunu göstərir. Ayə məsələnin daha dərin, daha gizli yerlərdə cərəyan etdiyini göstərərək Rəsulullah və möminləri xəbərdar edir.

İstehza – kimisə zarafatla məsxərəyə qoymaq, şərəf və qürurunu alçaltmağa çalışmaqdır. Burada ağlımıza “Allah-Təalaya istehza etmək yaraşarmı?” sualı gələ bilər. Bildiyimiz kimi, əslində istehza qarşıdakının şərəf və qürurunu tapdalayıb ayaq altına atmaq, onun qüsurlarını dilə gətirib ona üstüörtülü həqarət etmək və bundan ləzzət almaqdır. Halbuki münafiqlər kimi lağbazların çoxunun istehza etdikləri insanları tam təhqir etməyə gücü çatmaz. Çox vaxt təhqir həqarət edənin özünə qayıdar. Allah ilahi ədalətini ortaya qoymaqla onları rəzil edər. Hətta onu bütün kainatın gözündə rəzil edər, amma özünün dəli kimi heç nədən xəbəri olmaz. Çirkin işlərini gizlətdiyini zənn edər, amma bir də baxar ki, bütün aləmdə “məşhurdur”, “dillər əzbərinə çevrilib”. Bu cür şüursuzluqdan böyük bədbəxtlik ola bilməz.[4]


[1]. Elmalılı Hamdi Yazır, Hak dini Kuran dili, c.6, s. 4467-4471

[2]. Tirmizi, Təfsir, Hucurat (3264); Əbu Davud, Ədəb 71, (4926).

 [3] Elmalılı Hamdi Yazır, Hak dini Kuran dili, c.VI, s. 4467-4471.

 [4]. Elmalılı Hamdi Yazır, Hak dini Kuran dili, c.1, s. 236-242.



Açar sözləri

ələ salma ləqəb qoyma

Şərh yaz