7. 599 dəfə oxunub ,   0 şərh   Çap et

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.[1]

İbn Xaldunun ifadəsilə isə, “insanı digər canlılardan fərqləndirən ən əsas xüsusiyyət onun elm sahibi olmasıdır”.[2] İslam dini də insanların dünyəvi və üxrəvi məlumatlar əldə etməsi üçün lazımi tövsiyələr vermişdir. Əvvəlcə, ayə və hədislərin insanları oxuma və yazmağa təşviq etdiyini xüsusi vurğulamalıyıq. Bundan əlavə ərəb yazısının formalaşmasında da İslamın böyük rolu olmuşdur. Bu mənada Quran ərəb dilində çox böyük əhəmiyyətə malik ilk kitabdır.[3] Bununla yanaşı Rəsulullahın (s.ə.s) kişilərə yazı öyrətmək üçün Abdullah ibn Sad ibn əl-Asla Übadə ibn Samiti, qadınlar üçün isə Hz. Hafsanı təyin etməsi, Hz. Müaviyəyə insanların oxumaqda çətinlik çəkdiyi hərfləri hərəkələtməsi, Özünə vəhy olunan ayələri vəhy katiblərinə yazdırması, siyasi yazışmaları yazan katiblərin olması, Mədinəyə hicrətdən sonra ilk məktəb sayılan Süffənin formalaşması, Bədirdə əsir düşən müşriklərin on nəfər müsəlmana oxuyub-yazmaq öyrətdikdən sonra sərbəst buraxılması və bənzəri xüsusların hamısı İslamın elmə verdiyi əhəmiyyət nöqteyi-nəzərindən diqqətçəkicidir. Sadalananların hamısı oxuyub-yazmağın necə əhəmiyyətli olduğunu bizə bildirməklə yanaşı, o dövrkü mədəni səviyyənin də inkişafına təkan verirdi.

Mövzuya Quran nöqteyi-nəzərindən baxsaq görərik ki, Quranda 750 dəfə elm kəlməsi və törəmələri işlədilmişdir. Əlavə olaraq mənaca “oxumaq, düşünmək, ibrət almaq, ağıl, fikir, hikmət, ayə, zikr” kimi kəlmələrin də mövcudluğu nəzərə alınanda, Qurandakı hər dörd ayədən birinin elmlə əlaqəli olduğunu görə bilərik.[4]

Bu məqalədə elm kəlməsinin daha çox dini terminologiyada, xüsusilə “ilahi elm” və ya “vəhy” mənasında istifadə olunmasına diqqət çəkmək istəyirəm. Buna görə elm sahibləri və özlərinə elm verilənlər, İlahi bilgiyə müxatəb olan və bunun doğruluğuna inananlardır. Quran bu mənada Allah tərəfindən insanlığa göndərilən İlahi bilgilər məcmuəsi olaraq ortadan qaldırmağı hədəflədiyi zehniyyəti “cahiliyyə” adlandırmaqla insanlığın həm zehni, həm də əxlaqi inkişafının əhəmiyyətinə diqqət çəkir.

Quranda elm sahibi adlandırılanların ən bariz xüsusiyyəti Allahadan gələn hər şeyə qarşı göstərdikləri təslimiyyətdir. “…Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır[5] “…Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər.[6]Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz Dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.[7] “…mələklər və elm sahibləri də (şahidlik etdilər)…[8] bu və buna bənzər ayələri misal göstərmək olar. Quranın elmə baxışını bildirən bu ayələrdə əsasən İlahi bilgiyə, imana və təslimiyyətə, bunlara uyğun hərəkət etməyə diqqət çəkilir. Hətta Quranda, mələklərin Hz. İbrahimin (ə.s) yanına gələrək onu bilikli bir övladla müjdələdiyi bildirilir.[9] Məlumdur ki, Hz. İbrahimin (ə.s) hər iki oğlu peyğəmbər olmuşdur. Burada “elm” kökündən törəyən “bilikli” kəlməsinin işlədilməsi, nəzərdə tutulan şəxsin İlahi bilgiyə vaqif olduğunu bildirir. Bu isə onu göstərir ki, Quranın alim (bilikli) deyə bildirdiyi şəxslər əvvəlcə peyğəmbərlər, sonra isə iman və təslimiyyəti özünə şüar edib, bu düşüncəylə hərəkət edənlərdir.

“Hər şey ziddi ilə bilinər” qaydasından hərəkətlə Quranın bildirdiyi “elm/alim” kəlməsinin antonimi cahil kəlməsidir. Cəhl, cahil, cəhalət və cahiliyyə kəlmələri “nadanlıq, avamlıq, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan, elm və mərifətin olmaması, həqiqəti inkar etmək” mənalarındadır.[10] Rəğib əl-İsfahani cəhalət kəlməsinə “insanın bilgi və elmdən uzaq olması, həqiqəti inkar etmək” mənalarını verir.[11] Əslində İslama görə cahiliyyə Allaha inanmamaq, Onun əmrlərinə tabe olmamaq və əxlaqi dəyərlərdən uzaq həyat tərzinə deyilir. Bu səbəbdəndir ki, İslam cahiliyyəni sadəcə keçmişə aid etməmiş, cəhalətin (uyğun zəmin olanda) yenidən ortaya çıxa biləcəyi haqqında xəbərdarlıqlar etmişdir.[12]

Quranda cəhl kəlməsi və törəmələri 28 yerdə mövcuddur. Quran cahilləri adətən bütlərə sitayiş edən, Allah haqqında yanlış təsəvvürləri olan, irqçilik və zina edən, insanları aldadan və s. kəlmələrlə təsvir edir.[13]

Bütün bunlar cəhalətin əsasən Allahı bilməmək, tanımamaq, Ona layiqiylə ibadət etməmək olduğunu göstərir. Yəni cəhalət, insanın görünən əşya və hadisələrin arxasındakı İlahi muradı  anlaya, hikməti görə bilməməsidir. Quranın nəzərdə tutduğu cahiliyyə bizim bildiyimiz oxuyub-yaza bilməmək deyil. Rəsulullah (s.ə.s) haqqında da təhqiredici sözlərlə dolu şeirlər yazan şairlər vardı. Bunların hamısı bəlağətdə usta idilər. Hətta toplumda sözükeçən, dövlət və ordunu idarə qabiliyyətinə malik Əmrin adı Əbu Cəhldir. Ona görə ki, İslama görə onun bildikləri, qabiliyyətləri və davranışları əsl bilinməli olanı bilmədiyinə və etmədiyinə görə elm yox, cəhalət sayılmışdır. Elə buna görədir ki, ona “cahillərin atası” mənasında Əbu Cəhl deyilmişdir. İslam elm deyərkən yalnız dünyəvi biliklərə sahib olmağı nəzərdə tutmur. Əgər belə olsaydı, Allahın “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.[14] ayəsi bugün “məlumat sahibi” olan hər kəsə aid olardı. Halbuki, ayədə Yaradanı tanımayan, Ona inanmayan, Onun varlıqla münasibətini bilməyən, sadəcə məlumat daşıyan insanlar nəzərdə tutulmur. Quran dünya həyatının yalnız görüntüsünə sahib olanlar üçün belə buyurur, “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.[15] Cahillərin əksinə alim şəxslərin təslimiyyəti isə “Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”[16] ayəsi ilə bildirilir. “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.[17] ayəsinə nəzər salanda Allahdan ən çox qorxub-çəkinənlərin hamısının Qurana görə əslində alim olduğunu anlamaq mümkündür.

Bu nöqteyi-nəzərdən baxanda Quranda elm və alim kəlməsinin antonimi kimi işlədilən kəlmələrdən biri də zülm kəlməsidir. Zülm ədalət və insafa zidd olan hal və hərəkət, bir şeyi layiq olduğu yerə qoymamaq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa, az və ya çox həddi aşmaq deməkdir.[18] Zülm kəlməsinin antonimi isə ədalətdir. Zülm kəlməsi törəmələri ilə birgə Quranda 459 yerdə “özünə zülm edən” mənasında zikr olunmuşdur. Çox az yerdə isə haqsızlıq, ədalətsizlik və işgəncə etmək mənasında işlədilmişdir.[19] Çünki İslamın nəzərində iman edən şəxs Allahı tanıdığına və qəlbində iman olduğuna görə alim sayılır. Eyni zamanda Allahı qəbul etməyərək inkar edən, Ona iman etmək istəməyən və günahlarında israr edənlər də axirətdə düçar olacaqları əzab səbəbilə özlərinə zülm etdiklərinə görə zalimdirlər.[20] Bu prizmadan baxdıqda zülm kəlməsi əsasən özünə zülm etmək, imanına zülm qarışdırmaq, şirk, küfr, nifaq, günah, həva və həvəsə uyaraq İlahi rizaya zidd sayılan bütün hərəkət və davranışlar mənasında işlədilmişdir.[21] Sadalananların hamısı nəticədə insanın özünə zülm etməsi kimi xülasə edilə bilər.

“İnsanın tövhid əqidəsini qoruya bilməyib Xaliq-məxluq münasibətini inkar etməsi sayılan şirk ən böyük zülüm, haqq-hüquq tanımamaq, başqalarına əziyyət vermək, onları aldatmaq, qeybət etmək və bənzərləri də ikinci dərəcəli zülmdür. Allahın əmr və qadağalarına əməl etməmək, halallarla kifayətlənməyərək harama girmək də zülmün başqa növdür. Necəliyindən asılı olmayaraq Quran insanların zülm və haqsızlıqdan uzaq durmağa səsləyir, onları birlik və bərabərliyə dəvət edir.”[22]

Nəticə etibarilə Quranda elm daha çox İlahi vəhydən qaynaqlanan yəni birbaşa Allahın verdiyi bilgidir. Elm Allah dərgahından olduğuna görə İslam bütövlükdə elmi ehtiva edir deyə bilərik. Həmin elmə vaqif olanlar isə xüsusilə peyğəmbərlər və onların davamçılarıdır. Peyğəmbərləri qəbul etməyən, onların gətirdiklərinə tabe olmayanlar isə zalim və cahildir. Tarixə nəzər salsaq Hz. Musa (ə.s) alim, Firon da zalim və cahil mövqeyindədir. Hz. Huda (ə.s) qarşı gələn Ad qövmü, Hz. Salehin (ə.s) peyğəmbərliyini qəbul etməyən Səmud qövmü, Hz. İbrahimə (ə.s) zülm edən Nəmrud və tərəfdarları, həmçinin Hz. Muhammədə (s.ə.s) ən çox qarşı gələn Əbu Cəhil və müşriklər də eyni nöqteyi-nəzərdən dəyərləndirilə bilər. Quranda bu və bənzəri qissələrlə haqqında bəhs edilən peyğəmbərlər və onların davamçıları alimliyi və ya elmi təmsil etdiyi halda, onların mübarizə apardığı şəxslər də əsasən zalimliyi və cahilliyi təmsil edirlər. Birinci qrupa daxil olanların söz, hərəkət və davranışlarının alimanə olduğu, digərlərinin isə zalimanə və cahilanə olduğu bildirilir. Dövrümüzdə Allahı tanımağı, Ona sığınmağı, Ona ürəkdən inanmağı və ən əsası Onun yolundan getməyi rədd edən insana hər hansı mövqeyə sahib olmağından asılı olmayaraq cahil deyilir. Cahillər isə ruhlarını İlahi feyzlərlə doldurmadıqlarına görə həm bu dünyada, həm də axirətdə özlərinə zülm etmiş olarlar. Məhz bu səbəbdən (əslində özlərinə zülm etdiklərinə görə) Quran onları zalim deyə tərif etmişdir. Bu mənada Quranda keçən alim kəlməsini daha yaxşı anlamaq üçün bu kəlmənin antonimi sayılan zalim və cahil kəlmələrini təhlil edilə bilər. Əsl elm sahibləri isə Onu bilən və tanıyan, Onun əmr və qadağalarına əməl edən, Rəsulunun (s.ə.s) yolu ilə gedən kəslərdir.

Abdulcabbar Adıgüzel, “Yeni Ümit” dərgisi, 95-ci sayı, Yanvar-Fevral-Mart, 2012.

[1] İlhan Kutluer, “İlim” mad., DİA, İstanbul, 2000, XXII, 109. Kəlmə haqqında daha ətraflı məlumat üçün bax:. İbn Manzur, Lisanul-Ərəb, Daru Sadr, Beyrut, XII, 416.

[2] İbn Xaldun, Müqəddimə, əl-Məktəbətuş-Şamilə, əl-İsdar əs-Sani, 2.11, s. 281.

[3] Hamidullah, Muhammed, Kuranı Kerim Tarihi, Tərc. A .Aziz Hatip, Mahmut Kanık, Beyan Yayınları, İstanbul 2000, s. 52; Cerrahoğlu, İsmail, Tefsir Usulü, TDV Yay., Ankara 2007, s. 162.

[4] Fikret Karaman, “İlim” mad., Dini Kavramlar Sözlüğü, DİB Yay., Ankara 2006, s. 310.

[5] “İsra” surəsi, 17/107.

[6] “Ali İmran” surəsi, 3/7.

[7] “Rum” surəsi, 30/56.

[8] “Ali İmran” surəsi, 3/18.

[9] Bax: “Hicr” surəsi, 15/53.

[10] İbn Manzur, Lisanul-Arab, XI, 129 ; Mustafa Fayda, “Câhiliye” md., DİA, İstanbul 1993, VII, 18.

[11] Rəğib əl-İsfəhani, Müfrədatu Əlfazil-Quran, Darul-Qələm, Dəməşq, I, 200.

[12] Fayda, “Cahiliyyə”,VII, 18.

[13] Bax: Ali İmran, 3/154; Nisa, 4/17; Maidə, 5/50; Ənam, 6/35, 54, 111; Araf, 7/199; Hud, 11/46, 138; Yusuf, 12/33, 89; Nəhl, 16/119; Furqan, 25/63; Qasas, 28/55; Əhzab, 33/33, 72; Zümər, 39/64; Əhqaf, 46/23; Fəth, 48/26; Hucurat, 49/6.

[14] “Fatir” surəsi, 35/28.

[15] “Rum” surəsi, 30/7.

[16] “Ali İmran” surəsi, 3/7.

[17] “Fatir” surəsi, 35/28.

[18] İbn Manzur, Lisânul-Arab, XII, 373.

[19] Bax: İsra, 17/33; Nisa, 4/10, 30; Şura, 42/40.

[20] İsfəhani, Müfrədat, II, 52.

[21] Bəqərə, 2/35, 57, 145, 231; Ali İmran, 3/117; Maidə, 5/38, 39; Ənam, 6/82; Araf, 7/9, 23, 103, 160; Hud, 11/101; Yusuf, 12/75; İsra, 17/59; Ənbiya, 21/87; Qəsas, 28/16; Loğman, 31/13; Səcdə, 32/22; Fatir, 35/32; Zümər, 39/32; Zuxruf, 43/76; Saff, 61/7; Cumə, 62/ 5; Talaq, 65/1.

[22] Yeni Ümit dərgisi, Başyazı, “Zülm” Yanvar, 2005.



Açar sözləri

Allah bilmək elm

Bənzər məqalələr

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm öyrənənlərə…

Ey elm öyrənməyə qərarlı insan! Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına.

Elmi ilə əsrlərə işıq saçan alim Əl-Həzini

Elmi ilə əsrlərə işıq saçan alim – Əbdürrəhman əl-Həzini


Şərh yaz