2. 002 dəfə oxunub ,   0 şərh   Çap et

Cahiliyyə toplumu ancaq və ancaq öz mənfəət və xeyrini düşünürdü. Möhtac insanlara əl tutmaq, yardım etmək, dar gündə dada yetmək onlara tamam yad işlər idi. Başqasını özündən üstün tutmaq, ehtiyac içində ola-ola kömək etmək – ki, buna “isar” deyirik, – kimi fəzilətlərin adını da eşitməmişdilər. Ancaq Allah Rəsulunun risaləti onlara bir çox çirkin xüsusiyyət kimi, xəsisliyi də tərgitdi, onların ruhunu səxavət və isar hissi ilə cilaladı.

Devs qəbiləsinin böyük övladı Həzrət Əbu Hüreyrə nəql edir:

Bir gün Peyğəmbərin hüzuruna bir nəfər gəldi. Allah Rəsuluna yaxınlaşıb: “Ya Rəsulullah! Neçə gündür, yeməyə bir şey tapmıram. Bir şey yemədən dalbadal oruc tutmağa niyyət etdim”, – dedi. Allah Rəsulu ətrafına göz gəzdirdi. Lakin onu evinə aparıb qonaq edəcək səhabə görə bilmədi. Bir qədər sonra Allah Rəsulunu çox sevən Əbu Talha ayağa qalxıb: “Ya Rəsulallah, onu qonaq eləmək istəyirəm,” – dedi və evinə apardı.

Hər şeyini İslam uğrunda fəda edən bu insanların əlində-ovcunda heç nə qalmamışdı.. evlərində hərdən bir şorba bişə-bişməyəydi. Ehtimal ki, o gün xanımı Ümmü Süleym bir parça şorba bişirmişdi. Və onu uşaqlarına verəcəkdi.. Qonaq evə gəlincə ər-arvad danışdılar: “Bu gecə şorbanı Allah Rəsulunun qonağına yedirək. Biz necə olsa, bu gün də ac oruc tuta bilərik. Uşaqları birtəhər yatırdaq, səhər onlara bir çarə taparıq.”

Yeməyi süfrəyə qoyar-qoymaz xanım “səhvən” şamı sön­dü­rəcək və ev sahibi qaşığını boş aparıb-gətirəcəkdi. Çünki şorba bir adama ancaq çatardı… beləcə qonaq da qarnını doyuracaqdı. Dedikləri kimi də elədilər. Beləliklə, səhər oldu və sübh namazında Allah Rəsulunun arxasında yerlərini aldılar. Allah Rəsulu (s.a.s.) namazı qıldırıb əshabına tərəf çevrildi, Əbu Talha və qonağını gözləri ilə axtarıb tapdı və soruşdu: “Bu gecə nə etdiniz ki, haqqınızda: وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ “Özləri ehtiyac içində ola-ola başqalarını özlərindən üstün tutarlar” ayəsi nazil oldu.[1]

Cahiliyyə insanı “isar”dan, yəni başqasını özündən üstün tutmaq, acı doyurmaq, paltarsıza paltar vermək, yaşatmaq, amma yaşamamaq, daddırmaq, amma dadmamaq kimi fəzilətlərdən bixəbər idi. O dövrdə belə bir şey yox idi, amma Allah Rəsulu onlara haqq yolunu göstərdi, gözəllikləri onların qəlbinə nəqş elədi və onları bu hislərlə, bu fəzilətlərlə yoğurdu. Siz bu diyərqəmlik[2] ruhuna istər səbir deyin, istər dözüm deyin, istər təslimiyyət dəyin, nə deyirsiniz deyin, nəticə dəyişməyəcək.

Bir alimin dilindən çıxan ölümsüz kəlamı bir daha təkrar edək: “İman təslim olmağı, təslim təvəkkülü, təvəkkül dünya və axirət səadətini tələb edir”. Bəli, inanırsınızsa, Allaha təslim olacaqsınız. Allaha təslim olmaqla Ona təvəkkül edəcək və Ona güvənib arxalanacaqsınız. Məhz bu zaman da dünya və axirət səadətinə qovuşacaqsınız.


[1]     “Həşr” surəsi, 59/9. Buxari, “Təfsir”, (59) 6; Müslim, “Əşribə”, 172-173.

[2]     Başqalarını düşünmək, insanların haqq və hüququnu, ən zəruri ehtiyaclarını təmin etmək uğrunda fədakarlıq göstərmək, yaşatmaq naminə yaşamaq, özü ehtiyac içində ola-ola başqalarına kömək eləmək.



Açar sözləri

isar

Bənzər məqalələr

İsar nədir?

İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.

İsar ruhu

Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.


Şərh yaz